Sona Əliyeva: Azərbaycan uğurlu gender siyasətinin həyata keçirilməsi baxımından örnək təşkil edir

«Hazırda əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Milli dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyələrin praktikada tətbiq olunması üçün səylərini ildən ilə daha da gücləndirir». Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarını təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialdan səmərəli faydalanması kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər. Onun sözlərinə görə, Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bu fikri daha da gücləndirir.
«Bu gün Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, uğurlu gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir. Hazırda ölkəmizdə qadınların hüquqlarının ən yüksək səviyyədə qorunması, onların cəmiyyətin həyatında fəal rol oynaması üçün yetərincə siyasi iradə və mükəmməl, hüquqi baza mövcuddur. Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək, hər cür ayrı-seçkiliyin qarşısını almağa imkan verir, bu istiqamətdə atılan addımlar qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir»- deyə, S.Əliyeva qeyd edib.

yap.org.az