Siyasi şərhçi: “Türkiyə ilə partnyorluğumuz, tərəfdaşlığımız davam edəcək”

“Ümumiyyətlə Rəcəb Tayyip Ərdoğanın Türkiyədə keçirilən prezident seçkilərində növbəti dəfə qələbə qazanması gözlənilən idi”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.Onun sözlərinə görə, 52 faiz səslə R.T.Ərdoğanın seçkilərdə qələbə qazanması ilə aparılan reformalar, yeni parlamentin yaradılması, yeni parlamentdə onun fraksiyasının çoxsaylı yer götürməsi mühüm bir hadisə idi: “Məlum məsələdir ki, Ərdoğanın Türkiyədə hər hansı bir qələbəsi, eyni zamanda apardığı reformalarla bağlı əldə etdiyi nailiyyətlər Azərbaycana da müsbət təsir göstərən amillərdən biridir. Biz həm siyasi, iqtisadi, həm də hərbi cəhətdən Türkiyə ilə tərəfdaş və müttəffiqik. Bu gün cənab Ərdoğanın apardığı siyasətlə bağlı Azərbaycanda birmənalı şəkildə müsbət fikirlər formalaşıb.Azərbaycan və Türkiyə rəhbərliyi arasında dostluq əlaqələrinin olması çox mühüm amildir. Eyni zamanda bu göstərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Rəcəb Tayyip Ərdoğanı təbrik edən ilk dövlət başçılarından biri oldu. Düşünürəm ki, gələcəkdə də böyük meqa layihələrdə Türkiyə və Azərbaycan bir yerdə olacaq. İki ölkə həm iqtisadi cəhətdən, həm karbohidratların Avropaya daşınmasında, həm də digər mühüm əhəmiyyət kəsb edən məsələlərdə siyasi, iqtisadi, hərbi baxımından bir yerdə olacaqlar. Hesab edirəm ki, gələcəkdə də bizim partnyorluğumuz, tərəfdaşlığımız davam edəcəkdir”.

sia.az