“Azərbaycan Ordusu çox ciddi uğurlara imza atıb”

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı oldu. Bu tarixin təntənəli şəkildə və yüksək səviyyədə qeyd olunmasına geniş ehtiyac var”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.“Söhbət ondan getmir ki, Şimali Azərbaycanda yaşayan əhali ikinci dəfə Demokratik Cümhuriyyət qurdu, Çar Rusiyasının işğalı altından çıxdı, müstəqil dövlət qurdu və s. Ümumiyyətlə, azərbaycanlılar Şərq xalqları arasında bir nümunə olduqlarını göstərdilər. Çünki Demokratik Cümhuriyyətin qurulması bu müsəlman və Şərq dünyasında ilk demokratik dövlət idi. İndi həmin hadisələr silsilə şəklində davam edir. Bu ilin sentyabrın 15-də isə Azərbaycan Milli Ordusunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşeviklərdən azad etməsinin 100 illiyi qeyd olunacaq. Bu onu göstərir ki, cənab Prezident demokratik dəyərlərə, Azərbaycanın müstəqil dövlətçilik dəyərlərinə çox önəm verir. Silsilə tədbirlərin keçirilməsi əslində bir daha şərait yaradır ki, xalqımız o anları bir daha xatırlamış olsun. Bakıda 15 sentyabr Paradının keçirilməsi həm də Milli Ordumuzun öz gücünü nümayiş etdirəcək. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu çox ciddi uğurlara imza atdı. Bu proseslər davam edir. Cocuq Mərcanlıdan başlanan proses sonra Naxçıvan Muxtar Respublikasında Günnütün işğaldan azad edilməsi və başqa hadisələrlə daha da möhkəmləndi”-deyə, MŞ-nın sədr müavini fikrini tamamlayıb.

sia.az