Bu gün Azərbaycan qazandığı idman ölkəsi statusunu qoruyub saxlayır. Müxtəlif idman növlərini əhatə edən önəmli beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə etdiyi uğurlar bunu deməyə əsas verir. Heç şübhəsiz ki, uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Belə ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlar əldə olundu. Bu gün isə, bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.Yenicə qədəm qoyduğumuz 2023-cü ilin ilk günündən uğurların şahidi oluruq. Belə ki, yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan görüş bir daha Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
BİZİM HƏR BİRİMİZ DƏ ÖZ SAHƏMİZDƏ, ÖZ FƏALİYYƏTİMİZDƏ BU MÜQƏDDƏS ZƏFƏRƏ LAYİQ OLMALIYIQ
Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər. Onlar Qalib ölkənin idmançıları olaraq Azərbaycan dövlət bayrağını qaldırırlar. Həmçinin, idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Belə ki, tarixi qələbəmizlə tamamlanan 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin necə böyük ruhla, əzmlə cəbhəyə can atdıqlarına hər birimiz şahidlik etdik. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı. Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan görüşdə də dövlət başçısı bir daha gənc nəslin həm döyüş meydanında, həm də idman arenalarında ölkəmizin bayrağını qaldırmasını alqışlayaraq bildirdi ki, biz gələcək nəsli vətənpərvərlik ruhunda tərbiyə etmişik və edəcəyik: “Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi - bizim siyasətimiz əsasında yetişən, həm cəmiyyətdə, həm də ailələrdə gözəl tərbiyə alan gənclər idi. Bu amil əlbəttə ki, bütün sahələrdə özünü göstərir. Yəni, artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq. Sadəcə olaraq, bizim hər birimiz də öz sahəmizdə, öz fəaliyyətimizdə bu müqəddəs Zəfərə layiq olmalıyıq. Əminəm ki, indi idmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər”.
HƏR İL OLDUĞU KİMİ, KEÇƏN İL DƏ AZƏRBAYCAN İDMANI ÜÇÜN UĞURLU İL OLUB
Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında söyləyib ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Ötən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini bildirən dövlətimizin başçısı deyib: «Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir”. Prezident İlham Əliyev çıxışı zamanı söyləyib ki, idmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar, onlardan 300-ə yaxını qızıl medaldır.Ötənilki nəticələri böyük nailiyyət adlandıran dövlətimizin başçısı deyib ki, dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır və hər il yüksək nəticələr göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil: “Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir”.
GƏNC İDMANÇILARIN HAZIRLANMASI MÜTƏŞƏKKİL QAYDADA TƏMİN EDİLMƏLİDİR
Son 19 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız İlham Əliyev idmançılarla mütəmadi görüşü bir daha idmananın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır: «Çünki 5 il əvvəl Bakıda iştirak etmiş idmançılarımızın bir çoxu Konyada İslam Həmrəyliyi Oyunlarında iştirak etmirdi. Beləliklə, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır”. Dövlətimizin başçısı qeyd edib ki, burada da inkişaf və uğur görürük, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi sanki gənc idmançılara təhvil verilir. Yəni, Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olmalıdır.Gənc idmançıların hazırlanmasının mütəşəkkil qaydada təmin edilməli olduğunu vurğulayan Azərbaycan Prezidenti deyib: “Bu sahədə son vaxtlar daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər həm seleksiya işləri, həm də gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq”.
GÖRKƏMLİ İDMANÇILARIMIZIN UĞURLARI BÜTÜN GƏNC İDMANÇILAR ÜÇÜN ÖRNƏK OLMALIDIR
Dövlət başçısı son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışların keçirildiyini deyərək Gənclər və idman nazirliyinə tapşırığını da verdi: “Gənclər və idman naziri qarşısında qoyulan vəzifələrdən biri də məhz bu idi ki, bölgələrdə idman canlansın və bir çox yarışlar keçirilsin”.“Bu siyasət həm idman uğurlarımızı şərtləndirəcək, eyni zamanda, gənclər, yeniyetmələr, uşaqlar gənc, uşaqlıq yaşlarından idmana cəlb ediləcək və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti var. Çünki idman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan adətən mənəvi cəhətdən də sağlam olur. Bizim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki bizim idmançılarımız həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər. Beləliklə, gənclərdə, uşaqlarda idmanla məşğul olmaq, görkəmli idmançılara oxşamaq həvəsi daha da böyük olur», - deyə dövlətimizin başçısı qeyd edib.İdmana dövlət dəstəyinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Biz bunu Azərbaycanın timsalında görmüşük ki, idmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, əlbəttə, nəticələr də olacaq”.
2023-CÜ İL YAY OLİMPİYA OYUNLARINA HAZIRLIQ ÜÇÜN HƏLLEDİCİ İL OLACAQ
Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında söyləyib ki, idman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir və bəzi ölkələrdə, eləcə də Azərbaycanda bu, prioritet sayılır: “Hesab edirəm ki, biz düzgün yoldayıq. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır”.Bu gün idmanla məşğul olmaq üçün bütün imkanların olduğunu bildirən dövlətimizin başçısı deyib: «Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır, bu proses davam etdirilir. Eyni zamanda, biz Bakı şəhərində ən mötəbər idman yarışlarını qəbul etmişik və yeni yarışları qəbul edəcəyik. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil”. Dövlət başçısı onu da bildirib ki, Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik və 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaq: «Ona görə bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri, əlbəttə, əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin”. Prezident İlham Əliyev həmçinin onu da bildirib ki, idmanın kütləviliyi bölgələrdə daha geniş təbliğ olunur: «Biz son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaratmışıq, trenajorlar quraşdırılıb. Hesab edirəm ki, biz bu təcrübəni bütün bölgələrə aparmalıyıq, orada tətbiq edilməlidir. Nazirlik, yerli icra orqanları bu məsələ ilə ciddi məşğul olsunlar. Çünki hər bir insanın bəlkə həm vaxtı, həm də maliyyə imkanları olmur ki, idman zallarına getsin. Ona görə açıq havada, - nəzərə alsaq ki, Azərbaycanın əksər yerlərində hava şəraiti il boyunca müsbətdir, - bunun çox böyük təsiri olacaq, həm insanların sağlamlığı üçün, həm də bütövlükdə idmanın inkişafı üçün. Ona görə hesab edirəm ki, buna böyük ehtiyac vardır”.
AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ BEYNƏLXALQ İDMAN YARIŞLARININ KEÇİRİLMƏSİNİN BÖYÜK TARİXİ ƏHƏMİYYƏTİ VAR
“Azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır”. Bu fikri Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışında səsləndirib. Dövlətimizin başçısı onu da qeyd edib ki, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var: «Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir”. Azad edilmiş şəhərlərin hər birinin Baş planında idman obyektlərinin yaradılmasının nəzərdə tutulduğunu bildirən Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub.Bəli, Azərbaycan idmanının yüksəlişi həm də dövlətimizin yüskəlişi deməkdir, çünki bayrağımız ucaldıqda, dövlətimizin nüfuzu daha yüksək zirvələrə doğru ucalır. Çünki idmanımızdakı nailiyyətlər qalibiyyət simvolumuzun təzahürüdür. Dövlət başçımızın söylədiyi kimi: “İdmançılarımız beynəlxalq yarışlarda iştirak edərkən onlar tamamilə başqa bir həvəslə, hətta başqa bir hərəkətlə çıxış edirlər və bizim müzəffər xalq olmağımızın həqiqətini bir daha təsdiqləyirlər”.
RƏFİQƏ KAMALQIZI