Analitika

  • 5 398

Günah yalnız Paşinyanda deyil, həm də erməni cəmiyyətindədir! TƏRS BAXIŞ

image

Benyamin Matevosyan: “Paşinyan Qarabağ səhifəsini bağlayıb, növbədə Ermənistandır”

“Ermənistan olmayacaqsa, deməli, məsuliyyətə çağırılacaq subyekt də olmayacaq”. Bu fikirləri Ermənistanın siyasi eksperti Benyamin Matevosyan özünün teleqram səhifəsində yazıb. Baş nazir Nikol Paşinyanın keçirdiyi sonuncu mətbuat konfransına münasibətini şərh edən erməni eksperti bildirib ki, artıq ikinci ildir baş nazir keçirdiyi mətbuat konfransında Qarabağın deyil, Ermənistanın gələcəyi barədə danışır. “Paşinyan Qarabağ səhifəsini bağlayıb, növbədə Ermənistandır”, deyə o nəticə hasil edib.

Matevosyan RSK-nın Qarabağdan çıxacağını da proqnozlaşdırıb

Matevosyana görə, əgər Paşinyan daha əvvəllər “dqr”in gələcəyi ilə bağlı qaldırılan məsələlərlə erməniləri aldadırdısa, artıq hazırda yalan növbəsi erməni-rus münasibətləri fonunda yer alıb. Erməni eksperti 2022-ci ilin 6 oktyabrında keçirilmiş Praqa görüşünü və bu ilin 10 yanvar tarixində keçirilən mətbuat konfransını xatırladıb və deyib ki, Paşinyan Praqada Bakının Qarabağ üzərindəki suverenliyini tanıyıb. Onun sözlərinə görə, gələcək proses rus sülhməramlılarının Qarabağdan çıxarılması ilə nəticələnəcək, belə ki, Qarabağ Azərbaycanın suveren əraziləridir.

Lakin qeyd edilənlərlə yanaşı, ekspert Paşinyanın KTMT ilə bağlı bəyanatını da xatırladıb. Onun sözlərinə görə, Paşinyanın “102-ci baza Ermənistanın təhlükəsizliyinə təhdiddir” bəyanatı ölkənin KTMT-dən çıxması, həmçinin, Rusiya silahlı qruplaşmalarının Ermənistanı tərk etməsi anlamını daşımaqdadır. SİTAT: “Dünən (martın 14-ü) Nikol “əslində KTMT Ermənistandan çıxır” tipli manipulyasiyalı bəyanatı ilə mövcud siyasi kursun realizəsini davam etdirib. Təkcə bu cür çıxış ona yeni “Qərbin Svetlana Toxanovskayası” (Belarus müxalifətinin mühacirətdə olan lideri) statusuna yiyələnməsinə imkan verə bilər. O, həmçinin yaxşı bilir ki, Rusiya hərbi birləşmələrinin çıxarılması Ermənistanın süqutu ilə nəticələnəcək”.

Matevosyan mötərizədə qeyd aparıb və bildirib ki, məhz bütün bunları Azərbaycan Prezidenti İlham Əliyev də bildiyi üçün Qərbi Azərbaycan mövzusunu da irəli sürür.

Təhlükənin bir parçasının elə revanşizm düşüncəsinin qalmasıdır

Erməni eksperti sonda bildirdiyinə görə, erməni cəmiyyəti bunu anlamalıdır ki, hər kəsin başı üzərində qlobal təhlükə asılıb. Lakin Matevosyanın müəyyən fikirləri ilə razılaşmaq olsa da, əslində onun özünün düşüncəsində nə qədər ki, “dqr” amili mövcud olacaqsa, sözügedən təhlükənin artması da mümkündür. Çünki bu gün onlar istəsələr də, istəməsələr də seçkilər vasitəsi ilə seçdikləri baş nazirləri olaraq onların başları üzərində dayanıb, təhlükələr də bilavasitə onun qəbul etdiyi əsassız, yersiz və çəkicə yüngül qərarlarından qaynaqlanır. Və əgər Paşinyan mətbuat konfransında Qarabağın deyil, Ermənistanın gələcəyi haqqında danışırsa, Matevosyanın timsalındakı erməni cəmiyyəti bundan narazı qalırlarsa, həmin təhlükənin bir parçasının elə revanşizm düşüncəsinin olması da fakta çevrilir. Yəni əsas günahlar Nikol Paşinyanın boynundadırsa, həmin günahların bir qismi hələ də “artsax”, “dqr” ifadələrindən əl çəkməyən erməni cəmiyyətinin da boynundadır. Bu baxımdan, başları üzərindəki təhlükələrin yox olması da elə onların özlərindən asılıdır.

Rövşən RƏSULOV

Digər xəbərlər