Analitika

  • 3 355

Tehran rejiminin terror siyasəti – bəlucların tökülən qanları ANALİTİK

image

Bu ölkədə yaşayan azərbaycanlılar, türkmanlar, qaşqay türkləri, kürdlər, bəluclar, eləcə də, rejimə qarşı çıxış edən farslar belə mollakratiya terrorunun aşkar və davamlı qurbanlarına çevrilirlər

Tehran rejiminin sözdə “İslam Respublikası” adı altında teokratik siyasət yürütməsi hazırkı dövrə qədər on minlərlə insanların qətlləri və vəhşiliklərə uğramaları ilə nəticəsini tapmaqdadır. Xüsusilə, ötən ilin sentyabrından başlayan xalq etirazlarında milli azlıqlara qarşı başladılan repressiyalar, habelə qətllər beynəlxalq aləmə SOS siqnalını verməkdədir. Bu ölkədə yaşayan azərbaycanlılar, türkmanlar, qaşqay türkləri, kürdlər, bəluclar, eləcə də, rejimə qarşı çıxış edən farslar belə mollakratiyanın aşkar qurbanlarına çevrilirlər. Daha bir məqam isə budur ki, Tehran rejimi şiəlik pərdəsi altında özünü “İslam dininin mühafizəkarı” qismində təqdim etməsinə rəğmən, bu dinin digər qollarının sıxışdırılması prosesini ən dəhşətli üsullarla icra etməkdədir. Tehranın ölüm məngənəsinə düşən azsaylı xalqlardan biri də məhz bəluclardır.

Dəhşət saçan statistika - təkcə 2022-ci ildə İranda 628 bəluc öldürülüb!

Statistik rəqəmlərə müraciət edərkən də həmin dəhşətlər gözlər önünə sərilir. 2021-ci ili istisna etsək, təkcə cari 2022-ci ildə İranda 628 bəlucun qətlə yetirilməsi məlum olub. Üstəlik, repressiyanın bəhanələrindən biri də “narkotiklərin satışı” ittihamları ilə bağlıdır. Əslində etnik təmizləmə siyasətini öndə tutan Tehranın molla rejimi son vaxtlar qiyam və üsyanlarda xüsusi fəallıqları ilə seçilən bəluclara qarşı saxta narkotik ittihamlarını tətbiq edir və bu vasitə ilə onların kütləvi edamlarına səbəblər yaradır. Bu baxımdan, 2022-ci ilin göstəriciləri qorxunc rəqəmlərə söykənir:

182 nəfər bəluc narkotiklərin “satışı və yayılması” ittihamı ilə dar ağacına çıxarılaraq edam edilibər;

167 bəluc isə qəddar Bəsic polis qüvvələri tərəfindən güllələnərək öldürülüb. Onların əksəriyyəti öz haqlarını tələb edərkən, yəni xalq etirazları zamanı hədəfə alınıb;

121 nəfər bəluc isə ötən ilin 20 sentyabrında - Sistan və Bəlucistan vilayətinin Zahedan şəhərində “Qanlı cümə” etirazlarında polisin vəhşiliyi nəticəsində öldürülüb. Bu barədə bəlucların “Halvsh” saytı məlumat yayıb.

Bəluclu media fəalı Məhəmməd Sabir Malik Rəisi: ““İstənilən yerdə iki nəfərdən çox adamın toplanması həbsə bərabərdir”

Şiə ölkəsi olan İranın bu sünni kəsimi demək olar ki, hər gün molla rejiminin qəddarlığı altında əzilir, onların haqları bütün mənalarda tapdanır və buna baxmayaraq, bəluclar öz əzmkar və qətiyyətli davranışları ilə Tehran rejiminə qarşı öz sözlərini deməkdə davam edirlər. Keçmiş siyasi məhbus və bəluclu media fəalı Məhəmməd Sabir Malik Rəisi "Twitter" hesabında yazıb ki, hazırda da Zahedanda həbslər artır və hərbi idarəetmə rejimi daha sərt tədbirlərlə xalqın gözünü qorxutmağa davam edir. “İstənilən yerdə iki nəfərdən çox adamın toplanması həbsə bərabərdir”, bəluclu fəal deyə qeyd edib.

O cümlədən, Zahedanın şəhər sakinləri üçün böyük bir həbsxanaya çevrildiyini bildirən fəal ETTELAAT və SEPAH kəşfiyyatının ardıcıl hücumları nəticəsində şəhərin müxtəlif bölgələrində çoxlu bəluc gəncin saxlanılaraq naməlum yerlərə aparıldıqlarını, oğurlandıqlarını da qeyd edir.

Bu gerçəkliklər də artıq özünü “İslam Respublikası” adlandıran rejimin əslində terror quruluşu olduğunu kifayət qədər sübuta yetirməkdədir

Yeri gəlmişkən, Tehran rejiminin dəhşət saçan əməllərindən biri də insanların oğurlanaraq naməlum səmtlərə aparılmalarıdır. Bununla bağlı iddialar var ki, həmin insanlar ölkənin müxtəlif şəhərlərində gizli fəaliyyət göstərən yeraltı həbsxanalara salınır, onlara qarşı misli görünməmiş qəddarlıqlar törədilir, nəticədə əzablara, işgəncələrə, fiziki və cinsi zorakılıqlar dözməyən insanlar öldürülür, onların izləri itirilir.

Bütün bu kimi faktlardan həm də belə nəticə hasil etmək olar ki, İranın mövcud siyasi-dini quruluşu yalnız öz daxilinə deyil, həm də bəşəriyyətə ciddi təhlükələr yaradır və bu təhlükələrin biri də xarici ölkələrdə gizli fəaliyyət göstərən casus-kəşfiyyatçı şəbəkələrin insanları təqib etmələri və oğurlamalarıdır. Diqqətçəkən faktorlardan biri də məhz bu acı reallıqlara söykənir. Tehran isə Beynəlxalq İnsan Haqları Məhkəməsi də daxil olmaqla digər beynəlxalq qurumların çağırış və tələblərini qulaqardına vurur. Bu gerçəkliklər də artıq özünü “İslam Respublikası” adlandıran rejimin əslində terror quruluşu olduğunu kifayət qədər sübuta yetirməkdədir.

Rövşən RƏSULOV

Digər xəbərlər