Analitika

  • 4 337

Aprel döyüşləri: 4 günlükdən 44 günlüyə Zəfərlə! ANALİTİK

image

İşğalçı Ermənistanın “qaliblik” stereotipi məhz onda məhv edildi

Tariximizə qalibiyyət ruhu kimi yazılan Aprel döyüşlərinin başlamasından 7 il ötməkdədir. Məhz 1 aprel 2026-cı ildə torpaqlarımızı işğal altında saxlayan Ermənistanın növbəti təxribatına cavab olaraq başladılan əks-hücum əməliyyatı nəticədə Lələtəpə yüksəkliyi daxil olmaqla mühüm strateji yüksəkliklərin azad ediməsi ilə nəticəsini tapdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Silahlı Qüvvələrimizin düşmənə sarsıdıcı zərbə endirməsi və cəbhə boyunca irəliləməsi isə gözünü belə açmağa imkan tapmayan düşmənin böyük itkilər verərək geriyə çəkilməsi, qaçması ilə başa çatdı.

Qarabağın tam azad edilməsi üçün düyməyə basılmışdı və bu düymə məhz 2016-cı ilin 1 aprel tarixində işə salınmışdı

Artıq həmin vaxtdan məlum idi ki, Aprel döyüşləri növbəti qələbələrə açılan yeni cığır idi və bu cığırla əzəli torpaqlarımıza doğru gediləcəkdi. Əslində gedilirdi, sadəcə, Ermənistan hakimiyyətinin beynəlxalq dairələrin ayaqları altına düşərək boğazını güclü Azərbaycan Ordusunun cəngindən qurtarması üçün yalvarışlara əl atması bu məsələni bir müddətlik təxirə saldı. Lakin Qarabağın tam azad edilməsi üçün düyməyə basılmışdı və bu düymə məhz 2016-cı ilin 1 aprel tarixində işə salınmışdı.

Onu da qeyd edək ki, Aprel döyüşləri Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu.

Məhz 2016-cı ilin 4 günlük müharibəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsinə doğru atılan ilk addım oldu

Və bu gün biz fəxrlə xatırlayırıq ki, 4 günlük hərbi əməliyyatlardan sonra Ali Baş Komandan, Prezident İlham Əliyev azad olunmuş ərazilərimizə səfər edərkən növbəti zəfərlərin anonsunu verirdi, “Azərbaycan xalqı heç vaxt torpaqlarının işğal altında qalması faktı ilə barışmayacaq” bəyanatı da buna danılmaz sübut idi!

Bu döyüşlərdə şəhidlərimiz də oldu və onlar adlarını tarixə yazmaqla həm də növbəti qələbə yoluna çıxacaq əsgərlərimizin, zabitlərimizin qəlblərində qisas ruhunu bəxş etdilər. Məhz 2016-cı ilin 4 günlük müharibəsi 2020-ci ilin 44 günlük Vətən müharibəsinə doğru atılan ilk addım oldu.

O da əbəs deyil ki, 2016-2020-ci illər arasındakı 4 illik müddətdə də Azərbaycan Silahlı Qüvvələri addım-addım işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində irəliləyib. Günnüt zəfəri də bu silsilədəndir. Belə ki, 2018-ci ilin mayında Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad olundu.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev verdiyi bütün vədlərini yerinə yetirdi!

Əldə edilən qalibiyyətlərdən sonra - 2018-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirildi. Paradda çıxış edən Prezident İlham Əliyev onda da mühüm bəyanat səsləndirdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.

Müzəffər Ali Baş Komandanımız verdiyi bu vədini də yerinə yetirdi. Azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında - Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş Zəfər paradında, düşmən qənimətlərinin başı üzərində nümayiş etdirildi.

Rövşən RƏSULOV

Digər xəbərlər