PDF Oxu

Siyasət

  • 601

27 Sentyabr- birliyimizin və zəfərimizin qürur günü

image

2020-ci il sentyabrın 27-si Azərbaycan tarixinə təkcə təqvim dəyişikliyi kimi düşmədi. Bu tarix milli qürurun, əyilməz iradənin və ədalətin bərpa olunduğu dönüş nöqtəsi oldu. 30 ilə yaxın sürən həsrətə, torpaqlarımızın işğal altında qalmasına son qoymaq üçün irəli atılan qəhrəman ordumuz xalqın çoxillik nisgilini cəmi 44 gün ərzində böyük bir Zəfər dastanına çevirdi. Bu gün biz yalnız keçmişi xatırlamırıq, həm də canı və qanı bahasına bu torpağı bizə yenidən bəxş edən igidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik. 27 Sentyabr – zəfərimizin ilk addımı, birliyimizin təntənəsi və azad edilən hər qarış torpaqda dalğalanan üçrəngli bayrağımızın əbədi qürur günüdür.

Onilliklər boyu davam edən sülh danışıqları Ermənistanın destruktiv mövqeyi və hüquqi müstəvidə törətdiyi təxribatlar səbəbindən tamamilə iflasa uğradı. Beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə tapdalayan, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini nümayişkaranə şəkildə gözardı edən işğalçı rejim diplomatiya masasını yalnız vaxt qazanmaq vasitəsinə çevirmişdi. Rəsmi İrəvanın "yeni ərazilər uğrunda yeni müharibə" tezisi, ardıcıl hərbi təxribatları və işğal olunmuş torpaqlarda qanunsuz məskunlaşma siyasəti regionda bütün sülh imkanlarını tükəndirdi. Azərbaycan tərəfinin illərlə nümayiş etdirdiyi təmkinli mövqeyə qarşı hərbi avantüralarla cavab verilməsi əks-hücum əməliyyatını — İkinci Qarabağ Müharibəsini qaçılmaz və tarixi zərurətə çevirdi.
Otuz il ərzində beynəlxalq aləmin Ermənistanın təcavüzkar siyasətinə göz yumması və BMT-nin məlum qətnamələrinin icrasız qalması qlobal ədalət mexanizminin hansı dərəcədə iflic olduğunu aydın göstərdi. Nəhayət, Azərbaycan ikili standartların yaratdığı süni maneələri hərbi-siyasi gücü ilə yararaq öz ərazi bütövlüyünü bərpa etdi və ədalətin kağız üzərində deyil, döyüş meydanında necə təmin olunduğunu bütün dünyaya sübut etdi.
Tarixən sülhün ünvanı olan Azərbaycan xalqı münaqişənin dinc yolla həlli üçün illərlə misilsiz təmkin nümayiş etdirdi. Lakin qarşı tərəf bu ali humanist dəyərləri zəiflik kimi qiymətləndirərək addım-addım qırmızı xətləri keçməyə davam etdi. 2020-ci il sentyabrın 27-si səhər saatlarında dinc əhalimizi və hərbi mövqelərimizi hədəf alan növbəti genişmiqyaslı hərbi təxribat artıq bütün hədləri aşdı və xalqımızın uzun illər boyu toplanan səbir kasasını daşırdı. Həmin an yalnız hərbi əmr verilmədi, həm də ədaləti, ləyaqəti və milli qüruru bərpa etmək üçün təxirəsalınmaz tarixi kəsər işə düşdü. Sülhsevər xalq bir anda Müzəffər Ordumuzla birləşərək dəmir yumruğa çevrildi və düşmənə unutmayacağı bir dərs verdi.
Vətən müharibəsinin elə ilk günlərindən etibarən müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – “öldü var, döndü yoxdur”. Bu kəlam sadəcə verilən bir vəd deyil, hər bir azərbaycanlının həyat prinsipinə və dəmir iradəsinə çevrildi. Cəbhədə döyüşən əsgərdən tutmuş arxa cəbhədə gecə-gündüz çalışan hər bir vətəndaşa qədər hamı eyni ruhi ucalıqla nəfəs alırdı: geri addım atmaq, tərəddüd etmək və ya geri çəkilmək anlayışı tamamilə yoxa çıxmışdı. Bu sarsılmaz and, milli birliyin və qələbəyə olan sonsuz inamın ən ali təzahürü idi. Ölümü gözə alaraq yalnız irəliyə — müqəddəs Vətən torpaqlarının azadlığına doğru yürüyən bu ruh, ordumuzu yenilməz etdi və düşmənin bütün müqavimətini darmadağın edərək bizi tarixi zəfərə çatdırdı.
44 günlük Vətən müharibəsi və ondan sonrakı dövr aydın şəkildə sübut etdi ki, Azərbaycan dövləti üçün hər bir əsgərin, zabitin həyatı, sağlamlığı və rifahı ali dəyərdir. Müharibənin ilk anlarından etibarən dövlətimiz cəbhəni müasir təchizat və təminatla möhkəmləndirməklə yanaşı, ordumuzun arxasında sarsılmaz bir qala kimi dayandı. Bu diqqət və qayğı yalnız döyüş meydanı ilə məhdudlaşmadı; zəfərdən sonra da qazilərimizin müalicəsi, reabilitasiyası, sosial müdafiəsi və şəhid ailələrinin ehtiyaclarının qarşılanması dövlət siyasətinin ən prioritet istiqamətinə çevrildi. Müzəffər Ali Baş Komandanın və dövlətin hər an hiss olunan bu dəstəyi, Vətən müdafiəçilərinə verilən dəyərin və sarsılmaz dövlət-ordu birliyinin əbədi göstəricisidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Günündə xalqa müraciətində bildirdiyi kimi: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.” Bu tarixi sözlər yalnız bir dövlət rəhbərinin bəyanatı deyil, illər boyu ürəyində Vətən nisgili daşıyan milyonlarla azərbaycanlının intiqam və ədalət hayqırtısının təsdiqi idi. Prezidentin təmkinlə, lakin qətiyyətlə verdiyi vəd 44 günlük Zəfər yürüşü ilə reallığa çevrildi. Birinci və İkinci Qarabağ müharibələrinin müqəddəs şəhidlərinin qanı döyüş meydanında alındı. Bu böyük Qələbəni bizə bəxş edən, canı və qanı bahasına tarixi ədaləti bərpa edən qəhrəman əsgər və zabitlərimizin fədakarlığı artıq sadəcə hərbi salnamə deyil, nəsillərdən-nəsillərə ötürüləcək əbədi bir şücaət dastanına çevrilmişdir. Hər bir Anım Günündə biz o uca ruhlar qarşısında bir daha ehtiramla baş əyir, Vətəni bizə qaytaran igidlərimizlə sonsuz qürur duyuruq.
Vətən müharibəsində qazanılan Böyük Zəfərin ardınca Azərbaycan dövləti öz tarixi missiyasını sosial cəbhədə də eyni qətiyyətlə davam etdirir. Qəhrəman şəhidlərimizin ailələri və canı, qanı bahasına torpaqlarımızı azad edən qazilərimiz dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunub. Mənzil və avtomobillərin təqdim edilməsi, tibbi və psixoloji reabilitasiya xidmətlərinin təşkili, eləcə də müasir protezlərlə təminat istiqamətində həyata keçirilən layihələr bu dəstəyin miqyasını aydın göstərir. Dövlətin bu ali münasibəti sadəcə sosial yardım deyil, Vətən müdafiəçilərinin müqəddəs xatirəsinə və fədakarlığına göstərilən sarsılmaz ehtiramın əməli təcəssümüdür.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər