PDF Oxu

Araşdırma

  • 3 725

Volskidən bu günümüzə - ANALİZ

image

BMT Təhlükəsizlik Şurasında müzakirələr və nəticə

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı “konstruktiv şəkildə qarşılıqlı fəaliyyət göstərməyə və BMT Təhlükəsizlik Şurasından öz maraqları naminə istifadə etməyi dayandırmağa” çağırıb, onun Laçın yolunda vəziyyətlə bağlı Nyu-Yorkda iki gün əvvəl keçirilən fövqəladə iclasın yekunundan nəticə çıxarmağa dəvət edib. İrəvan isə qeyd edir ki, dəhlizin açılması üçün beynəlxalq ictimaiyyətin Bakıya çağırışı əldə edilən əsas uğurdur. Rusiya tərəfi humanitar məsələlərin həlli üçün bütün tərəflərin fikirlərinin nəzərə alınmasının, eləcə də alternativ yollardan istifadə edilməsinin vacibliyini vurğulayıb.

Bu, Ermənistanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının üçüncü iclasıdır ki, bu iclasda Qarabağda ermənilərin yaşadığı ərazilərdə vəziyyət müzakirə olunur. Ermənilər iddia edirlər ki, Laçın yolundan yüklərin daşınmaması səbəbindən 250 gündür blokada şəraitində yaşayırlar. Azərbaycan tərəfinin təklif etdiyi alternativ yolları isə onlar qəbuledilməz hesab edirlər. 2020-ci ildə qırx dörd günlük müharibədə qalib gələn Azərbaycan İrəvanın Qarabağda yaşayan ermənilərlə bağlı narahatlığını öz ölkəsinin daxili işlərinə qarışmaq kimi qiymətləndirir. Bu arada, Ermənistan tərəfi, o cümlədən separatçılar Azərbaycan, Ermənistan və Rusiyanın 2020-ci ilin noyabrında imzaladığı üçtərəfli sazişin 6-cı bəndini əllərində bayraq edərək bildirirlər ki, Laçın yolu Qarabağın Ermənistanla əlaqəsini təmin etməli və Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalmalıdır. Əgər ermənilər üçtərəfli Bəyanatın şərtlərinə əməl olunmasına can atırlarsa, onda onların da bu maddələri yerinə yetirmələri gərəkdir. Bəyanatda Qarabağdan bütün erməni silahlı qüvvələrinin çıxarılması, Naxçıvana dəhlizin açılması, qaçqınların öz doğma yurdlarına qayıtması onların təhlükəsizliyinin qorunması da qeyd olunub. Ermənistan və yaxud Qarabağdakı ermənilər bu naddələrdən heç olmasa birini yerinə yetiriblərmi? YOX.

Ermənistandakı və Qarabağdakı ermənilər elə düşünürlər ki, bu Bəyanatın şərtlərinə əməl etmək yalnız Azərbaycana aiddir. Amma bunun belə davam edə bilməyəcəyini hər kəs bilir. Bəli, bu gün Qarabağın erməni əhalisinin Ermənistanla əlaqəsi qismən məhdudlaşıb. Beynəlxalq Qızıl Xaç Komitəsinin maşın karvanı hər iki istiqamətə yüklərin daşınması ilə məşğuldur. Həm də həmin sərnişinlər nə Şuşa, nə, Bərdə, nə Lənkəran sakinləri deyil, Qarabağdakı erməni sakinlərdir. Əvvəllər Ermənistandan hər gün 400 ton yük gətirilirdi. Yol tamamilə Rusiya sülhməramlılarının nəzarətində olduğu üçün ora gətirilən və oradan daşınan yüklərin nədən ibarət olduğu Azərbayca hökumətinə məlum deyildi. Rəsmi Bakı Laçın yolu ilə Azərbaycanın yeraltı sərvətlərinin daşındığını, hərbi təyinatlı yüklərin isə separatlılara daşındığı barədə tutarlı faktlar əldə edəndən sonra yol həmin yüklərin üzünə bağlandı. Bununla da indiyədək Azərbaycanın sərvətlərini talayanların qazanc yeri kəsildi və beynəlxal səviyyədə “erməni həyasızlığı” başlandı. Hətta Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasının iclasının iştirakçılarını Laçın yolunun açılmasını tələb etməklə başqa ölkənin daxili işlərinə qarışmağın ən böyük nümunəsini göstərdi.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev İrəvanın Qarabağdakı vəziyyəti humanitar böhran kimi təqdim etmək cəhdlərini “siyasi kampaniyanın bir hissəsi” adlandırdı. İclasda çıxış edən BMT Təhlükəsizlik Şurasının üzvlərinin fikirləri qismən haçalanıb. Fransa birbaşa erməni tərəfini dəstəkləyib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild isə Vaşinqtonun Qarabağdakı humanitar vəziyyətlə bağlı narahatlığını vurğulayıb və Azərbaycan hökumətinə bəzi çağırışlar edib. Eyni zamanda, Birləşmiş Ştatlar humanitar yüklərin çatdırılması üçün Azərbaycanın təklif etdiyi əlavə marşrutlar məsələsinin müzakirəsini mümkün hesab edib.
Digərləri, o cümlədən Türkiyə haqlı olaraq Azərbaycanın tərəfini tutub. Ankara İrəvanın Bakını ittiham etmək üçün BMT Təhlükəsizlik Şurasından istifadə etməsindən narahatdır. Türkiyənin dünya təşkilatındakı daimi nümayəndəsi Sedat Önal bildirib ki, Azərbaycanın öz suveren ərazisində istədiyi hər şeyi etmək hüququ var. O, həmçinin Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərə yüklərin çatdırılması üçün alternativ Ağdam-Xankəndi marşrutundan istifadə etməyə çağırıb.

Belə ki, iclasda konsensus tapılmadığından heç bir qərar və ya qətnamə qəbul edilməyib. Cənubi Qafqaz politologiya klubunun rəhbəri İlqar Vəlizadə bildirib ki, BMT çərçivəsində bəzi qətnamələr və ya sənədlərin qəbulu ilə Azərbaycana siyasi və diplomatik təzyiq göstərmək cəhdləri əsassızdır, xüsusən də danışıqlar prosesi aktivdir. “Nəzərə alsaq ki, danışıqlar prosesinin əsas moderatorları BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələrdir, onda onların mövqeyinin nə qədər ciddi olduğunu başa düşmək olar. Onlar bu müzakirənin təşəbbüskarı olan Ermənistan tərəfinə açıq şəkildə bildirdilər ki, heç bir tərəfin mövqeyini tuta bilməzlər”, - ekspert qeyd edib. Onun sözlərinə görə, iştirakçıların əksəriyyəti erməni tərəfinin mövqeyini dəstəkləyibsə, Rusiya nümayəndəsi Bakının narahatlığına diqqət çəkib ki, bu da Rusiyanın danışıqlar prosesinin əsas moderatorlarından biri kimi roluna uyğundur. O vurğulayıb ki, moderator obyektiv olmalı və bütün tərəflərin fikirlərini nəzərə almalıdır. “Belə olan halda, çıxış, xüsusən regional kommunikasiyaların açılması ilə bağlı səslənən təkliflər kontekstində göstərici idi. Rusiya nümayəndəsi Azərbaycan tərəfinin təklif etdiyi alternativ Ağdam-Xankəndi marşrutunun mövcudluğuna diqqət çəkib. Bu, kifayət qədər balanslaşdırılmış mövqedir”, - Vəlizadə vurğulayıb.

Bakı müzakirələrin nəticələrini öz qələbəsi kimi qiymətləndirir. Avqustun 17-də Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Ermənistanın Laçın yolunun açılması üçün BMT Təhlükəsizlik Şurasının dəstəyini almaq cəhdinin növbəti dəfə iflasa uğradığını qeyd edib. Azərbaycan ümid edir ki, Ermənistan nəhayət ki, problemlərin həllinin yolunun konstruktiv qarşılıqlı fəaliyyətdən, habelə beynəlxalq hüquq norma və öhdəliklərinin vicdanla yerinə yetirilməsindən keçdiyini başa düşəcək. BMT Təhlükəsizlik Şurasının bir çox üzvlərinin vurğuladığı kimi, regionda sülh və sabitliyin əsasını həm sözdə, həm də əməldə suverenlik və ərazi bütövlüyünün tanınması təşkil edir.

Ermənistanın baş naziri Nikol Paşinyan isə hökumətin iclasında bildirib ki, BMT Təhlükəsizlik Şurasının iclasının əsas nailiyyəti beynəlxalq birlik tərəfindən Laçın yolunun blokadasını təsbit etməsi olub. BMT Təhlükəsizlik Şurasındakı müzakirə Qarabağda humanitar böhranın mövcudluğunu və Qarabağda yaşayan ermənilərinin həyatı və təhlükəsizliyinin guya sual altında olduğunu təsdiqləyib. Ermənistan hökumətinin başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın Beynəlxalq Məhkəmənin qərarlarına əməl etməməsini də qeydə alıb. O qeyd edib ki, beynəlxalq ictimaiyyət dəhlizin açılması ilə bağlı Azərbaycana kollektiv çağırış səsləndirib. Təbii ki, Paşinyanın dedikləri reallıqdan tamamilə uzaqdır və baş nazirin təxəyyülünün məhsuludur.

“Yekun qərar moderatorlar - Rusiya və ABŞ arasında böhranın həllinə yanaşmada fərq olduğu üçün deyil, Rusiya ilə ABŞ arasında faktiki açıq münaqişə olduğu üçün qəbul edilib. Yəqin ki, tərəflər bunu başqa siyasi qərarlara ötürmək istəməyiblər”, - deyə siyasi müşahidəçi David Petrosyan bildirib. O, BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edənlərin əksəriyyətinin Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolunun Laçın yoluna alternativ ola bilməyəcəyi qənaətində olduğuna diqqət çəkib. “Bu o deməkdir ki, Laçın yolu ilə bəzi yüklərin daşınmasına məhdudiyyətlər davam edəcək və ona görə də Qarabağda humanitar vəziyyət daha da pisləşəcək. Təsadüfi deyil ki, burada müraciətlər səslənməyə başlayır, bunun mənası odur ki, ermənilər çətin seçim qarşısında qalıblar: ya hər şeyi qoyub, kollektiv şəkildə Ermənistana təxliyə olunsunlar, ya da problemi güc yolu ilə həll etməyə çalışsınlar”, ekspert qeyd edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında müzakirələr bitər bitməz separatçıların yeni bir “həll planı” ortaya atıldı. Daha doğrusu separatçılar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 14 maddəlik planı. Bu “plan”ın Lavrovun adından separatçılar hazırlayıbsa da, Lavrovun özü hazırlayıbsa da bunu bir cavabı olmalıdır. Əgər təşəbbüs Lavrovdan gəlibsə, onda qətiyyətlə demək olar ki, Qarabağ münaqişəsinin yaranması, inkişafı və nəticəsi barədə plan Moskva tərəfindən işlənib. Lavrov bununla Volskinin yarımçıq qalan işlərini davam etdirdiyini də düşünə bilərik.

V.VƏLİYEV

Digər xəbərlər