Artıq bu gün - 33 ildən sonra dövlətimiz və xalqımız ən şərəfli günlərini yaşayır, tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur. Bütün bu uğurlar Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir.
Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları da prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Və bu gün görülən işlər, hər bir azərbaycanlının Prezidenti olduğunu, sözü ilə əməlinin üst-üstə düşməsinin məntiqi sübutudur. Xüsusilə də, bu gün Qalib Lider, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfəri zamanı “Qarabağda cənnət yaradacağıq” vədi sözü ilə əməlin bir olmasının göstəricisidir. Onu da qeyd edim ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə yenidən xalqımız qürur hissi yaşadı. Dövlət başçımızın söylədiyi kimi: "Şəhər Günləri şəhərlərimizin azad edilməsi günləridir".
"Laçın ŞəhərGünü" - qürur, şərəf, ləyaqət günü
Bəli, qalib xalqın Qalib Liderini qətiyyətli siyasəti bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan həm hərb, həm də diplomatiya meydanının qalibidir. Və avqustun 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Laçın və Kəlbəcər rayonlarına səfərləri, Laçında ilk "Laçın Şəhər Günü"ndə iştirakı xalqımızı qürurlandırır. Çünki hər bir şəhərin azad olunması şərəfli tarixdir. Çünki Prezident İlham Əliyev son üç ildə söz verdiyi kimi, doğma Qarabağımızın cənnətə çevrilməsi istiqamətində çox böyük əməli işlər görür və icra olunan meqa layihələr çərçivəsində hər il bir şəhərin Baş planının təsdiq olunması, həmin Baş plana uyğun olaraq bütün zəruri işlərin görülməsi, iaşə müəssisələrinin, məktəblərin, sosial obyektlərin istifadəyə verilməsi və ya onların təməlqoyma mərasimlərinin təşkili həm yüksək zövq və keyfiyyətlə, eyni zamanda, sürətlə həyata keçirilir. Və bu gün Prezident İlham Əliyevin «Laçın Şəhəri Günü» ilə bağlı keçirilən tədbirdə çıxışı, bir sıra infrastruktur layihələrinin açılışlarında iştirakı 8 ay müddətində görülmüş işləri nəinki laçınlıların, eyni zamanda, bütün dünyanın diqqətinə təqdim etdi, Azərbaycan xalqının əzmini nümayiş etdirdi.
"Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini göstərir və eyni zamanda, onu göstərir ki, bu torpaqların sahibləri bizik",- deyən dövlətimizin başçısı bir daha Azərbaycan xalqına, eləcə də bütün dünyaya səslənərək bildirdi ki, xalqımız artıq bu əraziləri bütün mənfur qüvvələrdən təmizləyib və bu torpaqlarda əbədi olaraq yaşayacaqdır!. Və Azərbaycan xalqı necə ki, 44 günlük İkinci Qarabağ müharibəsində əzmkarlıqla öz torpaqlarını qorudu və işğaldan azad etdi, bundan sonra da Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, öz torpaqlarının cənnətə çevrilməsi istiqamətində aparılan işləri dayandırmayacaq. Bir sözlə, “Şəhər Günü” tədbirlərinin keçirilməsi 30 il ərzində formalaşmış neqativ yüklü sindromu məhv etdi. Və bir zamanlar Taxtakörpüdə 50 illik yubileyini qeyd edən Prezident İlham Əliyev Laçını azad edəcəyini və növbəti yubileyinin azad edilmiş ərazilərdə qeyd olunacağı bildirmişdi. Dövlətimizin başçısı öz sözünə əməl etdi və 60 illik yubileyini Şuşada keçirdi. Bu gün laçınlılar öz doğma yurdlarında şəhər gününü bayram edirlər. Bu, bir daha Azərbaycan Prezidentinin öz vədinə sadiqliyinin, həm də dövlətimizin gücünün göstəricisidir: "Bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük".
Bəli, Qalib Liderimiz, Prezident İlham Əliyevin rəhbərliyi və tapşırıqları ilə Laçın cənnətə çevrilib və bundan sonrakı tariximizdə də "Laçın Şəhəri Günü"nü coşqun təntənə ilə qeyd edəcəyik. Çünk bu gün Azərbaycanın inkşafının və əldə etdiyi bütün qələbələrin əsasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət dayanır. Və Qalib Liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin işğaldan azad olunmuş əraziləri qısa zaman kəsiyində bərpa etməsi üçün önündəki yeganə maneə zamandır. Zamanla bütün Qarabağ abadlaşacaq və digər işğaldan azad olunmuş rayonlarımızda Şəhər Günü keçiriləcək.
Bir sözlə, müharibədən sonra iki il yarımdan çox müddətdə işğaldan azad olunan torpaqlarımıda görülən bərpa və quruculuq işləri, o cümlədən 9 aya Laçının bərpası və bu gün «Laçın Şəhər Günü»nün keçirilməsi Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının uğurlu diplomatiyasının, səbrin, ölkəmizin hərbi qüdrətinin növbəti ZƏFƏRİDİR!
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü