Analitika

  • 3 269

Ermənistanın seçimi: sülh, yoxsa müharibə? – ANALİZ

image

Paşinyan hər iki yolda Qərblə Rusiyanı toqquşdurmaq iddiasındadır

Ermənistanın baş naziri Nikol Paşinyanın əsl simasını üzə çıxarmaq o qədər də asan deyil. Niyə? Ona görə yox ki, dərin siyasətçidir və siyasi gedişləri ilə hamını çaş-baş qoyur. Ona görə ki, Nikol dövlət başçıları arasında az-az rast gəlinən yalançı və “moşennik”dir. “Qarabağ Ermənistandır” kəlməsinə görə başı dərdə girən Paşinyan bədəlini ağır ödədi, Azərbaycan Ordusu onun rəhbərlik etdiyi silahlı qüvvələri torpaqlarımızdan iti qovan kimi qovdu. Müharibədən sonrakı dövrdə Ermənistanın baş naziri “bütün dünya ölkələri Qarabağı Azərbaycanın ərazisi hesab edir” və “Ermənistan da Qarabağı Azərbaycanın suveren ərazisi kimi qəbul edir” deməsi bəzilərində bir arxayınlıq yaratdı. Düşündülər ki, əgər bunu tərəflərdən birinin lideri rəsmi şəkildə, həm də bir neçə tribunadan bəyan edirsə, deməli burada yalan ola bilməz. Çox təəssüf ki, bu baş Verdi, Ermənistanın baş naziri Nikol Paşinyan yalan danışmaqla, nə qədər siyasi “moşennik” olduğunu isbat etdi. Çünki, əvvəlki fikirlərini bu gün təkrar etmir, Qarabağın Azərbaycanın ərazisi olduğunu inkar etməyə cəsarəti çatmasa da, bunu dolayısı ilə təsdiqləyir, yəni “Qarabağda yaşayan ermənilərin hüquqları tanınmalı, beynəlxalq təşkilatların nəzarıti və mandatı ilə Stepanakert-Bakı ikitərəfli əlaqələri qurulmalıdır”, kimi qəbuledilməz şərtlər irəli sürür.

Əlbəttə, Paşinyanın mövqeyi məsələnin həllində sıfırıncı nöqtəyə qayıtmaqdır. Yəni münaqişənin başlanğıcında ermənilərin dərdi nə idisə, bu gün də onu bizə diqtə etməyə cəhd edirlər. Birinci Qarabağ müharibəsində Azərbaycanın bütün addımları separatçılığın kökünü kəsməyə, ərazi bütövlüyümüzə uzanan əlləri kəsməyə hesablanmışdı. İkinci Qarabağ müharibəsində də mövqeyimiz dəyişmədi. Niyyətimiz işğala son qoymaq və ermənilərə ikinci erməni dövlətini yaratmağa imkan verməmək idi. Əgər erməni lider bu günə qədər ona verilən dərsdən nəticə çıxarmayıb əvvəlki düşüncədə qalmağı üstün tutursa, onda işğalçıya verilən ən son cəzanın nə olduğunu Paşinyana bir daha dadızdırmalıyıq, başqa yol yoxdur, bütün variantlar tükənib.

Paşinyan ikili oyun oynamağa cəhd edir. Öz ağlına görə Şərqlə Qərbi, NATO ilə KTMT-ni, ABŞ-la Rusiyanı Ermənistanda qarşı-qarşıya gətirir. Özünü arbitr rolunda görən İrəvan dueldə kimin qalib gələcəyini müəyyən etmək istəyir. Bütünlüklə Rusiyadan asılı olan Ermənistan Qərbin şirnikləndirici təkliflərinə aldanaraq Moskvaya kəllə atır, “Cənubi Qafqazda Rusiyanın boşalan yerinə Fransanı gətirməyə” çalışır. Düşünür ki, Rusiyanın Ukrayna müharibəsinə başı qarışdığından onun Cənubi Qafqaza təsiri imkanları artıq yoxdur. İrəvanın özü isə təkbaşına heç nə edə bilməz. Ona görə də ağasız qala bilməyən İrəvan çıxış yolunu Qərbin regiona gəlişində görür. Amma unudur ki, Azərbaycandan fərqli olaraq Ermənistanın “kupça”sı Rusiyaya məxsusdur. İrəvan istəsə də “böyük qardaş”, yaxud “böyük bacı”nı kəndi başına seçə bilməz.

Rusiya Cənubi Qafqazdan uzaqlaşıbmı?

Hər kəs Paşinyanın peyğəmbərlik ifadəsini eşitməli və görməlidir: “Bir gün biz oyanacağıq və Rusiyanın burada olmadığını görəcəyik”. Ermənistandakı siyasi ekspertlərin ümumi fikri belədir ki, baş naziri Nikol Paşinyanın “La Repubblica” qəzetinin jurnalistinə verdiyi müsahibədən Kremlin necə bombalandığını təsəvvür etmək olar. Onlar düşünürlər ki, bəli, Rusiyanın təbliğat mediası da Paşinyana yaylım atəşi təşkil edə bilər. Baş nazirin Kremldə söylədiyi fikirlərə əsaslanaraq, heç kim dürüst nəsə cavab verə bilmir. Bu, hakimin özünə qarşı ittiham irəli sürməsinə bənzəyir. Rusiya prezidenti Vladimir Putinin və onun yaxın çevrəsinin onsuz da kifayət qədər problemləri var, onları işdə həddən artıq çox günahlandırır və onların hamıya cavab verməyə nə gücü, nə də imkanı var. Və Paşinyan haqlıdır. Rusiya özü atdığı və ya atmadığı addımlara görə bölgədən geri çəkilir. Rusiya bu yola bu gün daxil deyil. Ümumiyyətlə, hər şey 2016-cı ilin aprelində başladı, o zaman başladı ki, Kreml Azərbaycanın 4 günlük döyüşdə qarşısını ala bilmədi. Ki bir daha Qrabağa və Ermənistana qarşı müharibəyə başlamaq ağlına gəlməsin.

Cinayətə görə cəzanın olmaması yeni cinayətə səbəb olur. 2020-ci ilin sentyabrında biz bu nəzəriyyənin sübutunu gördük. Kreml Ermənistanın hərbi təxribata hazırlaşdığını görməyə bilməzdi. Rusiyanın bir işarəsi lazım idi ki, nəyinki lokal müharibəni dayandırsın, o cümlədən bütövlükdə bütün müharibəyə son qoysun. Ermənilər müharibə başlayandan sonra Vladimir Putinin hərəkətini və reaksiyasını qorxaqlıq adlandırıblar. Onlar düşünür ki, Rusiya sadəcə olaraq Ermənistanın müdafiəsinə qalxmaqdan qorxdu: “Bəli, belə bir versiya var ki, bu, daha çox onun Ukraynadakı müharibəyə hazırlığı ilə bağlı olub, amma yenə də bütün bunları primitiv bəhanədən başqa bir şey deyil. ABŞ-a bərabər real imperiya statusunu iddia edənlər öz statuslarını hər zaman və hər yerdə vurğulamalıdırlar. O cümlədən döyüş meydanında, müttəfiqlərini dəstəkləməklə”.

Erməni siyasilər məsələyə bir az da başqa tərəfdən yanaşmağa cəhd edirlər: “ABŞ və Böyük Britaniya hətta Rusiya ilə müharibəyə belə getmədən, indi heç vaxt ağlımıza da gətirmədiyimiz şəkildə Ukraynaya dəstək verirlər. Bəs Putin? O, davamlı olaraq Paşinyandan qaçır, telefon zənglərinə cavab vermirdi. Və buna baxmayaraq, o, rəsmi Bakının o qədər xoşuna gəldiyini bəyan etdi ki, “müharibə Azərbaycanın dünya tərəfindən tanınan ərazisində gedir”. Və bu qorxaqlıq idi. Çünki müharibə erməni xalqına qarşı gedirdi, hətta Böyük Pyotr da onu hər cür qorumağı və qorumağı vəsiyyət etmişdi. Putinin özü də ilk prezident seçildiyi gün bu fikirləri demişdi. Öz indi öz dərisini qoruyur. Onun buna hazır olduğunu bütün dünya Yevgeni Priqojin və Vaqner PMC-nin iğtişaşları zamanı gördü. Eyni zamanda məlum oldu ki, Putinin Rusiyada sadəcə olaraq real dəstəyi yoxdur”.

Paşinyan elə düşünür ki, Putin artıq bitib, yaxud bitirilib. Ona görə də öz ağasının, sahibinin əlehinə geninə-boluna tənqid və təhqirlər yağdırır. O, italiyalı jurnalistə müsahibəsində məhz bunu deyib: “Yeganə sual, bunun nə vaxt gerçəkləşəcəyi tarixdir. Amma bu diktatorun varisi çox uzun müddət erməni xalqından bağışlanma diləməli olacaq. Hər bir xəyanət halına görə. Düşmənlərimizin gülləsindən hər ölüm üçün. Çünki Ermənistanın təhlükəsizliyinin qarantı olan Rusiya buna birbaşa cavabdehdir. O, həm də Azərbaycanın təkcə Qarabağın çox hissəsini deyil, həm də Ermənistanın suveren ərazilərini işğal etməsi faktına görə məsuliyyət daşıyır. Kremldə isə heç kim deyə bilməyəcək ki, bu, belə deyil və ya ölkəmizin onlarla bağlı olduğu ümidlərdən xəbərsizdir”.
Əslində o, Kreml rəhbərliyini divara sıxışdırmağa cəhd edib: “Biz rusiyalı tərəfdaşlarımızla danışanda bəzən görürük ki, Rusiya atdığı və ya atmadığı addımlara görə regionu tərk edir”. Baş nazirinin əsas mesajı çox konkret bir ifadədən ibarətdir: “Bir gün biz oyanacağıq və Rusiyanın burada olmadığını görəcəyik”. Paşinyan Ermənistanın təhlükəsizlik baxımından Rusiyadan asılılığının səhv olduğunu bildirib.

Onun fikrincə, indi Rusiya Ermənistanın təhlükəsizlik ehtiyaclarını istəsə belə, təmin edə bilməzdi: “Ermənistanın təhlükəsizlik arxitekturası, o cümlədən silah və sursat alışında “99,999% Rusiya ilə bağlı idi. Ancaq bu gün Rusiyanın silah və sursata ehtiyacı olduğu bir vaxtda aydındır ki, istəsə belə, Rusiya Federasiyası Ermənistanın təhlükəsizlik ehtiyaclarını təmin edə bilməyəcək. Bu nümunə bizə göstərməlidir ki, təhlükəsizlik sahəsində asılılıq və ya yalnız bir mərkəzə bağlı olmaq özlüyündə strateji səhvdir. Ermənistan hakimiyyəti hazırda təhlükəsizlik siyasətini “şaxələndirmək üçün çox qeyri-müəyyən cəhdlər edir. Biz Rusiya Federasiyasının Cənubi Qafqazı bir gün, ay və ya bir ildə tərk edib-etməməsi hallarını görmüşük”.

Bu gün Qərb Ermənistana Rusiyanı regiondan sıxışdırmaq üçün tədbirlər görməyə sövq edir. Buna cavab olaraq Ermənistan Rusiyanın “atdığı və ya atmadığı addımlara görə” müstəqil çıxışını qeyd edir. Paşinyan Rusiya sülhməramlılarının 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq öz missiyasını yerinə yetirmədiyini deyib. O qeyd edib ki, onlar Qarabağa gedən Laçın yoluna: “İki səbəb ola bilər: ya Rusiya Federasiyası Laçın dəhlizinə nəzarəti saxlaya bilmir, ya da saxlamaq istəmir. Hər ikisi, fikrimizcə, problemlidir”.
Paşinyan yenə Qarabağdan danışır

Hər kəs bilir ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin “Dağlıq Qarabağ”ın ərazi vahidi kimi mövcud deyil, xatırlamalarını unutmayıb. Amma Paşinyan yenə “Qarabağda təhlükəsizliyin təmin olunmayana qədər həll olunmadığı” barədə bəyanat səsləndirməklə, əslində tərəfləri hələ sönməmiş münaqişəyə çağırır. Qarabağ ermənilərinin “hüquqlarının müdafiəsi” adı altında beynəlxalq təşkilatların mandatı altında hansısa gücləri regiona gətirmək istəyir.

Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələri üçtərəfli bəyanatın üzərinə götürdüyü missiyanı yerinə yetirmədiyini əsas gətirərək onları ittiham edib. Əlbəttə baş nazir bunu Avropa ölkəsində dərc olunan qəzetə müsahibəsində bildirib. Yəni, onun söylədiyi fikirlərin daha çox kimə, hansı oxucuya ünvanlandığı dəqiqləşdirməliyik. Paşinyan Rusiya mətbuatına bir, Qərb mətbuatına tam fərqli mövqe bildirsə də, yerli mediaya isə hər ikisini tənqid üzərində qurur. Deməli, Paşinyan bütün tərəflərə yalan danışır, vahid mövqedə olmaqdan qorxur. Paşinyan Qarabağla birlikdə Azərbaycanın ərazi bütövlüyünü (86,6 min kvadrat kilometr) ictimai şəkildə tanısa da, məsələ quru sözdən o yana keçmir. Nikol Bakı ilə sülh müqaviləsi imzalamağa özündə cəsarət tapa bilmir. Üstəlik, son aylar İrəvan tərəfindən sərhəd bölgəsində vəziyyətin gərginləşməsi müşahidə olunur. Azərbaycan ərazilərinin atəşə tutulması və təxribat cəhdləri artıq müntəzəm xarakter alıb. Bu isə o deməkdir ki, İrəvan əvvəlki razılaşmalardan geri çəkilmək kursunu götürüb.

Paşinyanın Qarabağdakı separatçıların qondarma “müstəqillik günü” ilə bağlı müraciəti, daha sonra İtaliya mediasına müsahibəsində dedikləri Ermənistanın sülh sazişi imzalamaqdan uzaq olduğunu göstərir. Nikol səhər başqa, axşam başqa söz deyir və beləcə prosesi uzada biləcəyini düşünür. 44 günlük müharibədən ötən üç il ərzində baş verənlərdən çıxan nəticə də artıq qətiləşib: Bakı Qarabağda “müstəqillik”, “öz müqəddəratını təyin etmə” iddialarını sıradan çıxarmadan, bu iddiada olan separatçıları dəfn etmədən nə sülh sazişi imzalanacaq, nə də Ermənistan ərazi iddialarından imtina edəcək.

Ermənistanın müxalifət təmsilçiləri, o cümlədən keçmiş prezident Serj Sərkisyan ölkəsinin və “Qarabağ”ın onlar üçün hazırki ağır durumunun səbəbini Nikol Paşinyanın hakimiyyətini davam etməsiylə əlaqələndirirlər. Onlar hesab edirlər ki, nə qədər ki Nikol Paşinyan baş nazirdir, vəziyyət onlar üçün daha da çətinləşəcək, Azərbaycan Qarabağın tamamı ilə yanaşı, Qərbi Zəngəzura da nəzarət edəcək. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Paşinyanın istefasını tələb etməsə də, baş nazirdən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı açıqlamasını geri götürməsini tələb edir: “Başımıza gələn bəlalar Nikol Paşinyanın Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanımasıyla bağlıdır”. Oskanyan hesab edir ki, Paşinyanın bu açıqlamasından sonra beynəlxalq aləmin Azərbaycana təzyiq etmək imkanları minimuma enib.

Erməni radikalların məntiqinə görə, Nikol Paşinyan istefa versə və ya Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina etsə, vəziyyəti öz xeyirlərinə düzəldə biləcəklər. Bunlar anlamaq istəmirlər ki, İkinci Qarabağ müharibəsi bölgədəki şərtləri dəyişib, Paşinyanın yerində kim olursa-olsun, Azərbaycan Qarabağın tamamını nəzarətə götürmək siyasətindən imtina edən deyil. Düyməyə basılıb, gerigönüş olmayacaq. Bu, yaxın 35 ildə separatizmlə mübarizədə minlərlə vətəndaşını itirən, qətliamlar görən Azərbaycan cəmiyyətini sifarişidir.
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Qarabağ ətrafında vəziyyətin dəyişəcəyi barədə utopik fikirlər səsləndirir. İrəvanda müxalifətin mitinqində jurnalistlərlə söhbətində o, mövcud vəziyyətdən çıxmaq üçün Ermənistan rəhbərliyinin dəyişdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bundan sonra “hər şey öz yerinə düşəcək”. Bəli, keçmiş president Sarkisyan anlamaq istəmir ki, toplananların yerini dəyişməklə cəm dəyişmir. 2016-cı il Aprel döyüşlərində Azərbaycan əsgəri Sarkisyanın komandanı olduğu “məğlubedilməz ordu”nu 4 gün ərzində diz çökdürmüşdü.

Ermənistanın ikinci prezidenti, bəbək qatili Robert Köçəryan da baş nazirin istefa məsələsinə reaksiya verib. Əvvəlcə Köçəryan Arayik Arutyunyanın istefasını şərh edib. O, jurnalistlərə: “Mən sevindim” deyib. Rusiyanın “5-ci kolon”unun ən sadik köpəklərindən olan Koçaryanı sevindirən bəzi hadisələr var. Onlardan biri və birincisi Paşinyanın istefasıdır ki, bu da onun və digər rusiyapərəstlərin yenidən hakimiyyətə gəlməsini təmin edə bilər. Amma çox güman ki, ermənilər ikinci dəfə palçığa batmaq istəməzlər. Əks təqdirdə…

Zatulin: Paşinyan Rusiyadan qaçır

"Dövlət Duması Paşinyanın Rusiya Federasiyasına qarşı düşmən münasibətindən şübhələnirdi. Ermənistanın baş naziri Rusiyaya qarşı “getdikcə daha alçaq” bəyanatlar verir". Bu fikri parlamentin Aşağı Palatasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Qovorit Moskva” radiostansiyasına müsahibəsində bölüşüb.

“Paşinyan Rusiya haqqında getdikcə daha çox, daha açıq və daha çox riyakarcasına danışır. Nümayəndə heyətlərimizlə rəsmi danışıqlar zamanı Paşinyan getdikcə daha çox düşməncəsinə davranır. O hesab edir ki, müxalifət kifayət qədər güclü deyil və keçmişin günahlarında ayrı-seçkilik etmədən ittiham olunmaqla kifayət qədər güzəştə gedir. Paşinyan əgər uğur qazansa, Ermənistanı “al-sat”ın əsas məna daşıdığı, şəxsi rifahdan başqa mühüm milli maraqların olmadığı adi Yaxın Şərq ölkəsi mövqeyinə aparacaq. Artıq onun çevrəsində türklərlə, azərbaycanlılarla və sairlə ortaq biznesə sahib olanlar var ki, əvvəllər bu, qətiyyən mümkün deyildi”.

Zatulin əlavə edib ki, Nikol Paşinyanın və onun hökumətinin hakimiyyətdə olması Ermənistanın opponentlərinə fayda verəcək. Qərb əmindir ki, hazırkı baş nazir Rusiyanı respublikadan “uzaqlaşdırmaq” iqtidarındadır: “Bu gün Paşinyan Azərbaycan və Türkiyə üçün ən əlverişli liderdir, yəni Ermənistanın tarixi rəqibləridir. Məhz Paşinyanın dövründə Ermənistan həm hərbi, həm də diplomatik baxımdan biabırçı məğlubiyyətə uğradı. Bu baxımdan heç də təsadüfi deyil ki, bütün ritorika ilə yanaşı, Azərbaycan hakimiyyəti Paşinyanın hakimiyyətdə qalmasında çox maraqlıdır. Paşinyan istiqamətini Rusiyadan Qərbə yönləndirməklə, Brüsseldə, Vaşinqtonda apardığı danışıqlarda mövqeyi ilə, Qərb paytaxtlarına səfərləri ilə Qərbdə Rusiyanı Ermənistandan gec ya tez sıxışdırmağa qadir şəxs olduğu təəssüratı yaradıb. Bunu Rusiyanın populyarlıq reytinqinin aşağı düşməsi də təsdiqləyir ki, bu da bütün səviyyələrdə, o cümlədən Paşinyanı və onun hökumətini dəstəkləyən dairələrdən yayılan təbliğatın nəticəsidir. O, vəziyyəti özünəməxsus şəkildə təqdim edir və hesab edir ki, Rusiya faktiki olaraq bu gün Ukraynada ilişib qalıb. Artıq xüsusi hərbi əməliyyatın ilkin mərhələsində o, Qərbdə bəyan edirdi ki, Rusiyanın qələbəsi Ermənistana fayda verməyəcək”.

Nikol Paşinyan “La Repubblica” nəşrinə müsahibəsində Ermənistanın təhlükəsizlik sahəsində Rusiya Federasiyasından tam asılılığını səhv adlandırmışdı.

V.VƏLİYEV

Digər xəbərlər