Araşdırma

  • 4 081

Ermənistanın seçimi, yaxud Ermənistanı seçənlər - RAKURS

image

Rusiyadan uzaqlaşmadan ABŞ-a yaxınlaşma İrəvana baha başa gələcək

İrəvan Paşinyanın timsalında ikibaşlı oyun qurmağa çalışır. Baş nazir ərz edir ki, Rusiya Cənubi Qafqazdan getdiyinə görə onun yerini Amerika Birləşmiş Ştatları tutmalıdır. Yəni dolayısı ilə Ermənistan tək qalmağı sevmədiyini bildirir və birinin maşası, köləsi olmağı sağ qalmağın yeganə yolu kimi qəbul edir, daha doğrusu kiminsə qanadı, çətiri altında olmağı təhlükəsizliyinin qarantı hesab edir. 1988-ci ildə Ermənistanda, sonra isə Qarabağda azərbaycanlıları öz yurdlarından “miatsum” anqırtısı ilə, zorla qovanda bunu xarici təşkilat və dövlətlərin köpəyi olaraq edirdi. Ona bu “cəsarəti” verən dairələr var idi.

Onlara arxalanan bu köpək yığını soydaşlarımıza qarşı bəşər tarixində misli görünməmiş elə vəhşilik törətdilər ki, bu gün barışıq üçün zərrə qədər, iynənin ucu ölçüsündə yer saxlamadılar. Yəqin ki, orta nəslin yadındadır, xüsusən də, Qarabağın aran və dağlıq hissəsindən zorla qovulan azərbaycanlılar hələ də ermənilərin onlara qarşı hansı vandallıqlar etdiklərini unutmayıblar. Bu gün ermənilərin Laçın yolu ilə arın-arxayın keçib Ermənistana getmələrini və geriyə Qarabağa qayıtmalarını və üstəlik də, bundan narazı da qaldıqlarını o dəhşətli günləri yaşayan keçmiş məcburi köçkünlər qəbul etməkdə çətinlik çəkirlər. Dünyanın bəzi ölkələri indiki vəziyyəti guya “humanitar fəlakət” adlandırırlar. Bu kəlimələri təkrar edərkən həya hissini itirənlər niyə həmin ermənilərə 25-30 il bundan əvvəl azərbaycanlılara qarşı etdikləri qeyri-insani hərəkətləri xatırlatmırlar. Yəni, 30 il bundan əvvəl dünyanın leksikonunda, lüğətində “insan haqqı”, “humanitar fəlakət” deyilən söz birləşmələri yox idi?

Zəngilan rayonu 1 aya yaxın Ermənistan silahlı qüvvələrinin tam mühasirəsində qaldı. Nə ABŞ, nə Rusiya, nə Fransa, nə beynəlxalq təşkilatlar, xüsusən də, indi ermənilərdən ötrü yaxasını cıran Beynəlxalq Qırmızı Xaç Komitəsi bir dəfə də olsun yüz minə yaxın zəngilanlının dərdinə şərik olmadı, ölüm-dirim savaşında onlara bir tikə çörəyi çox gördülər, sanki bu hadisə olmayıb kimi davrandılar. Əlbəttə bütün bunlar, ikili yanaşmalar, ikili standartlar, ayrıseçkilik həmin təşkilatlara və dövlətlərə münasibəti mənfiyə doğru dəyişir. Onların ermənilərin “fəlakət” yaşamaları barədə fikirləri ciddi qəbul edilmir. BQXT zamanında azərbaycanlıların yanında olsaydı, indi onun etdikləri səmimi qəbul edilərdi. Görünür, bütün bunlar, bu münasibətlər səbəbsiz deyil, yəqin azərbaycanlıları insan hesab etmirlər və onların da haqqının olduğunu unudublar. Bu gün nə dəyişib ki? Biz hələ ermənilərə onların bizə yaşatdıqlarının heç bir faizini belə yaşatmamışıq. Amma haray-həşirləri dünyanı başına götürüb.

...Kreml bu ay Ermənistanda keçiriləcək ABŞ-Ermənistan təlimləri ilə bağlı xəbərlərdən şoka düşüb, ehtiyat tədbirləri görməyə başlayıb. Bu yanaşma Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərində də vurğulanır. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinin ölkədə keçirilməsi məqsədəuyğun deyil, çünki onun sözlərinə görə, bu, Türkiyə və Azərbaycanın mənfi reaksiyasına səbəb ola bilər.

Çərşənbə günü Peskov ABŞ və Ermənistan arasında keçiriləcək təlimlərlə bağlı xəbərləri şərh edib. “Xüsusilə indiki vəziyyətdə belə xəbərlər narahatlıq doğurur. Biz bu xəbəri dərindən təhlil edəcəyik”, - deyə o, müvafiq sualı cavablandırıb.

Ölkənin Müdafiə Nazirliyi çərşənbə günü, sentyabrın 6-da “Qartal tərəfdaşı-2023” təlimlərinin Ermənistan ərazisində keçiriləcəyini açıqlayıb. Məlumata görə, amerikalı və erməni hərbçilər sülhməramlı əməliyyatlarda birgə iştirak edəcəklər. Təlimlər sentyabrın 11-dən 20-dək ölkənin Müdafiə Nazirliyinin sülhməramlı briqadasının “Zar” təlim mərkəzində keçiriləcək. Ermənistan müdafiə departamentinin bəyanatında qeyd edildiyi kimi, iki ölkənin hərbçiləri “idarəetmə və taktiki rabitə sahəsində” təcrübə mübadiləsi aparacaq, həmçinin “münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi” bacarıqlarını inkişaf etdirəcəklər.
Prinsipcə, ABŞ və Ermənistanın (eləcə də ABŞ və Azərbaycanın) təlimlər keçirməsi faktı o qədər də qeyri-adi deyil. Müdafiə xəttində NATO ölkələri uzun müddətdir ki, Cənubi Qafqaz dövlətləri ilə əməkdaşlıq edirlər. Məsələn, bu günlərdə Almaniyanın Hohenfels şəhərində çoxmillətli “Birlik Qılıncı-2023” təlimləri keçirilir. Onların çərçivəsində Ermənistanın hərbi həkimləri ABŞ ordusunun tibbi xidməti ilə birlikdə yaralıların təxliyəsi və müalicəsi bacarıqlarını məşq edirlər. Birgə “Qılınc-2023” təlimi avqustun 28-də başlayıb və sentyabrın 23-də başa çatacaq. Onlarda 17 dövlətin hərbçiləri iştirak edir. Lakin “Tərəfdaş Qartalı-2023” təlimlərinin özəlliyi ondan ibarətdir ki, onlar Ermənistanda keçiriləcək.

Buna baxmayaraq, hələ yanvar ayında Paşinyan KTMT təlimlərinin bu il ölkədə keçirilməyəcəyini demişdi. Bu təşkilata Ermənistan və Rusiyadan başqa Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Paşinyan KTMT təlimlərinin keçirilməsindən imtinasını Türkiyə və Azərbaycan tandemi tərəfindən yanlış şərh oluna biləcəyi ilə izah edib. Onun sözlərinə görə, Bakıda və Ankarada bunu Rusiya Federasiyası və Ermənistanın birgə Azərbaycan ərazisinə təcavüz etmək niyyəti kimi qiymətləndirmək olar. “Biz bu təlimi yersiz hesab etdik, çünki onlar Türkiyə-Azərbaycan tandemi üçün təhlükə yaradacaq. Gələcəklər, təlimlər keçirəcəklər, sonra biz bu təhlükə ilə baş-başa qalacağıq”, - Paşinyan bildirib.

Ermənistanın baş nazirinin KTMT-yə başqa iddiaları da var. O, xüsusilə qeyd edib ki, təşkilat Azərbaycanla hərbi münaqişə yaranacağı təqdirdə ölkəyə konkret hansı yardımı göstərməyə hazır olduğunu və onun hansı məsuliyyət sahəsinə malik olduğunu aydınlaşdırmalıdır.

Rusiya Federasiyası, Belarus, Qırğızıstan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi sentyabrın 1-dən 6-dək keçirilən “Döyüş Qardaşlığı” təlimlərində Ermənistan hərbçiləri iştirak etməyib. Yeri gəlmişkən, sentyabrın 6-da Ermənistanın baş nazirinin xanımı Anna Akopyan xanımlar və cənablar adlanan sammitə Kiyevə səfər edib. Böyük Britaniya, İspaniya, Çexiya, Türkiyə, İsrail də daxil olmaqla, bir çox ölkələrin birinci şəxslərinin həyat yoldaşları həmin tədbirdə iştirak ediblər. Ötən gün Paşinyan İtaliyanın “Repubblica” nəşrinə müsahibə verib. O, bəyan edib ki, Rusiya Federasiyası Qərbi Ermənistanı Rusiyanı sıxışdırmağa yönəlmiş tədbirlər görməyə sövq etməkdə ittiham edir. Paşinyanın sözlərinə görə, bu, doğru deyil. “Əksinə, görürük ki, Rusiyanın özü atdığı və ya atmadığı addımlara görə bölgəni tərk edir. Bunun səbəbləri nələrdir? Biz bilmirik. Bu məsələ ilə bağlı öz müşahidələrimiz ola bilər, amma heç nə deyə bilmərəm”.

Qeyd edək ki, ABŞ həqiqətən də son vaxtlar Cənubi Qafqaz istiqamətində nəzərəçarpacaq dərəcədə fəallaşıb. Vaşinqton da Moskva kimi Laçın dəhlizi ilə Ermənistandan Dağlıq Qarabağa maneəsiz hərəkətin tərəfdarıdır. Məsələn, Dövlət Departamentinin sözçüsü Vedant Patel avqustun 15-də keçirdiyi brifinqdə deyib: “Biz Azərbaycan hakimiyyətini kommersiya, humanitar və şəxsi avtomobillərin bu dəhlizdə sərbəst hərəkətini bərpa etməyə çağırırıq”.

Buna baxmayaraq, nə Ağ Ev, nə də Ermənistan hökuməti ölkənin Avro-Atlantik inteqrasiyasının indi və ya uzunmüddətli perspektivdə zəruriliyindən danışmır. İrəvanda Rusiyanın (MDB, Aİİ) iştirakı ilə dövlətlərarası layihələrdən çıxmaq da müzakirə olunmur. Əksinə, Rusiya ilə Ermənistan arasında iqtisadi əlaqələr dinamik inkişaf edir.

Maraqlı təsadüf: Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri zamanı müsahibəni Ermənistan Müdafiə Nazirliyinin “Tərəfdaş Qartalı 2023” təlimlərini elan etdiyi gün verib. Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanla danışıqların hazırkı vəziyyətindən danışan Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz yolun açılması 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bir hissəsidir. “Kommunikasiyaların açılması çox vacibdir, çünki nəqliyyat əlaqələri, ticarət və sairə təkcə tərəflərə fayda və gəlir gətirmir, eyni zamanda, regionda sülh prosesini dönməz edir. Belə ki, ölkələr bir-birinə sıx bağlı olur. Eyni zamanda, təkcə bizim regionda deyil, həm də Ukraynadakı müharibə də diqqətə alınmaqla onun hüdudlarından kənarda baş verən geosiyasi proseslər bizə Şərq və Qərbi birləşdirən yeni nəqliyyat marşrutlarının açılmasını diktə edir. Marşrutlara həm Avropa İttifaqı, həm də Mərkəzi Asiya dövlətləri və daha sonra Şərq tərəfindən güclü tələbat var. Bu mənada Azərbaycan ərazisindən keçən Orta Dəhlizin əhəmiyyəti böyükdür. Təkcə ötən il bizim ölkəmizdən yük axını 70 faiz artıb. Tələbat çoxdur. Zəngəzur dəhlizi Şərq-Qərb yolunda elementlərdən biridir. Ekspertlər müəyyən ediblər ki, Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhlizə əlavə 5-8 milyon ton karqo göndərilə bilər. Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də digər ölkələr üçün çox faydalıdır. 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanmış üçtərəfli bəyanatlara uyğun olaraq, üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu yaradılıb. Artıq üç ildir ki, işlər davam edir. Hansısa məqamda belə bir təəssürat yaranır ki, biz işləri yekunlaşdırmağa yaxınıq, lakin birdən - son dəqiqədə Ermənistan gözlənilmədən yeni bir iddia irəli sürür, bu da prosesi dalana sürükləyir. Bu, qeyri-konstruktivdir, həm də üçtərəfli Bəyanatın müvafiq maddəsinin pozulmasıdır. Həmin maddəyə görə, Ermənistan öz üzərinə yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə qarantiya vermək öhdəliyini götürüb. Bu, Ermənistan tərəfindən qeyri-konstruktiv olmaqla yanaşı, həm də ona zərər verir. Bu ölkə özünü gəlirlərdən məhrum edir, hərçənd bütün ölkələr arasında məhz onun öz iqtisadi vəziyyətini düzəltməyə və izolyasiyadan çıxmağa ehtiyacı var”.

Konkret fikirlərdir, Ermənistan tərəfi isə regiondakı münaqişəyə yeni oyunçular cəlb etməklə, onlara öz ölkəsində manevr imkanları yaratmaqla problemlərin çözümünü bir az da çətinləşdirir. Amma nə edirsə özünə edir, necə deyərlər, “yel qayadan nə aparar”.

V.VƏLİYEV

Digər xəbərlər