Analitika

  • 5 496

Qələbəmizi dünyaya göstərən möhtəşəm - ZƏFƏR PARADI TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək”

Bəli, bu gün – Qarabağ Azərbaycandır! Qələbə Zəfəri ilə keçirilən Qələbə Paradından üç il ötür. Bu paradın həsrətini düz 30 il idi ki, gözləyirdik. Və sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsində 5 şəhərimizi Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad etdik, Azərbaycanın müzəffər ordusu 5 min kvadrat kilometr ərazisini isə döyüş meydanında heç bir güllə atmadan, şəhid vermədən siyasi meydandakı qələbəsilə qaytartdı. Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Bu böyük qələbəmizdir. Bu qələbə münasibəti ilə keçirilən parad isə həm də o topaqlarımızın 30 il həsrətində olduğu Qələbə paradı oldu. Nəhayət, bu, Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının həm siyasət, həm də döyüş meydanında diplomatik siyasətinin, Müzəffər Şanlı Ordumuzun, igid əsgər və zabitlərimizin qanı töküldüyü Qarabağ Azərbaycandır! - Müqədəs torpağımızın həsrətinə son qoyulduğu Zəfərin dünyaya nümayiş ediləcək paradı oldu. Bu parad torpaqlarımızın işğaldan azad olunmasında hərbi texnikamızın, həmin torpaqlarda dalğalanan üç rəngli Bayraqlarımızın nümayiş olunduğu, intizarında və həsrətində olduğumuz parad oldu. Beləliklə, Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradının keçirilməsi ilə Azərbaycanın şanlı qələbəsi əzəmətli və təntənəli şəkildə təqdim olundu.

BU QƏLƏBƏ İLƏ AZƏRBAYCAN DÜNYAYA SÜBUT ETDİ Kİ, ÖZÜNÜN POZULMUŞ HÜQUQLARINI ÖZÜ BƏRPA ETMƏK İQTİDARINDADIR

Azərbaycan son 200 illik tarixində itirdiyi torpaqlarını qaytara bilmədiyi bir halda, Prezident, Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, uzaq görən siyasəti, vətəninə və torpağına olan böyük məhəbbəti, Güclü Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti ilə torpaqlarımız işğaldan azad edildi. Bu Azərbaycanın tarixi, parlaq qələbəsidir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Və sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub. Siyasi meydanında işğalçı düşməni layiq olduğu yerini göstərməklə bərabər bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və bu gün Prezidentin imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamları əsasında hər il 8 noyabrda Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edildi. Bu tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Və bu gün qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Qürur duyuruq ki, uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi. O dəmir yumruq ki, düşmənin başından vurmaqla belini qırdı. Sözsüz ki, asan yolla qələbə qazanmaq olmur. Bu qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Güclü Ordumuzun, Rəşadətli əsgər-zabitlərimizin igidliyi ilə bu qələbəni qazandıq. Dövlətimizin başçısı İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə xalqa təbrikində bir daha bildirdi ki, döyüş meydanında, siyasi müstəvidə qazandığımız Qələbə ölkəmiz üçün yeni dövr açır. 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi! 8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarix…8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Üçtərəfli bəyanata əsasən Dağlıq Qarabağın heç bir xüsusi statusu olmayacaq. Dağlıq Qarabağ Muxtar Vilayəti də tarixə qovuşdu. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Paşinyan kapitulyasiya imza atmağa məcbur oldu. Noyabrın 10-da şanlı qələbəmizin təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması müjdəsini xalqa çatdırarkən "Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik… Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi» söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, "Dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!".

Dövlətimizin başçısı onu da bildirib ki, indi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər: "Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!".

TÜRKİYƏ PREZİDENTİNİN PARADDA İŞTİRAKI BAĞLARIN QIRILMAZ OLDUĞUNU GÖSTƏRDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyət yürüş etdi, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikaların, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin, Azərbaycan Ordusunun döyüş meydanlarında qənimət olaraq götürdüyü erməni texnikalarının bir qismi nümayiş olundu. Bu texnikalar ordumuzun maddi-texniki bazasının zəngin olduğunu təsdiqləməklə yanaşı, Silahlı Qüvvələrimizin gücünü, onun nəyə qadir olduğunu açıq şəkildə göstərdi. Parad Prezident İlham Əliyevin birbaşa diqqəti altında olan müdafiə sahəsinin getdikcə artan gücündən, hərbi qüdrətimizdən xəbər verdi. Bütün bunlar göstərdi ki, Azərbaycan ötən illər ərzində hərbi sahədə yalnız kəmiyyət üstünlüyü əldə etməyə çalışmayıb, həm də əsaslı keyfiyyət dəyişiklikləri aparıb, ordu quruculuğunu düzgün istiqamət üzrə inkişaf etdirib, silahlandırma siyasətini hədəfə uyğun qurub.Vətən müharibəsinin ilk saatlarından Azərbaycana dəstəyini açıq şəkildə bəyan edən, bu haqlı savaşda daim yanımızda olduğunu dəfələrlə vurğulayan Türkiyə Prezidentinin paradda iştirakı, bu möhtəşəm tədbirdə türk əsgərlərinin Azərbaycan əsgərləri ilə yanaşı yürüş etməsi iki qardaş dövlət arasındakı bağların qırılmaz olduğunu bir daha göstərirdi.

QƏLƏBƏ ZƏFƏRİNİN QƏLƏBƏ PARADI «BİR MİLLƏT, İKİ DÖVLƏT» OLARAQ TÜRKİYƏ-AZƏRBAYCAN BİRLİYİNİN NÜMAYİŞİ OLDU

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman Ali Baş Komandan İlham Əliyev çıxışı zamanı bildirmişdi: "Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır". O gün bu gün artıq gəldi. Dekabrın 10-da Azərbaycan Azadlıq Meydanında Qələbə Zəfərinin Qələbə Paradı «Bir millət, iki dövlət» olaraq Türkiyə-Azərbaycan birliyinin nümayişi oldu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev hələ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman demişdir: «Əziz dostlar, bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir».

PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN: “Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman demişdir: «Əvvəla, Azərbaycanın müstəqilliyi üçün canlarını fəda edən bütün şəhidlərimizi ehtiramla anırıq, onlara Allahdan rəhmət və ruhlarının şad olmasını diləyirəm. Onlar fədakarlıqları və cəsarətləri ilə özlərindən sonra nəsildən-nəslə qürurla xatırlanacaq şanlı bir dastan yazaraq, Türkiyə və Azərbaycanın əbədi qardaşlığının da rəmzi oldular». Rəcəb Tayyib Ərdoğan çıxışnda bildirmişdir: «Böyük şair, mərhum Bəxtiyar Vahabzadənin də bu birliyimizi belə gözəl ifadə edib:

Bir ananın iki oğlu, bir amalın iki qolu.

O da ulu, bu da ulu, Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir, Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir, Azərbaycan-Türkiyə.

Birdir bizim hər halımız, sevincimiz-məlalımız.

Bayraqlarda hilalımız, Azərbaycan-Türkiyə.

Ana yurdda yuva qurdum, ata yurda könül verdim.

Ana yurdum, ata yurdum, Azərbaycan-Türkiyə".Türkiyə və Azərbaycanın birliyi bu misralarda təcəssüm edən qardaşlığın ən gözəl nümunəsidir. Bu gün də – Vətən Müharibəsinin ilk günündən bu günə kimi, 44 günü Türkiyə Azərbaycanın yanında olub, tarixi Qələbə Zəfərinə birlikdə sevinib. Azərbaycan-Türkiyə həmişə sevincli, kədərli günlərində eyni sevinci, eyni kədəri keçirib və bu gün də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Qələbə Zəfərli Paradında da iştirak edəcək.

PREZİDENT İLHAM ƏLİYEV: “Biz 100 il öncə də bir yerdəydik və birlik nümayiş etdirirdik, indi də eləyik”

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən paradda vurğulamışdı ki, Bakı artıq o dövrdə yaşadığı çətinlikləri geridə qoyub və hazırda daha güclü bir Azərbaycan mövcuddur: “Biz bu ilin may ayında AXC-nin 100 illiyini qeyd etdik. Biz Şərqin ilk demokratik respublikasını Azərbaycanın yaratmış olmasından qürur duyuruq. Ölkəmiz böyük çətinliklərlə üz-üzə idi və ərazilərimizə tam nəzarət edə bilmirdik. Bakı və bir neçə başqa şəhərlərimiz işğal altında idi. Hökumətimiz Gəncədə yerləşmiş və orda fəaliyyət göstərmişdi. Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi, Gəncədən Bakıya uzanan qələbə marşı və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq və bu qələbə uğrunda canını fəda edən şəhidlərin xatirəsini daim əziz saxlayacaqdır”.

Ordumuzun hazırkı gücünə və döyüş hazırlığı səviyyəsinə də toxunan Azərbaycan Prezidenti qeyd etmişdir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və bu sona qədər də belə qalacaq: “Bu gün güclü ordumuzun Ağdərə, Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında, həmçinin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində keçirilən uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda dalğalandırdığı bayraqlarımız Azadlıq meydanına gətiriləcəkdir. Gün gələcək Azərbaycan bayraqları bu gün hələ də işğal altında olan bütün torpaqlarımızda qaldırılacaqdır”.

GÜN GƏLƏCƏK AZƏRBAYCANIN DÖVLƏT BAYRAĞI BU GÜN HƏLƏ DƏ İŞĞAL ALTINDA OLAN BÜTÜN TORPAQLARDA QALDIRILACAQDIR

Bu gün növbəti qələbə paradımız Xankəndidə keçirildi. 2023-cü il, 15 oktyabr tarixində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdı. Bu şərəfli, tarixi gün cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsi, xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir. Dövlətimizin başçısı gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. Və son 20 ilin uğurları bir daha sübut etdi ki, onun sözü imzası qədər keçərlidir. Çünki Prezident İlham Əliyev nəyi, necə, nə vaxt etmək lazımdır yaxşı bilir. Və xalqımız dövlətimizin başçısının son 20 illik prezidentlik fəaliyyəti zamanı xreallığa çevirdiyi bütün uğurların şahidləriyik. Xüsusilə də, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla bir əsrlik saxtakarlığa son qoyulduğunu bütün dünyaya nümayiş etdirdi. 20 il öncə xalqımız etimad mandatı verərək özünə Prezident seçdiyi İlham Əliyevə inandı, güvəndi və səbirlə gözlədi. Sözü imzası qədər keçərli olan Azərbaycan Prezidenti tam müstəqil siyasəti ilə 20 ildə Ermənistanı dünyada işğalçı dövlət kimi tanıda bildi. Bu il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri keçirərək separatçıları 23 saat ərzində məhv etdi. Bəli, Azərbaycan Prezidentinin Xankəndi müraciəti mərkəzi hakimiyyətin Qarabağın gələcəyinə, Ermənistanla normallaşma münasibətinə ismarışdır. Prezident İlham Əliyevin 20 illik hakimiyyəti Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinə uzanan, ölkəni qarışdıran əlləri kəsdi. Azərbaycanın qanayan yüzillik yarası sağaldı... Bəli, hər keçirilən Qələbə Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşəcək. Və bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!Bir sözlə, bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət, fəxarət salnaməsidir. Dövlət başçımızın söylədiyikimi: «Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”Bəli, hər keçirilən Qələbə Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşəcək. Və bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq! Və bu Qələbə Paradları Azərbaycan Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə yaddaşlardan silinməyəcək şanlı bir səhifə kimi yazılacaq! Qarabağ Azərbaycandır! QƏLƏBƏ PARADLARIMIZ MÜBARƏK OLSUN!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər