Analitika

  • 1 635

Ermənilərin qəddar və vandal əməlləri: Başlıbel qətliamı - TƏHLİL

image

70 il sovet dövründə yaşadığımız zamanda Azərbaycan xalqının tarixi saxtalaşrırılıb və bir çox məqamlar qaranlıq qalmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tarixin oxunmamış səhifələri aşkarlandı və ölkəmizin tarixinin araşdırılmasına və yaşanılan ictimai-siyasi proseslərin üzü çıxarılmasına geniş meydan verildi. Hər zaman təbii sərvətləri və strateji-coğrafi mövqeyinə görə, güclərin diqqət mərkəzində olan Azərbaycan təzyiqlərə məruz qalaraq mücadilə edib və öz azadlığı, müstəqilliyi uğrunda qanlı savaşlarda olub. Gərgin ictimai-siyasi proseslərdə xalqın müstəqillik arzusu və mübarizəsi heç vaxt tükənməyib.

1988-ci ildən başlayaraq erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. Soydaşlarımız - 250 min azərbaycanlı öz ev-eşiyindən, tarixi torpaqlarından qovulur. 1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü. 17 fevral 1992-ci ildə Ermənistan ordusu tərəfindən 90 azərbaycanlı qətlə yetirildi. Ağdaban soyqırımı 8 aprel 1992-ci il tarixində törədildi və Ermənistan ordusu tərəfindən 67 azərbaycanlı qətlə yetirildi. Tarixdə belə faktlar kifayət qədərdir ki. ermənilərin xalqımıza qarşı törətdikləri vəhşi əməlləri təqdim edir.

MÜLKİ ŞƏXSLƏR QƏTLƏ YETİRİLDİ

Tarixən Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirən erməni millətçiləri öz vəhşi simalarını bir daha bütün dünyaya nümayiş etdirərək Xocalını yerlə-yeksan etdilər. Xocalı soyqırımı erməni terrorizminə, onların işğalçılıq siyasətinə, insanlığa sığmayan əqidə və məsləkinə qarşı dərin nifrət hissi oyadır. Xocalıda terror əməliyyatının planı əvvəldən hazırlanmışdır. Xocalıda erməni terrorizminin amansızlığını təsdiq edən faktlardan biri də odur ki, terror əməliyyatı zamanı istifadəsi qadağan olun xüsusi təhlükəli kütləvi qırğın silahlarından geniş istifadə edilmişdi.

Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xatırladaq ki, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən törədilən Qaradağlı qətliamı da Qarabağ münaqişəsi zamanı baş vermişdir. Nəticədə xeyli sayda mülki azərbaycanlı şəxslər ermənilər tərəfindən qətlə yetirilmiş, bir o qədər də əsir alınmışdır. 117 nəfər əsir alınmış, 66-90 nəfər mülki şəxs isə qətlə yetirilmişdir. Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Tariximizdə belə hadisələr kifayət qədərdir.

1993-CÜ İLİN 2 APREL TARİXİ

Bu faciələr sırasında Kəlbəcər rayonunun ən böyük kəndlərindən biri olan Başlıbeldə törədilən qətliamdır ki, həmin tarixdən bu gün artıq 31 il ötür. 1993-cü ilin aprel ayının 2-də baş verən hadisə zamanı Başlıbelin kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar. Amma onlar cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən "Portda" kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra, iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

BAŞLIBEL FACİƏSİ ŞAHİDLƏRİN DİLİ İLƏ

2017-ci ildə başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə layihəsinin icrasına başlanılmışdır. Layihə çərçivəsində Azərbaycan və ingilis dillərində Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə kitabı nəşr edilmişdir. Kitabda ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən biri – Başlıbel faciəsi ilə bağlı məlumatlar əksini tapmışdır. Nəşrdə Başlıbel kəndində törədilmiş qırğının canlı şahidlərinin fikirləri yer almış, mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri qeyd edilmişdir. Bütün bunlar faciə ilə bağlı məlumatların gələcək nəsillərə çatdırılmasında önəmlidir.

Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinə baxmayaraq, Ali Baş komandanın siyasi iradəsi, dövlətimizin gücü. rəşadətli ordumuzun dönməzdiyi həsrətlə yolumuzu gözləyən tarixi torpaqlarımıza yol açdı. 2020-ci ilin sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsində Zəfər qazandıq. İşğal altında olan torpaqlarımız düşməndən azad olundu. 44 günlük müharibə dövründə də erməni vandallığının, terrorunun acılarını da yaşadıq. Vətən müharibəsi dövründə dinc insanlara, mülki əhaliyə qarşı etdikləri əməllər, işğaldan azad olan torpaqlarımızı tərk edərkən törətdikləri yanğınlar erməninin faşist ideologiyasının təzahürüdür. Ermənistanın ötən əsrin 90-cı illərində olduğu kimi, Vətən müharibəsində də törətdikləri terrorçuluq dünyanın nüfuzlu nəşrlərində və sosial şəbəkələrdə yer aldı. Ermənistanın beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını bir daha ortaya qoymuş oldu.

"DƏMİR YUMRUQ" YERİNDƏDİR

Bütöv Azərbaycanın əzəli, tarixi torpaqları bu gün işğaldan azad olunub. Hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. "Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü", - deyən Prezident bildirib ki, bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi: "Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!"
Bu gün də Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, "dəmir yumruq" yerindədir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər