Analitika

  • 2 034

Üçtərəfli görüş, yoxsa qiyamətə hazırlıq - RAKURS

image

Ermənistan-Azərbaycan münasibətlərinin indiki durumu çox həssasdır. Sülh müqabiləsi adlı sənədin cəmi 2/3 hissəsinin razılaşdırıldığı barədə fikirlər dolaşır. Bunu daha çox Ermənistan tirajlayır, guya sənədin az hissəsi özünün müzakirəsini gözləyir. Əslində sənədin ən həssas bəndləri Ermənistanın destruktiv hərəkətləri səbəbindən uzlaşdırıla bilmir. Ən əsası isə rəsmi İrəvan öz vətəndaşlarını sülhə hazırlamaq əvəzinə müharibə dilini işə salır, Azərbaycanı ittiham edir və son hadisələrdə olduğu kimi sərhəd bölgəsində ciddi eskalasiyaya səbəb olacaq addımlar atır. Ermənistan ordusu Hindistan və Fransadan əldə etdiyi silahları nümayiş etdirir, güc dilinə üstünlük verir və hətta Azərbaycanın mövqelərini atəşə tutur. Halbuki, Nerkin And hadisələrindən sonar “havası alınan” Ermənistan məsələləri Masada həll edən tərəf görüntüsü yaratmağa başlamışdı. Amma…Maraqlıdır, Ermənistanda hər kəs bilir ki, bu gün döyüş başlasa məğlubiyyət, həm də acı məğlubiyyət qaçılmaz olacaq. Bəs onda bu ölkə niyə güc dilində danışmağa üstünlük versin? Məsələ burasındadır ki, Ermənistan əvvəllər olduğu kimi, arxalandıqlarından gələn ismarıclarla hərəkət etdiyindən gözləmə mövqeyindədir. Hansı əmr gəlsə, ona uyğun hərəkət edəcəyi qətidir. Xeyli müddət idi ki, iki ölkə arasında danışıqlar demək olar ki, baş tutmurdu. Hər üç platform uğursuzluğa dücar olduğundan, yeganə ümid ikitərəfli danışıqlara qalmışdı. Hətta ümidverici cəhdlər də oldu, amma sonunda “gözəgörünməz” əllər yenə Ermənistanı yolundan sapındırmağı bacardı. Söhbət Brüsseldə aprelin 5-də baş tutacaq Ermənistan-ABŞ-Aİ konfransından gedir. Görüşdə nəyin və kimin müzakirə olunacağı barədə fikirlər birmənalı deyil. Rusiya üçtərəfli görüşün onun əlehinə yönəldiyini deyir, İran da təxminən elə düşünür. Azərbaycanın isə öz çıxarları var. Rəsmi Bakı hələ bu konfransın menyüsü tərtib olunmamışdan əvvəl də ikitərəfli görüşlərdən savayı bütün platformaların effektsiz olacağını proqnozlaşdırırdı və bu, hadisələrin inkişafında da özünü sübuta yetirdi. Çünki, “vasitəçilər” münaqişə tərəflərinin yox, özlərinin maraqlarını güdürlər. Nəticədə Ermənistan və Azərbaycan üzərindən dünyanın ən həssas Cənubi Qafqaz regionuna nəzarət etmək iddiasını ortaya qoyurlar ki, bud a xüsusilə Azərbaycanın maraqlarına ziddir.


5 apreldə nə baş verəcək?
Aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü də regionda sabitliyi pozmağa hesablanıb. Görüşün keçirilməsinə 3 gün qalmış Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqelərinin atəşə tutulması ilk siqnallardır. Bu bir daha onu deməyə əsas verir ki, Aİ, ABŞ və Ermənistan arasında Brüssel görüşü fərqli motivdə təqdim edilsə də, reallıqda hərbi pakt imzalanacaq. Bu paktın imzalanmasını arqumentləşdirmək üçün isə hazırda regionda gərginlik atmosferi yaradılır.“Biz Ermənistan və Azərbaycan sərhədində eskalasiyaya və hərbi əməliyyatlara səbəb ola biləcək ritorikaya qarşı xəbərdarlıq edirik və xəbərdarlıq edəcəyik”. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib. “Biz hamının hüquqlarına hörmət edildiyi regionda ədalətli və layiqli sülh üçün şəraitin yaradılmasını təşviq etməyə davam edirik” deyə bildirib. Onun sözlərinə görə, davamlı sülhü təmin etməyin yeganə yolu danışıqlardır. (Yenə vasitəçilik iddiası – müəllif). “Biz bu həftə sonu Azərbaycan hökumətinin bəyanatını gördük. Aİ missiyası bəyanat yayıb ki, Ermənistan-Azərbaycan sərhədi sakitdir və qeyri-adi hərbi hərəkətlər yoxdur”, - deyən Miller əlavə edib ki, Ermənistan-Aİ-ABŞ formatında keçiriləcək yüksək səviyyəli görüşün diqqət mərkəzində sülh prosesi olmayacaq: “Görüşümüzdə Ermənistanın iqtisadiyyatının şaxələndirilməsi, humanitar yardım, qaçqınlara dəstək və Ermənistanın siyasi islahatlarına dəstək müzakirə olunacaq”.
Paşinyan özünü elə göstərir ki…
Ermənistanın baş naziri Nikol Paşinyan partiya iclaslarından birində deyib ki, “mən özüm üçün strateji qərar verdim ki, təslim olmayacağam və bu mənada mənim üçün ən vacibi budur”. Onun bu sözləri sadə cümlə kimi səslənir, amma Nikolun özünə yox, bütün Ermənistana aiddir. Çünki o, yeni bir faciə baş verərsə, şübhəsiz ki, qisasdan qaçacaq. Planı həyata keçirənlər onu ölkədən çıxarmağa vaxt tapacaqlar. “Mən başqa yerdən gəlməmişəm, sizin mühitinizdə doğulub, formalaşıb, böyümüşəm. Aydındır ki, baş verən hər şey psixoloji, insani, əxlaqi və siyasi baxımdan çox çətindir”, - Nikol deyib. Bəli, o, adi ermənidir və onu hakimiyyətə gətirənlər elə ermənilərin özləridir. Paşinyana müxalif olan ermənilər düşünürlər ki, o, bu gücü heç kimlə bölüşmək fikrində deyil. Nikol Ermənistanın faciəsinə aparacaq addımlar atmağa məcbur edilir. Rusiya çox açıq şəkildə bildirir ki, hər cür “qırmızı xətləri” keçməyə görə mütləq cəza olacaq. Bunu gizlətmirlər.İndi isə diqqət yetirək ki, ötən həftənin sonunda Bakıda Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında müntəzəm məsləhətləşmələr aparılıb. Görüş Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov ilə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazev arasında baş tutub. Sonra Pavel Knyazevi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qəbul edib. Danışıqlarda ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub. Aydındır ki, Bakı Ermənistanla küsməsi üçün Rusiya ilə əməkdaşlığı dərinləşdirir. Aprelin 5-də keçiriləcək Ermənistan-Aİ-ABŞ formatında yüksək səviyyəli görüş Ermənistanın qarşısında duran vəzifələrin dəfələrlə artdığını göstərir.Amma ermənilərin hakimiyyətə gətirdiyi Paşinyan bütün bu çətinliklərin öhdəsindən necə gələcəyi barədə aydın hekayə əvəzinə, fəlakətlə nəticələnə biləcək qərarın qəbul edilməsinin çətinliyindən danışır. Ermənistanın 44 günlük müharibədə məğlubiyyətindən, Qarabağın işğaldan azad edilməsindən sonra o, səhv başa düşülən dahi, naməlum qəhrəman obrazında görünməyə çalışır. Paşinyan deyir ki, bu yoldan imtina etmək və ya tərk etmək əsl xəyanət olardı. O, özünü elə göstərir ki, Rusiya ilə qarşıdurmada ABŞ və Aİ-nin zəifliyini hiss etmir. O, həqiqətən də Rusiyanın yer üzündən sildiyi Ukraynanın taleyini Ermənistan üçün hazırlayır. Ermənistanla bağlı Ukrayna ssenarisinin təkrarlanmasının qeyri-mümkün olduğunu deyənlər Rusiya hərbi gəmisinin arxasınca göndərirlər. Sual həmişə olub və onun planlarına kimin və necə qarşı çıxmağa hazır olmasıdır. Ukraynadakı müharibə göstərdi ki, kollektiv Qərb parçalanıb və Rusiyaya onun məğlubiyyətinə səbəb ola biləcək təzyiq göstərməyə hazır deyil. Bu, Avropanın tam mərkəzində baş verməyib və heç vaxt Qərb üçün Ukrayna qədər vacib olmayan Cənubi Qafqazda da baş verməyəcək. Amma Nikol Paşinyan erməniləri özlərinin səssiz razılığı ilə, həm də inamla qırğına aparır.
Rusiya qəzəblidir
Rusiya Ermənistana xəyanətinə görə qəzəblidir, ona görə də bu ölkədə beşinci kolonunu aktivləşdirir. Aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə görüşəcəyi tarix yaxınlaşdıqca, Moskva bir o qədər əsəbiləşir. Bu başa düşüləndir ki, aprelin 5-dən sonra Rusiyaya həmişəlik uduzan Ermənistan beşinci kolonun daimi bağırtısını eşidəcək. Bütün bunlar da Brüsseldə Ermənistan üçün “taleyüklü görüş” kimi təqdim olunan tədbirin qarşısını almaq üçün edilir. Brüsseldə qarşıdan gələn sammit ermənilər üçün taleyüklüdür. İclasın gündəliyinə diqqət yetirin: Ermənistan-ABŞ və Ermənistan-Aİ münasibətləri, eləcə də Ermənistan-ABŞ-Aİ münasibətləri, Ermənistanın iqtisadi və enerji sahəsində potensialının inkişafı və Ermənistanın üzləşdiyi humanitar problemlərin həlli ilə bağlı məsələlər müzakirə olunması.Ermənistana Aİ-yə namizəd statusu almaq təklifinin veriləcəyi də gözlənilir. Həmçinin Avropa Sülh Fondundan vəsait ayrılması, hərbi yardımın artırılması, Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün birgə təlimlər və hərbi təlimlərin keçirilməsi, təhlükəsizlik sektorunda islahatlar, Ermənistanın sərhədlərinə nəzarətinin gücləndirilməsi, viza rejiminin liberallaşdırılması da müzakirə olunacaq. Əgər bütün bu məqamlar baş tutarsa, o zaman, aprelin 5-i Ermənistanın rəsmi olaraq Rusiyadan birdəfəlik qopması reallaşa bilər. Ermənistanda düşünürlər ki, Qərbdən dəmir-beton təhlükəsizlik zəmanəti alacaqlar. Yeri gəlmişkən, qonşu Gürcüstanda da bir vaxtlar Avropanın təlimatı ilə planlar cızılırdı.Rusiyanın dövlət təbliğat maşınının bütün mexanizmləri indi İrəvana təzyiq etmək üçün fırlanır. Moskva İrəvanı qorxudur ki, Qərblə ilişkiləri ona baha başa gələ bilər, Aİ və ABŞ-ın Ermənistana hərbi yardımı, o cümlədən Ermənistan ordusunun modernləşdirilməsini artırmaq niyyəti ermənilərə yaxşı heç nə vəd etmir. Əslində isə bu, Rusiyanın Ermənistanda hərbi mövcudluğuna birbaşa zərbədir. Moskva düşünür ki, Qərbin əsl niyyəti Ermənistanı ikinci Ukraynaya çevirməkdir - “Ukrmənistan”.Qərbin məqsədi Rusiya və İrana qarşı kəşfiyyat aparmaqdır. Lavrovun mətbuat katibi Mariya Zaxarova öz Telegram kanalında yazıb ki, Qərbin məqsədi Ermənistanı anti-Rusiya gündəminə uymağa məcbur etmək, Moskva ilə çoxəsrlik əlaqələrini pozmaq, regional təhlükəsizlik və iqtisadi sahədə mövcud mexanizmləri sarsıtmaqdır. “Bütün dünyanın gözü qarşısında Ermənistan kollektiv Qərbin erməni xalqının köklü maraqları ilə tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir”, - Zaxarova yazıb.
Bu arada…
Ermənistan-Amerika müdafiə əməkdaşlığı çərçivəsində aprelin 1-də bir qrup ABŞ təlimatçısı Ermənistan Respublikasına gəlib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin inzibati kompleksində təlimatçılar Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin və “Zinuz Media” Dövlət Müəssisəsinin əməkdaşları ilə birgə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi məqsədilə aprelin 1-dən 5-dək təlimlər keçirəcəklər.

V.VƏLİYEV

Digər xəbərlər