Analitika

  • 9 559

Sürücülük imtahanı: şəffaflıq təmin olunurmu?

image

Avtomobili təhlükəsiz idarə etməsi, yol hərəkətinin təşkilinə mane olmaması, qəzalarda ölməməsi və öldürməməsi üçün hər kəsin savadlı sürücü olması şərtdir. Sürücü mütləq şəkildə yol hərəkəti qaydalarını bilməli, qəza anında çevik reaksiya qabiliyyətinə malik olmalıdır. Son bir neçə ildə xüsusilə gənclərin sürücülük vəsiqəsi imtahanlarına girməsi, vəsiqəsini biliyi ilə alması halları çoxalıb. İmtahana hazırlaşanlar üçün həm dövlət nəzdində olan sürücülük məktəblərində, həm də özəl tədris kurslarında imkan yaradılıb. Nəzəri imtahana təxminən 5 həftəlik tədris planı ilə hazırlıq prosesi aparılır. Nəzəriyyə imtahanını keçdikdən sonra isə növbədə praktiki imtahandır. Proses barədə Sürücülük.az Tədris Mərkəzinin nəzəriyyə müəllimi Elmir Nəcəfovla söhbətləşdik.

-Elmir müəllim, məncə sürücülük vəsiqəsi almağa indi maraq artıb, müşahidələrimə görə indi daha çox xanımlar can atır. Necə bilirsiniz, kişilər ya xanımlar daha bacarıqlıdır bu məsələdə?

-Sürücülük vəsiqəsini özü oxuyub nəzəriyyə imtahanından keçmək istəyənlərin xanımların sayı bəylərdən daha çoxdur. Bacarığa gəldikdə isə bu insanın özündən asılı olan bir şeydir. Yəni elə bir insan var ki, bacarıqlıdır, məsuliyyətlidir, həvəslidir, yəni qarşısına məqsəd qoyur və bu məqsədə əziyyətlər çəkərək nail olur. Xanım oldu, kişi oldu, fərqi yoxdur, bu insanın özündən asılı olan bir şeydir. Mənim tələbələrim arasında xanımlar da var ki, mən onlara əvvəlcədən bildirirəm ki, sizin nəticəniz tez olacaq. Bəylər də var ki, mən onlara əvvəlcədən bilirəm ki, sizin nəticəniz tez olacaq. Mənim tələbələrim arasında kişi və xanım olmasından asılı olmayaraq birinci imtahanından keçən çoxdur. Doğrusu, mən onlar arasında bir fərq qoymaq istəmirəm. Çünki hər bir insanın qavraması eyni ola bilməz. Fərqli insanların məntiqi də eyni ola bilməz. Elə insan var ki, oxuduğunu bir dəfə oxumaqla tam başa düşür. Elə insan var ki, beş dəfə oxuyur, başa düşür. Amma elə insan da var ki, 10 dəfə oxuyur, amma yarımçıq başa düşür. Yəni bu insandan insana dəyişir.

-Əvvəl belə bir mif vardı ki Azərbaycanda sürücülük vəsiqəsini oxuyub ala bilməzsən. Amma son illər sanki tabu dağıldı, elə deyil?

-Əvvəllər bəli, özü oxuyub hazırlaşan şəxslərin sayı az idi. Amma hal-hazırkı vəziyyətdə, 2024-cü ildəyik və həmin nəticələr bu il demək olar ki, qat-qat artıqdır. Bizim kursumuza da son illərdə müraciət çox artıb. Sürücülük.az Tədris Mərkəzi hər ay onlarla tələbənin imtahandan keçməsinə nail olur. Həm kursumuzun rəhbəri Cavidan Əhmədov, həm də biz müəllimlər, yollarda daha çox savadlı sürücünün olmasına çalışırıq. Sürücülük vəsiqəsini öz bacarığı ilə almaq istəyənlər, həm nəzəriyyə dərslərinə, həm də praktiki təlimlərə yazılır. Mənim tələbələrimin həm nəzəriyyə imtahanı özü keçir, həm də təlimlərə gedir, praktiki imtahandan da özləri keçir.

Keçmiş illərə nəzərən indiki illərdə bəli, özü oxuyub hazırlaşmaq istəyənlər çoxdur. Bunların da demək olar ki, faiz dərəcəsinə görə 60 faiz xanımlardır, 40 faiz bəylərdir. Yəni, o doğudur ki, xanımlar daha çoxluq təşkil edir. Elə xanım var, evdar qadındır, elə xanımlar var ki, işləyir, amma onlar sürücülük dərslərinə də vaxt ayırırlar, özləri oxuyurlar. Bunun da başlıca səbəbi onların savadlı sürücü olmaq istəməsidir. Mən həmişə tələbələrimə bildirirəm ki, savadlı sürücü olmaq lazımdır. Kor-koranə sürücü olmağın sonu yaxşı qurtarmır. savadlı olmaq şərtdir. Qaydaları daha dərindən öyrənib onu yollarda tətbiq etmək lazımdır. Ola bilər ki, qaydanı bilir, amma yolda tətbiq edə bilmir, tətbiq etməsi zəifdir, çünki təcrübəsi azdır. Bunun üçün də daha çox nəqliyyat vasitəsi idarə etməlidir ki, təcrübə qazansın.

-İddia edirlər ki, imtahan mərkəzlərində imtahana gedənlərə maneçilik törədilir, imtahandan keçmək olmur. Mən bunun yalan olduğunu bilirəm, çünki özüm də bu prosesdə iştirak etmişəm, hər iki imtahandan keçib sürücülük vəsiqəsi almışam, imtahanlar tam elektronlaşdırılıb, müdaxilə yoxdur. Bəs bu stiqma, narazılıq nədən yaranır insanlarda?

-Qətiyyən mane olunmur. Hal-hazırkı dövrdə imtahanlar çox səliqəli, düzgün, sistemli şəkildə təşkil edilir. Şəxs qaydaları düzgün bilirsə, düzgün tətbiq edə bilirsə və imtahanda həyəcanlanmır, özünü itirmir, oxuduqlarını tam başa düşür və başa düşdüklərini də imtahanda tətbiq edir. İmtahanda hamısı normal suallar olur. Amma nisbətən çətin suallar da olmalıdır. Çünki bu, imtahandır. Biz imtahan veririksə, burda çətin də, asan sual da olur, eləcə də orta səviyyəli suallar da olur. Bu da imtahan verəcək olan şəxsin qaydaları bilməsindən asılıdır. Nə dərəcədə bilir, neçə faiz bilir ona nəzərən də gedib imtahanda iştirak edir. Əgər qaydaları zəif bilirsə, tətbiq etməsi zəifdirsə, imtahandan keçməsi də bir az gec olacaq.

Yenə də deyirəm, qaydanı yaxşı bilən imtahandan tez keçir. Prosesi bilməyən hər bir şəxs iddialı ifadələr işlədə bilər. Amma sistem elektron olaraq qurulub, imtahan mərkəzləri yeni avadanlıqlarla, sensor monitorlarla təchiz edilib. İnsanlar çox rahat formada gedib imtahan verir. Nəzəri imtahanda ümumi 10 sual olur, 15 dəqiqə vaxt verilir. Bu 10 sualdan 9 suala düzgün cavab vermək lazımdır ki, siz nəzəriyyə imtahanını keçə biləsiniz. Sizin 1 səhv haqqınız var, əgər ikinci dəfə səhv etsəniz avtomatik olaraq monitor bloklanır və siz imtahandan kəsilirsiniz. Lakin 9 ardıcıl düz cavab olduqca ekran yaşıl rəng olur və sizin imtahanı uğurla keçməyiniz barədə qeyd yazılır.

-Zənnimcə müəllimsiz imtahana hazırlaşmaq çətin olur, çünki bu sahədə olan yeganə vəsait çox qəliz dildə yazılıb. Siz nəzəriyyədən dərs verirsiniz, necə fikirləşirsiniz, müəllimsiz tək hazırlaşıb imtahandan keçmək olar?

-Ümumiyyətlə, biz bir sahəyə başlayırıqsa, bunu oxuyub öyrənmək istəyiriksə, təbii ki, bizim çətinliklərimiz olacaq. Bu normal bir şeydir. Müəllimlə hazırlaşmaq ona görə rahatdır ki, müəllim hər bir xırdalığı tələbələrə bildirir. Mənimsəməyin asan yollarını aşılayır, yadda qalma metodikalarını tədris edir, testləri işləməyin optimal variantlarını öyrədir. Təbii ki, buna görə müəllimlə hazırlaşmaq daha effektli olur. Özü hazırlaşmağa gəldikdə isə bu insanın özündən asılı olan bir şeydir. Bir daha vurğulamaq istəyirəm ki, elə insan var ki, məntiqi güclüdür, oxuduğunu dərk edə bilir, testləri canlandıra və həll edə bilir və bu zaman o oxuduğu qəliz də olsa başa düşür, dərk eləyir. Əgər bunları bacarırsa təbii ki özü də hazırlaşa bilər.

Lakin özü hazırlaşmaq istəyən şəxslərdə boşluqlar olur, həmin bu boşluqları da doldurmaq üçün sonra müəllimlərə müraciət edirlər və müəllimlər də həmin şəxslərlə sual-cavab edəndə bilir ki, bu şəxsdə hansı hissələrdə boşluqlar var, o boşluqları doldurur. Əlbəttə ki, müəllimlə hazırlaşmaq daha effektli olur. Bu zaman tələbə çox da əziyyət çəkmir. Özü hazırlaşanlar nisbətən əziyyət çəkirlər, çünki başa düşmədikləri çox incəliklər olur, bunu da zamanla başa düşürlər. Müəllimlə hazırlaşanda müəllim dərsi keçir, tələbə başa düşmədiyini soruşur, müəllim təkrar-təkrar izah verir.

-Praktiki imtahan necə, sizcə obyektiv aparılır? Mənim fikrimi soruşacaq olsanız, məncə obyektivdir, çünki imtahan mərkəzində praktiki imtahanda məni haqlı olaraq iki dəfə kəsiblər, inspektor kəsilməyimizn səbəblərini də izah etdi, obyektiv olduğuna əmin oldum. Amma son imtahanda bütün tapşırıqlara cavab verdiyim üçün keçdim.

-Məncə də praktiki imtahan çox düzgün bir şəkildə aparılır. Çünki mən özüm də praktiki imtahanda iştirak etmişəm vaxtilə və prosesi gözəl bilirəm. İndiki dövrümüzdə sistem daha da inkişaf edib. Praktiki imtahanda şəxs gərək avtomobili düzgün idarə edə bilsin. Sürmə vərdişi olmalıdır ki, praktiki imtahanda çətinlik çəkməsin. Əgər bir şəxs avtomobili düzgün bir şəkildə idarə edə bilirsə, parklanmanı düzgün edirsə, zolaqlarda yerləşməni düzgün həyata keçirirsə, manevrlər edərkən dönmə göstəricilərindən istifadə edirsə, heç bir qayda pozuntusu etmirsə, praktiki imtahanda qaydalar çərçivəsində hərəkət edirsə, o şəxs imtahandan kəsilə bilməz.

Çünki nə edirsə qaydalar çərçivəsində edir hamısını və o imtahanda tələbənin yanında müəllim də oturur və müəllim prosesə nəzarət edir. Əgər tələbə qayda pozuntusu edirsə, imtahan nəzarətçisi bildirir ki qayda pozuntusu etdin. Nəzarətçi imtahanın yekununa qədər tələbənin etdiyi səhvləri və düzləri qeyd edir, axırda da yekun qərara gəlirlər ki, tələbə imtahandan keçdi, yoxsa yox. Tələbələrimiz olub ki, praktiki imtahana gedib və elə ilk imtahanda keçib. Elə şəxslər var ki, gec keçir. Bu, insanın sürmə vərdişindən asılıdır. Ola bilər ki, bu şəxsin sürmə vərdişi çoxdur, qaydaları bilir və onu düzgün tətbiq edə bilir. Bəli, bu adam gedib özü praktiki imtahandan problemsiz keçə bilir. Bizim kursumuzun təlim müəllimləri də var, tələbələr təlim müəllimlərinin dərslərinə yazırlar, sürmə təlimlərinə gedirlər, praktiki imtahan üçün sürmə vərdişlərini artırırlar. Mənim fikrimcə, bu çox gözəl bir şeydir ki, tələbə sürməyi bilir, yollarda hərəkət və davranış qaydalarını bilir və tətbiq edir.

-Qanuni yolla, oxuyaraq, imtahanlarını özü verərək vəsiqə alanlara qarşı aqressiya var yollarda, onları asta və xam hesab edirlər, qəza şəraiti yaratmaqda ittiham edirlər. Bu qınaq nədən yaranır?

-Bu ifadələri işlədən şəxslər yol hərəkəti qaydalarını bilməyən sürücülərdir. Yol hərəkəti qaydalarını bilmirlər və bilənlər tətbiq edəndə qıcıqlanırlar. Bu ifadələri işlətməkləri düzgün deyil. Hər bir tələbəmiz bilir ki, yollarda hərəkət sürətinə, zolaqlarda yerləşməyə, nişanlara və tələblərə əməl etməsə nə baş verər və o bunu bildiyi üçün də çox məsuliyyətli olur. Çünki bir insan əziyyət çəkib oxuyub, yol hərəkəti qaydalarını öyrənib və indi də onu yolda tətbiq edir, qaydalar çərçivəsində hərəkət edir. Bu çox təqdirəlayiq haldır, alqışlanmalı vəziyyətdir və yol hərəkəti qaydalarını bilən insanlar onları təqdir edir. Bəzən iddia edə bilərlər ki, hansısa sürücü xamdır, yaxud da yolda asta gedir və s. Bunlar əsas deyil, təcrübə zamanla qazanılır, əsas olan qaydaları bilməkdir və imtahandan keçən tələbələr qaydaları bildiyinə görə keçir. Onlara qarşı iddiaları olan insanların 90 faizi, hətta 99 faizi yol hərəkəti qaydalarını bilməyən sürücülərdir ki, belə ifadələr işlədirlər. Onların özlərini qınamaq lazımdır, bilmədiklərini öyrənmədikləri üçün.

-Qayda bilməyən, yol nizamını pozan sürücülər də çoxdur, bilərəkdən ya bilməyərəkdən yol hərəkətinin təşkilinə mane olurlar. Onlar necə olsun bəs? Ya yola çıxmamalı, ya da öyrənməlidirlər, ayrı yolu yoxdur.

-Ola bilər ki, sürücülük vəsiqəsi var, amma yol hərəkəti qaydalarını yaxşı bilmir. Məsləhət görürəm ki, nəzəriyyə kitabını alsınlar, maraqlansınlar, oxusunlar, qaydaları öyrənsinlər. Qaydaları öyrənmək onların həm savadını artırır, üstəlik əlavə ödənişlər olmur, yəni cərimələnmirlər, qazancları ciblərində qalır. Məsləhət görürəm ki, hər bir sürücü yol hərəkət qaydasını düzgün şəkildə bilsin və o bildiyi qaydaları da düzgün bir şəkildə tətbiq edə bilsin yollarda. Sürücülərdə sürücü mədəniyyəti də olmalıdır. Mən özüm də şəhərdə maşın sürəndə baxıram ki, həqiqətən də bir çox sürücülərdə mədəniyyət olmur. Yəni bunun da hamısının başlıca səbəbkarı yol hərəkəti qaydalarını bilməmələridir. Qaydaları bilmədikləri üçün də necə istəyirlər elə də sürürlər. Yəni burada da qəza şəraiti artır, qəzaya səbəbkar ola bilirlər. Ölkəmizdə bu yaxın zamanda zəncirvari bir qəza olmuşdu, yaşayış məntəqəsi idi, amma sürət həddini aşmışdı və 10-12 nəqliyyat vasitəsini zədələmişdi. Bunun hamısı nədən irəli gəlir? Təbii ki, qaydaları bilməmələrindən irəli gəlir. Qaydaları bilsə, yaşayış məntəqəsində sürətin 60 km\s-dan çox olmadığını bilsə, zolaqlarda yerləşməni düzgün bilsə heç bir qəza olmaz.

Vəsiqəni harada alırsan al, yol hərəkəti qaydaları beynəlxalqdır. Ola bilər ki, vətəndaşın sürücülük vəsiqəsi var, yəni bizim ölkədə alıb vəsiqəsini, amma xarici ölkədə avtomobil idarə edir. Problem olmayacaq, dediyim kimi qaydalar beynəlxalqdır. Hər bir ölkənin qaydalarda kiçik dəyişiklikləri olur, lakin ümumilikdə bütün dünyada yol hərəkətinin təşkili, nişanlar, məlumat lövhələri beynəlxalqdır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər