Analitika

  • 984

Bayden prezidentliyə namizədliyini geri çəkdi TƏHLİL

image

Hazırkı ABŞ prezidenti və Demokratlar Partiyasının prezidentliyə namizədi olaraq tanınan Co Bayden sosial media hesabından məktub yayımlayaraq namizədliyini geri götürdüyünü və prezidentliyə namizəd olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb. Bayden seçkidən 4 ay əvvəl verdiyi qərarın “partiyasının və ölkəsinin rifahı naminə” olduğunu bildirib.Qeyd edək ki, Bayden iyunun sonunda respublikaçı rəqibi Donald Trampla teledebatda zəif çıxışından sonra Demokratlar tərəfindən geri çəkilməsi üçün güclü təzyiqə məruz qalmışdı. Nəhayət o, məktubunda prezident vəzifəsini tutmağın həyatının ən böyük şərəfi olduğunu ifadə edərək, “Niyyətim yenidən seçilmək olsa da, prezidentlik müddətimin sonuna qədər, yalnız prezidentlik vəzifələrimlə məşğul olmağımın, partiyamın və ölkəmin xeyrinə olacağını düşünürəm”, - deyib.Onu da qeyd edək ki, mükəmməl tərəfdaş adlandırdığı Kamala Harrisə uğurlar diləyən Baydenin seçimlərdən çəkiləcəyi gözlənilən deyildi. Belə ki, Bayden keçən həftə Covid diaqnozu qoyulduqdan sonra vətəni Delaver ştatında dincələrkən "növbəti həftə seçki kampaniyasına qayıtmağı səbirsizliklə gözlədiyini" söyləmişdi. Hətta Co Bayden daha əvvəl onu bu yarışdan yalnız "Tanrının" geri çəkə biləcəyini bildirmişdi. Daha sonrakı açıqlamalarında isə səhhətində problem olarsa, geri çəkilmək barədə düşünə biləcəyini vurğulamışdı.ABŞ prezidenti məsələ ilə bağlı verdiyi açıqlamada belə deyib: "Bu gün mən partiyamızın namizədi kimi Kamalaya tam dəstəyimi bildirmək istəyirəm. Demokratların, bir araya gəlib Trampı məğlub etməyinin vaxtıdır. Gəlin bunu edək". Kamala Harris isə cavabında “Donald Trampı və ekstremist lahiyələrini məğlub etmək üçün əlimdən gələni edəcəyəm”, - deyib və "Seçkilərə 107 gün var. Biz birlikdə mübarizə aparıb, birlikdə qalib gələcəyik" - əlavə edib.Baydenin keçmiş rəqibi Donald Tramp onun prezidentlik yarışından geri çəkilmək qərarına sosial media platformasından cavab verib: “Saxtakar Co Bayden prezidentliyə namizəd olmaq üçün uyğun deyildi və o, şübhəsiz ki, prezident olmağa yaraşmırdı, heç vaxt da olmayıb”. Tramp həmçinin deyib: "O, yalanlar, saxta xəbərlər və öz zirzəmisində qalmağın hesabına prezidentliyi qazanmışdı. Ətrafındakı hər kəs, həkimlər və media da bilirdi ki, o, prezident olmaq üçün uyğun deyil. Biz prezidentlik dövründə- xeyli əziyyət çəkəcəyik, amma onun vurduğu ziyanı tez bir zamanda düzəldəcəyik”.Prezident Co Bayden ilkin seçkilərdə Demokratlar Partiyasından 3896 əyalət nümayəndəsinin dəstəyini almışdı. Bu rəqəm prezidentliyə namizədliyini təmin etmək üçün lazım olandan xeyli çoxdur. Baydenin dəstəyinə baxmayaraq nümayəndələrin Harrisə dəstək verib-verməyəcəyi isə sual altındadır. Belə ki, ABŞ seçki sisteminə görə yetərincə nümayəndənin dəstəyini qazana bilməyən şəxs prezidentliyə namizədliyini təmin edə bilməz. Buna görə də demokratlar tərəfindən kimin namizəd olaraq seçiləcəyi nümayəndələrdən asılı olacaq.Demokrat Partiyasının qurultayının avqustun 19-da başlaması planlaşdırılır. Partiya üzvləri vahid namizəd ətrafında birləşməsələr, 1968-ci ildən sonra ilk açıq qurultay keçirilə bilər. Açıq qurultay vəziyyətində prezidentliyə namizədlərin səsvermə bülletenində iştirak etmək üçün ən azı 300 nümayəndənin dəstəyinə ehtiyacı var.Görünən odur ki, Baydenin Kamalanı dəstəkləməsi onun namizədliyini təsdiqləməsi üçün yetərli deyil. Digər tərəfdən, demokratlar da öz içlərində fikir ayrılıqları yaşayırlar. Nəticə olaraq bütün bunlar Donald Tramp üçün sərfəli vəziyyət təşkil edir.

Müəllif: Zərdüşt Quluzadə

Digər xəbərlər