Analitika

  • 1 221

Həqiqətin və qətiyyətin gücü ilə VERİLƏN DƏRS – TƏHLİL

image

Həqiqətən də II Şuşa Qlobal Media Forumu yaddaqalan oldu, çünki qaldırılan məsələlərin olduqca əhəmiyyətli və vacib olduğu zərrə qədər də şübhə doğura bilməz. Ələlxüsus da ölkə rəhbərimiz, dövlətimizin başçısı tərəfindən ortaya qoyulan reallıqlar, söylədikləri həqiqətlər kimlərinsə uydurduqları yalanların ifşası baxımından daha çox diqqəti çəlb etdi. Bütün dünya ictimaiyyəti Azərbaycan Prezidentinin qətiyyətinin bir daha şahidi oldu və cənab İlham Əliyevin məhz həqiqətin və qətiyyətin gücü ilə verdiyi dərs, sozsüz ki, bundan sonra da qətiyyən unudulan deyil.

Ölkə rəhbərimiz bir çoxlarına unudulmaz bir tarixi dərs verdi

Əslində, dünya ictimaiyyəti dəfələrlə yalan xəbərlərin, həqiqətə uyğun olmayan informasiyaların yayıldığının şahidi olub. Bunu biz də müşahidə etmişik. Hətta dünya miqyasında məşhur olan siyasi liderlər belə müşahidə ediblər və etiraflarını da bilirik. Amerika Birləşmiş Ştatlarının, Fransanın və bir çox böyük ölkələrin mətbuat orqanlarının məhz həmin ölkələrin hakimiyyətinin tapşırığı ilə hansı yalanlara, dezinformasiyalara əl atdıqları da sirr deyil axı. Onların təxribat xarakterli məlumatlarına haqq qazandırmaq mümkünsüzdür, baxmayaraq ki, Fransa lideri Emmanuel Makron kimiləri bunu özlərinə rəva bilirlər. Halbuki bunu özlərinə rəva bilmələri həyasızlıq əlaməti olaraq qəbul olunmaqdadır və Şuşadan onlara verilən dərsi çox güman ki, almış olarlar. Elə Amerika mediasında da yalanlara, dezinformasiyalara və manipulyasiyalara necə əl atıldığını da ört-basdır etmək cəhdi heç də uğurlu sayılmır. Çünki həmin ölkənin liderləri belə bunu etiraf etməkdən çəkinmədilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhz II Şuşa Qlobal Media Forumunda öz qətiyyəti ilə həqiqətləri bir-bir sadaladı və bununla da yalana üz tutanlara, yalana sığınanlara, ümumiyyətlə, bir çoxlarına tutarlı, unudulmaz bir tarixi dərs verdi. Azərbaycan həqiqətləri, əsl reallıqlar məhz ölkə rəhbərimiz tərəfindən diqqətə çatdırıldı və erməni yalanları bir daha ifşa edildi. Hətta ermənilərin təsiri ilə dünyanın bir çox ölkələrində yayılan yalan informasiyaların da uğursuz olduğu ortaya qoyuldu və əsl həqiqətlərin nədən ibarət olduğu bir daha diqqətə çatdırılmaqla, onların dezinformasiyaları yenə də, növbəti dəfə də darmadağın edildi.

Absurd vəziyyət barədə xatırlatma tamamilə yerinə düşmüş oldu

Azərbaycan Prezidenti məhz Şuşada diqqətə çatdırdı və xatırlatdı ki, hətta ABŞ-ın keçmiş prezidenti, hazırda isə gözlənilən prezident seçkilərinə qatılacağını və qələbə qazanacağını iddia edən Donald Trampın da məhz ona ünvanlanan yalan və açıq-aydın dezinformasiya axını ilə üzləşdiyini etiraf edib. Bu o deməkdir ki, həmin ölkədə, ABŞ-da yalanın az qala ayaq tutub yeridiyini məhz siyasi liderin etiraf etdiyini ölkə rəhbərimiz qətiyyətlə xatırlatmaqla reallıqları ortaya qoyub. "Tramp Washington Post və New York Times qəzetlərini saxta xəbər mənbələri adlandırıb. Mən onunla tamamilə razıyam - təkcə bununla deyil, digər bəyanatlarla da", deyə Azərbaycan Prezidentinin vurğulaması çox qətiyyətli addımdır və bütün dünya ictimaiyyəti bunu yaxşıca müşahidə etmiş oldu.

Dövlətimizin başçısının qətiyyətinin bütün dünya ictimaiyyəti dəfələrlə şahidi olub və elə bu dəfə də şahidi oldu. Şahidi oldu ki, Birləşmiş Ştatların 1992-ci ildə ayrı-seçkilik və ədalətsizlik kimi yadda qalan 907-ci düzəliş barədə yanlış addımı haqlı olaraq, Azərbaycan Prezidenti tərəfindən qınanıldı. Xüsusən də bu addımın məhz erməni işğalçılarının Şuşanı və Laçını tutduğu, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırım törətdiyi, on minlərlə azərbaycanlını məcburi köçkünə çevirdiyi zaman atıldığını dövlət başçımızın qeyd etməsi qətiyyən nəzərdən qaça bilməz. "Biz təcavüzün hədəfi idik, lakin ABŞ-dakı erməni lobbisi və ermənipərəst Konqres üzvləri ucbatından sanksiyalara məruz qaldıq. Yəni, bu, tamamilə absurd vəziyyətdir ki, humanitar böhran, bir milyon insanın deportasiyası, işğal olunmuş ərazilərin tamamilə dağıdılması ilə ölkə üz-üzədir və eyni zamanda sanksiyalara da məruz qalır", deyə dövlətimizin başçısı xatırladıb və bu tamamilə yerinə düşmüş olub.

Sahidi oluruq və görürük ki, dövlətimizin başçısı tamamilə haqlıdır

Bəli, bir zamanlar, daha dəqiq desək ötən əsrin sonlarında müstəqilliyimizi təzəcə bərpa etdiyimiz üçün beynəlxalq mediaya çıxışımız yox idi və bunu da Prezidentimiz öz nitqi zamanı tam məqamında diqqətə çatdırıb. Xatırladıb ki, ABŞ, Rusiya və Fransada - ATƏT-in Minsk Qrupuna daxil olan və əsas missiyasını yerinə yetirə bilməyən üç ölkədə nüfuzlu dünya erməni birliyi faktoru da var idi və bu, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə mane olurdu. Hətta ölkəmizin başçısı onu da vurğulayıb ki, ermənilərin Azərbaycana qarşı cinayətləri ilə bağlı bütün həqiqətlər 1990-cı illərdə Rusiya media məkanında belə susdurulub. "Ermənistan ərazisindən – Qafan rayonundan və digərlərindən azərbaycanlıların vəhşicəsinə deportasiyası tamamilə susdurulan zaman erməni yalanlarını dəstəkləmək üçün tamamilə birtərəfli qərəzli münasibət var idi", deyə dövlətimizin başçısı həqiqətlər barədə susqunluq haqda da qətiyyətlə bəyan edib.

Ölkəmizin rəhbərinin dediklərinin həqiqət olduğunun hər an, hər zaman şahidi oluruq və görürük ki, bəli, açıq-aşkar şəkildə yalançı, təxribat xarakterli, anti-Azərbaycan nəşrləri Amerika, Fransa, Rusiya mətbuatında hələ də öz çirkin fəaliyyətlərini, yalana söykənən missiyalarını davam etdirirlər və dövlətizimin başçısı tamamilə haqlıdır. Biz bunu mütəmadi olaraq müşahidə edirik. Müşahidə edirik ki, erməni lobbisi nəinki Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı yalan məlumatların və həqiqətə uyğun olmayan dezinformasiyaların yayılmasında fəaliyyətini dayandırmayıb, əksinə, üstəlik, dəfələrlə "fəal" olmağa da can atır. Məhz ölkə rəhbərimizin Şuşada söylədikləri həmin fəaliyyəti davam etdirən, yalanların, dezinformasiyaların yayılmasına can atanlar, cəhd edənlər üçün möhtəşəm bir tarixi dərs oldu və çətin ki, bu dərsi unudalar.

Müharibədə qələbə qazanıldığı kimi, yalanlar da, dezinformasiyalar da darmadağın edildi

Dəfələrlə şahidi olmuşuq ki, Fransa dövləti, həmin ölkənin hakimiyyəti, ələlxüsus da lideri Emmanuel Makron ölkəmizə qarşı hədsiz dərəcədə ədalətsiz yanaşıb. Nəinki ədalətsiz yanaşıb, tamamilə düşmən mövqe sərgiləyib, özü də nümayişkəranə şəkildə bunu edib. Təbii ki, həmin bu Avropa ölkəsinin Cənubi Qafqaz regionunda möhkəmlənmək istəyində olması və bu istək fonunda da Ermənistana "əl tutması", eləcə də hər mənada dəstəkləməsi təkzib edilə bilməz. Ələlxüsus da 44 günlük müharibə dönəmində Azərbaycan haqqında yalanlar yayaraq ordumuzun zəfər yürüşünü dayandırmağa çalışmaq niyyəti də unudulan deyil. Müharibə başa çatdıqdan, təbii olaraq, Azərbaycan mükəmməl bir qələbəyə ən qısa zamanda imza atdıqdan və Ermənistan da öz növbəsində kapitulyasiyanı, təslimçilik sənədini imzaladıqdan sonra da rəsmi Paris öz çirkin niyyətindən, ikiüzlülüyündən, ədalətsizliyindən, ölkəmizə qarşı düşmənçilik yolundan əl çəkmədi və indi də əl çəkən kimi görünmür. Bu baxımdan ölkə rəhbərimizin məhz bu məqamda xatırlatmaları, həqiqətləri bir daha diqqətə çatdırması tam yerinə düşməklə yanaşı, həm də zamanında verilən tarixi bir dərs olaraq yaddaşlara həkk olundu.

Doğrudur, "Fiqaro" və ya "Le Monde" qəzetini alətə çevirən Fransa hakimiyyəti, ələlxüsus da prezident Emmanuel Makron həmin məşrlər vasitəsi ilə çox "canfəşanlıq" etdi ki, ölkəmizə qarşı həyasızcasına qara yaxsın. Amma bununla belə Azərbaycan öz rəhbərinin, Ali Baş Komandanının başçılığı ilə müharibədə qələbə qazandığı kimi, elə yalanları da, dezinformasiyaları da darmadağın etdi. "Biz bu medianın Yelisey sarayından aldığı mesajları bilirik, amma fərq etməz", deyə Azərbaycan Prezidenti İlham Əliyevin vurğulaması heç şübhəsiz ki, Makronun özünə belə tutarlı bir dərs sayılır. Çünki Fransa lideri artıq yaxşı başa düşür ki, onun ədalətsizlikləri də, ikiüzlülükləri də, haqsızcasına işğalçını və təcavüzkarı dəstəkləməsi də, niyyəti də, məramı da yaxşıca bəllidir və manipulyasiyaları heç gizli deyil. Başa düşür ki, simasızlığı da hamıya bəllidir və bununla bağlı qətiyyətlə bəyan edilir də, həqiqətin nədən ibarət olduğu da vurğulanır.

İnam Hacıyev

Digər xəbərlər