Analitika

  • 1 720

Sanksiyalardan sonra Orban AB-nin Trampı ola biləcəkmi? TƏHLİL

image

Avropa İttifaqının icra orqanı olan AB Komissiyası tarixində ilk dəfə olaraq üzv ölkəni boykot etmək qərarına gəlib. Avropa Komissiyasının sədri Ursula von der Leyen iyulun 1-dən AB-yə sədrlik edən Macarıstanın təşkil edəcəyi iclaslara qatılmayacağını açıqlayıb. Brüsseldəki mənbələrin bildirdiyinə görə, bu qərar Macarıstanın baş naziri Viktor Orbanın Aİ-yə sədrliyi dövründə “sülh missiyası” məqsədi ilə Moskva və Pekinə səfərlərinə reaksiyası səbəbindən qəbul edilib. Rusiya ilə münasibətlər və Ukraynaya dəstək mövzusu başda olmaqla bir çox mövzuda Brüssel rəhbərliyi ilə fikir ayrılığı olan Macarıstan, AB sədrliyinin ilk həftələrində birlik rəhbərliyi ilə üz-üzə gəlib. Beləliklə Avropa Komissiyasının sədri Ursula von der Leyen, 2025-ci il yanvarın 1-ə kimi sədrlik edəcək Macarıstanda keçiriləcək iclaslara bir daha nümayəndə göndərməyəcəklərini açıqlayıb.Belə ki, Macarıstanda keçiriləcək görüşlərdə AB administrasiyası yalnız bürokratlarla təmsil olunacaq. Fon der Leyenin bəyanatına görə, boykot qərarı çərçivəsində Avropa Komissiyasının Budapeştə müntəzəm işgüzar səfərləri də ləğv edilib. Onu da qeyd edək ki, Komissiyanın üzvləri ənənəvi olaraq sədrlik səlahiyyətlərini icra edən hər bir ölkəyə rəsmi səfər ediblər. Avropa Parlamenti həmçinin Orbanın AB-yə sədrlik edən ölkənin baş naziri kimi Baş Assambleyadaki çıxışını da ləğv edib. Bu, Aİ tarixində bir ilkdir. Əvvəllər heç bir sədr ölkəyə qarşı belə bir sanksiya tətbiq etməyib.Məsələlərin arxa fonuna baxarsaq Orban AB-yə sədrlik edəndən sonra gözlənilmədən Ukraynaya səfər edib. Macarıstan baş nazirinin növbəti dayanacağı AB sanksiyaları altında olan Rusiya olub. Beləliklə Orbanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü Ukraynaya müdaxilədən sonra Moskva ilə əlaqələri dayandıran AB ölkələrinin və Brüssel administrasiyasının reaksiyalarına səbəb olub. Rusiya prezidenti Vladimir Putindən sonra Orban Çin prezidenti Si Cinpin və ABŞ prezidentliyinə namizəd Donald Trampı da ziyarət edib. Orban bu səfərləri “AB-nin sədri kimi deyil, Macarıstanın baş naziri kimi” etdiyini desə də, bu açıqlama bir çox üzv ölkələrin reaksiyasını yumşaltmayıb. Birliyin üzvləri Estoniya, Latviya və Litva, Polşa, İsveç və Finlandiya bu səfərə etiraz ediblər. Üzv dövlətlərin fikrincə, Orban birlik adından hərəkət etdiyi təəssüratı yaratmaqla prezidentlik müddətindən sui-istifadə edir.AB əsaslarına görə hər 6 aydan bir dəyişən AB Sədrliyi dövründə ölkə, birlik adından xarici siyasət yürüdə bilməz. Bir çox avropalı bürokratlar, xüsusilə AB-nin Xarici Siyasət üzrə Ali Nümayəndəsi Josep Borrell, Orbanın Putinlə görüşünü AB siyasəti baxımından “qəbuledilməz” hesab edir. Avropa Komissiyasının qəbul etdiyi boykot qərarı o deməkdir ki, qarşıdakı 6 ayda Avropa qanunvericilik təklifləri ilə bağlı qərarların qəbulu prosesini çətinləşəcək. Komissiya və Avropa Parlamentinin AB-də qərar qəbul etmə prosesində fəal olduqlarını nəzərə alsaq yeni dönəmdə idarəetmədə balansın pozulacağını deyə bilərik. Beləliklə ABŞ-da keçirilən seçki kampanyalarında Donald Trampın istifadə etdiyi şüarı AB-yə uyğunlaşdıraraq “Avropanı yenidən möhtəşəm edin” şüarı ilə AB-nin yeni dövrdə gündəmini müəyyənləşdirməyi hədəfləyən Orban komissiya tərəfindən boykotlara məruz qalaraq öz təsirini itirməkdədir. Belə ki, Macarıstanın sədrliyindən məmnun olmayan AB administrasiyası Ukrayna və Moldova ilə tam üzvlük danışıqlarını, Rusiya və Belarusa qarşı yeni sanksiyaları və Ukraynaya maliyyə dəstəyini bir an öncə həyata keçirməyə çalışır. Orban isə öz niyyətinə nail olmaq üçün Avropa Parlamenti daxilində qurduğu sağçı qruplarla yanaşı qarşı digər partiyaların da dəstəyini qazanmağı hədəfləyir.

Müəllif: Zərdüşt Quluzadə

Digər xəbərlər