Siyasət

  • 975

İlham Əliyevin Media Forumundakı çıxışı Ukrayna mediasında

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, beynəlxalq ekspert və politoloqların suallarına ətraflı cavabları Ukrayna mediasında işıqlandırılmaqdadır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, "Ukrinform" dövlət informasiya agentliyi, "Yevropeyskaya Pravda", "Korrespondent.net", "Fakti" və digər xəbər portallarında dərc olunan məqalələrdə dövlətimizin başçısının Ermənistanla münasibətlər, Azərbaycanın Avropanın enerji təchizatında rolu, qaz ixracının artırılması ilə bağlı fikirlərinə geniş yer verilib.

"Ukrinform" AZƏRTAC-ın xəbərlərinə istinadla yazır ki, Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında hazırda üzərində iş aparılan sülh sazişinin mətninin 80-90 faiz razılaşdırıldığını qeyd edib. Ermənistan qeyd-şərtlərini və qondarma "Dağlıq Qarabağ"la bağlı bütün terminologiyanı geri götürmək məcburiyyətində qaldı ki, bu da normallaşmaya yol açıb.

"Yevropeyskaya Pravda" nəşri də AZƏRTAC-a istinadla bildirir ki, Azərbaycan Prezidenti sülh prosesinin uğurla nəticələnməsi üçün Ermənistanın iki şərti - Minsk qrupunun ləğvi üçün Azərbaycanla birlikdə ATƏT-ə birgə müraciət etməsinin və Ermənistan konstitusiyasında dəyişiklik olunmasının vacibliyini diqqətə çatdırdığı vurğulanıb.

"Korrespondent.net", "Fakti" xəbər portallarında isə Azərbaycan qazının Avropaya nəqlinə dair danışıqların aparılması barədə dövlətimizin başçısının fikirləri yer alıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Ukrayna və Avropa İttifaqının Azərbaycandan Rusiya ilə mövcud tranzit müqaviləsi başa çatdıqdan sonra təbii qazın tədarükünə dair yeni sazişin bağlanmasına kömək göstərməyi xahiş etdiyini vurğulayıb.

Digər xəbərlər