Araşdırma

  • 4 658

“Ermənistan Qərbin quduz köpəyinə çevrilir” – ƏCNƏBİ EKSPERTLƏR

image

Artıq xəbər verildiyi kimi, ABŞ Senatının Təxsisatlar Komitəsi Ermənistana 65 milyon dollar ayrılmasını təsdiqləyib. Ermənistanın hərbi büdcəsini doldurur, baxmayaraq ki, ilk baxışda onlar formal olaraq dinc istiqamətlərə xərclənməsi üçün nəzərdə tutulub.

ABŞ İrəvanın militarist ambisiyalarını bu qədər açıq şəkildə təşviq etməklə nəyə nail olmağa çalışır? Əcnəbi politoloqlar “Caliber” analitik mərkəzinə şəhrlərində bu sualı cavablandırıblar.

İqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru, rusiyalı politoloq Stanislav Tkaçenkonun fikrincə, Vaşinqtonun növbəti maliyyə ilində İrəvana 65 milyon dollar yardım ayıracağı barədə məlumatın bir neçə aspekti var.

“Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü ilin payızında sürətlənən “Qərbə dönüş” proqramı geosiyasi baxımdan ABŞ-da Cənubi Qafqazın xəritəsinin yenidən cızıla biləcəyi ilə bağlı illüziya yaratdı. Ən azı, Vaşinqton ümid edir ki, Cənubi Qafqazda dövlətlərarası qarşıdurma səviyyəsini saxlamaq mümkün olacaq ki, bu da 3 regional gücü zəiflədəcək və ABŞ-a əsas xarici təsir mərkəzi rolunu bərpa etməyə, müstəqil oyunçuları cəzalandırmaq və itaətkar kuklaları mükafatlandırmaq imkanı yaradacaq. Hazırkı Ermənistan hökuməti müdafiə və dövlət təhlükəsizliyi məsələləri də daxil olmaqla ən mühüm dövlət idarəetmə funksiyalarını getdikcə daha çox xarici oyunçulara, Aİ və ABŞ-a verir. Bu cür geosiyasi şans Vaşinqton üçün getdikcə nadir hala gəlir. Sonuncu belə hal tamamilə ABŞ-ın nəzarətində olan Ukraynadır”,- politoloq qeyd edib.

Tkaçenkonun fikrincə, iqtisadi baxımdan, Ermənistan hökuməti ölkənin Avrasiya İqtisadi İttofaqına üzvlüyü və mallarının faktiki olaraq böyük Rusiya bazarına çıxışı ilə təmin edilən milli iqtisadiyyatın sürətli inkişafı şəraitində belə dövlət büdcəsinin kəsirinə nail olur.

“Gələn il üçün açıqlanan 65 milyon dollar məbləğində yardım son dərəcə əhəmiyyətsiz görünür, lakin biz görürük ki, Vaşinqton Ermənistana necə subsidiya iynəsi soxmağa çalışır, o halda ki, xarici yardımın həcmini artırmaq üçün İrəvan birbaşa onun diktəsi ilə hərəkət etməli olacaq. Müdafiə xərcləri Ermənistan dövlət büdcəsinin ən böyük bəndlərindən birini təşkil etdiyi üçün belə yardım son nəticədə bütün Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinin pisləşməsinə gətirib çıxarır.

Diplomatik olaraq ABŞ və NATO hərbçilərinin öz ərazisində daimi olmasına razılıq verməklə, eləcə də Rusiyaya dost olmayan ölkələrdə silah alışına keçməklə Ermənistan Moskva üçün müttəfiq və dost dövlətdən xarici siyasətdə rəqibə çevrilir. Bu inkişaf trayektoriyası erməni xalqının milli maraqlarına və Rusiya ilə tarixi əlaqələrə ziddir. Dörddə bir əsr ərzində davam edən diplomatik səylər nəticəsində Moskva Ermənistan hökumətini Qarabağ məsələsini sülh yolu ilə həll etməyə inandıra bilməyib. İndi Nikol Paşinyan ölkəni idarə etməsinin səmərəsizliyini Ermənistan xalqına Rusiyanın günahı kimi izah edərək, eyni zamanda Rusiya ilə əlaqələri kəsərək öz xalqını Moskvaya qarşı çevirməyə çalışır. Belə ki, ABŞ-ın Ermənistana yardım üçün ayırdığı məbləğ ciddi olmasa da, bu addımın özü Ermənistanın xarici siyasətində mühüm yeni tendensiyaları göstərir. Bunlar təbii ki, həm Cənubi Qafqazdakı qonşu dövlətlər tərəfindən, həm də daha geniş beynəlxalq kontekstdə, o cümlədən Rusiyada xarici siyasətin planlaşdırılması prosesində nəzərə alınacaq”,- deyə S.Tkaçenko yekunlaşdırıb.

Belaruslu politoloq, siyasi elmlər namizədi Sergey Tomiçin fikrincə, ABŞ Ermənistanda öz maraqlarını getdikcə aydın şəkildə müəyyənləşdirir.

“Ermənistanın Qərbin hərbi peykinə çevrilməsi bir az qorxulu görünür, bunu deməyin başqa yolu yoxdur, o, Bakıya, sonra Moskvaya, hətta bəlkə də başqasına qarşı növbə ilə hürən quduz köpəyə çevrilir. Göründüyü kimi, gələcəkdə İrəvanın hərəkətlərinin əsas əlaqələndiricisi hətta Fransa və Aİ deyil, ABŞ olacaq. Baxmayaraq ki, onlar da İrəvana sponsorluq edəcəklər. ABŞ-ın motivasiyası son dərəcə sadə və aydındır- Cənubi Qafqaza və onun tranzit axınlarına nəzarəti ələ keçirmək, bu potensialı tamamilə dondurmaq. Çünki məhz ABŞ Zəngəzur dəhlizinin reallaşmasında maraqlı deyil - Vaşinqton analitiklərinin fikrincə, belə dəhliz Azərbaycan, Rusiya, Türkiyənin, qlobal perspektivdə isə Çinin və onun “İpək Yolu”nun mövqelərini gücləndirəcək.

Yuxarıda göstərilən ölkələrin hamısı ABŞ-ın narahatçılığının obyektidir və Vaşinqton region ölkələri ilə Çin arasında nəqliyyat inteqrasiyasının oksigenini kəsmək üçün hər şeyi edəcək. Təbii ki, Vaşinqtonu regionda sabitliyi pozmağa sövq edən əsas səbəblərdən biri də Çindir və bu mənada ABŞ ambisiyaları Aİ-nin planlarına tamamilə kölgə salır. Sonuncu nəzəri cəhətdən regionun və onun infrastrukturunun inkişafında maraqlıdır, özünün Cənubi Qafqazla münasibətlərinin mahiyyətini başa düşür, lakin o, kəsilən quzu kimi Vaşinqtondan gələn əmrləri yerinə yetirir”,- deyə S.Tomiç yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər