Azərbaycan ilə Avropa qurumları arasında əməkdaşlıq dayanıqlı və strateji xarakter daşıyır. Qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan bu münasibətlər həm regionun inkişafına, həm də Avropa ilə Azərbaycan arasında uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.
2026-cı il martın 11-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş və mətbuata verilən bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Bu səfər siyasi dialoqun genişləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və regional təhlükəsizliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət və etimada əsaslanaraq inkişaf edib. Dövlət başçısı qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından biridir və tərəflər arasında əməkdaşlıq getdikcə daha geniş sahələri əhatə edir.
Azərbaycan Avropa ilə siyasi dialoqu davamlı şəkildə inkişaf etdirir və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq yeni istiqamətlər üzrə genişlənir. Bu münasibətlər yalnız iqtisadi sahə ilə məhdudlaşmır, həm də təhlükəsizlik, nəqliyyat, enerji və regional inkişaf kimi strateji istiqamətləri əhatə edir.
Antonio Koşta da öz növbəsində bəyanatında Azərbaycanın Avropa İttifaqı üçün mühüm tərəfdaş olduğunu qeyd etdi. O bildirdi ki, Avropa İttifaqı Azərbaycanla siyasi dialoqun və iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirərək cənab Antonio Koşta qeyd etdi ki, tərəflər arasında əməkdaşlıq gələcəkdə daha da inkişaf edəcək. Onun sözlərinə görə, Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı etimada əsaslanan münasibətlər möhkəm təməl üzərində qurulub.
Bəyanatlarda enerji əməkdaşlığı xüsusi yer tutdu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan artıq uzun illərdir Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Azərbaycanın zəngin enerji ehtiyatları və həyata keçirdiyi böyük enerji layihələri Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə xidmət edir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan iri enerji layihələri Avropa bazarlarına sabit və etibarlı enerji təchizatı təmin edir. Bu baxımdan Azərbaycan etibarlı tərəfdaş kimi tanınır və Avropa ölkələri ilə əməkdaşlıq daha da genişlənir. Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz enerji sahəsində əməkdaşlığı yalnız mövcud layihələrlə məhdudlaşdırmır, eyni zamanda yaşıl enerji və bərpa olunan enerji istiqamətlərində də yeni imkanlar yaradır.
Görüş zamanı nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələləri də geniş müzakirə olundu. Prezident İlham Əliyev Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika qovşağı olduğunu qeyd etdi. Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri regionun iqtisadi əlaqələrinin genişlənməsinə və beynəlxalq ticarətin inkişafına mühüm töhfə verir.
Bu baxımdan Azərbaycan Avropa ilə iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlara malikdir. Dövlət başçısı vurğuladı ki, ölkəmiz regionda sabitliyin və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş layihələrin həyata keçirilməsində fəal iştirak edir.
Görüşdə, Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin olunmasının vacibliyi də xüsusi qeyd edildi. Dövlət başçısı bildirdi ki, Azərbaycan postmünaqişə dövründə regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Azərbaycan regionda yeni əməkdaşlıq imkanlarının yaradılmasına və iqtisadi inteqrasiyanın gücləndirilməsinə xüsusi önəm verir. Prezident İlham Əliyev vurğuladı ki, regionda davamlı sülhün təmin olunması həm Cənubi Qafqaz ölkələrinin, həm də beynəlxalq tərəfdaşların maraqlarına xidmət edir.
Nəticə etibarı ilə, qeyd etmək olar ki, 2026-cı il martın 11-də keçirilən görüş və mətbuata verilən bəyanatlar bir daha göstərdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. Qarşılıqlı maraqlara əsaslanan bu əməkdaşlıq həm regionun inkişafına, həm də Avropanın enerji və iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir.
Bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açaraq tərəflər arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da dərinləşəcəyini nümayiş etdirdi.
İlham Quliyev
YAP Yasamal rayon “Neftqazelmitədqiqatlayihə” İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini