Analitika

  • 4 165

İsrail-HƏMAS savaşı: regional təhlükə

image

Suriyada böhranın dərinləşdiyi bir vaxtda İsrail-Fələstin münasibətlərinin kəskinləşməsi ciddi geosiyasi siqnaldır. Bu iki hadisə regionda geosiyasi mənzərəni əsaslı şəkildə dəyişə bilər. Qlobal miqyasda təsirə malik olan geosiyasi aktorların fəallaşması bu baxımdan diqqəti çəkir.

Fələstinlilərin həmrəylik günü ərəfəsində gərginlik

Neçə illərdir ki, fələstinlilərin yaşadığı Qəzzə bölgəsində bomba partladı. Dinc insanlar həlak olanları dəfn etməyə çox alışıblar. İsrail növbəti dəfə ora hava zərbələri endirdi. Təl-Əviv ilk atəşi HƏMAS-ın açdığını bəyan edib. Ona görə də İsrailin atdığı addımları Qərb dövlətləri onun özünümüdafiəsi kimi təqdim edirlər. Lakin proseslərin gedişi göstərir ki, Qəzzəyə qarşı yeridilən "bomba siyasəti"nin arxasında xeyli düşündürücü geosiyasi məqamlar dayanırdı.Doğrudan da Suriyada böhranın dərinləşdiyi bir vaxtda İsrail-Fələstin münasibətlərinin kəskinləşməsi ciddi geosiyasi siqnal oldu. Bunun Barak Obamanın ikinci müddətə prezident seçilməsindən dərhal sonraya təsadüf etməsi də suallar yaradır. Fransa və Böyük Britaniyanın Suriyaya hərbi müdaxilənin mümkünlüyünə işarə etməsi fonunda Təl-Əviv-Qəzzə qarşıdurması da fərqli fikirlərə yol açdı. Bir-biri ilə zahirən əlaqəsi olmayan bütün bu prosesləri pərdəarxasında birləşdirən və bütün regiona aid olan hansısa məsələ varmı?Məhz bu məqam ətrafında analitiklərin qiymətləndirmələri arasında müəyyən fərqlər nəzərə çarpır. İsrail tərəfi bombalama hadisəsinin HƏMAS-ın hər gün ölkəyə raket zərbələri endirməsinə cavab olduğunu iddia edirdi. Bəzi analitiklər Təl-Əvivin fürsətdən istifadə edərək beş il əvvəl fələstinlilərin oğurladığı əsgər Gilad Şalidin intiqamını aldığını deyirlər. HƏMAS-ın hərbi qanadının rəhbəri Əhməd əl-Cəbarinin öz avtomobilində öldürülməsini bunun təsdiqi kimi göstərirlər. İsrailin kəşfiyyat xidməti "Şin Bet" də baş verənləri məhz bu kontekstdə təqdim edir. Təl-Əviv daha da irəli gedərək "Cəbarinin silahdaşlarının başına dünyanı dar edəcəyini" bəyan edib.Bəzi ekspertlər isə bombalamanı Fələstinin rəhbəri Mahmud Abbasın noyabrın 29-da BMT-də müstəqillik məsələsinin gündəliyə salınmasına çalışacağını bildirməsinə İsrailin reaksiyası hesab edirlər. Vurğulayaq ki, həmin gün dünyanın fələstinlilərlə həmrəyliyi günüdür. Ona görə də "bomba siyasəti"nin müəyyən mənada yəhudilərin fələstinlilərlə həmrəylik günü ilə əlaqəli olduğunu təxmin etmək olar.Dünyanın fələstinlilərlə həmrəy olmasına həqiqətən ehtiyac vardır. Bu xalq neçə onilliklərdir ki, müharibə vəziyyətindədir. Fələstinin müstəqil dövlət kimi tanınması üçün bir neçə addım atılıb. Lakin həmişə həlledici məqamda meydana təxribat xarakterli hadisələr çıxır. Bu dəfə də həmin ssenarinin həyata keçirildiyi hiss edilir. Noyabrın 29-a fələstin məsələsi ilə bağlı konkret hansı hadisənin baş verəcəyi məlum deyil.

HƏMAS-ın müəmmalı davranışı və "Müsəlman qardaşları"

Bütün bunlarla yanaşı, düşündürücü məqamlar çoxdur. Hər şeydən öncə HƏMAS-ın İsrail ərazisini niyə raket atəşinə tutduğu sual yaradır. Çünki bir təşkilatın hərbi cəhətdən çox güclü olan dövlətə qalib gələcəyinə inanmaq real görünmür. Mümkündür ki, burada fələstinliləri hərbi zərbə endirməyə təhrik edənlər olub. Ancaq onlar kimlərdir və məqsədləri nədir?Burada başqa məqsəd də ola bilər. Fələstinlilər dünya ictimaiyyətinin diqqətini bir daha İsraillə olan problemlərinə cəlb etməyə çalışarlar. Onlar bilirlər ki, rəsmi Təl-Əviv ölkə əraizisinə atılan hər bir gülləyə sərt reaksiya verir. Bu dəfə də belə oldu.İsrail nəinki raket zərbələrinə bomba ilə cavab verdi, hətta səfərbərlik elan etdi, yerüstü hərbi əməliyyatların başlaması mümkünlüyündən danışdı. Bunların fonunda isə beynəlxalq aləmdə İsrailin atdığı addımların ciddi müzakirəsi gedir.Avropa İttifaqı Təl-Əvivin özünümüdafiə hüququnun olduğunu vurğulamaqla yanaşı, Fələstinə qarşı sərt davranışdan çəkinməyə çağırdı. ABŞ da bütövlükdə yəhudi dövlətini dəstəklədi, lakin qurudan hərbi əməliyyatların aparılmasına müsbət yanaşmadı. Moskva hərbi zərbələrin dərhal dayandırılmasını tələb etdi.Türkiyə və Misirin İsrailin hərəkətlərinə reaksiyası daha sərt oldu. Qahirə Təl-Əvivlə atəşkəs əldə edilməsi ilə bağlı danışıqlar apardı. Atəşkəs haqqında razılığın Misirdə əldə edilməsinə çalışılmasını təsadüfi saymaq olmaz. Bunda Təl-Əviv və Qahirənin öz hesabları var.İsrail Misirlə danışıqlar aparmağa razılaşmaqla ərəb ölkələri arasında Türkiyəni nüfuzdan salmaq məqsədi güdə bilər.Məsələ ondan ibarətdir ki, məhz Türkiyə Yaxın Şərqdə hazırda sürətlə inkişaf edir və geosiyasi proseslərdə nüfuzu artır. Ankara həyata keçirdiyi hərbi islahatlar vasitəsi ilə ABŞ və İsraildən olan hərbi asılılığını minimuma endirib. Regionda heç bir başqa dövlət Türkiyə qədər geosiyasi çəkisini yüksəldə bilməyib. Ona görə də Təl-Əviv üçün Ankaranın Yaxın Şərqdə arxa plana keçməsinin mənası vardır.Qəribə də olsa, Misirin bu məsələdə mövqeyi İsraillə uzlaşır. Qahirə ərəb dünyasının lideri olmaq iddiasından çəkilməyib. Hələ Misirdə son inqilabi proseslər vüsət alanda "Müsəlman qardaşları" bəyan etmişdi ki, Türkiyə ərəblər üçün nümunə olmamalıdır. Onda Təhrir meydanında Ərdoğanın qəhrəman kimi qarşılanmasına ilk etirazı Misirin hazırkı prezidenti Mursinin tərəfdarları bildirmişdi. Bu baxımdan "Müsəlman qardaşları" üçün HƏMAS-ın ən yaxın tərəfdaşı hesab edilmək çox lazımdır. Ərəb dünyası gördü ki, fələstinlilər üçün sülhü Türkiyə deyil, Misir təmin edir.Bunlar göstərir ki, İsraillə hərbi qarşıdurmanın kəskinləşməsində fələstinlilərlə "Müsəlman qardaşları"nın maraqları üst-üstə düşə bilər. Artıq dünya Suriyadan çox Fələstində baş verən hadisələrdən danışır. Eyni zamanda, Misir ərəblərin xilaskarı obrazını qazanmaqdadır.Onu deyək ki, belə bir vəziyyət İranı da qane edir. Tehran üçün real gücü olan və birbaşa sərhəddə yerləşən Türkiyədən, Misir kimi güclü nüfuz sahibi ərəb ölkəsi daha sərfəlidir. Tarix göstərir ki, ərəblər heç zaman uzun müddət regionda aparıcı rol oynaya bilmirlər.

İsrailin iki strateji üstünlüyü

Burada İsrailin hansı marağı ola bilərdi? Birincisi, İsrail öz sərhədləri yaxınlığında getdikcə güclənən bir müsəlman təşkilatını hərbi cəhətdən zəiflədir. HƏMAS son zamanlar yeni silahlar almaqla öz potensialını xeyli artırıb. Gözləmək olardı ki, Təl-Əviv atəşi dayandırmayacaq və HƏMAS-ın hərbi infrastrukturunu məhv etməyə çalışacaq. Məsələnin başqa tərəfi bir geosiyasi məqama bağlı ola bilər.Söhbət Yaxın Şərqdə son illər müşahidə edilən "ərəb baharı" adlı prosesin Qərb tərəfindən necə dərk edilməsindən gedir. Dünyanın bir sıra qabaqcıl analitiki "ərəb baharı"nın əsl mahiyyətinin qaranlıq olduğu fikrini söyləyirlər. Məsələn, Henri Kissincer açıq yazırdı ki, bu prosesdən istifadə edib, regionda hakimiyyətə gələnlərin kimliyi tam məlum deyil. O cümlədən, "Müsəlman qardaşları"nın demokratik prinsiplərə sadiqliyinə böyük şübhə ilə yanaşdığını gizlətmir. HƏMAS da Qərb üçün siyasi aspektdə qaranlıq bir qutudur. Onun müstəqil Fələstində hakimiyyətdə olması regionda hansı proseslərə rəvac verə bilər? Cavab tam məlum deyil.Bütün bunlar Qərbin siyasi dairələrinin HƏMAS-ın regionda siyasi mövqeyinin zəifləməsində maraqlı olduğunu təsdiqləyir. O cümlədən, daim müstəqillik tələb edən Mahmud Abbasın meydandan çəkilməsində bir çoxlarının maraqlı ola biləcəyi fikrini yaradır. Qəzzə ətrafında hərbi vəziyyətin mürəkkəbləşməsinə və qeyri-müəyyənliyin hələ də qalmasına bu faktorlar səbəb kimi göstərilə bilər.

Məsələnin digər tərəfi "Müsəlman qardaşları"nın geosiyasi maraqlarına bağlıdır. İsrail HƏMAS-la münasibətlərinə regionda siyasi hakimiyyətdə olan başqa bir müsəlman təşkilatını ("Müsəlman qardaşları"nı) qatmaqla iki aspektdə strateji üstünlük əldə edir.Birincisi, əvvəlcədən "Müsəlman qardaşları"nı HƏMAS-ın sonrakı hərəkətlərinə məsul edir. Bundan sonra fələstinlilərin atacaqları istənilən təxribat xarakterli addıma görə Misir hakimiyyəti də cavab verməli olacaq. İkincisi, İsrail faktiki olaraq heç bir ərəb dövləti qarşısında öhdəlik götürmür – o, müsləman təşkilatları ilə müvəqqəti dil tapır. Bu da istənilən vaxt imzalanan sazişdən imtina etmək imkanı verir.Bütün bunların fonunda həlak olan fələstinlilərin sayı artır. İnsanlar öldürülür. Faktiki olaraq Fələstinə ciddi dəstək verilmir. İsrail Qəzzədə 1000-dən çox hədəfi vurduğu haqqında informasiya yayıb. Bu o deməkdir ki, Təl-Əviv Fələstin muxtariyyətinə ciddi hərbi zərbə endirib. Bundan sonra orada müstəqil dövlət qurmaq şansı da xeyli azalmış kimi görünür.ABŞ prezidenti Barak Obama bu haqda Tailanda səfəri zamanı fikir bildirmişdi. O, gərginliyin artması ilə Fələstinin müstəqil olmasının qeyri-müəyyən vaxta təxirə salına biləcəyinə işarə vurmuşdu. Belə təəssürat yaranır ki, münaqişənin kəskinləşdirilməsində əsas məqsədlərdən biri Fələstini müstəqillik fikrindən çəkindirmək olub.Artıq Yaxın Şərqdə Suriya ilə yanaşı Fələstin böhranı da çox kəskinləşmiş hala gəlib. Bu iki hadisə regionda geosiyasi mənzərəni ciddi dəyişə bilər. Qlobal miqyasda təsirə malik olan geosiyasi aktorların fəallaşması bu baxımdan diqqəti çəkir. ABŞ əsas diqqətini Asiya-Sakit okean regionuna ayırmaqla yanaşı, Yaxın Şərqi də diqqətdə saxlamağa məhkumdur. Avropa İttifaqı, Rusiya və Çinin regionda öz maraqları var. Türkiyə də geosiyasi mövqeyini möhkəmlətməkdə israrlıdır. Misirlə İranın kənarda qalmadığı məlumdur. Regionda isə gərginlik davam edir.

Newtimes.az

Digər xəbərlər