PDF Oxu

Araşdırma

  • 1 224

Sarkisyanın kriminal ortaqları

image

"Ermənistan xalqının səfaləti və ya Sarkisyanın biznes imperiyası'' adlı məqaləmizdə Ermənistan prezidentinə aid olan şirkətlər haqqında geniş məlumat vermiş və Sarkisyanın şəxsi biznesini kimin vasitəsilə həyata keçirdiyinə dair növbəti məqalənin təqdim ediləcəyini bildirmişdik.

Budəfəki məqalədə Sarkisyanın kriminal-biznes ortaqları olan M.Bağdasarov, B.Bəyləryan, S.Aleksanyan, M.Minasyan, A.(Saşik) Sarkisyan, R.Hayrapetyan və H.Vartanyanin fəaliyyəti haqqında araşdırmanı təqdim edirik.

M.Bağdasarov 1959-cu ildə Bakıda anadan olmuşdur. M.Bağdasarov vasitəsilə "Mika Group'' holdinqə sahib olan S.Sarkisyan ölkə üzrə sürtgü və yanacaq məhsullarının idxalını, topdan və pərakəndə satışını tam şəkildə öz inhisarına almışdır. Hələ döyüşlərin aktiv dövründə ordunun yanacaq ilə təchiz edilməsi Müdafiə Nazirliyi qarşısında duran başlıca problemlərdən biri olduğu üçün Ermənistan Müdafiə Nazirliyi yanacaq məhsullarının qanuni və qeyri-leqal yollarla idxalına bilavasitə cəlb olunmuşdur. Müdafiə naziri təyin olunandan sonra S.Sarkisyan "milli təhlükəsizlik'' və "milli müdafıə'' tələbatı adı altında bu sahəni inhisarda saxlamağa və özünə yaxın olan biznes dairələri vasitəsilə "qanuni'' kommersiya xəttinə keçirməyə müvəffəq olmuşdur.

İddia olunur ki, Ermənistan neft məhsullarını əsasən Rumıniya, Rusiya və Bolqarıstan şirkətləri vasitəsilə əldə edir və ölkə bazarında inhisarçı olan "Mika Group'' və "Flash'' bazarda qiymətləri diktə edirlər. Son dövrlərdə bu şirkətlərin Qazaxıstandan dizel yanacağı almaları barəsində də məlumat verilir.

Barseq Bəyləryan "Flash'' şirkətinin rəhbəri və "Mika Group''-dan sonra ikinci şirkət olaraq, yanacaq məhsullarının idxalı ilə məşğuldur. Ölkə boyunca "Flash'' şirkətinə məxsus çoxsaylı yanacaq doldurma stansiyaları vardır. Ararat bank da bu şəxsə məxsusdur.

Samvel Aleksanyan (təxəllüsü Lfik Samo) Köçəryanın qrupundan Sarkisyan tərəfə keçmiş oliqarxlardan hesab olunur. Onun nəzarətinə taxıl, un, şəkər və toyuq məhsullarının idxalının inhisarçılığı daxildir. "Yerevan city'' supermarketlər şəbəkəsinə də malik olan S.Aleksanyan Ermənistana idxal edilən əczaçılıq məhsullarının 50 faizinə nəzarət edir. Keçmiş Baş prokuror Aqvan Hovsepiyan ilə də yaxın əlaqələrə malik olan S.Aleksanyan 2008-ci il prezident seçkilərində İrəvanın Malatia-Sebestia rayonunda rəhbərlik etdiyi kriminal-bandit dəstələri ilə S.Sarkisyanın xeyrinə seçki prosesinə müdaxilə etmiş və namizədlərin və seçicilərin təhdid edilməsini həyata keçirmişdir.

Mixael Minasyan (Mişa), S.Sarkisyanın kürəkəni kimi Jazzve qəhvəxana şəbəkəsinə və "Philip Morris''-in rəsmi distributoru olaraq Pares Armenia şirkətinə sahibdir. 2013-cü ilin martından etibarən Ermənistanın Vatikanda səfiri təyin edilmişdir. Qeyd olunmalıdır ki, Pares Armenia 2008-ci il prezident seçkilərində Levon Ter-Petrosyanı dəstəkləyən SİL qrupunun rəhbəri Xaçatur Sukiasyandan alınıb M.Minasyana verilmişdir.

Aleksandr (Saşik) Sarkisyan – Serj Sarkisyanın problemli və ziddiyyətli qardaşıdır. Hər hansısa böyük biznesdə tam sahibkarlığı olmasa da, müxtəlif biznes sahələrində əli vardır və ölkədə böyük biznes ilə məşğul olan şəxslər onun "payı''nı verməlidirlər. Ermənistanda hüquq-mühafizə orqanları və vergi ilə ciddi problemi olan şəxslər, pul müqabilində Saşiki ən asan həll yolu kimi görürlər. Saşik Ermənistanda və "Dağlıq Qarabağda'' icra başçısı, polis rəisi, vergi departamentinin rəisi və sair bu kimi gəlirli vəzifələrə təyinat məsələlərini də həll edir.

Saşik Sarkisyan Qarabağda avtobus sürücüsü və qaz ustası olmuşdur. 1998-ci ildə ölkənin bütün yanacaq doldurma stansiyaları Sarkisyan-Köçəryan qruplaşmanın əlinə keçdikdən sonra Saşik yanacaqdoldurma biznesində fəaliyyətə başlamışdır.

Ermənistan parlamentinin üzvü olmuş Saşik parlamentin iclaslarına qatılmamış və jurnalistlər tərəfindən daha çox sərxoş vəziyyəti ilə xatırlanmaqdadır. Vaxtını əsasən İrəvanın bahalı restoranlarında keçirən Saşik tərəfindən dava salınması və silah işlədilməsi halları da qeydə alınmışdır. Son belə hadisələrdən biri Moskvada baş vermişdir ki, orada da Saşik döyülmüşdür.

Bu yaxınlarda isə İrəvandakı restoranlarından birində oxuyan müğənni Spitakçi Aykoya mahnı sifariş verən Saşik onun sifarişinin gecikdirilməsindən əsəbiləşmiş və hamının gözü qarşısında müğənninin ayağının altına güllə atmağa başlamışdır.

Hal-hazırda biznesinin dairəsini genişləndirən Saşik Kaliforniyada və bəzi Avropa ölkələrində daşınmaz əmlaka və şirkətlərə malikdir. Son səfərlərinin birində o, ABŞ gömrük qaydalarını pozduğu üçün ABŞ ərazisinə buraxılmamışdır. Belə ki, üzərində 30 milyon dollar nağd pul aparırmış. O, bu faktı İrəvanda jurnalistlərə açıq şəkildə etiraf etməkdən çəkinməmiş və biznes yolu ilə bu pulu qazandığını bildirmişdir. Jurnalist isə qanunvericiliyə uyğun olaraq, millət vəkilləri bizneslə məşğul ola bilməz sualını verəndə, Saşik əsəbiləşmiş və onu söyməyə başlamışdır.

O, Los-Ancelesdə (Tarzan city, 4935 Avenida Oriente, Tarzana, CA 91356- 4632) təqribən 3 milyon ABŞ dollarına 2005-ci ildə növbəti villasını almış və onun təmirinə 300.000 ABŞ dolları xərcləmişdir.

Saşik Sarkisyanın nəzarət etdiyi sahələrdən biri də əsasən paytaxt İrəvan olmaqla, yol hərəkəti qaydalarının pozulmasından yığılan cərimələrdir. Saşikə aid olan şirkət tərəfindən ölkəyə sürət artımını və digər yol hərəkət qaydalarının pozulmasını qeydə alan cihazlar gətirilmişdir. Ermənistanın müxalifət qəzetlərinin hesablamalarına görə gündəlik əsasda yığılan cərimələrin həcmi 50 milyon dramdan artıqdır ki, bu da Saşik vasitəsilə Sarkisyan ailəsinin büdcəsinə daxil olur.

Sarkisyan ailəsi ona məxsus "Global-Contact'' ofşor şirkəti vasitəsilə Ermənistanın enerji sistemində mühüm rol oynayan "Dzora'' su elektrik stansiyasının alınmasından sonra Vorotan SES-i də ələ keçirmişdir. 25 meqavat gücü olan Dzora stansiyası cəmi 3 milyon dollara Sarkisyan ailəsinə satılmışdır. Bu sövdələşməyə qədər Dzora stansiyası elektrikin kilovatmı 6 drama satırdı, bundan sonra Sarkisyanın qardaşı Saşik və kürəkəni M.Manisyan elektrikin kilovatım 12 drama satmağa başlamışlar. Vorotan SES-in dəyəri 250 milyon ABŞ dolları civarında qiymətləndirilir. 400 meqavat gücündə olan bu stansiya 1965-ci ildən başlayaraq 12 il ərzində tikilmişdir. Bu stansiyada ələ keçirildikdən sonra Sarkisyan ailəsinin elektrikin kilovatının 16 drama satacağı gözlənilir.

Ruben Hayrapetyan (təxəllüsü Nemes Rubo) ən çox kriminallaşmış oliqarxlardan hesab olunur. Deyilənlərə görə rusiyalı avtoritet "Yaponçik''in çevrəsinə yaxın şəxslərdən olmuşdur. Ermənistan Futbol Federasiyasının sədri olan Rubo "Grand Candy/Grand Tobacco'' şirkətlərində böyük paya sahibdir. Amma S.Sarkisyanın təzyiqi ilə oradakı payının bir hissəsini Hrant Vartanyana vermişdir. Ermənistan İnkişaf Bankında səhmlərə malik olan Rubonun Rusiyada kazinosu vardır. Deyilənlərə görə qumar oyunlarının xüsusi həvəskarı olan S.Sarkisyan üçün kazinoda xüsusi oyun gecələrinin təşkilatçısı Rubodur. Digər bir məlumata görə Sarkisyan 2003-cü ildə Monte-Karlo kazinosunda böyük məbləğdə pul uduzmuşdur. Bu pul Rubo kimi oliqarxlar və o zaman Milli Bankın sədri olan Tiqran Sarkisyan tərəfındən ödənilmişdir. T.Sarkisyan pulu bank möhtəkirliyinə yol verərək, ölkənin Milli bankından çıxarmışdır.

Bundan əlavə, Rubonun məşğul olduğu əsas biznes sahəsi narkotik maddələrin ticarətidir. İstisna deyil ki, işğal olunmuş ərazilər-Gürcüstan- Bolqarıstan, işğal olunmuş ərazilər-Gürcüstan-Ukrayna və ya işğal olunmuş ərazilər-Gürcüstan-Rumıniya narko ticarət xəttinə Rubo rəhbərlik edir. Yaxın dostu olan Rubo vasitəsilə də S.Sarkisyan bu sahəni öz nəzarətində saxlayır.

Ermənistan parlamentinin deputatı olan Rubonun "Arsnakar" adlı restoran kompleksində 17 iyun tarixində Ermənistan Müdafiə Nazirliyinin qarnizon hospitalının bir neçə hərbi həkimi vəhşicəsinə döyülmüş və nəticədə tibb xidmətinin əməkdaşı Vaqe Avetyan ölmüşdür. Öz cangüdənləri və bandit dəstəsi ilə bu şəxslərin döyülməsində Rubo şəxsən iştirak etmişdir. Bu məsələ böyük ictimai rezonans doğurduqdan sonra Rubo millət vəkili statusundan imtina etmişdir.

Hrant Vartanyan öz oğulları və biznes tərəfdaşı və millət vəkili "Mikhail'' ilə Ermənistanın ən varlı adamlarından hesab olunur. Grand və Masis tütün şirkətləri ona məxsusdur. Eyni zamanda Rubodan alınan Grand Candy şirkəti də onun nəzarətinə verilmişdir. Əsasən İran ilə ticarətə cəlb olunmuş H.Vartanyan İran tədqiqatları ilə məşğul olan Arya universitetini maliyyələşdirir. Əvvəllər R.Köçəryanın çevrəsinə daxil olsa da, sonradan S.Sarkisyan tərəfə keçmişdir.

Beləliklə, qeyd olunan bu mafioz qruplaşma Ermənistanın bütün sərvətlərini mənimsəyərək, özlərinə firavan həyat qazanmışdır. Öz mövqelərini qoruyub saxlamağa çalışan bu insanlar üçün erməni xalqının taleyi heç nə ifadə etmir. Elə buna görə də, Azərbaycanla olan münaqişənin hər nəyin bahasına olursa-olsun davam etməsi onların işinə yarayır. Çünki belə vəziyyət vətəndaşların diqqətini başqa istiqamətə yönəldir. Güclü ideologiya sayəsində beyinləri yuyulan və ya qorxu altında yaşayan zavallı əhali kriminal mafioz rəhbərliyi deyil, onların yönləndirməsinə uyğun olaraq, Azərbaycan və Türkiyəni düşdüyü bu acınacaqlı vəziyyətin səbəbkarı kimi görür və onlara qarşı kin bəsləyirlər. Bu isə münaqişənin həllini yubadır.

Newtimes.az

Digər xəbərlər