Analitika

  • 30 764

Ədalət, vicdan və hüquq: Avropanın "mehmanşünasları" və "nüfuz agentləri"

image

Avropa Parlamenti Azərbaycanla bağlı növbəti bədnam "sənəd" qəbul edib. Dünyanın hər yerində hüquqları pozulan insanlar, zorakılığa məruz qalan müsəlman qadınlar, qocalar, həlak olmaqla həyatlarını itirən dinc sakinlərin hüquqları qalıb bir kənarda, Azərbaycanda törətdiyi cinayət əməlinə görə həbs edilən bir bloqqerin "hüququ" AP-ni "narahat" edib. Azərbaycanda da dərhal bir sıra dairələr "müdrik poza" almağa başlayıblar. Bəs, "bu belədir, o da elədir" və s. Reallıq isə başqa həqiqəti ortaya qoyur. Ölkəmizə qarşı bizə və insanlığa dost olmayan dairələr növbəti qarayaxma kampaniyasına başlayıblar. Onlar ədaləti, vicdanı və hüququ bir kənara qoyub, "nüfuz agentləri" ilə küçələrdə və sosial şəbəkələrdə "tanqo" oynayırlar. Amma belə getsə, yıxılacaqlar. AP-nin M.Hüseynovla bağlı qəbul etdiyi "sənəd"lə birlikdə tarixin arxivinə atılacaqlar. Bu məsələ üzərində bir qədər geniş dayanaq.

"Təcili qətnamə": kim hara tələsir?
Avropada bəzi dairələrin antiazərbaycan mövqeyində qalmaqda davam etdiyini təsdiqləyən növbəti hadisə baş verdi. Avropa Parlamenti yanvarın 17-də "Mehman Hüseynovla bağlı təcili qətnamə" qəbul edib. Onun həmmüəlliflərindən biri Almaniyadan Yaşıllar qrupunun üzvü Rebekka Harmsdır. Bu adamın kimliyi məlumdur: Soros tərəfdarıdır. Mehman Hüseynovla bağlı məsələdə sual doğuran məqam ondan ibarətdir ki, nədənsə, AP-də Azərbaycanla əlaqəli sənədləri, adətən, öncədən antiazərbaycan mövqeyinin olduğu məlum olanlar hazırlayırlar. Normal halda bu kimi işlər uyğun mütəxəssis və ya obyektiv mövqeyi olanlara tapşırılmalıdır.Səbəbi, bizcə, aydındır. Çünki həm AP daim ədalətli və obyektiv mövqedə olmalıdır ki, cəlbediciliyini saxlaya bilsin, həm də hazırda Azərbaycanla Avropa İttifaqının münasibətlərinin nə dərəcədə həssas olduğu sirr deyil. Rəsmi Bakı dəfələrlə sübut edib ki, müstəqil siyasi kurs aparır və kimsənin diktəsini qəbul etmir. Bir sıra postsovet ölkələri Brüsselin hazırladığı əməkdaşlıq sənədini gözüyumulu imzaladısa, Azərbaycan qarşılıqlı faydalı əlaqələr və suverenliyin təmini şərtlərini rəhbər tutaraq özü sənəd hazırladı. İndi həmin sənəd konstruktiv şəkildə müzakirə edilir və tərəflərin ortaq mövqeyə gəlməsi ehtimalı yüksəkdir. Bu barədə Aİ-nin yüksək rütbəli məmurları belə fikir bildiriblər.Bunlara baxmayaraq, AP yenə köhnə şakərindən əl çəkmir. Azərbaycana qarşı obyektiv olmağı bacarmayanlara bu dövlətlə əlaqəli "sənəd" hazırlamağı rəva görür və ya sifariş xarakterli bədnam "sənəd"i müzakirə edib, qəbul edir. M.Hüseynov məsələsinin məzmunu və məqsədi əvvəlcədən bəlli idi. Həbsdə olan bir adamdan istifadə edərək Azərbaycana qarşı növbəti "qara piar" kampaniyası təşkil etmək istəyənlərin meydanda olduğu şübhə doğurmurdu. Onlara da yerli "nüfuz agentləri" və ya "beşinci kolon" züy tuturdu. Aydın görünürdü ki, hər şey kənardan sifariş əsasında təşkil edilib. Öncədən planlaşdırılıb və addım-addım həyata keçirilməlidir.Təbii ki, biz insan haqlarının təmin edilməsi zərurətini qətiyyən inkar etmirik. Bu məsələ dünyanın istənilən ölkəsində olduğu kimi, Azərbaycan üçün də əhəmiyyət daşıyır. Azərbaycan iqtidarı insan haqlarının təmin edilməsi istiqamətində ciddi addımlar atır. Azərbaycanda söz azadlığı, fikir azadlığı, dini tolerantlıq, müxtəlif etnik qruplara qarşı yalnız hüquqi davranmaq kimi təməl prinsiplərə ciddi əməl olunur. Hazırda Azərbaycan Cənubi Qafqazda bu parametrlər üzrə liderdir. Bu reallığı hər kəs görür. Ancaq M.Hüseynov məsələsinə gəlincə, açıq görünür ki, pərdə arxasında ssenaristlər mövcuddur. Və onları bu gənc oğlanın hüquqları və taleyi deyil, Azərbaycana qarşı düşündükləri planın detallarını həyata keçirmək maraqlandırır.Bir neçə misal üzərində bu tezisi tam sübut edə bilərik. Məsələn, 1988-ci ildən bu yana Ermənistandan, eləcə də Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və onun ətrafında olan yeddi rayondan yüz minlərlə azərbaycanlı qovulub, onlara qarşı terror aktları törədilib, həlak olublar, tarixi mədəniyyət abidələri, müqəddəs yerlər təhqir olunub. İndi də minlərlə azərbaycanlı əsirin taleyi məlum deyil. Yüzlərlə qadın, uşaq və qocanın hər gün Ermənistanın hansı bölgəsində təhqir edildiyi bilinmir.Bu insanların hüquqlarının təmin edilməsi ilə bağlı AP hansı addımları atıb? Avropanın hansı təşkilatı namusları tapdanmış azərbaycanlı qadınların haqları uğrunda nəyisə edib? Onların sırasında erməni separatçı-terrorçu hakimiyyətinə sual edən olubmu ki, "axı müasir dünyada qadın hüquqlarına çox önəm verilir, sizlərin əsir götürdüyünüz azərbaycanlı qadınlar haradadırlar, onlar niyə azad edilmir?" Olmayıb! Avropalılar bir yana, Mehmanın hüquqlarından dəm vuran qardaşının Xocalıda hüquqları mütləq mənada tapdanan, həyatları əllərindən alınan azərbaycanlılara istehza edərək rus dilində "indi ağlayacağam" deməsi hansı vicdani meyara uyğundur? Və belə bir adamın qardaşını Xocalıda yaxınlarını itirən minlərlə azərbaycanlı necə və niyə müdafiə etsin? Axı, Mehman gənc olsa da, qanunu pozub, ortada konkret cinayət əməli mövcuddur. Bəs, Xocalıdakı körpələr, qadınlar, qocalar hansı cinayəti etmişdilər?
Bir neçə sualın işığında: Avropanın "donmuş" vicdanı
Adi müqayisə belə tük ürpədir. Bəzi adamların ədalətdən bu dərəcədə uzaqlaşdığı, öz şəxsi marağına Vətənini, millətini, soydaşlarını satmağa belə hazır olduğunu düşünmək çox ağrılıdır. Ancaq Avropa Parlamentində qəbul edilən "sənədi" rəhbər tutub, Azərbaycana qarşı qərəzli davrananlar mövcuddur, axı? Nə yazıq ki, avropalı bir sıra siyasətçilər də məhz partnyor kimi məhz bu cür qeyri-sağlam mənəviyyatlı adamları seçirlər.Bunda məqsəd də aydındır: bir neçə əsrdir ki, Qərbdə müsəlmanları birləşdirən ümumi dəyərləri gözdən salıb, fərdiyyətçiliyi qəlblərə və beyinlərə yeritməklə onları kölə etmək siyasəti aparılır. Dövlət, millət, din, əxlaq mühüm kollektiv dəyərlərdir. Baxın, məhz bu kimi dəyərləri gözdən salmağa yönələn hadisələr baş verir. Məişətdə "çörəkpulum olsun", "mənə nə var başqasından", "mənim özüm və qohumlarım", "mənim hüquqlarım təmin olunsun, başqasından mənə nə" və sair bu kimi deyimlər təsadüfən aktuallaşdırılmır.İndi M.Hüseynovu min cür bəhanə ilə həbsxanadan çıxarıb Avropaya aparmaq istəyirlər. İnsan haqları beləmi müdafiə edilir? Azərbaycan cinayət törətmiş bir neçə adamı humanizm göstərərək azad etdi, onlar dərhal Avropaya getdilər və başladılar həcv-hədyan danışmağa. Mehman da bu prosesdə növbəti həlqədir? Sonra nə olacaq? Deyək: Azərbaycana daha çox çamur atmaq üçün başqa bir qurban tapacaqlar. Düşünün, uduzan kimdir?Başqa bir misal da göstərə bilərik. İllərdir ki, Avropadakı təşkilatlar bir ağızdan bağırırdılar ki, Ermənistanda seçkilər demokratik keçirilir, bu ölkədə insan haqlarına əməl edilir. Bu cür riyakarlığın sərhədinin olmadığını bizlər çox gözəl bilirdik və bilirik. Çünki, birincisi, məhz Ermənistan hakimiyyəti yüz minlərlə azərbaycanlını deportasiya edib. İkincisi, məhz Qərb dövlətləri erməniləri küçələrə çıxararaq S.Sarkisyan rejimini yıxdılar. Onlar Sarkisyanın demokratik yolla seçildiyi haqqında hesabatlar hazırlayanlardır. İndi isə ona qarşı irəli sürülən əsas ittihamlardan biri seçki və korrupsiyadır. Qərbin ədaləti ilə vicdanı bu məsələnin harasındadır? Və bu riyakarlığın fonunda M.Hüseynov məsələsi hansı rəngdə görünür?Bir nümunəni də elə Avropanın özündən götürə bilərik. Avropa İttifaqı ölkələri miqrantlara necə münasibət göstərir? Bir sıra siyasətçilər, daha çox da Almaniyada (yaşıllar hara baxır?) sərhəddə miqrantların güllələnməsini belə təklif etdilər! Macarıstan və İtaliya, ümumiyyətlə, onları qəbul etmirlər. Avropada miqrantları dəmir hücrələrdə saxlayır və onları itlərlə qoruyurlar. Burada insan haqlarının təmin edilməsinin nədən ibarət olduğunu kim deyə bilər? Və bu faktın fonunda M.Hüseynov şousu necə görünür?Artıq insanları yalançı liberalizm və demokratiya şüarları ilə aldada bilməzlər. Kimin kim olduğu məlumdur. Avropada bir sıra dairələr bütövlükdə insanlığa qarşı qeyri-adekvat mövqedə olduqlarını nümayiş etdirməkdədirlər. Bizi düşündürən başqa məsələdir: Azərbaycanda bəzi qruplar niyə düşmən dəyirmanına su tökürlər? Bu Vətən hamınındır. Onu saxlamaq, qorumaq və yad təsirlərdən müdafiə etmək hər bir vətəndaşın məsuliyyətidir. Bəlkə belə deyil? Bəlkə dövləti, cəmiyyəti, milləti qorumaq məsələləri ancaq Qərbə aiddir? Biz öz şəxsi maraqlarımızı güdməliyik? Görün, nə dərəcədə alçaldıcı və təhqiredici bir mənzərədir? Müsəlmanlar ancaq özlərini düşünməlidirlər, xristian avropalılar isə ümumi dəyərlərini hər şeydən üstün tutmalıdırlar!İndi baxın, vətənpərvər kimdir? Öz cəmiyyətinə, dininə, siyasi hakimiyyətinə qarşı çapalayanlar, yoxsa vicdanla çalışıb, inkişaf əsasında daha azad yaşamağa üstünlük verənlər? Azadlıq bu Vətəni parçalamaqmı deməkdir? Burada xaos yaratmaq planına alət olmaq deməkdirmi? Təbii ki, hər kəsin sözdə cavabı belədir: qətiyyən elə deyil. Lakin həyat sözdə deyil, əməldə təsdiqini tapır. Əmələ gələndə isə düşmən dəyirmanına su tökənlərə rast gəlirik, təəssüf ki!Ancaq onlar bir şeyi unudurlar: Azərbaycan xalqı Azərbaycan dövlətinin müstəqilliyini göz bəbəyi kimi qoruyur. Problemlər hər yerdə mövcuddur. Azərbaycanda onlar qanun və vətənsevərlik əsasında aradan qaldırılır. Bu proses durmadan davam edir. Yaxşı olardı ki, bir sıra qruplar da bu yola gəlsinlər.

Newtimes.az

Digər xəbərlər