“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 11 sentyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Gələcəyin arxitekturası: İnsan Kapitalı, Liderlik və Süni İntellekt” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri Şamama Ağamuradova, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qazaxıstan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, International Coaches Union-un Qazaxıstan üzrə rəsmi nümayəndəsi Qaliya Nurbekova, International Coaches Union-un Aktau şəhəri üzrə nümayəndəsi Bibigül Kakimjankızı, EMDR Azərbaycan Assosiasiyasının prezidenti, EMDR Avropa Assosiasiyasının üzvü Süleyman Məmmədzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, arxitektor Şakir Məmmədov, Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist, “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri Şəlalə Həsənova, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məsul əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova, Bakı Dövlət Universitetinin müəllimi Rəna Qasımova, Mədəniyyət Nazirliyinin abidələr üzrə eksperti, tədqiqatçı Faiq Nəsibov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, sənaye və istehsal müəssisələrinin əməkdaşları, müxtəlif sahələr üzrə mütəxəssislər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra müasir müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov iştirakçıları salamlayaraq konfransın məqsəd və vəzifələri haqqında məlumat verib. O, sürətli texnoloji dəyişikliklərin insan kapitalına və idarəetmə modellərinə yeni yanaşmalar tələb etdiyini, müasir liderin komandanı dinləməyi, insan potensialını üzə çıxarmağı və əməkdaşların inkişafına şərait yaratmağı bacarmalı olduğunu bildirib. İlqar İlyasov gənclərin yeni bilik və bacarıqlara yiyələnməsinin, təşəbbüskarlığının dəstəklənməsinin və dəyişən əmək bazarına hazırlanmasının vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Aydın Hüseynov dövlətin uzunmüddətli inkişaf strategiyasında insan kapitalının xüsusi yer tutduğunu qeyd edib. O bildirib ki, rəqəmsallaşma və süni intellekt insan amilinin əhəmiyyətini azaltmır, əksinə, yeni biliklərə, məsuliyyətli qərarverməyə və müasir liderlik keyfiyyətlərinə ehtiyacı daha da artırır.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri, International Coaches Union-un Azərbaycan üzrə nümayəndəsi Şamama Ağamuradova insan kapitalının inkişafının müasir dövlət idarəçiliyinin mühüm istiqamətlərindən biri olduğunu bildirib. O vurğulayıb ki, “Gələcəyin arxitekturası” ilk növbədə insanın inkişafından başlayır. Texnologiyanın yaratdığı imkanların real nəticəyə çevrilməsi üçün dəyişikliklərə açıq, öyrənməyə hazır, məsuliyyətli və təşəbbüskar insan kapitalının formalaşdırılması vacibdir. Bu baxımdan dövlət, təhsil, biznes və vətəndaş cəmiyyəti arasında əməkdaşlığın, beynəlxalq təcrübənin öyrənilməsinin və müasir inkişaf alətlərinin praktik fəaliyyətə inteqrasiyasının əhəmiyyəti qeyd olunub.
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində insan amilinə, təhsilə, elmə, mədəniyyətə və milli-mənəvi dəyərlərin qorunmasına verilən xüsusi önəmdən danışıb. O, gələcəyin qurulmasının milli dəyərlərlə müasir bilik və texnologiyaların vəhdətini tələb etdiyini bildirib.
Tədbirə onlayn qoşulan Beynəlxalq Kouçlar İttifaqının (ICU) və Beynəlxalq Kouç və Trenerlər Assosiasiyasının (ICTA) master-təlimçisi Mixael Dzernakouski, konfrans iştirakçılarını salamlayıb, konfransın işində uğurlar arzulayıb. O qeyd edib ki, Sİ-nin bu gün sürətlə inkişaf etdiyi vaxtda insanlar yeni inkişaf mərhələsində olduğundan, yeni bilik və bacarıqlara yiyələnməlidirlər. O kouçinq texnologiyalarının öyrənilməsinin vacibliyini xüsusi qeyd edib.
Qazaxıstan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, International Coaches Union-un Qazaxıstan üzrə nümayəndəsi Qaliya Nurbekova insan kapitalının inkişafı ilə liderlik arasındakı qarşılıqlı əlaqədən danışıb. O bildirib ki, texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə təşkilatların üstünlüyünü insanların dəyişikliklərə uyğunlaşmaq, davamlı öyrənmək və yeni şəraitdə səmərəli qərarlar qəbul etmək bacarığı müəyyən edir.
Konfransın əsas məqsədi insan kapitalının inkişafı, müasir liderlik, peşəkar kouçinq və süni intellektin yaratdığı imkanların müzakirəsi, yerli və beynəlxalq təcrübənin bölüşülməsi, iştirakçılara praktik inkişaf alətlərinin təqdim olunması olub.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, arxitektor Şakir Məmmədov “Gələcəyin arxitekturası” anlayışına yalnız fiziki məkanların və şəhərlərin layihələndirilməsi deyil, daha geniş mənada insanın, liderliyin, təşkilatların və cəmiyyətin gələcəyinin formalaşdırılması prizmasından yanaşılmasından danışaraq, vurğulayıb ki, texnologiyalar nə qədər sürətlə inkişaf etsə də, gələcəyin qurulmasının mərkəzində insan, onun biliyi, düşüncəsi, dəyərləri və məsuliyyəti dayanır.
Konfransın mövzusu Azərbaycan Respublikasının uzunmüddətli inkişaf prioritetləri ilə də uzlaşıb. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” beş milli prioritetdən biri kimi müəyyən edilib. Eyni zamanda, ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi və ixtisaslı insan kapitalının formalaşdırılması “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nda və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda mühüm istiqamətlər kimi müəyyən olunub.
Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Şəlalə Həsənova süni intellekt dövründə insan sözünün, tənqidi düşüncənin, media savadlılığının və kommunikasiya məsuliyyətinin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, süni intellekt informasiyanın yaradılması və yayılması imkanlarını genişləndirsə də, informasiyaya məna verən, faktları qiymətləndirən və sözün məsuliyyətini daşıyan yenə də insandır.
Konfransın “Sənaye 4.0-dan İnsan 4.0-a” mövzusuna həsr olunmuş panelində Qaradağ rayonunda fəaliyyət göstərən iri sənaye və istehsal müəssisələrinin nümayəndələri iştirak ediblər. Panel zamanı avtomatlaşdırmanın əmək bazarına təsiri, gələcəyin peşə və kompetensiyaları, əməkdaşların yeni bacarıqlara hazırlanması, insan-texnologiya əməkdaşlığı və müasir idarəetmə modelləri ətrafında fikir mübadiləsi aparılıb.
Konfransın növbəti hissəsində proqram praktik və interaktiv formatda davam etdirilib. International Coaches Union-un Astana şəhəri üzrə nümayəndəsi Bibigül Kakimjankızı liderin şəxsi inkişafının komandanın və təşkilatın inkişafına təsirindən danışaraq kouçinq yanaşmasının insanlarda məsuliyyəti, təşəbbüskarlığı və qarşılıqlı etimadı gücləndirdiyini bildirib.
EMDR Azərbaycan Assosiasiyasının prezidenti, psixoloq Süleyman Məmmədzadə “Dəyişən dünyada insan kapitalı: psixoloji dayanıqlılıqdan şəxsi liderliyə” mövzusunda çıxış edib. O, psixoloji dayanıqlılığın, özünüdərkin, dəyişikliklərə uyğunlaşmanın və şəxsi liderliyin insan kapitalının inkişafındakı rolundan danışıb.
İqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova insan kapitalının iqtisadi inkişafla qarşılıqlı əlaqəsinə diqqət çəkərək, bilik və bacarıqların davamlı inkişafının müasir əmək bazarında və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasında əsas amillərdən biri olduğunu bildirib.
Bakı Dövlət Universitetinin müəllimi Rəna Qasımova və digər mütəxəssislər də mövzu ilə bağlı fikirlərini bölüşərək insan kapitalının inkişafına müxtəlif elmi və peşəkar yanaşmaları diqqətə çatdırıblar.
Konfrans çərçivəsində süni intellekt dövründə yeni liderlik modeli, kouçinqin müasir idarəetmə aləti kimi tətbiqi, insan və süni intellekt əməkdaşlığı, yeni nəsil əməkdaşların motivasiyası və təşkilatlarda kouçinq mədəniyyətinin formalaşdırılması mövzularında çıxışlar və praktiki çalışmalar keçirilib.
Gün ərzində davam edən konfrans yalnız rəsmi çıxış və panel müzakirələri ilə məhdudlaşmayıb, həmçinin fasilələr zamanı iştirakçılar arasında peşəkar ünsiyyət və fikir mübadiləsi davam edib, yeni əməkdaşlıq imkanları, ortaq layihələr və müasir inkişaf yanaşmaları müzakirə olunub. Bu ünsiyyət yerli və beynəlxalq mütəxəssislər, dövlət qurumları, elm, təhsil, sənaye və biznes nümayəndələri arasında yeni peşəkar əlaqələrin qurulmasına şərait yaradıb.
Tədbirin yekununda insan kapitalına qoyulan sərmayənin, davamlı öyrənmənin, psixoloji dayanıqlılığın, peşəkar kouçinq yanaşmasının və süni intellektdən məsuliyyətli istifadənin təşkilatların və bütövlükdə cəmiyyətin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Tədbirin sonunda konfransın məruzəçi və iştirakçılarına sertifikatlar təqdim olunub, xatirə fotoları çəkdirilib.