Analitika

  • 6 182

Azərbaycanda islam modeli: müsəlman dünyası üçün etalon! AKTUAL+ANALİTİK

image

Ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət-din münasibətləri tendensiyası daim paralellik təşkil edib

Azərbaycanda dinə olan münasibət daim özünəməxsus özəllikləri ilə seçilib və demək olar ki, heç vaxt sözügedən xüsusda din və cəmiyyət kontekstində parçalanmalara yol verilməyib. Müxtəlif zamanlarda islamçılıq modelləri fərqli müsəlman ölkələrində fərqli şəkildə tətbiq edilsə də, Azərbaycanda mövcud olan tolerantlıq faktoru öz üstünlüyü ilə seçilib və yalnız islama tərəf deyil, digər dinlərə münasibətdə də müasir dünyamızın qlobal çağırışlarına cavab verilir.

Lakin fakt budur ki, Azərbaycan müsəlman ölkəsi olaraq həm də islam dünyası üçün mühüm modelini nümunə etalonu olaraq təqdim edir. Ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət-din münasibətləri tendensiyası daim paralellik təşkil edib. Bu gün Azərbaycanda dövlət strukturu olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bu qurum məscidlərin, müqəddəs məkanların fəaliyyətindən tutmuş digər tələb edilən cəhətlərinə dövlət nəzarəti mexanizmini həyata keçirir. O cümlədən, müsəlman dünyası üçün vacib olan bütün əhəmiyyətli təqvimlərdə öz funksiyasını icra edərək hər hansı bir aşırı dinçiliyin, xurafatın və s. sui-istifadəçiliklərin qarşısını alır. Bunun üçün dini ədəbiyyat külliyyatları, kitablar nəşr edilir, proqramlar hazırlanır, KİV sahəsində və s. sahələrdə təbliğat xarakterli layihələr həyata keçirilir və s.

Digər müsəlman ölkələrindən fərqli olaraq “sünni-şiə” kimi ayrıseçkilik meyillərinin ayaq açmasına imkan verilmir

O cümlədən, bu gün Azərbaycanda bütün Qafqazın dini mərkəzi kimi tanınan Qafqaz Müsəlmanları İdarəsi də fəaliyyət göstərir ki, bu idarə də dini qurumlarla məşğul olan komitə ilə müştərək işlər reallaşdırır. Ümumiyyətlə, Azərbaycanda məzhəbçilik, radikalçılıq, yaxud xurafatçılıq kimi islam dininə zidd olan bütün maneələr aradan qaldırılır, ibadət edən şəxslər arasında heç bir fərqlər qoyulmur, necə deyərlər, digər müsəlman ölkələrindən fərqli olaraq “sünni-şiə” kimi ayrıseçkilik meyillərinin ayaq açmasına imkan verilmir.

Eləcə də fakt budur ki, Azərbaycan Şərq və Qərbin ayrıc nöqtəsində yerləşdiyinə görə, hər zaman kənar müdaxilələrə cəhdlər olunsa da, bu cəhdlərin qarşısı məhz məzhəb, din fərqlərinə baxmayaraq, ölkəmizin inanclı kəsimləri tərəfindən rədd edilib. Beləliklə, Azərbaycanda islam dini modeli həm müasir dünyamızla ayaqlaşır, həm də kənar zərərli müdaxilələrdən maksimum şəkildə qorunur.

Bu gün Azərbaycanda dini etiqad azadlığı ilə yanaşı, həm də ibadət edən qadınların da azadlığı, onların haqlarının qorunması, hüquqlarının təmin edilməsi yönündə heç bir maneələr yaradılmır. Təkcə bir maraqlı və mühüm misalı göstərə bilərik: ibadət edən qadınların bir hissəsi ictimai yerlərdə çadra, hicab, ya da çarşab kimi örtüklərdən istifadə etmir, yalnız məscidlərə daxil olarkən, islam dininə hörmət əlaməti olaraq islamın buyurduğu qaydalara əməl edirlər. Yəni küçədə kimsə namaz qılan, ibadət edən qadına deyə bilməz ki, sən niyə başını bağlamırsan, sən nəyə görə ötrünmürsən və s.

Daha bir reallıq: İslam təqviminin önəmli tarixlərində qeyd edilən bayram və matəm mərasimlərində də heç kim məcburi qaydada həmin mərasimlərə qatılmır, hər kəs öz xoşu və iradəsi ilə hərəkət edir. Ümumiyyətlə, dövlət-din tənzimləmələrində xalqımızın inanclı kəsimi hadisələrə tolerantlıqla yanaşırlar və tarixən də belə olub. Lakin daha bir məsələ isə digər ölkələrdəki islam modelləri ilə fərqliliyin olmasıdır.

Səudiyyədə müəyyən “yaşıl işıqlar” yandırılmaqla qadınlara yönəlik imtiyazlar verilməkdədir

Misal üçün, bu gün Səudiyyə Ərəbistanı islam dünyasının mərkəzi olması ilə yanaşı, həm də ciddi mühafizəkarlıq metodlarını tətbiq edir. Təbii ki, bu səbəblərdən biri də din və dövlət idarəçiliyinin bir arada olmasıdır. Daha dəqiq desək, bu ölkədəki qanunlar bilavasitə şəriət qaydaları əsasında fəaliyyət göstərir. Amma buna baxmayaraq, son vaxtlar Səudiyyədə də müəyyən “yaşıl işıqlar” yandırılmaqla qadınlara yönəlik imtiyazlar verilməkdədir. Xüsusilə, qadınlara verilən azadlıqlar baxımından. Bu gün mühafizəkar Səudiyyə Ərəbistanında qadınlar artıq avtomobil idarə edə bilir, əlavə olaraq, siyasətə də qatılaraq ölkə parlamentinə seçilmək imkanları əldə edirlər. Əlbəttə ki, bu kimi məsələlərdə də dövlət tərəfindən müəyyən dərəcəli hədlər qoyulub.

Türkiyədə dini qaydaları fərdi olaraq tətbiq etmə və ya etməmə azadlığı konstitusiya ilə qorunur

Qardaş Türkiyə modeli də öz məxsusi özəllikləri ilə seçilməkdədir.Türkiyə də qardaşı Azərbaycan kimi müsəlman ölkəsi olması ilə yanaşı, həm də dünyəvi dövlətdir. Bu səbəbdən də din və dövlət işləri bir-birindən ayrılıb. Konstitusiyaya görə dini və ya etnik bir siyasi partiyanın yaradılması qadağandır. Respublikanın ilk illərində dinin dövlətin nəzarəti xaricində aparılmaması və dövlət tərəfindən xüsusi orqanlar vasitəsilə nəzarət edilməsinə qərar verilib. Bu qərara əsasən Diyanət İşləri Nazirliyi, Baş Nazirliyə bağlı bir təşkilat olaraq fəaliyyət göstərir. Bu orqan fərdlərə dini xidmətlər göstərmək və məscidlər kimi müsəlman ibadət yerlərini idarə etməkdən məsul tutulur. Habelə, ölkədə dini etiqad və inamsızlıq, dini qaydaları fərdi olaraq tətbiq etmə və ya etməmə azadlığı konstitusiya ilə qorunur.

İranda qadınların şirəli içkilər içdiklərini, kişi ofisiantların onlara xidmətlərini əks etdirən görüntülərinə qadağalar qoyulub

Ancaq bənzər icazələrin digər şəriətlə idarə edilən ölkədə İran İslam Respublikasında da tətbiq olunmasına baxmayaraq, son vaxtlar qadın azadlığı və hüququ ilə bağlı ciddi baryerlər qoyulmaqdadır. Bu günlərdə qəbul edilən qanun, yaxud verilən fətvaya əsasən, İran televiziyalarındakı süjetlərdə, eləcə də yazılı, elektron media qurumlarında qadınların şirəli içkilər (xüsusilə qırmızı rəngli) içdiklərini və ya kişi ofisiantların onlara xidmətlərini əks etdirən görüntülərini nümayiş etdirmək qadağan olunub. Düzdür, bu gün İranda qadınlar avtomobil idarə edir, parlamentə seçilir, müxtəlif dövlət qurumlarında fəaliyyət göstərirlər, amma belə gedərsə, ölkədə bu xüsusda da qadağaların qüvvəyə minməyəcəyini kimsə iddia edə bilməz.

Qurani Kərimdə yer alan Ayətül-Kürsidə ən önəmli Allah kəlamı yer alıb – “Lə ikrahə fiddin”

Və maraqlıdır ki, bu gün Azərbaycanda da mövcud olan, eləcə də “irançı” adlandırılan bəzi dırnaqarası “mömin” və “möminələr” sözdə “islam respublikası” adı altındakı sərsəm ideyalarını ən radikal və dağıdıcılıq yolları ilə tətbiq olunmasını tələb edir, qeyri-qanuni çağırışlar etməklə ölkəmizdəki sivil, demokratik və müasir dünya ilə ayaqlaşan konstitusion quruluşuna qarşı İrandakı ağalarının “fətvalarını” icra etməklə cəhdlər göstərirlər. Söz yox ki, bu cəhdlərin də qarşısı alınır - xalq-dövlət vəhdəti, habelə dinçi, məzhəbçi radikalizmə yox deməyi bacaran vətəmdaşlarımız bu kimi zərərli tendensiyaların qarşısını qətiyyətlə alır.

Sonda isə bir reallığı xatırlatmaq yerinə düşərdi. Müqəddəs Qurani Kərimdə yer alan Ayətül-Kürsidə ən önəmli Allah kəlamı yer alıb – “Lə ikrahə fiddin”, yəni Dində məcburiyyət yoxdur!

Və əgər kimlərsə öz kirli maraqlarını həm də sui-istifadə etdiyi islam dini ilə xalqa sırımağa cəhdlər göstərirlərsə, onlar biavasitə Allahın kəlamlarına qarşı çıxmış olurlar. Yəni qısa desək, bu gün islam dinindən öz şəxsi mənfəətləri, qazanc mənbəyi , kirli siyasi maraqları yönündə istifadə edənlər gerçəklikdə bu pak, təmiz və mənəvi dəyərləri təbliğ edən İlahi sözləri yerdən-yerə vurmuş olurlar. Bu varsa, demək ki, belələrinin nə islama, nə müsəlmançılığa, nə də ümumiyyətlə, imana heç bir aiddiyyatları yoxdur, ola da bilməz!

Bu gün Allah ona dua edən əsl ibadət edənlərin və o cümlədən, Azərbaycanın yanındadır!

Azərbaycan dövləti isə öz qürurlu, zəfərli yolunu davam etdirir və bu gün ölkəmizin bütün bölgələrində dinin demokratik təbliği, sivil mövcudluğu yönündə münbit addımlar atılır – İlahiyyat üzrə ali tədris müəssisələri fəaliyyət göstərir, yerlərdə mədrəsələr, Quran kursları açılır, məscidlər tikilir və inanclı vətəndaşların istifadələrinə verilir. Bugünlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin erməni işğalından azad edilmiş Hadrut qəsəbəsini ziyarət etməsi və orada böyük və gözəlliyi ilə hər kəsi heyran edəcək məscidin inşa olunması barədə fikir bildirməsi, habelə daha əvvəl Onun ölkəmizin birinci xanımı Mehriban Əliyeva ilə birgə işğaldan azad edilmiş digər torpaqlarımızda viranə qoyulmuş məscidlərimizi ziyarət etməsi, ibadət məkanlarına müqəddəs Quran kitablarını hədiyyə etməsi - bütün bunlar bilavasitə Allaha olan bağlılığın, imanın bariz göstərici kimi də dəyərləndirilməlidir. Bu gün Allah ona dua edən əsl ibadət edənlərin və o cümlədən, Azərbaycanın yanındadır!

Rövşən RƏSULOV

Digər xəbərlər