PDF Oxu

Siyasət

  • 446

Beynəlxalq hüququn aliliyi sülhün və ədalətin əsas təminatıdır - ŞƏRH

image

Müasir dünyada müharibələrin və silahlı qarşıdurmaların genişlənməsi, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların seçmə qaydada icra olunması və ikili standartların dərinləşməsi qlobal təhlükəsizlik sisteminə inamı zəiflədir. Dövlətlər arasında münasibətləri tənzimləməli olan hüquqi prinsiplərin siyasi maraqlardan asılı vəziyyətə düşməsi yeni münaqişələrin yaranmasına, mövcud qarşıdurmaların isə uzun müddət davam etməsinə şərait yaradır. Belə bir dövrdə beynəlxalq hüququn aliliyinin təmin edilməsi yalnız ayrı-ayrı dövlətlərin deyil, bütün beynəlxalq birliyin qarşısında duran əsas vəzifəyə çevrilmişdir.
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər beynəlxalq münasibətlər sistemində yaranmış böhranın mahiyyətini aydın şəkildə göstərmişdir. Dövlətimizin başçısı beynəlxalq hüquqdan başqa ümumi qəbul olunmuş mexanizmin olmadığını bildirməklə yanaşı, onun normalarının bir çox hallarda pozulduğunu və dünyada “kim güclüdürsə, o da haqlıdır” yanaşmasının üstünlük təşkil etdiyini vurğulamışdır. Bu vəziyyət dünya nizamının hüquqa deyil, güc amilinə əsaslanması təhlükəsini meydana çıxarır.
Beynəlxalq hüquq bütün dövlətlərin suveren bərabərliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına və daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanır. Bu normalar dövlətlərin böyüklüyündən, hərbi və iqtisadi imkanlarından asılı olmayaraq hamıya eyni qaydada tətbiq edilməlidir. Lakin təcrübədə güclü dövlətlərin maraqlarının hüquqi öhdəliklərdən üstün tutulması, eyni hadisələrə fərqli yanaşmaların nümayiş etdirilməsi və beynəlxalq təşkilatların qərarlarının seçmə üsulla icra olunması ədalət prinsipini ciddi şəkildə sarsıdır.
Azərbaycan beynəlxalq hüququn işləməməsinin ağır nəticələri ilə uzun illər üzləşmiş dövlətdir. Ermənistan tərəfindən torpaqlarımızın təxminən 30 il işğal altında saxlanılması dövründə Azərbaycanın ərazi bütövlüyü kobud şəkildə pozulmuş, bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, şəhər və kəndlərimiz dağıdılmış, tarixi-mədəni irsimiz məhv edilmişdir. Bütün bunlara baxmayaraq, beynəlxalq təhlükəsizliyin təmin edilməsinə məsul olan təşkilatlar işğalın aradan qaldırılması üçün təsirli tədbirlər görməmişlər.
BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı dörd qətnamə qəbul etmişdi. Həmin sənədlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təsdiqlənmiş, işğalçı qüvvələrin torpaqlarımızdan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdu. Lakin qətnamələr təxminən 30 il ərzində kağız üzərində qalmış, onların həyata keçirilməsi üçün heç bir təsirli mexanizm işə salınmamışdı. Beynəlxalq hüququn icrasına cavabdeh qurumların fəaliyyətsizliyi işğalın davam etməsinə və münaqişənin həllinin onilliklər boyu uzanmasına səbəb olmuşdu.
Prezident İlham Əliyevin beynəlxalq hüququn iflic vəziyyətinə düşməsi barədə fikri məhz bu tarixi təcrübəyə əsaslanır. Bu vəziyyət öz-özünə yaranmamışdı. BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasını təmin etməli olduğu halda, üzərinə düşən vəzifəni yerinə yetirməmişdi. Bəzi hallarda qətnamələrin qısa müddətdə icra olunması, Azərbaycana münasibətdə isə eyni prinsipiallığın göstərilməməsi beynəlxalq sistemdəki ikili standartların ən açıq nümunələrindən biri olmuşdur.
Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllinə sadiqlik nümayiş etdirmiş, danışıqlar prosesində konstruktiv mövqe tutmuşdu. Lakin vasitəçilik missiyasını yerinə yetirən təsisatlar işğalçı dövlətə qarşı real təzyiq göstərməmiş, status-kvonun qorunmasına xidmət edən fəaliyyətsizlik nümayiş etdirmişdilər. Ermənistan isə cəzasızlıq mühitindən istifadə edərək işğalı möhkəmləndirməyə, qeyri-qanuni məskunlaşdırma aparmağa və danışıqlar prosesini sonsuzadək uzatmağa çalışmışdı.
Nəticədə Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və tarixi ədaləti öz gücü hesabına bərpa etməli olmuşdu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə və 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edilmişdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmayan qətnamələrini özü həyata keçirmiş, beynəlxalq hüquqa əsaslanan haqqını döyüş meydanında təmin etmişdi.
Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq təşkilatların qərarlarının icra mexanizmi olmadıqda hüquqi sənədlər real nəticə yaratmır. Qətnamələr yalnız siyasi maraqlara uyğun gəldiyi zaman həyata keçirilirsə, beynəlxalq hüququn universallığı və etibarlılığı aradan qalxır. Belə vəziyyətdə kiçik və orta dövlətlərin hüquqlarının qorunması çətinləşir, güc tətbiqinə əsaslanan münasibətlər sistemi formalaşır. Bu isə ayrı-ayrı regionlarda yeni müharibələrin və humanitar faciələrin baş verməsi riskini artırır.
Dövlətlərin beynəlxalq hüquqa inamının bərpası üçün ilk növbədə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qəbul olunan qətnamələrin icrasını təmin edən təsirli mexanizmlər hazırlanmalıdır. Qərarlar bütün dövlətlərə eyni qaydada tətbiq olunmalı, onların icrası siyasi və geosiyasi maraqlardan asılı olmamalıdır. Beynəlxalq təşkilatlar münaqişələrin nəticələri ilə məşğul olmaqla kifayətlənməməli, hüquq pozuntularının qarşısının vaxtında alınmasına və ədalətli həll yollarının tapılmasına çalışmalıdırlar.
Prezident İlham Əliyevin mövqeyində mühüm məqamlardan biri də beynəlxalq hüququn aliliyinin kollektiv şəkildə müdafiə olunmasıdır. Ayrı-ayrı dövlətlərin mövcud ikili standartlara qarşı təkbaşına mübarizə aparması olduqca çətindir. Bu baxımdan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beynəlxalq hüququn prinsiplərinə əsaslanan ortaq mövqe nümayiş etdirməsi xüsusi əhəmiyyət daşıyır. TDT yalnız öz mövqeyini bəyan edən deyil, ümumi maraqları və ədalətli prinsipləri beynəlxalq səviyyədə müdafiə etmək gücünə malik təşkilata çevrilməlidir.
Türk dövlətlərinin geniş coğrafiyası, artan siyasi və iqtisadi potensialı, zəngin enerji ehtiyatları və mühüm nəqliyyat yollarına nəzarət imkanları təşkilatın beynəlxalq proseslərə təsirini artırır. Bu imkanların uzlaşdırılması TDT-nin beynəlxalq hüququn müdafiəsində daha fəal mövqe tutmasına şərait yarada bilər. Üzv ölkələrin beynəlxalq platformalarda bir-birini dəstəkləməsi, suverenlik və ərazi bütövlüyü məsələlərində prinsipial mövqe nümayiş etdirməsi Türk dünyasının ortaq maraqlarının qorunmasına xidmət edir.
Beynəlxalq hüququn üstünlüyünün müdafiəsi münaqişələrin qarşısının alınması baxımından da mühüm əhəmiyyət daşıyır. Hüquq normalarını pozan tərəf cəzasız qalacağına əmin olduqda təcavüz və işğal siyasətinə daha asanlıqla əl ata bilər. Ədalətli və ardıcıl beynəlxalq reaksiya isə bu cür addımların qarşısını alan əsas vasitələrdən biridir. Buna görə də hüququn aliliyi yalnız baş vermiş münaqişələrin həlli deyil, eyni zamanda, yeni qarşıdurmaların yaranmasına imkan verməyən təhlükəsizlik mexanizmidir.
Azərbaycanın bu məsələdə mövqeyi onun yaşadığı tarixi təcrübə ilə yanaşı, hazırda həyata keçirdiyi sülh gündəliyində də özünü göstərir. Ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan regionda uzunmüddətli sülhün, əməkdaşlığın və qarşılıqlı etimadın formalaşdırılmasını dəstəkləyir. Ölkəmiz münasibətlərin suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və qarşılıqlı hörmət prinsipləri əsasında qurulmasını vacib hesab edir. Bu yanaşma göstərir ki, güclü Azərbaycan öz hüquqlarını qorumaqla yanaşı, regionun dinc gələcəyinə də məsuliyyətlə yanaşır.
Prezident İlham Əliyevin qaldırdığı məsələlər beynəlxalq təhlükəsizlik sistemində əsaslı islahatlara ehtiyac olduğunu göstərir. BMT və digər beynəlxalq təsisatlar yalnız bəyanatlar qəbul edən deyil, qərarlarının icrasını təmin edən səmərəli mexanizmlərə malik olmalıdırlar. Dövlətlərə münasibətdə seçici yanaşma aradan qaldırılmalı, beynəlxalq hüququn prinsipləri siyasi maraqlardan üstün tutulmalıdır.
Dünyada davamlı sülh yalnız güc balansı ilə deyil, ədalətli və hamı üçün eyni qaydada işləyən hüquq sistemi ilə təmin oluna bilər. Azərbaycanın keçdiyi yol sübut edir ki, beynəlxalq hüququn icrasız qalması münaqişələri dərinləşdirir, cəzasızlıq isə yeni ədalətsizliklər yaradır. Buna görə də beynəlxalq hüququn aliliyinin təmin olunması, qəbul edilmiş qərarların icrası və ikili standartlardan imtina edilməsi müasir dünya nizamının əsas şərtinə çevrilməlidir. Bu prinsiplərin müdafiəsi həm ayrı-ayrı dövlətlərin təhlükəsizliyinə, həm də bəşəriyyətin daha ədalətli və sabit gələcəyinə xidmət edir.

Pikə Ağaverdiyeva,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Astanlı kənd tam orta məktəbin direktor müavini

Digər xəbərlər