Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşü Türk dünyasında qarşılıqlı əməkdaşlığın mühüm istiqamətlərindən biri olan təhlükəsizlik məsələlərinin diqqət mərkəzində saxlanıldığını nümayiş etdirdi. Sentyabrın 17-də Bakıda keçirilən görüşdə TDT Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş, Özbəkistan Prezidentinin yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov, Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekov, Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva və Şimali Kipr Türk Respublikasının Baş nazirinin müşaviri Mehmet Ağan iştirak ediblər.
Dövlət başçısının görüş zamanı səsləndirdiyi fikirlər təhlükəsizliyin müasir dövrdə yalnız ayrı-ayrı dövlətlərin deyil, qarşılıqlı əlaqədə olan ölkələrin birgə fəaliyyətini tələb edən mühüm sahə olduğunu göstərir. Prezident İlham Əliyev dövlət təhlükəsizliyinə cavabdeh qurumların fəaliyyətinin əlaqələndirilməsini, məlumat və operativ məlumat mübadiləsinin genişləndirilməsini, birgə fəaliyyətin gücləndirilməsini, mövcud təhdidlərə qarşı mübarizənin, xüsusilə də mümkün təhlükələrin əvvəlcədən müəyyənləşdirilməsi və qarşısının alınmasının vacibliyini vurğulayıb.
Bu yanaşma təhlükəsizlik siyasətində profilaktik tədbirlərin əhəmiyyətini ön plana çıxarır. Müasir dünyada terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun təhlükəsizliyi kimi məsələlər dövlətlərarası əməkdaşlığın zəruriliyini artırır. Prezidentin çıxışında da məhz koordinasiya və məlumat mübadiləsinin təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
Bakıda keçirilən görüş TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı ilə də bağlı mühüm siyasi və institusional əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin tədbir iştirakçılarına müraciətində qeyd edildiyi kimi, belə görüşlərin mütəmadi keçirilməsi ortaq qlobal və regional təhdidlərin müəyyənləşdirilməsi və onların neytrallaşdırılması yollarının araşdırılması baxımından əhəmiyyətlidir. Eyni zamanda bu əməkdaşlığın TDT məkanında ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasına xidmət etdiyi vurğulanıb.
Prezident İlham Əliyev çıxışında təhlükəsizlik sahəsində məlumat və təcrübə mübadiləsinə xüsusi diqqət yetirib. Onun fikrincə, ölkələrin təhlükəsizlik qurumlarının bir araya gəlməsi zəif nöqtələrin müəyyənləşdirilməsi, mümkün təhlükə kanallarının vaxtında aşkarlanması və xaricdən yarana biləcək risklərə qarşı daha səmərəli tədbirlərin görülməsi baxımından faydalıdır. Bu, təhlükəsizliyin yalnız hadisələrə reaksiya verməklə deyil, təhlükələri əvvəlcədən müəyyənləşdirərək onların qarşısını almaqla təmin edilməsinin vacibliyini göstərir.
Görüşün digər mühüm istiqaməti Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri ilə bağlı olub. Prezident İlham Əliyev TDT-nin dövlət başçılarının müntəzəm Zirvə görüşlərinin əhəmiyyətini qeyd etməklə yanaşı, Azərbaycanın təşəbbüsü ilə qeyri-rəsmi Zirvə görüşlərinin də keçirilməyə başladığını bildirib. Dövlət başçısının mövqeyinə görə, liderlərin daha sıx təmasları təşkilat daxilində qarşılıqlı anlaşmanın, həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.
Prezidentin çıxışında Türk dünyasının ortaq tarixi, dili, mədəniyyəti və ənənələri də xüsusi yer tutur. TDT-yə üzv və müşahidəçi ölkələr arasında tarixi-mədəni bağların siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıqla tamamlanması təşkilatın institusional inkişafının əsas istiqamətlərindən biri kimi təqdim olunur. Bu baxımdan təhlükəsizlik sahəsində əlaqələrin dərinləşdirilməsi ümumi əməkdaşlıq gündəliyinin mühüm hissəsini təşkil edir.
Azərbaycanın TDT daxilində təhlükəsizlik əməkdaşlığının inkişafına verdiyi əhəmiyyət Bakıda belə bir toplantının keçirilməsi ilə də özünü göstərir. Təhlükəsizlik Şuraları katiblərinin toplantısının ilk dəfə Azərbaycanda keçirilməsi ölkənin bu sahədə dialoqun inkişafına verdiyi önəmi nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlətçilik təcrübəsinə də toxunub. O bildirib ki, müasir müstəqillik dövrü baxımından Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi dövlətlərin müstəqillik tarixləri nisbətən yenidir, lakin bu müddət ərzində həmin ölkələr müxtəlif mürəkkəb sınaqlardan keçiblər. Dövlət başçısı qarşıdakı mərhələdə əsas diqqətin birgə fəaliyyətin, qarşılıqlı əlaqələrin və TDT-nin beynəlxalq arenadakı rolunun gücləndirilməsinə yönəldilməsinin vacibliyini qeyd edib.
Görüşdə təhlükəsizlik məsələlərinin TDT-nin digər əməkdaşlıq istiqamətləri ilə əlaqəsi də diqqət çəkib. Çünki müasir beynəlxalq münasibətlər sistemində siyasi sabitlik, iqtisadi inkişaf, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya əlaqələri bir-birini tamamlayan sahələrdir. Təşkilat daxilində təhlükəsizlik üzrə əməkdaşlığın genişlənməsi digər istiqamətlərdə qarşılıqlı fəaliyyət üçün də institusional imkanları artırır.
Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memiş görüş zamanı çıxış edərək TDT məkanında ölkələrin əməkdaşlığının regional sabitlik baxımından əhəmiyyətinə toxunub. O, beynəlxalq hüquqa və beynəlxalq prinsiplərə bağlılığın vacibliyini vurğulayıb və TDT-nin beynəlxalq təhlükəsizlik, enerji təhlükəsizliyi, ticarət və nəqliyyat bağlantıları kimi məsələlərdə rolunun artırılmasının zəruriliyini qeyd edib. Bu fikirlər görüşün təhlükəsizlik gündəliyinin daha geniş regional və beynəlxalq proseslərlə bağlı olduğunu göstərir.
Azərbaycanın mövqeyində təhlükəsizlik əməkdaşlığının əsas xüsusiyyətlərindən biri qarşılıqlı etimad və koordinasiyadır. TDT ölkələrinin təhlükəsizlik strukturlarının mütəmadi təmasları qarşıya çıxan risklər haqqında məlumatların bölüşdürülməsi, təcrübə mübadiləsinin aparılması və müvafiq qurumlar arasında operativ əlaqələrin gücləndirilməsi üçün platforma yaradır.
Prezident İlham Əliyevin çıxışında həmçinin Türk dünyasının gələcək inkişafı məsələsi mühüm yer tutub. Dövlət başçısı TDT-ni birgə səylərlə aparıcı beynəlxalq institutlardan və təşkilatlardan birinə çevirmək məqsədinin qarşıda dayandığını bildirib. Bunun üçün təşkilatın üzv ölkələri arasında siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın TDT çərçivəsində irəli sürdüyü təşəbbüslər təşkilatın institusional inkişafının sürətləndirilməsi məqsədi daşıyır. Qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi də liderlər arasında daha sıx dialoqun yaradılması baxımından mühüm mexanizm kimi təqdim edilir. Prezident İlham Əliyev çıxışında dövlət başçılarının ildə bir dəfə görüşməsinin kifayət etmədiyini bildirərək daha intensiv təmasların vacibliyini qeyd edib.
Bu kontekstdə Bakı görüşü yalnız təhlükəsizlik qurumlarının rəhbərlərinin toplantısı kimi deyil, Türk dünyasında təhlükəsizlik dialoqunun inkişafının növbəti mərhələsi kimi də xarakterizə olunur. Burada əsas məqsəd dövlətlərin təhlükəsizlik imkanlarını bir-birini tamamlayan əməkdaşlıq mexanizmləri ilə gücləndirmək, potensial riskləri vaxtında müəyyənləşdirmək və qarşılıqlı fəaliyyətin səmərəliliyini artırmaqdır.
Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər göstərir ki, Azərbaycan TDT məkanında təhlükəsizlik məsələlərinin sistemli və koordinasiyalı şəkildə müzakirə edilməsini vacib hesab edir. Bu yanaşma həm regional təhlükəsizlik mühitinin dəyişməsi, həm də yeni risklərin meydana çıxması fonunda aktualdır.
Nəticə etibarilə, 17 sentyabr 2026-cı ildə Bakıda keçirilən görüş Türk Dövlətləri Təşkilatı daxilində təhlükəsizlik əməkdaşlığının gündəlikdə mühüm yer tutduğunu bir daha nümayiş etdirdi. Görüşdə məlumat və təcrübə mübadiləsi, təhlükələrin qabaqlanması, təhlükəsizlik qurumları arasında koordinasiyanın gücləndirilməsi və TDT-nin beynəlxalq rolunun artırılması kimi istiqamətlər ön plana çəkildi.
Bu baxımdan Prezident İlham Əliyevin çıxışı Türk Dövlətləri Təşkilatının gələcək inkişafında təhlükəsizlik məsələlərinin strateji əhəmiyyətini vurğulayan mühüm siyasi mesajlar baxımından diqqət çəkir. Türk dünyasında mövcud əməkdaşlıq mexanizmlərinin daha da inkişaf etdirilməsi, təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi və ortaq çağırışlara birgə yanaşmaların formalaşdırılması təşkilatın gündəliyində mühüm yer tutur. Bakı görüşü də bu istiqamətdə davamlı dialoqun və koordinasiyanın əhəmiyyətini nümayiş etdirən mühüm tədbirlərdən biri kimi yadda qaldı.
Xəyyam Vəliyev,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı