Analitika

  • 3 087

DÜNYANIN EHTİRAMLA YANAŞDIĞI LİDER TƏHLİL

image

Prezident İlham Əliyevə ünvanlanan təbrik məktubları Azərbaycan Prezidentinin beynəlxalq aləmdəki nüfuzunun təcəssümüdür

Tarix sübut edir ki, hər bir dövlətin istər inkişafında, istər nüfuzunun formalaşmasında, istərsə də qlobal proseslərdəki iştirak səviyyəsində lider amili böyük rol oynayır. Elə Azərbaycanın geridə qoyduğu 30 illik müstəqillik yolu əsl siyasi liderlərin xalqların və dövlətlərin həyatında nə qədər vacib rol oynadığını göstərən möhtəşəm tarixi və politoloji nümunədir. İnkaredilməz reallıqdır ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, ulu öndər Heydər Əliyev olub. İctimai-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. İstər 1969-cu il iyulun 14-dən - Ulu Öndərin ilk dəfə siyasi hakimiyyətə gəldiyi və istərsə də 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməklə Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.

Bu gün isə, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və dinamik inkişafa nail olub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlətimizin başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Məhz 30 ilə yaxın işğal altında olan torpaqlarımız DÜNYANIN EHTİRAMLA YANAŞDIĞI LİDER, Ali Baş Komandan Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Müzəffər Ordumuzun rəşadətli əsgər və zabitlərinin igidliyi ilə 44 günlük Vətən müharibəsində azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı işğaldan azad edən müzəffər Sərkərdə oldu. Bu, həm də Prezidentin ata vəsiyyətini yerinə yetirməsi demək idi. Artıq Ulu Öndərin ruhu şaddır ki, Vətən torpaqlarımız erməni işğalından azad olunub. İndi ölkəmizin qarşısında mühüm vəzifələr durur. Qarşıda dayanan əsas vəzifə isə işğaldan azad edilmiş ərazilərin bərpası və insanların öz doğma yurdlarına qayıtmasıdır. Bütün bu uğurlar məhz Qalib Lider Prezident İlham Əliyev cənablarının diplomatiyasının nəticəsidir. Bu gün dünyanın güclü dövlətlərinin liderlərinin istər Qələbə Zəfərimizlə, istərsə də 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlanan bütün məktublar sübut edir ki, Azərbaycanın dünyadakı nüfuzu Vətən müharibəsindəki qələbəmizdən, biz tarixi ədaləti bərpa etdikdən sonra daha da artıb.

PREZİDENT İLHAM ƏLİYEVƏ ÜNVANLANAN TƏBRİK MƏKTUBLARINDA QEYD EDİLƏN FİKİRLƏR AZƏRBAYCANIN QAZANDIĞI UĞURLARIN TƏSDİQİDİR

Bəli, təbrik məktublarının ardıcıl olaraq gəlməsi həm də dünya liderlərinin Prezident İlham Əliyevin şəxsinə olan hörmətdən gedir. Çünki bu gün Cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycan dünyada çəkisi və rolu artan bir ölkəyə çevrilib. Ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirdi, bölgədə yaratdığı yeni reallıqlarla dünya siyasətinə təsir imkanlarını artırdı. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istər multikultural dəyərlərin inkişafı, istərsə də iqtisadi tərəqqi baxımından yeni model təqdim edir. Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarının hər birində qeyd edilən fikirlər, faktlar da Azərbaycan dövlətinin və xalqının əldə etdiyi uğurların təsdiqidir. Azərbaycanın beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rolu önə çəkilərək qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində yeni yanaşma özünü qabarıq şəkildə büruzə verir. Təbrik məktublarının hər birində strateji tərəfdaşlığın və səmərəli əməkdaşlığın möhkəmləndirilməsinə böyük inam ifadə edilir.

ABŞ PREZİDENTİ AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI YÜKSƏK QİYMƏTLƏNDİRİR

Məsələn, ABŞ Prezidenti Cozef Bayden Bakı Enerji Həftəsi ilə bağlı dövlətimizin başçısına ünvanladığı təbrik məktubunda Azərbaycanın enerji sahəsində gördüyü işləri yüksək qiymətləndirib. Həmçinin bu gün Avropanın enerji təhlükəsizliyində ölkəmizin böyük rolu olduğunu qeyd edib. ABŞ Prezidenti bundan əvvəl Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda da Azərbaycanla əməkdaşlığın yüksək dəyərləndirildiyini qeyd edərək regionda yaratdığımız yeni reallığı dəstəklədiyini bildirib: «Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir».

Həmçinin məktubda o da bildirilir ki, Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.

PREZİDENT İLHAM ƏLİYEV: “BİRLƏŞMİŞ ŞTATLAR VƏ BİRLƏŞMİŞ KRALLIQ ENERJİ SİYASƏTİMİZİN BÜTÜN MƏRHƏLƏLƏRİNDƏ BİZƏ HƏR ZAMAN BÖYÜK DƏSTƏK VERİBLƏR”

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib ki, biz Cənub Qaz Dəhlizinin komanda üzvləri, o cümlədən hökumətləri ilə fəal dialoqu davam etdirməliyik. Mən Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin - Türkiyənin, Gürcüstanın, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın hökumətlərinə fəal əməkdaşlıq etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm.«Hazırda yeni çağırışların və tələbatların olduğunu nəzərə alaraq, əlbəttə, biz artıq digər potensial istehlakçı ilə danışıqlar prosesindəyik. Lakin bunun üçün yalnız bizim səylər kifayət olmayacaq. Avropada infrastruktura, yeni interkonnektorların tikintisinə yatırımlar olmalıdır və yeni şərtlər üzərində razılıq əldə edilməlidir”, - deyə dövlətimizin başçısı qeyd edib. Prezident diqqətə çatdırıb ki, Azərbaycan bu prosesin sürətləndirilməsi üçün əlindən gələni edəcək və bu, artıq başlayıb.

Birləşmiş Ştatların və Birləşmiş Krallığın hökumətlərinə də təşəkkürünü bildirən Azərbaycan Prezidenti deyib: “Onlar enerji siyasətimizin və fəaliyyətimizin bütün mərhələlərində bizə hər zaman böyük dəstək veriblər. Biz həmin böyük dəstəklə bu nəticələrə nail ola bildik. Mən, həmçinin beynəlxalq maliyyə təsisatlarına – Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Asiya İnkişaf Bankına, Avropa İnvestisiya Bankına, Asiyanın İnfrastruktur və İnvestisiya Bankına, yəni Cənub Qaz Dəhlizini maliyyələşdirmiş bütün banklara təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, onlar, həmçinin bizim yeni planlarımızın həyata keçirilməsi, xüsusilə də Trans-Adriatik boru kəmərinin genişləndirilməsinə də dəstək verəcəklər. Bunun uçun tələb olunan siyasi iradə və potensial var”. Göründüyü kimi, Azərbaycanın neft strategiyasının həyata keçirilməsini ilk gündən dəstəkləyən ölkələrdən biri də Amerika Birləşmiş Ştatları oldu. Bu illər ərzində neft və qaz ixracımızın həyata keçirilməsi üçün ərsəyə gətirdiyimiz marşrutlar bu gün daha çox əhəmiyyət kəsb edir. Qərbin sanksiyalarının tətbiqi nəticəsində Rusiyanın neftindən və qazından imtina edilməsi istiqamətində addımlar atıldığı bir zamanda Azərbaycanın enerji ehtiyatları əvəzsiz rol almaqdadır. Ümumiyyətlə, Azərbaycanın iştirak etdiyi bütün layihələr nəinki ölkəmiz üçün, həm də dünya iqtisadiyyatının sabitləşməsində böyük rol oynayır. Bir sözlə, ABŞ Prezidentinin dövlətimizin başçısına göndərdiyi təbrik məktubları ölkəmizin apardığı siyasəti dəstəklədiyinin göstəricisidir. Göründüyü kimi, ölkəmizin artan nüfuzunun göstəricisi kimi dəyərləndirilən dünya liderlərinin təbriklərində bu əminlik vurğulanır ki, qarşıdakı illərdə Qarabağ və işğaldan azad edilən torpaqlarımız da regionun tərəqqisində iştirak edəcək. Azərbaycanın bu əraziləri bundan sonra sülh, anlaşma, rifah, əmin-amanlığın təminatçısı kimi çıxış edəcək. Yekun olaraq, 28 May – Müstəqillik Günü münasibətilə ünvanlanan təbrik məktublarında xüsusi qeyd edilən sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə nəzərəçarpan uğurlarımız möhkəm təmələ əsaslanan siyasətin təntənəsidir. Bütövlükdə Prezident İlham Əliyevə ünvanlanan dünya liderlərinin məktub və zəngləri dövlətimizin başçısının həyata keçirdiyi siyasətin dünyanın aparıcı gücləri tərəfindən ehtiramla qarşılanmasının və qəbul edilməsinin göstəricisidir. Eyni zamanda, bütün bunlar Azərbaycanın regionda və dünyada nüfuzlu söz sahibi olan dövlətlərdən biri kimi çıxış etməsini təsdiq edən mühüm siyasi faktordur.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər