Analitika

  • 2 946

HEÇ KİM QANUNDAN ÜSTÜN OLA BİLMƏZ TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “Dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm”

Son illər Prezident İlham Əliyev tərəfindən bir çox sahələrdə olduğu kimi, icraedici hakimiyyətdə ciddi struktur islahatları sürətlənib. Dövlət başçısı fəaliyyətində ciddi nöqsanlara yol verən, verilən vəzifələrin öhdəsindən gələ bilməyən icra başçılarına çıxarıb, onların yerlərinə isə daha gənc kadrlar təyin edib.Ölkə başçısı həm icra başçıları ilə görüşlərdə, həm də müxtəlif müşavirə və konfranslarda icra başçılarına ciddi xəbərdarlıqlar edərək bildirib ki, vəzifəsinin öhdəsindən gələ bilməyən, xalqa xidmət etməyi bacarmayan icra başçılarına güzəşt edilməyəcək. Dövlət başçısı yeni təyin olunan başçıları qəbulu zamanı daim insanlarla təmasda olmağı, onların problemlərinin həll olunmasında laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında bu bir nömrəli vəzifə olmalıdır.
“ƏFSUSLAR OLSUN Kİ, BƏZİLƏRİ ƏYRİ YOLLA GEDİBLƏR VƏ BU GÜN BUNUN ACISINI ÇƏKİRLƏR. BU, HƏR BİR DÖVLƏT MƏMURU ÜÇÜN DƏRS OLMALIDIR”
Elə bu günlərdə Masallı, Lerik və Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən söyləyib ki, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq.Dövlət başçısı son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldüyünü, böyük infrastruktur layihələri icra edildiyini və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsinin aradan qalxdığını bildirib: “Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi. Xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Mənim göstərişimlə Lerikə qaz çəkildi. Üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir. Ancaq biz imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışıq”.
“AZƏRBAYCANIN ÇOX BÖYÜK POTENSİALI VAR, İMKAN VERƏ BİLMƏRİK Kİ, KİMSƏ BİZİM UĞURLU İNKİŞAFIMIZA KÖLGƏ SALSIN”
“Azərbaycanın çox böyük perspektivləri var, çox böyük potensialı var, xüsusilə İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən sonra ki, biz bu ədalətsizliyə də son qoyduq, öz gücümüzlə tarixi ədaləti bərpa etdik. Biz müzəffər xalq kimi yaşayırıq, ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın»,-deyən dövlət başçısı bildirib ki, indi bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi yerləşməyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri. İndi hər şey göz qabağındadır. Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır. İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq: «İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
“HEÇ KİM QANUNDAN ÜSTÜN OLA BİLMƏZ”
Dövlət başçısı infrastruktur layihələrin həyat keçirilməsi ilə bağlı iş yerlərinin yaradılması, sahibkarların bölgələrdə bütün quruculuq işlərində fəal iştirak etməsinini vurğulayaraq bildirib ki, hər rayon üzrə kvota var: «Əfsuslar olsun ki, bəzi rayonlarda bu işlərə cəlb ediləcək insanlar işlərə cəlb olunmamış, əksinə, onlara çatacaq vəsait rayon icra başçıları və digər məsul şəxslər tərəfindən mənimsənilmişdir». Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz". Dövlət başçısı onu da vurğulayıb ki, bütün icra başçılarını vəzifəyə təyin edərkən onlara tapşırıq və göstərişləri o olub ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar: “Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.“Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz”,-deyən dövlət başçısı bildirib ki, elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır: “Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq”.
“SOSİAL ƏDALƏT, BÜTÖVLÜKDƏ ƏDALƏT PRİNSİPLƏRİ CƏMİYYƏTİN ƏSAS PRİNSİPLƏRİNDƏN BİRİDİR VƏ SAĞLAM CƏMİYYƏTDƏ ƏDALƏT HÖKM SÜRÜR”
Prezident İlham Əliyev yeni təyin olunan icra başçılarına fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etmələrini bir daha tapşırda: “Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Bizim siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi”. Dövlət başçısı çıxışı zamanı ölkəmizdə sahibkarlığını inkişaf dövlətin dəstəyinin daima oluğunu bildirib: «Sahibkarlıq inkişaf edir, mən bunu dəstəkləyirəm və bunun üçün bir çox addımlar atılır. Ancaq burada da bütün qaydalara riayət edilməlidir, xüsusilə həm inşaatda, həm kənd təsərrüfatı sahəsində, turizm sahəsində. Baxmaq lazımdır, yaradılan obyekt nə dərəcədə bu və ya digər bölgənin memarlıq üslubuna cavab verir, nə dərəcədə müasir normalara cavab verir, bunun inşaat zamanı əmsalı normalara uyğundur, yoxsa yox».Dövlətimizin başçısı, həmçinin bildirib: “Əfsuslar olsun ki, vaxtilə Bakı şəhərində inşa edilmiş bir çox hündürmərtəbəli binalar indi heç bir şəhərsalma normalarına uyğun gəlmir. Nə üçün? Çünki qanunsuz işlər görülüb. Rayon icra başçıları qanunsuz icazələr verib və bunun nəticəsində də faktiki olaraq şəhərsalma prinsiplərinə böyük zərbə dəyib. Ona görə indi bunları düzəltmək çox çətindir. Amma biz indi bu mərhələdə imkan verə bilmərik ki, inşaatda şəhərsalma normaları pozulsun. Məsələn, işğaldan azad edilmiş rayonlarda bütün şəhərsalma, ekoloji normalar 100 faiz gözlənilir, özü də dünyanın ən inkişaf etmiş ölkələrinin standartları əsasında”.
“BİZ KİMİNSƏ TAMAHINA GÖRƏ ÖLKƏMİZİN UĞURLU İNKİŞAFINA KÖLGƏ SALA BİLMƏRİK”
Prezident İlham Əliyev onu da bildirib ki, bu gün hakimiyyət təmizlənir və insanlar da bunu görürlər: “Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar”. Dövlətimizin başçısı onu da deyib ki, biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik: “Ona görə torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılmalıdır. Həm rəhbərlik edəcəyiniz rayonlarda, həm bütün ölkə üzrə, Abşeron yarımadasında, sahilboyu ərazilərdə, bütün rayonlarda araşdırılmalıdır və qanunsuz əməllərə son qoyulmalıdır”.
“ŞƏHİD AİLƏLƏRİ DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR”
“Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir”. Bu fikri Prezident İlham Əliyev yeni rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən söyləyib. Şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirdiyini qeyd edən Azərbaycan Prezidenti bildirib: “Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar».
“BİZ QƏLƏBƏNİ ŞƏHİDLƏRİMİZƏ, MÜHARİBƏ ƏLİLLƏRİNƏ, MÜHARİBƏ İŞTİRAKÇILARINA BORCLUYUQ”
“Biz Qələbəni şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik»,- deyən dövlət başçısı qeyd edib ki, bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. “Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”.Beləliklə, dövlət başçımızın dediyi kimi: "Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır. İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın.Bax, mənim sizə göstərişlərim bundan ibarətdir. Mən sizdən fəal iş gözləyirəm, nəticə gözləyirəm. Əminəm ki, siz bu yüksək etimadı dərk edərək, dediyim kimi işləyəcəksiniz!".
RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər