PDF Oxu

Araşdırma

  • 3 934

Yeni dünya qurulur TƏHLİL

image

Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olması istiqamətində mütərəqqi addımlar atılır

Azərbaycanda vətəndaş cəmiyyəti, hüquqi dövlət və demokratik siyasi quruluşun bərqərar olması istiqamətində mütərəqqi addımlar atılır, qanunlar qəbul edilir, Prezident tərəfindən fərman və sərəncamlar imzalanır. Məhz bu kimi amillər ölkəmizin dünya miqyasında yerini və rolunu artırmaqla yanaşı, azad və demokratik dövlət imicini daha da möhkəmləndirmiş olur. Azərbaycan Respublikası 1991-ci il oktyabr ayının 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə”yə və hamılıqla qəbul edilmiş başqa beynəlxalq hüquq sənədlərinə qoşulduğunu bəyan etmiş, onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsinin təmin olunmasını öz öhdəsinə götürmüşdür. Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur.
Ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb
Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Ulu Öndər demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. Onun rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi prespektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin müəllifliyi və ümumxalq səsveməsi (referendum) yolu ilə qəbul edilən Konstitusiya ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, xalqın sosial-rifah halının yaxşılaşmasına, demokratik proseslərin sürətlənməsinə təkan oldu. Ulu Öndərimiz Heydər Əliyev hələ Konstitusiya layihəsinin hazırlanması zamanı demişdir: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplə, əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır". Dahi Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiq olunur. Proqram insan hüquqları sahəsində milli qanunvericiliyin beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılmasını nəzərdə tutur. Belə ki, bu məqsədlə proqram çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilir. Bundan əlavə, ölkəmizin Avropa Şurasına üzvlüyü ərəfəsində qanunvericiliyin Avropa İnsan Hüqüqları Konvensiyası ilə müqayisəli təhlili aparılır. Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasında da məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Bununla bağlı ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üçün genişmiqyaslı tədbirlər görülmüşdür. Belə islahatların məntiqi davamı olaraq dövlət başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir. Ümummilli Lider Heydər Əliyevin strategiyasına sadiq olan Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Əlamətdar tarixlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları uzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan hüquqları aylığı keçirilir. Aylığın məqsədi insan hüquqları sahəsində ötən dövrdə əldə edilmiş nailiyyətləri, habelə mövcud problemlərin həlli yollarını müəyyənləşdirməkdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir . İnsan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində bir çox qanunlar, o cümlədən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu, Seçki Məcəlləsi, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında”, “Gender bərabərliyinin təminatları haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və digər qanunlar qəbul edilmişdir. Bu aktların mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar, xüsusən Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlar ilə sıx əməkdaşlıq etmişlər. Göstərilən məcəllə və qanunlar yalnız həmin təşkilatların müsbət rəyi alındıqdan sonra parlamentin müzakirəsinə çıxarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapan və Milli Məclis tərəfindən qəbul edilən qanunlar, eləcə də Prezidentin imzaladığı sərəncam və fərmanlar Azərbaycanda hüquq və azadlıqların tam təmin olunduğunu göstərir. Respublika Günü münasibəti ilə Prezident İlham Əliyevin azadlıqdan məhrum olunmuş 634 nəfəri əfv etməsi barədə imzaladığı sərəncam insan azadlıqlarına verilən növbəti dəyərin nəticəsidir. Ümumilikdə isə 1995-ci ildən bu günə qədər Azərbaycanda 64 əfv sərəncamı imzalanıb. Məlumata görə, əfv sərəncamları ilə ümumilikdə 7542 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. 2017-ci ildə qəbil edilən Amnistiya aktı ilə 11 min nəfərə şamil olunub. 2020, 2021 və 2022-ci ildə qəbul edilən amnistiya aktı və Prezidentin Əfv fərmanları ilə daha 20 minə yaxın məhbus cəzasının çəkilməmiş hissəsindən azad edilmişlər. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin bu istiqamətdə düzgün və məqsədyönlü siaysət aparmasının müsbət bəhrəsidir.
Qanunların aliliyinə hörmət prinsipi prioritet istiqamət təşkil edir
Bir sözlə, birmənalı şəkildə onu demək olar ki, bu gün Azərbaycanda insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsipi prioritet istiqamət təşkil edir. Bunun da kökündə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət və bu siyasətin dönməzliyinin və davamlığının ölkə Prezidenti İlham Əliyev tərəfindən təmin etməsi dayanır. Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qəbul edilən qanunlar, Prezident Fərman və Sərəncamları ölkəmizin hüquqi demokratik dövlət quruculuğuna sədaqətli olduğunu göstərir. Məhkəmə sisteminin mütərəqqi olmasına, təkmilləşməsinə, müstəqil fəaliyyət göstərməsinə təkan olan qanunvericilik bazasının yaradılması insan haqlarının müdafiəsinə mühüm töhfələr vermiş olur. Hakimlərin müstəqilliyi, siyasətsizləşdirilməsi, toxunulmazlığı və şəxsi təhlükəsizliyi təmin olunur. Prokurorluğun funksiyaları və statusu yeni demokratik şəraitə uyğunlaşdırıldığı hüquqi dövlət quruculuğu və insan hüquq və azadlıqlarının yeri və rolu beynəlxalq standartlara uyğun müəyyənləşdirilib, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun qəbul edilib, "İnsan hüquq və azadlıqlarını təmin və polisin fəaliyyətini tənzim etmək məqsədilə hüquq-mühafizə orqanları sistemində mühüm yer tutan "Polis haqqında" qanun qəbul edilir. Qanuna görə polis ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması, habelə, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətlərində fəaliyyət göstərir və polisin səlahiyyətləri qanunda dəqiq müəyyən edilir. Polisin fəaliyyəti üzərində nəzarət mexanizmləri təsis edilir, polis əməkdaşlarının qanunsuz hərəkətlərindən və qərarlarından məhkəməyə müraciət etmək hüququ təsbit olunur". Ekspertlərin gəldiyi qənaətə görə, "İnsan haqları ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı ən önəmli beynəlxalq Konvensiyalardan biri "İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında" Avropa Konvensiyasıdır". "İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası (Avropa İnsan Haqları Konvensiyası, 1950) Avropa Şurası üzvü olan ölkələr üçün əsas normativ-hüquqi aktlardan biridir. Beləliklə, məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi ötən illər ərzində ölkəmiz insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. Təbii ki, bu islahatlar və bu islahatların nəticəsi olaraq əldə olunan uğurlar bundan sonra da davam etdiriləcək. Çünki demokratik hüquqi dövlət quruculuğu sahəsində aparılan ardıcıl islahatlar bunu özündə ehtiva edir.

İ.ƏLİYEV

Digər xəbərlər