Analitika

  • 5 252

BÖYÜK ZƏFƏR, QURUCULUQ, QAYIDIŞ TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “Bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq”

Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev də ölkənin rəhbəri kimi fəaliyyəti ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Şəxsi keyfiyyətləri, siyasi uzaqgörənliyi və reallığa uyğun çevik qərarlar qəbuletmə bacarığı sayəsində cəmiyyətin bütün zümrələrini ətrafında birləşdirən İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində də xalqın böyük dəstəyini qazanmış və Azərbaycanın siyasi və beynəlxalq arenada mövqelərinin daha da möhkəmlənməsinə və bir sıra vacib sahələrdə mühüm uğurlara imza atmasına nail olmuşdur. Prezident İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”, - deyir. Və işğaldan azad olunmuş torpaqlara səfərləri və qısa bir zaman kəsiyində görülən uğurlu işlər və həyata keçirilən layihələr, məhz Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir.Hər bir vədin konkret əməli işi ilə təsdiqləyən Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri çərçivəsində təməlqoyma mərasimində iştirak etdiyi yeni sosial obyektlərin say tərkibinə, icrasına başlanan infrastruktur layihələrinə, imzalanan fərman və sərəncamlara, təsdiqlənən dövlət proqramlarına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir! İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bildirmişdir ki, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir: «İlin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Əlbəttə ki, Qarabağda gedən işlərlə bağlı bir neçə kəlmə demək istərdim. Çox danışmaq istəmirəm, çünki hər şey göz qabağındadır. Bütün işlər plan üzrə gedir”. Bəli, qələbəmizdən 1 il 8 ay keçməsinə baxmayaraq, dövlət başçımızın dediyi kimi: «Bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək».
BU GÜN BİZ GƏLƏCƏYİ YARADIRIQ, ÖZ ƏLLƏRİMİZLƏ YARADIRIQ
İşğaldan azad edilən tarixi torpaqlarımızda görülən bütün bu irimiqyaslı işlər birbaşa Prezident İlham Əliyevin şəxsi diqqəti və nəzarəti altında həyata keçirilir. Hər zaman çıxışlarında "Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq", söyləyən İlham Əliyev bildirir ki, bu istiqamətdə qarşıya qoyulan bütün hədəflər təmin edilir, 30 il ərzində əziyyət, mənəvi əzab içində yaşamış köçkünlərin qısa müddət ərzində öz doğma torpaqlarına qaytarılması üçün mühüm layihələr gerçəkləşdirilir. Məhz buna görə də Qarabağ və Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər, kəndlər yenidən salınır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalından azad olunmuş ərazilərimizdə bu gün genişmiqyaslı bərpa-quruculuq işləri görülür. Yeni infrastruktur və sosial layihələr icra olunur, müasir avtomobil və dəmir yolları çəkilir, hava limanları açılır. Bu baxımdan, azad olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına tələbatın təmin edilməsi, beləliklə nəqliyyat xidmətlərinin bərpası sosial zərurətdən irəli gəlir və əsas prioritetlərdəndir.Şübhəsiz, Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi işğal olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun yaradılmasıdır. Artıq azad olunmuş ərazilərə yanvarın 24-dən etibarən ilk müntəzəm avtobus marşrutlarının açılması baş tutdu. Müasir “Zəfər” yolu inşa olunub.
QARABAĞA APARAN YOLLAR
İşğaldan azad olunan ərazilərdə tikinti-quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yenidən çəkilməsi, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə azad edilən ərazilərdə Prezident İlham Əliyevin tapşırığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir. Qazanılan parlaq qələbənin simvolu sayılan “Zəfər” yolu isə ötən il sentyabr ayında istifadəyə verilib. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən “Zəfər” yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Eyni zamanda, 2 kilometr uzunluğundakı Füzuli-Hadrut yolu 4 hərəkət zolaqlıdır. Boru və keçidlərin tikintisi 21 faiz icra olunub. Yolun 300 m hissəsində asfalt-beton örtüyün alt layı tikilib. Həmçinin, bu il istifadəyə verilməsi planlaşdırılan Hadrut-Tuğ-Azıx mağarası avtomobil yolunun uzunluğu isə 22 kilometr dir. İki hərəkət zolaqlı yolun mövcud örtüyü profilə salınıb, 2700 m hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 m ərazidə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılıb və yeni yol əsaslı şəkildə tikilir. Həmçinin, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi sürətlə davam edir. Yollarda torpaq işləri 83 faiz, torpaq yatağının və yol geyiminin tikinti işləri 25 faiz, boruların tikintisi 95 faiz icra olunub. Tikintisi 2024-cü ildə başa çatdırılacaq Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yeni avtomobil yolunun uzunluğu 123,6 kilometrdir. Hazırda yol boyu torpaq yatağının tikintisi aparılır. 2025-ci ildə istifadəyə veriləcək Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu? isə 72,3 kilometrdir. I və II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, 9,8 kilometrlik tunelli yolda mobilizasiya və torpaq işləri həyata keçirilir.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun çəkilməsi istiqamətində ciddi işlər görülür. Sözügedən yol Göygöl rayonunun Toğanalı kəndindən keçəcək. Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, bu yol Qarabağın inkişaf planı nəzərə alınaraq 2-3 hərəkət zolaqlı olmaqla I və II texniki dərəcəyə uyğun inşa olunur. Yolun 16-cı kilometrindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1900 metrdən Murovdağ zirvəsinədək 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometrlik tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 1857 m təşkil edir. Tunel 1-in çıxış portalında isə qazma işlərinə başlanılıb. İşlərin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.
ABADLAŞAN, CƏNNƏTƏ ÇEVRİLƏN QARABAĞ
Böyük Qayıdışın təmin edilməsi, 30 ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq arzusu ilə yaşayan insanların tez bir zamanda işğaldan azad olunan ərazilərə köçürülməsi üçün hazırda burada genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işləri həyata keçirilir. Bu ərazilərdə yaşayış kompleksləri, xəstəxana, məktəb binaları və.s tikilir. Bu ilin fevralında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdamda yeni yaşayış kompleksinin təməli qoyulub. Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Eləcə də növbəti mərhələdə 0,86 hektar ərazidə daha 4 yaşayış binasının inşası ilə bağlı layihələndirmə işləri həyata keçirilir. Sozügedən rayonda həmçinin müasir mehmanxana, Ağdam Mərkəzi Şəhər Xəstəxanası və 1 nömrəli məktəbın inşasına başlanılıb.
Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında Qarabağın tacı Şuşa şəhərində də quruculuq işləri aparılır. Şəhərin müfəssəl hazırlanan baş planı əsasında tikiləcək yeni yaşayış kompleksinin təməli qoyulub. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar, abidələrin yerləri də öz əksini tapıb. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək. Şuşada 1 saylı ümumtəhsil məktəbinin də tikintisinə start verilib. Yeni 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. İşğaldan azad olunan Füzuli rayonunda da yenidənqurma, tikinti və quruculuq işləri sürətlə davam etdirilir. Bölgədə görülən işlər sırasında, qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilib. Füzuli Memorial Kompleksi və Füzuli şəhərinin təməli, rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin əsası qoyulub. Bu layihənin beş kəndi birləşdirməsi, ümumilikdə 750 evin tikintisinin nəzərdə tutulub ki, bu da Füzuli rayonunda birinci yaradılacaq yaşayış mərkəzi olduğunu göstərir. Füzulidə 50 minlik yeni şəhərin yaradılması nəzərdə tutulub. Şəhərdə yeni məhəllələr salınacaq və 4-5 mərtəbəli yaşayış binaların tikintisi aparılacaq. Bir sözlə, şəhərə məxsus bütün infrastrukturlar formalaşdırılacaq.
AĞALI KƏNDİNƏ ƏHALİNİN KÖÇÜRÜLMƏSİ BÖYÜK QAYIDIŞIN İLK QƏDƏMLƏRİDİR
İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanıldı. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. Ağalıda sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarımızda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” və DOST, həmçinin Kiçik və Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Bu obyektlərin istifadəyə verilməsi ilə kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşir, onların “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə daha ehtiyac qalmır. Adları çəkilən mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Belə ki, vətəndaş tərəfindən birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət olunacaq. Kənd meydanında “Kapital Bank”ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri, habelə digər ictimai iaşə obyektləri də sakinlərin ixtiyarına verilib.Bütün çətinliklərə, beynəlxalq ədalətsizliyə mətinliklə sinə gərən Azərbaycan dövləti inamla torpaqlarını azad etdiyi kimi, həm də erməni vandallığının qurbanı olan bütün şəhər və kəndlərini yenidən quracaq və dirçəldəcək. İşğaldan azad edilmiş rayonlarımıza, bütün Qarabağa yeni nəfəs veriləcək, bu torpaqlarda həyat qaynayacaq, dünya Azərbaycan xalqının quruculuq əzminin şahidi olacaq. Az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar. Ancaq mənfur düşmən unutmamalıdır, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımları Qarabağı qısa zaman kəsiyində dirçəldəcək, ərazilərimiz minalardan təmizləniləcək və insanlar öz el-obalarına geri dönəcəklər. Artıq insanlar öz el-obalarına geri dönməkdədilər. Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır! Qarabağ cənnət məkanıdır!
RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər