“Prezident İlham Əliyevin növbəti dəfə Şuşa, Xankəndi və Laçın rayonlarına etdiyi səfər işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin ardıcıl xarakter aldığını bir daha nümayiş etdirdi. Dövlət başçısının səfəri çərçivəsində yeni obyektlərin açılışlarında iştirakı, bərpa olunan yaşayış məntəqələrində görülən işlərlə tanış olması və Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərlə keçirdiyi səmimi görüşlər Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi dövlət siyasətinin əsas istiqamətlərini əks etdirir.” Bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində aparılan bərpa işləri ilə tanış olması bura qayıdan sakinlərlə görüşü tarixi məqamlardan hesab edilir: “Dövlətimizin başçısına kənddə fərdi yaşayış evlərinin, sosial infrastrukturun, mühəndis-kommunikasiya sistemlərinin və daxili yol şəbəkəsinin bərpası barədə ətraflı məlumat verildi. Bildirildi ki, kənddə qaz, elektrik və su təminatı yenidən qurulub, yeni park və Bayraq Meydanı salınıb, yaşayış üçün zəruri bütün şərait yaradılıb. Hazırda kəndə ilk mərhələdə köçürülən ailələr burada təhlükəsiz və rahat yaşayışlarını davam etdirirlər, növbəti mərhələlərdə isə yeni ailələrin qayıdışı nəzərdə tutulur.
Prezident İlham Əliyev Kiçik Qaladərəsinə qayıdan sakinlərlə səmimi görüş keçirərək onların yaşayış şəraiti, məşğulluğu və gündəlik qayğıları ilə maraqlandı. Görüş zamanı dövlət başçısı vurğuladı ki, Böyük Qayıdış Proqramı planlı şəkildə davam etdirilir və azad edilmiş bütün yaşayış məntəqələrində insanların rahat, təhlükəsiz və ləyaqətli yaşayışı üçün müasir infrastruktur yaradılır. Sakinlər isə göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildirərək doğma torpaqlarında yenidən yaşamağın onlar üçün böyük qürur və sevinc mənbəyi olduğunu qeyd etdilər.
Prezident İlham Əliyev Şuşa ilə yanaşı Xankəndidə də bir sıra obyektlərin fəaliyyəti ilə tanış oldu, şəhərin inkişaf perspektivləri barədə məlumat aldı və sakinlərlə görüş keçirdi. Dövlət başçısının Quzeyxıram yaşayış məntəqəsindən olan vətəndaşlarla səmimi söhbəti dövlətin hər bir vətəndaşın rifahına göstərdiyi diqqətin bariz nümunəsi oldu. Görüş zamanı sakinlər yaradılmış yaşayış şəraiti, həyata keçirilən quruculuq işləri və göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə etdilər, Prezident isə bölgənin sosial-iqtisadi inkişafının bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyini bildirdi.
Xankəndidə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən yeni obyektlər şəhərin iqtisadi və turizm potensialının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müasir standartlara cavab verən infrastrukturun yaradılması bölgədə yeni iş yerlərinin açılmasına, xidmət sektorunun inkişafına və iqtisadi fəallığın artmasına töhfə verir”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Laçına səfəri də mühüm hadisələrlə yadda qaldı: “Dövlət başçısı burada istifadəyə verilən yeni sosial və infrastruktur obyektlərinin açılışlarında iştirak etdi, həyata keçirilən layihələrlə tanış oldu. Laçında həyata keçirilən layihələr müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə qurulan yaşayış məkanlarının, yol-nəqliyyat, kommunal və sosial infrastrukturun inkişaf etdirilməsi istiqamətində görülən işlərin ardıcıl davamı kimi qiymətləndirilir. Bu layihələr bölgənin iqtisadi potensialının reallaşdırılmasına, yeni məşğulluq imkanlarının yaradılmasına və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir.
Ümumilikdə, Prezident İlham Əliyevin Şuşa, Xankəndi, Xocavənd və Laçına səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş ərazilərin bərpası və dirçəldilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Qarabağ və Şərqi Zəngəzur sürətlə yenilənir, müasir yaşayış məntəqələri formalaşdırılır, iqtisadi fəallıq genişlənir və Böyük Qayıdış Proqramı uğurla icra olunur.
Dövlət başçısının sakinlərlə keçirdiyi səmimi görüşlər isə bir daha nümayiş etdirdi ki, Azərbaycanın əsas məqsədi doğma torpaqlarına qayıdan hər bir vətəndaş üçün təhlükəsiz, rahat və firavan həyat şəraiti yaratmaq, bölgədə dayanıqlı inkişafı təmin etmək və Qarabağı ölkənin ən inkişaf etmiş regionlarından birinə çevirməkdir”.