“Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqeyə malik, qlobal və regional proseslərdə fəal iştirak edən, etibarlı tərəfdaş kimi tanınan dövlətlərdən biridir. Ölkəmizin bu inkişaf səviyyəsinə çatması mürəkkəb, çoxşaxəli və tarixi sınaqlarla zəngin inkişaf yolunun nəticəsidir. Şübhəsiz ki, müasir, güclü və müstəqil Azərbaycan dövlətinin formalaşması və möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dövlətçilik strategiyası və məqsədyönlü siyasi fəaliyyəti ilə sıx bağlıdır. Məhz onun rəhbərliyi dövründə həyata keçirilən fundamental islahatlar və müəyyənləşdirilən inkişaf kursu Azərbaycanın davamlı tərəqqisinin əsasını təşkil etmiş, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi üçün möhkəm siyasi, iqtisadi və institusional zəmin yaratmışdır.”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, müasir dövrdə Azərbaycan Respublikasının inkişafının təməli 1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə qoyulmuşdur. Həmin dövrdən etibarən Azərbaycan Sovet İttifaqının tərkibində fəaliyyət göstərməsinə baxmayaraq, respublikanın sosial-iqtisadi potensialının gücləndirilməsinə, sənaye və kənd təsərrüfatının inkişafına, elmi-texniki tərəqqinin sürətləndirilməsinə və yüksəkixtisaslı milli kadrların hazırlanmasına yönəlmiş ardıcıl inkişaf strategiyasının həyata keçirilməsinə başlanılmışdır. Nəticə etibarilə, Azərbaycanın sonrakı inkişaf mərhələlərinin iqtisadi və institusional əsasları məhz həmin dövrdə formalaşdırılmış, respublikanın hərtərəfli tərəqqisi Ümummilli Lider Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlı olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) plenumunda Heydər Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ölkənin iqtisadi, mədəni yüksəlişində, xalqımızın rifahının yaxşılaşmasında, eləcə də müstəqil dövlətimizin təməlinin qoyulmasında həlledici rol oynadı. Həmin dövrdə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də kadr siyasəti idi. Ümummilli Lider Heydər Əliyev yüksək peşəkarlığa, təşkilatçılıq qabiliyyətinə, xalqa sədaqətə və yüksək mənəvi keyfiyyətlərə malik milli kadrların formalaşdırılmasına və onların respublikanın müxtəlif idarəetmə səviyyələrində rəhbər vəzifələrə irəli çəkilməsinə xüsusi önəm verirdi. Bu siyasət dövlət idarəçiliyində milli kadr potensialının gücləndirilməsində mühüm rol oynadı.
Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin bütün mərhələləri Azərbaycanın inkişafına və milli maraqlarının təmin olunmasına xidmət etmişdir. Onun rəhbərliyi dövründə əvvəllər əsasən aqrar respublika kimi xarakterizə olunan Azərbaycan sənaye, elm, təhsil və sosial-iqtisadi inkişaf sahələrində əhəmiyyətli nailiyyətlər əldə edərək dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu baxımdan, respublikanın hərtərəfli yüksəlişinin başlanğıcı bilavasitə Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü dövlətçilik siyasəti ilə əlaqələndirilir. Bütün sahələrdəki inkişaf və dəyişikliklər - sənayeləşmə, ölkədə milli kadrların yetişdirilməsi, ana dilimizə olan münasibətin müsbət mənada dəyişməsi, milli mədəniyyətimizin inkişafı birmənalı şəkildə Həmin illərdə həyat Heydər Əliyevin üzərinə Vətən və xalq naminə mühüm bir missiya qoymuşdu. Ulu Öndərimiz isə keçmiş sovet dövrünün ideoloji məhdudiyyətlərinin yaratdığı çətinliklərə rəğmən, respublikanı müasirləşdirmək, yeni bir Azərbaycan qurmaq yolunda inamlı addımlar atmağı bacardı. Burada Heydər Əliyevin şəxsi keyfiyyətləri, əvvəlki illərdə təsdiqlənmiş unikal idarəçilik bacarığı, liderliyi və əlbəttə ki, Vətəninə, xalqına sonsuz sevgisi, milli kimliyinə sadiqliyi mühüm rol oynadı.
Millət vəkilinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olmadığı illərdə isə xalqımız çətinliklərlə, faciələrlə üzləşdi. 1987-ci ildə Heydər Əliyev Moskvada rəhbər vəzifəsindən istefa verdikdən sonra bədxah qüvvələr Azərbaycana qarşı planlarını həyata keçirməyə başladı. Keçmiş SSRİ rəhbərliyinin razılığı ilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları qaldırdı. Azərbaycana rəhbərlik edən şəxslər isə milli maraqlarımızı qorumaq əvəzinəMoskvanın göstərişlərini yerinə yetirirdilər. Məhz onların iradəsizliyi və qətiyyətsizliyi səbəbindən Qarabağ ətrafında yaranmış ərazi iddiaları qanlı toqquşmalara, ardınca münaqişəyə çevrildi. Əlbəttə, o zaman Heydər Əliyev hakimiyyətdə olsaydı, heç kim Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edə bilməzdi.
1991-ci ildə isə müstəqilliyimiz elan olunsa da, kağız üzərində qalmışdı. 1992-ci ildə AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi ilə Azərbaycan daha dərin böhrana sürükləndi. Özünü “demokratik qüvvələr” adlandıran bu cütlük əslində, dövlət idarəçiliyindən tamamilə bixəbər idi. Təsadüfi adamların yüksək dövlət vəzifələrinə gətirilməsi faktiki olaraq dövlətin vahid siyasi kursunun mövcud olmamasında özünü göstərirdi. Bu səbəbdən də, torpaqlarımızın işğalı davam edir, siyasi və iqtisadi böhran durmadan dərinləşirdi. Böhran o səviyyəyə çatdı ki, 1993-cü ilin yayında Azərbaycanın mövcudluğu təhlükə altına düşmüşdü.
Belə bir ağır zamanda xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Məhz Ulu Öndərimizin sovetlər dövründə yaratdığı sosial-iqtisadi baza, tariximizə, milli dəyərlərimizə və mədəniyyətimizə sahib çıxması müstəqilliyimizin qazanılmasında müstəsna rol oynadı.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün uğurla və inamla davam etdirilir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib, ölkəmiz möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Heydər Əliyev siyasətinin zirvəsini isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması təşkil edir. Beləliklə, Azərbaycan gələcəyə doğru inamla, yeni zəfərlərlə addımlayır. Bu nailiyyətlərin əsasını isə Heydər Əliyev siyasəti təşkil edir”.
Pərvin Kərimzadə deyib ki, 1992-1993-cü illərdə Azərbaycanı uçuruma sürükləyən dairələr- indiki radikal müxalifət təmsilçiləri yenə də ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar. Onlar öz şəxsi və qrup maraqları naminə xaricdəki anti-azərbaycançıların əlində alətg olmaqdan da çəkinmirlər. Amma sapı özümüzdən olan baltalar unutmamalıdır ki, Azərbaycan güclü dövlətdir və hər hansı təxribat cəhdlərinin qarşı dərhal alınır. İndiyədək baş verənlər bunu təsdiqləyir. Bu gün Azərbaycan inamla inkişaf edir və dövlət rəhbərliyinin siyasətini birmənalı olaraq dəstəkləyir.
“Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcək. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq!”-deyə, Pərvin Kərimzadə vurğulayıb.