PDF Oxu

Siyasət

  • 1 352

Trampın Türkiyə səfəri region üçün nə vəd edir? - ŞƏRH EDİLDİ

image

"Türkiyədə keçirilən NATO Zirvəsi və ABŞ Prezidenti Donald Trampın burada iştirakı mühüm siyasi hadisələrdən biridir. Trampın Türkiyəyə səfərinin təkcə NATO-nun gündəliyi ilə deyil, həm də Prezident Rəcəb Tayyib Ərdoğanla münasibətləri fonunda xüsusi əhəmiyyət daşıdığı görünür".Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib. Politoloqun sözlərinə görə, bu proses Azərbaycan üçün də vacibdir:"Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqidir və Türkiyə ilə ABŞ arasında münasibətlərin normallaşması dolayısı ilə Azərbaycanın da maraqlarına cavab verir. Eyni zamanda, Azərbaycan da ABŞ-la qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafında maraqlıdır.Burada bir məqamı qeyd etmək istərdim. Bəzi dövlətlər xarici siyasətdə strateji yanaşma nümayiş etdirirlər, yəni siyasətlərini 10–20 illik perspektiv əsasında qururlar. Digərləri isə daha çox taktiki qərarlar qəbul edərək qısamüddətli maraqlara üstünlük verirlər. Azərbaycan və Türkiyənin xarici siyasətində uzunmüddətli strateji baxışın üstünlük təşkil etdiyini görürük. Bu yanaşmanın nəticələri də zaman keçdikcə özünü göstərir.Düşünmürəm ki, Tramp və Ərdoğan görüşündə əsas müzakirə mövzularından biri Azərbaycan olub. Çünki Türkiyə ilə ABŞ arasında F-35 proqramı, müdafiə sənayesi, Yaxın Şərqdəki proseslər və NATO daxilində əməkdaşlıq kimi daha geniş gündəm mövcuddur.Bununla yanaşı, Zəngəzur dəhlizi ilə bağlı məsələlərin də müəyyən formada müzakirə olunması istisna deyil. Bu layihə həm Azərbaycan, həm Türkiyə, həm də bütövlükdə region üçün böyük strateji əhəmiyyət daşıyır. Azərbaycan üçün Naxçıvanla birbaşa bağlantının yaradılması, Türkiyə üçün türk dünyasına quru çıxışının genişlənməsi, region üçün isə Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının inkişafı baxımından mühüm layihədir.Bununla belə, yaxın perspektivdə çox böyük nəticələr gözləmirəm. Çünki ABŞ-da siyasi proseslər dinamikdir. Donald Trampın prezidentlik müddəti məhduddur və növbəti seçkilərdən sonra hakimiyyət dəyişikliyi baş verə bilər. Əgər demokratlar hakimiyyətə gəlsələr, ABŞ-ın həm Türkiyəyə, həm də Azərbaycana münasibətində müəyyən dəyişikliklərin şahidi ola bilərik. Keçmiş təcrübə göstərir ki, demokrat administrasiyalar dövründə həm Azərbaycana, həm də Türkiyəyə münasibətdə daha sərt yanaşmalar müşahidə olunub.Bütün hallarda ən vacib məsələ Azərbaycan və Türkiyənin koordinasiyalı şəkildə hərəkət etməsidir. Regionda hansı geosiyasi proseslərin baş verməsindən asılı olmayaraq, iki qardaş ölkənin ortaq mövqe nümayiş etdirməsi və strateji əməkdaşlığını davam etdirməsi hər iki dövlətin milli maraqlarına xidmət edir. İnanıram ki, birlikdə hərəkət etməklə qarşıda duran bütün çağırışların öhdəsindən gəlmək mümkün olacaq".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər