Vərəm yer üzərində geniş yayılmış xroniki infeksion xəstəlikdir, dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3,5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan bu xəstəlikdən ölür. Hər dəqiqə isə təxminən 2 insan vərəmdən dünyasını dəyişir.XX əsrin əvvəllərində insan ölümlərinin 20 faizi vərəmdən baş verirdi. Epidemioloji vəziyyət ağır olan ölkələrdə vərəm xəstəliyindən ölənlərin 75 faizi əmək qabiliyyətli, yəni 15-50 yaşlarda olan insanlardır.Təəssüf ki, bu xəstəlik ölkəmizdən də yan ötməmiş, zaman-zaman insanlar arasında vərəmə yoluxma halları müşahidə olunmuşdur. Lakin vərəmin bir bioloji faktor olduğunu və ona sosial həyatın təsirini nəzərə alsaq, müstəqilliyimizin bərpasından sonra sosial rifahın yüksəlməsi bu xəstəliyin dinamikasında azalma ilə nəticələnmişdir. Belə ki, 2010-cu ildə 100 min əhaliyə 53 xəstə, 2014-cü ildə 100 min əhaliyə 43,5 xəstə, 2016-cı ildə 100 min əhaliyə 38,9 xəstə olub. Yeni hallar arasında sağalma 83 faiz, təkrar hallar arasında sağalma isə 73 faiz olub.Ölkəmizdə bu xəstəliklə mübarizə həmişə dövlətimizin diqqət mərkəzində olmuş, bunun üçün əsaslı tədbirlər həyata keçirilmişdir. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” 2 may 2000-ci il tarixdə qəbul olunan Azərbaycan Respublikası Qanunu əhalinin vərəmdən mühafizəsinin təşkilati-hüquqi əsaslarını, vərəm xəstəliyinə tutulmuş şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Sonrakı illərdə edilmiş əlavə və dəyişikliklər Qanunu daha da təkmilləşdirmiş, onu xəstəliyin aradan qaldırılmasında istinad olunan mühüm dövlət sənədinə çevirmişdir.
Bioloji faktora sosial rifahın təsiri
Mütəxəssislər bu qənaətdədirlər ki, vərəm xəstəliyi əsrlər boyu epidemiya halını almış, müxtəlif ölkələrdə geniş yayılaraq çoxsaylı insan tələfatına səbəb olmuşdur. Lakin vərəm epidemiya deyil, sadəcə olaraq infeksion xəstəlikdir, həm də genetik daşıyıcılığa malikdir. Bu, məsələnin bir tərəfidir. Digər tərəf isə onlarla suala cavab axtarır. Gəlin görək vərəm xəstəliyi hansı mühitdə daha da aktivləşir, hansı şəraitdə onun genetik daşıyıcılığı fəallaşır və əksinə, müalicəsi, azalması mümkün olur.Məlumdur ki, 90-cı illərdə 15 müttəfiqdən biri olan ölkəmizin sovet imperiyasından ayrılması, ölkədə yeni dövlət quruluşunun olmaması xalqı böyük iqtisadi çətinliklərlə üz-üzə qoymuşdu. Həmin dövrdə idarəetməni ələ keçirən səriştəsiz insanların bacarıqsızlığı nəticəsində çoxsaylı müəssisə, fabrik və zavodların fəaliyyəti tənəzzülə uğramış, bütün bunlar isə insanların həyatına təsirsiz ötməmişdir. O illərin canlı şahidləri çörək və digər gündəlik ərzaq məhsulları, eyni zamanda rayonlarda neft, solyarka üçün saatlarla mağazaların qarşısında sırada qaldıqlarını yaxşı xatırlayarlar.Ölkə iqtisadiyyatı tamamilə tənəzzülə uğramış, insanlar gündəlik tələbatları olan ərzaqları xüsusi “çeklə” almaq məcburiyyətində qalmışdılar. Bütün bunlar isə şəhərlərimizdən çox kəndlərimizdə yaşayan insanların həyatını alt-üst etmiş, onların soyuqda qalmasına, çox aşağı səviyyədə qidalanmasına səbəb olmuşdu. Nəzərə alsaq ki, kəndlərdə qaz, elektrik enerjisi problemi yaşanırdı, onda yaxşı anlamaq olar ki, insanlar hansı çətinliklərlə üz-üzə idilər. Onlar soyuq, qaranlıq evlərdə yaşamağa məhkum olmuşdular. Hələ gəl, gör ki, bu şəraitdə evində də bir xəstən ola. O da vərəmli xəstə. Belə bir atalar sözümüz də var: Var evi kərəm evi, yox evi vərəm evi. Bu atalar sözü elə, sanki o vaxt üçün deyilmişdi. Yoxluq hər evə hakim kəsilmiş, kasıblıq hər kəsin bəlasına çevrilmiş, xəstələrin sonunu gətirmişdi.Belə bir şəraitdə vərəm xəstəliyi artmaya bilərdimi? Evlərdəki şəraitsizlik, su, kanalizasiya sisteminin olmaması, soyuq, rütubət, üstəgəl də, ərzaq qıtlığı, ən dəhşətlisi isə tapa bildiyimiz ərzağın belə, mənşəyinin bilinməməsi həyat üçün çox təhlükəli idi. Həmin dövrdə isə, necə deyərlər, məqam axtaran vərəm xəstəliyi yoxsulluqdan əziyyət çəkən insanların qapısını döyüb asanlıqla həyatlarına daxil olurdu. Bu çağırılmamış qonaq yaranmış şəraitdən istifadə edərək aktivləşir, vərəmli xəstələrin sayının artmasına səbəb olurdu.Ölkəmizdə sosial problemlərin, o cümlədən yoxsulluq probleminin həlli istiqamətində Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” xüsusi əhəmiyyətə malik olmuşdur. Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3 faizə endirilmişdir. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırılmış və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil etmişdir.Bu sahədə qəbul olunan Dövlət Proqramının davamı olaraq “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli Sərəncamı isə yoxsulluqla mübarizədə yeni bir mərhələ oldu. Bu proqramlar yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaratmış, nəticədə ölkədə yoxsulluq səviyyəsi 2001-ci ildəki göstəricisindən 10 dəfə azalmışdır.Son illər ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin artırılmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. Bu isə təbii ki bioloji faktor olan vərəmə qarşı mübarizədə də ən gözəl silah olmuş və əhalinin sosial rifahının yaxşılaşması ilə xəstəlik azalmağa doğru yola çıxmışdır.
Gün düşən evə həkim girməz
Bəli, hələ həkim-təbibin qıt olduğu illərdə ata-babalarımız “gün düşən evə həkim girməz” demişlər. Bu kəlamlarda böyük və ibrətamiz məna var. Elə bu səbəbdən də onlar ev tikib binə olanda gün düşən yerləri seçirdilər ki, evlərinə gün düşsün, həkim girməsin. Bütün dövrlər üçün aktual olan bu kəlama gəlin görək necə riayət edirik?Lakin sonralar gün məsələsinə bir o qədər fikir verən olmadı. İnsanlar harada gəldi ev tikməyə başladılar. Hətta bir-birinin içərisinə açılan otaqlar oldu ki, onlara günün heç bir vaxtı gün dəymədi.Qədimdənqalma-düz torpağın üstündən tikilən, yəni daşla, kərpiclə heç qaldırılmayan evlər var ki, onlar həmişə rütubətli olur. Bu cür evlər çox təhlükəlidir. Əgər belə evlərdə vərəm xəstəsi və yaxud bu xəstəliyə meylli olan sakinlər varsa, bu, onların vəziyyətinə təbii ki, pis təsir göstərəcəkdir.Vərəm xəstəliyinin yaranmasının əsasında rütubət, antisanitariya, oksigen azlığı dayanır. Bu səbəbdən də belə xəstələr bu məqamlara diqqətlə yanaşmalı, dərhal belə evlərdən uzaqlaşmalı, gün düşən evlərdə yaşamalıdırlar. Əks təqdirdə onların sağalmasından söhbət gedə bilməz. Müalicələri nə qədər vaxtlı-vaxtında aparılsa da, qidalanma lazımi qaydada olsa da, əgər vərəmli xəstələrin mənzil-məişət şəraiti yaxşı deyilsə, onların sağalması mümkün olmayacaq.Yeri gəlmişkən, oksigenin və sanitariya qaydalarına riayət olunmasının da belə xəstələr üçün vacib olduğunu vurğulamaq istərdim. Təbii ki, gün düşməyən evlərdə həm oksigen azlığı olacaq, həm də antisanitariya. Burada antisanitariyanı kimsə yaratmır, rütubətin özü müxtəlif həşəratların yaranmasına səbəb olur ki, bu da nəinki xəstə insanlar, ən sağlam adamlar üçün də real təhlükədir. Oksigen də təbii ki, rütubətli evdə ola bilməz. Bu səbəbdən də xəstələr öskürməkdən boğulmaq dərəcəsinə gəlirlər.Şükürlər olsun ki, müstəqilliyimizin bərpasından sonra iqtisadi dirçəlişimiz nəticəsində şəhərlərimizdə köhnə ictimai yaşayış binaları sökülür, yerində hündürmərtəbəli gözəl, işıqlı evlər tikilir. Qədimdənqalma fərdi yaşayış evləri də plana salınır və orada yaşayanlar abad mənzillərlə təmin olunurlar.Rayonlarımızda da bu sahədə insanların təfəkküründə, sözün həqiqi mənasında, inqilab baş verib. İndi kəndlərimizdə də hər kəs köhnə evlərini əsaslı təmir edir və ya yeni, iki-üç mərtəbəli evlər tikirlər. Bütün bunlar isə, təbii ki, vərəm xəstəliyinin qarşısını alan amillərdir.
Yeni sanatoriya ilə vərəmsiz həyata doğru
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, vərəm ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir. Buna baxmayaraq, vərəm sağalan xəstəlikdir. ÜST-nin ekspertlərinin fikrincə, onun aşkarlanması, müalicəsi və sağalması üçün əhalinin məlumatlılığının artırılması, qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səylər birləşdirilməlidir. Son illər vərəmin diaqnostika və müalicəsində səmərəliliyin artırılması statistikaya da müsbət təsirini göstərib, həm yoluxma, həm də ölüm hallarında azalma müşahidə edilməkdədir.Azərbaycan vərəmlə mübarizə tədbirlərini ən yaxşı təşkil edilən ölkələrdən biridir. Ölkəmizdə də ictimai sağlamlığın əsas məsələlərindən olan vərəmlə mübarizədə dövlət proqramı və Milli Strategiya qəbul edilib, ixtisaslaşmış tibb müəssisələri tikilib, müasir yanaşma tətbiq olunub. Respublikamızda rəsmi qeydiyyata düşən vərəm xəstələrinin müayinəsi və müalicəsi tam dövlət hesabına həyata keçirilir.Vərəmlə mübarizə tədbirləri sırasında Prezident İlham Əliyevin “Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” 31 yanvar 2019-cu il tarixli Sərəncamı ölkəmizin bu xəstəliyi daşıyan uşaq əhalisinin müalicəsi istiqamətində xüsusi əhəmiyyətə malikdir. Sərəncama əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 11 468 300 (on bir milyon dörd yüz altmış səkkiz min üç yüz) manat vəsait ayrılmışdır.Ötən dövr ərzində əsaslı yenidənqurma tədbirləri həyata keçirilmiş, sentyabr ayının 8-də dövlətimizin başçısı Başı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının açılışını etmişdir.Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verərək bildirmişdir ki, 1914-cü ildən fəaliyyət göstərən sanatoriya sağlamlığına qovuşmaq istəyən şəxslərin istifadəsi üçün tam hazır vəziyyətə gətirilib. Sanatoriya üçün 300 çarpayılıq beşmərtəbəli yeni bina inşa edilib. Sağlamlıq müəssisəsində müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar, şüa-diaqnostika, poliklinika, fizioterapiya şöbələri fəaliyyət göstərəcək. Sanatoriyaya uşaqlar 6 yaşa qədər və 7-17 yaş qrupları üzrə qəbul edilir. Sanatoriyada stasionar şəraitdə müalicə alan uşaqların 11 illik təhsili təşkil olunacaq və beləliklə, onların təhsillərində fasilələr yaranmayacaq.Prezident İlham Əliyev sanatoriyanın fizioterapiya, rentgen otaqlarında, kliniki laboratoriyada, yeməkxanada, akt zalında, kitabxanada, palatalarda, sinif otaqlarında yaradılan şəraitlə tanış olmuşdur.Hərtərəfli şəraiti olan sanatoriyada gələcəyimiz olan uşaqların vərəm xəstəliyindən birdəfəlik sağalmasına bütün imkanlar yaradılmışdır. Ümidvarıq ki, bu sanatoriyada övladlarımız sağlamlığına qovuşacaq, ölkəmizin sosial-iqtisadi, ictimai həyatının fəal iştirakçılarına çevriləcəklər.
Vərəmsiz həyata böyük inam
Alimlər bütün dövrlərdə uzunömürlülüyün sirrini araşdırmış və sonda belə bir qənaətə gəlmişlər ki, bu, hər şeydən əvvəl, yaxşı yaşayışın nəticəsidir. Onların fikrincə, insan ömrünün bir il uzadılması cəmiyyətin 10 illik tərəqqisinin ekvivalentidir. Əlbəttə, tərəqqi deyəndə həm iqtisadi inkişaf, həm də insanların həyat tərzinin yaxşılaşdırılması, maddi vəziyyətlərinin yüksəldilməsi nəzərdə tutulur. Axı cəmiyyətdə və ayrı-ayrı adamların həyatında baş verən sosial-iqtisadi dəyişikliklər insanların psixoloji durumunun yaxşılaşmasına, beləliklə, onların daha çox yaşamasına gətirib çıxarır.Həkimlər isə deyirlər ki, xəstəliyin müalicəsində insanın ümumi əhval-ruhiyyəsi böyük şərtdir. Onların bu sözləri fonunda düşünürəm ki, bəli, bütün xəstəliklərin müalicəsinin əsasında ruh yüksəkliyi, bunu yaradan rifah, rifahın yaratdığı inam dayanır. Bu gün ölkəmizdə ümumi rifah, kəndli-şəhərli bütün evlərdəki istilik, işıq, hərtərəfli şərait, ətrafımızdakı abadlıq, təmizlik, gözoxşayan gözəllik, böyük diqqət və qayğı, ümumilikdə, insan amilinə verilən dəyər əhalinin rahatlığına, firavanlığına xidmət edirsə, xəstə insanlar qarşısında isə şəfaya aparan yolu açır. Bu yolda indiyədək dövlətimiz çoxsaylı mübarizə aparıb. Hazırda ölkəmizdə narkomaniyaya qarşı mübarizə tədbirlərini də genişlənib. Çünki vərəm xəstəliyini yaradan səbəblərdən biri də narkomaniyadır. Vərəmə aparan yolların hamısının qarşısına maneələr qoymaqla sağlamlığa aparan yolun yaxın gələcəkdə vərəmsiz bir həyatda dayanacağına böyük inam hissi duyuruq.
Mətanət MƏMMƏDOVA