Analitika

  • 8 339

Türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirən platforma TƏHLİL

image

Prezident İlham Əliyev: "Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq"

Türk dövlətləri və xalqları arasında siyasi-mədəni bağların möhkəmləndirilməsi yaşadığımız dövrdə yeni mərhələyə yüksəlib. Qarşılıqlı tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə yeni baxış bucağından yanaşan Azərbaycan Prezidenti çıxışlarının birində bildirdiyi kimi, "Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır." Azərbaycan türk dövlətləri ilə konstruktiv tərəfdaşlıq münasibətlərinin qurulmasının ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Müasir və qloballaşan dünyamızda ümumtürk gələcəyinin yeni üfüqlərinin formalaşdırılması zamanın tələbi və zəruriətdir. Türk dövlətlər arasında qurulan əməkdaşlıq daha da güclənib və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Qeyd edək ki, bu gün türk dövlətlərinin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir.Dünən Azərbaycanın Audiovizual Şurası tərəfindən təşkil olunan Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının keçirilən 1-ci Toplantısı türk dövlətlərinin araya gəlməsində daha bir əhəmiyyətli hadisəyə çevrildi. TDT-na üzv dövlətlər - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, həmçinin, müşahidəçi üzv Macarıstan və Türkmənistanın audiovizual media sahəsi üzrə tənzimləyici qurumlarının və digər dövlət rəsmilərinin bir araya gəldiyi toplantıda türkdilli dövlətlərin audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, TDT-na üzv və müşahidəçi dövlətlərin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması ilə bağlı Türkiyə tərəfinin təqdim etdiyi Konsepsiya müzakirəsi olunub. Son zamanlar TDT çərçivəsində üzv ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın inkişaf etməsi həmin tendensiyanın televiziya və radio yayımının tənzimlənməsi sahəsində əməkdaşlığa da təkan verir. Türk dövlərləri arasında bütün sahələrdə güclənən və yeni perspektivləri açılan əməkdaşlıq media, o cümlədən audiovizual media və onun tənzimlənməsi sahəsində də gücləndirilməsinin zəruri edir.28 oktyabr 2022-ci il tarixində Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin Audiovizual media üzrə Tənzimləyici Orqanlarının Forumunun yaradılması barədə Niyyət Bəyannaməsi imzalanacaq.
TÜRK DÖVLƏTLƏRİ ARASINDA SƏMƏRƏLİ, ETİBARLI SİYASİ DİALOQ QURULUB
Tarixi dövrə nəzər salsaq görərik ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsinə böyük imkanlar yaratmış oldu. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yarandığı gündən Azərbaycan bu təşkilatın Türk coğrafiyasında inteqrasiya proseslərinin avanqardına çevrilməsi üçün mühüm addımlar atmışdır. Şuranın indiyə qədər keçirilmiş bütün zirvə görüşündə Azərbaycan yüksək səviyyədə təmsil olunmuşdur.
Türkdilli dövlətlər arasında səmərəli, etibarlı siyasi dialoq qurulub, bütün sahələrdə hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Türkdilli ölkələrin vahid platformada birləşməsi bu ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişafına təkandır. 2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması barədə qərarın qəbul edilməsi əməkdaşlığın yüksəlməsində mühüm rol oynadı və dünyada türk birliyinin daha da güclənməsinə şərait yaratmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən müddət ərzində reallaşan layihələr, imzalanan sazişlər və s. türk dövlətləri arasında münasibətləri daha da yaxınlaşdırmış oldu. Naxçıvan sazişinin imzalanmasından keçən dövr ərizində görülən işlər, qarşılıqlı səfərlər türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirmək üçün səmərəli platformaya çevrilib.
TƏŞKİLATIN TƏMƏLİNDƏ TƏBİİ MÜTTƏFİQLƏR YERLƏŞİR
Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Sədrlik dövründə türk dünyasının birləşməsinə böyük töhfələrini verdi. Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının Sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi və bu görüşün koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunması dövlət başçıları səviyyəsində pandemiya ilə bağlı Zirvə görüşünü keçirən ilk beynəlxalq tədbir kimi tarixə düşdü.Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünü xüsusilə qeyd etməliyik. Qəbul olunan tarixi qərarlarla yadda qaldı. Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı"na dəyişdirilməsi haqqında Qərar, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, "Türk dünyasına baxış – 2040" sənədinin qəbulu ilə bağlı Qərar, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə" Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında Qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair Qərar və digər qərarların imzalanması tarixi hadisə olaraq əhəmiyyət daşıyır. Cənab Prezident Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün tarixi əhəmiyyətinə toxunaraq bildirmişdir ki, biz Şuramızı təşkilata çeviririk və bu təşkilatın çox gözəl gələcəyi var: "Çünki bu təşkilatın təməlində təbii müttəfiqlər yerləşir və həm tarix, həm mədəniyyət, həm bizim ənənələrimiz, bizim adət-ənənələrimiz, bax, bu, birliyi diktə edir. Eyni zamanda, indiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk".
Azərbaycanın iqtisadi inkişafı regionda həyata keçirilən transmilli layihələrin uğurla reallaşmasına gətirib çıxarıb. İstismara verilən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Xəzər neftini və qazını dünya bazarlarına çıxarır. Orta Asiyanın karbohidrogen ehtiyatları Xəzər dənizi və Azərbaycan vasitəsi ilə dünya bazarlarına nəql edilir. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmalarının inkişafını da vurğulamalıyıq. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında Türk qardaş limanları haqqında Anlaşma Memorandumu imzalanmışdır. Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir. Bakı–Aktau bərə yolu ilə neftlə yanaşı dəmir yol vaqonları, avtomobil, taxıl və s. Yüklərin daşımaları da yerinə yetirilir. Aktau portundan Qazaxıstanın şimalını birləşdirən 400 km-lik dəmir yolu kənd təsərrüfatı məhsulları və s.-nin daşınmasını xeyli səmərəli edir. Bütün bu layihələr qədim İpək Yolunun bərpası və türk əməkdaşlığı çərçivəsində ticarət və sərmayə əməkdaşlığının gələcək inkişafı məqsədi ilə həyata keçirilib. Türk dövlətlərarası irimiqyaslı infrastruktur layihələri də reallaşdırılıb və bu davamlıdır. Hazırda bir sıra böyükmiqyaslı layihələr həyata keçirilməkdədir.
"BİZƏ, HƏR BİRİMİZƏ ƏLAVƏ GÜC VERƏN TÜRKİYƏNİN GÜCLƏNMƏSİDİR"
2020-ci il türk dünyası məhsuldar, Zəfər ili olaraq yadda qaldı. Belə ki, türk dünyasının önəmli uğurları, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunması, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsi əhəmiyyətli hadisədir. Azərbaycan tərəfi məsələnin sülh yolu, danışıqlar masasında həll edilməsi istiqamətində addımlar atmış olsa da, Ermənistan faktiki olaraq danışıqlardan imtina etdi və ölkəmiz döyüş meydanında öz sözünü deyərək Zəfər qazandı. Hamının bildiyi kimi, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan 2020-ci ilin sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə edərək, Türkiyənin Azərbaycanın yanında olmasını ifadə etdi. Türk Şurası sentyabrın 28-də Azərbaycana dəstək xarakterli açıqlama verdi. Eləcə də digər beynəlxalq təşkilatlar - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycana siyasi dəstək göstərdilər. Bu gün dünya miqyasında Türkiyə siyasi, iqtisadi, hərbi gücü ilə tanınır. "Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir", - deyən Cənab Prezident bildirib ki, türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir: "Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir və buna görə hər birimiz əziz Qardaşıma minnətdar olmalıyıq". TDŞ hər zaman Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və 2020-ci ilin iyul ayında baş vermiş Tovuz hadisələri və 27 sentyabr tarixindən başlayaraq, Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı mütəmadi olaraq bəyanatlar vermişdir. TDŞ-in baş katibi 2020-ci ilin 20 oktyabr tarixində Gəncə şəhərini ziyarət etmiş, Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması ilə bağlı Türk dünyası adından həmrəyliyi nümayiş etdirən bəyanatla çıxış etmişdir. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması layihələrinə Türk Şurasına üzv və müşahidəçi ölkələrdən olan şirkətlər və iş adamları maraq göstərir, bu xüsusda 2021-ci il sentyabrın 10-da Bakı şəhərində "Azərbaycanın işğaldan azad edilmiş Qarabağ regionunun bərpasına və inkişafına həsr olunmuş" biznes forum keçirilmişdir. Türkdilli dövlətlər arasında media sahəsində əməkdaşlıq da olduqca önəmlidir. Belə ki, Azərbaycan və Türkiyə arasında artıq media platforması yaradılmışdır. Ən çətin anlarda türk dünyası Azərbaycanın yanındadır. Türk Dövlətləri Parlament Assambleyasının Katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində insan tələfatı və yaralanması ilə nəticələnən hərbi təxribatı qətiyyətlə qınayıb. TÜRKPA beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini və qardaş Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin əhəmiyyətini vurğulayır. Əlbəttə ki, bütün bunlar türk dünyasını vahid bir məslək ətrafında birləşdiyinin təcəssümüdür. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpası üçün Azərbaycana ən çox dəstək verən də qardaş ölkə Türkiyədir. Türkiyənin bir çox şirkətləri infrastruktur layihələrində iştirak edirlər. Bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisə kimi böyük əhəmiyyətə malikdir. "Zəngəzur koridoru isə həm türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir", - deyən Cənab Prezident bildirib: "1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq."Bu günlərdə Prezident İlham Əliyevin Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının, "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını etməsi, Cəbrayılda Qumlaq stansiyasının, "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və s. təməlini qoyması böyük iqtisadi və siyasi əhəmiyyət kəsb edir. Belə ki, Zəngilanın işğaldan azad olunmasının 2-ci ildönümündə, baş verən regional hərbi-siyasi proseslər fonunda Türkiyə Prezidentinin Zəngilanda və Cəbrayılda olması böyük məna kəsb edir. Cənab Prezidentin bildirdiyi kimi, bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Bütövlükdə isə Zəngilanda və Cəbrayılda bir daha Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsi yaşandı. Şuşa Bəyannaməsi ilə bütün sahələrdə rəsmən müttəfiq olan Türkiyə və Azərbaycanın birliyi bölgədə çox önəmli bir amilə çevrildi.Əlbəttə ki, TDŞ ölkələr arasında yaxınlaşmanın, inteqrasiyanın inkişaf etməsində ciddi rol oynayıb və bundan sonra töhfələrini verəcəkdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər