PDF Oxu

Araşdırma

  • 5 252

KTMT-nin yırtıq çətiri - RAKURS

image

Yaxud Qafqazda kim kimdir?

Erməni millətçiliyinin uzun illər hazırlaşdığı, hətta Sovet hakimiyyəti illərində bir neçə dəfə mərkəzi hakimiyyətə Azərbaycan torpaqlarının Ermənistana verilməsi, o cümlədən bu respublikada yaşayan azərbaycanlıların köçürülməsi ilə bağlı tərtib etdiyi ssenarilər qismən, həm də qanunsuz olaraq, azərbaycanlılardan soruşulmadan həyata keçirilməsi prosesi SSRİ-nin dağılması ərəfəsində daha da şiddətləndi. Mərkəzi hakimiyyətin hər dəfə zəifləməsi ermənilərə yeni imkanlar yaratdı. Çar Rusiyasının süqutu ilə Ermənistan dövləti yaradıldısa, SSRİ adlı proletariat diktaturasının - imperiyanın dağılması ilə ermənilər yeni torpaqlar ələ keçirmək üçün hərəkətə keçdilər. Hər iki dönəmdə mərkəz – Moskva susmağa, erməni vandallığına tamaşa etməyə üstünlük verdi.

35 il əvvəl də ermənilərin müəllifliyi ilə yazılan daha qəddar ssenari həyata keçirildi. Azərbaycan torpaqlarının ələ keçirilməsinə rəvac verən bir hadisə yaşandı, Sumqayıtda elə ermənilərin icrası ilə erməni millətindən olan 14 sumqayıtlı öz evində vəhşicəsinə öldürüldü. Qriqoryan adlı Sumqayıt ermənisinin törətdikləri qəddarlıqlar, qətl hadisələri bir müddət keçəcək azərbaycanlı Əhmədovun üzərinə qoyularaq onu ən ağır cəzaya məhkum edəcəklər. Dünya mətbuatı məhz erməni ssenarisinə uyğun olaraq Azərbaycanda ermənilərə qarşı ayrı seçkiliyin olduğundan və onları kütləvi qətlə yetirilməsindən yazacaqdı. Azərbaycanın başqa bir guşəsində, ermənilərin kompakt yaşadığı Qarabağda ( o vaxt Dağlıq Qarabağ Muxtar Vilayəti idi) erməni separatçıları vilayəti Azərbaycandan qoparmaq planını icra etməkdə idilər. Xankəndidə və ətraf rayonlarda erməni əhali silahlanır, azərbaycanlılara hücumlar edir, onları öz ata-baba yurdlarından qovurdular. Hər gün bir qara xəbər gəlirdi, kəndlər ard-arda boşalırdı. Bakıda oturan hakimiyyət nümayəndələri isə toqquşmalardan yayınmaq, milli zəmində münaqişənin alovlanmaması üçün unikal metoda əl atırdı: kənd sakinlərindən quş tüfəngləri də yığılırdı. Ermənilər isə bu zaman Sovet (Rusiya) ordusunun silah anbarlarına hücum edib ağır silah və texnikaları ələ keçirirdilər. “Bizimkilər” isə hələ də ov tüfənglərini yığıb qurtarmağa çalışırdılar...

Bəli, olanlar oldu, 1993-cü ilin sonuna qədər Ermənistan Qarabağ və ətraf rayonları ələ keçirməklə burada separatçı rejim yarada bildi. Kimin dəstəyi ilə, bu, artıq bəllidir. Amma dünya birliyi ermənilərin açıq təcavüzünü, işğalını görməzdən gəldi, harayımıza hay demədi. Əvəzində, “hay”lara dəstək vermək, işğalı legitimləşdirmək, ikinci erməni dövləti qurmaq üçün ATƏT-in “Minsk qrupu” adlı qondarma qurum təsis etdi və 25 il Azərbaycanı bütün imkanları ilə Qarabağ və ətraf ərazilərdən, konkret desək 20 faiz ərazilərindən imtina etməyə çalışdı. Hətta iş o yerə çatdı ki, indiyədək separatçı çıxışlara qarşı birlik nümayiş etdirən Qərb və xristian dövlətləri ailəsi nədənsə Ermənistan faktorunda fərli münasibət göstərdilər. ATƏT-in “Minsk qrupu” davanın Ermənistan-Azərbaycan kontekstindən çıxararaq daha çox “xalqların öz müqəddəratını təyinetmə hüququ” termini ətrafında iş qurdular. Öz ərazilərində separatçılığa qarşı əsl səlib yürüşü aparan dövlətlər, Azərbaycana gəldikdə insan haqları, xalqların seçimi məsələsini gündəmdə saxlamağa və dolayısı ilə iqtisadi inkişaf perspektivli ölkəmizə qarşı təzyiq yolunu tutmağa çalışdılar.

Bu gün Qarabağ ətrafında dünyada analoqu olmayan oyunlar qurulur, tərtiblənir, yeniləri layihələndirilir. Məqsən isə eynidir, nə Qərbə, nə Rusiyaya, nə də İrana ermənilərin taleyi maraqlı deyil. Bu qədər ermənisevər olsalar öz ölkələrində bunu edərlər. Bəs, məsələnin kökündə nə dayanır? Niyə Avropanın bəzi ölkələri, Rusiya, ABŞ, bəzi beynəlxalq təşkilatlar, Avropa institutları ermənilərdən belə bərk yapışıblar, onları işğalçı olmalarına, bütün beynəlxalq prinsipləri çeynəmələrinə rəğmən dəstəkləyirlər? Əlbəttə, bütün bu yanaşmaların kökündə zəngin Azərbaycanı ram etmək niyyəti dayanır.

Ermənistan Azərbaycan torpaqlarından qovuldu, 44 günlük müharibə erməni iddialarına son qoydu. Bununla paralel Ermənistanın haqqında danışdığımız dostlarının da planları puç oldu. Ölkəmizin mövqeyi bir az da möhkəmləndi, indi biz qalib ölkəyik, suveren ərazilərimizin hər yerinə sahibik. Amma bəlli dairələr hələ də ümidlidirlər, Qarabağın ermənilər yaşayan kiçik bir kəsimində hadisələrin məqsədəmüvafiq şəkildə dəyişəcəyinə ümidlənirlər. Ona görə də bütün imkanları ilə öz platformalarından Azərbaycanın üzərinə gəlməyə can atırlar. Amma beynəlxalq münasibətlər sistemində mövcud yanaşmaları əzib keçə bilmirlər. Düzdür, bunların bir qismini artıq əziblər, lakin əzilməyən dəyərlər hələ də var.

Ermənistanda ümid edirdilər ki, Rusiya bu müharibədə də onlara dəstək olacaq. Hətta oldu da deyə bilərik, amma ermənilərin iddiaları onu göstərir ki, ruslar və Putinli Rusiya onları satıb, Ermənistana lazımi dəstək göstərməyib. Bu cümlədə gizlənən kiçik bir sirri də açmalı olacağıq, sən demə, Rusiya silahlı qüvvələri bütün arsenalı ilə I Qarabağ müharibəsində olduğu kimi, ermənilərin əvəzinə döyüşməli imiş. Bu fikir başqa ölkələrə - Ermənistana dost olan dövlətlərə də aiddir. Hətta, Ermənistanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlı hərbi blok Azərbaycana qarşı vuruşmalı imiş. İndi “hay”ların qondarma ölkəsində bu məsələ gündəlikdədir, hər kəs bundan danışır. Hətta dostlarını KTMT çətirindən çıxacaqları və başqa çətir altına girəcəkləri ilə hədələyirlər. Bəs yeni çətirin sahibi kimdir və o nə qədər etibarlıdır? Rusiyanın və digər regional dövlətlərin məsələyə münasibəti necədir?

Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan bildirib ki, hazırda təhlükəsizlik çətirinin dəyişdirilməsindən danışmaq mümkün deyil. Birincisi, bu, kifayət qədər ciddi və uzun prosesdir və qarderobu açıb köynəyi dəyişməyə bənzəməz. Bu, elə bir prosesdir ki, bu qədər çox sayda problem yaranır, hətta demək olar ki, yaxın gələcəkdə tamamilə həlli mümkün olmayan problemlər. Təsəvvür edin ki, bir saziş imzalanacaq ki, Rusiya sülhməramlıları Qarabağı tərk edəcək. Türkiyənin etirazları olsa da Azərbaycanın razılığını alaraq Qarabağa Skandinaviya ölkələrini, Fransa və ya Paraqvayın sülhməramlıları yerləşdirilir. Bu reallıqlar Rusiya və Qərbin toqquşan maraqlarını nəzərə almadan mümkündürmü? Əlbəttə yox. Bu hesablamalar yalnız evdar qadınlar üçündür. Belə mövzularda ciddi danışmaq sadəcə mümkün deyil.

İkincisi, təhlükəsizlik təminatçıları baxımından müxtəlif xarici qüvvələri müqayisə etmək də mümkün deyil. Biz başa düşürük ki, Rusiya dürüst araçı, vasitəçi deyil və ola da bilməz. Rusiya oyunçudur. Rusiya çox uzun müddətdir regionumuzda öz maraqlarına malik olan və bunda müəyyən rol oynayan müxtəlif cəhətlərdən nəhəng ölkədir. Bu yanaşma Türkiyəyə də aiddir. Bu mənada heç bir Fransa, Hollandiya və hətta İngiltərə bu gün Qarabağda Rusiyanı əvəz edə bilməz. Onlar “geostrateji” olaraq sadəcə fərqlidirlər. Onların heç biri Cənubi Qafqaz ölkələrinə təhlükəsizlik təklifi etmir və bu olduqca təbiidir.

Üçüncüsü, Ermənistanda komplementarizm konsepsiyasını həyata keçirmək cəhdi var. Yəni bütün tərəflərlə balanslaşdırılmış şəkildə, yəni müstəqil əlaqə qurmaq ideyası var. Ermənistan rəhbərliyi düşünür ki, bu konsepsiya pisdən yaxşıdır. Bölgədə nə qədər çox oyunçu olsa bir o qədər yaxşıdır prinsipi. Amma komplementarizm 30 faiz deyil, 70 faiz olduqda özünü doğruldur. Bu gün Ermənistan bu mövqedən çıxış edərək çalışır ki, Rusiya və Qərb əsgərlərini eyni vaxtda Qarabağ ətrafında və ya Ermənistan Respublikasının sərhəddində yerləşdirsin. Bunu, əlbəttə təsəvvür etmək çətindir.

Amma bugünkü vəziyyət 10-15 il əvvəlki vəziyyət deyil. İndiki məqamda bir-birini tamamlayan siyasətin aparılması xeyli çətinləşib. Oyunçular arasında rəqabət və qısqanclıq kimi anlayışlar həddən artıq kəskinləşib. Türkiyənin regional maraqları da nəzərə alınmalıdır. Türkiyə bölgədə mövqelərini gücləndirmək niyyətini gizlətmir. Türkiyə uzun müddətdir, SSRİ dağılandan bəri və ondan əvvəl də iqtisadi, humanitar, mədəni, ideoloji mənada yumşaq güc kimi Cənubi Qafqazdadır. Azərbaycan da öz növbəsində investor kimi Türkiyədə çox layiqli şəkildə təmsil olunur. Türkiyə Gürcüstanda çox ciddi şəkildə təmsil olunur. 2020-ci il müharibəsindən sonra Türkiyə artıq strateji mənada, təhlükəsizlik baxımından Qafqazda mövcud olmağa başlayıb.

Və beləliklə, Ermənistan KTMT çətirindən yaxa qurtarmağa, özünə, necə deyərlər başqa adaxlı axtarmağa başlayıb. Amma tapdığını regiona gətirəcək gücü yoxdur. Hələ də, gah Rusiyanın, gah da Qərbin çaldığı fransız havalarına züy tutmağa məcburdur. Təki Rusiyanın “NATO”su sayılan KTMT-dən qurtula bilsin...

V.VƏLİYEV

Digər xəbərlər