Təbriz isə yenidən inqilab paytaxtına çevrilib
Dünya ictimaiyyətinin əksəriyyəti elə düşünürdülər ki, ötən ilin 17 sentyabrından başlayan İran iğtişaşları sanki sakitləşib və Tehran rejimi həyata keçirdiyi dəhşətli repressiyaları, edam cəzaları ilə etirazçı xalq kütləsinin qiyamını yarıtmağa nail olub. Lakin bunun belə olmadığı növbəti dəfə sübuta yetirildi. Əslində, müəyyən sakitlik yaranmışdı, hətta həmin sakitlik iki həftədən çox müddətdə davam etdi. Polis və digər güc strukturları ilə ayrı-ayrı məhəlli qarşıdurmalar istisna olmaqla daha əvvəlki kütləvilik də hiss olunmurdu. Amma bunun müqabilində daha geniş və əhatəli üsyanlara hazırlıq prosesinin getməsi sirr olaraq saxlanılırdı. Artıq fevralın 15-dən başlayaraq etirazların ikinci fazaya və yeni mərhələyə start verməsi görünməkdədir.
1979-cü ildə İranda baş qaldıran və “İslam inqilabı” olaraq adlandırılan üsyanlardan sonra hazırkı iğtişaşlar ölkədə yaşanan ən iri miqyaslı qiyam olaraq xarakterizə edilir
Məsələn, “Assosiated Press” ona yaxın hüquq müdafiəsi təşkilatlara istinadən məlumat yaydı ki, fevralın 16-dan 17-ə keçən gecədən etirazçı xalq ayrı-ayrı qruplara bölünməklə İranın müxtəlif şəhərlərində molla rejimi əleyhinə şüarlar səsləndirib, eləcə də hökumətə aid binalarda yanğınlar törədib, ali dini rəhbərlərin portretlərinə, həmçinin şüarlarına od vurublar. Məhz bu faktlar da belə qənaətə gəlməyə əsas verir ki, xalqın rejimə qarşı qəzəbi soyumayıb, əksinə daha da qızışıb.
Artıq faktdır ki, hələ 1979-cü ildə İranda baş qaldıran və “İslam inqilabı” olaraq adlandırılan üsyanlardan sonra hazırkı iğtişaşlar ölkədə yaşanan ən iri miqyaslı qiyam olaraq xarakterizə edilir. Bunu hüquq-müdafiə təşkilatlarına aid sosial şəbəkə platformalarında yayılan görüntülərdən də görmək mümkündür. Həmin görüntülərdən də məlum olur ki, etirazçılar fevralın 16-17-dən başlayaraq Tehranda, Arazda, İsfahanda, Huzestan vilayətinin şəhərlərində küçələrə axışaraq güc strukturlarının qurduqları blokpostları dağıtmağa nail olublar.
Etirazçılar “Diktatora ölüm!”, “Rejimə ölüm!” şüarları ilə öz qətiyyətlərini nümayiş etdirməkdədirlər
“Hengaw Organization for Human Rights” adlı təşkilatın yaydığı videodan isə məlum olub ki, Sənandacda yandırılan blokpostlardan sonra qurulan növbəti blokpostlar da xalq tərəfindən yandırılıb. Etirazçılar “Diktatora ölüm!”, “Rejimə ölüm!” şüarları ilə öz qətiyyətlərini nümayiş etdirməkdədirlər.
Üsyanlar başlayan gündən hazırkı dövrə qədər üzə çıxan rəqəmlər də dəhşət saçır. Hüquq müdafiəçilərinin statistik məlumatlarına görə, Tehran rejimi 529 insanı qətlə yetirib, 19 700 nəfər isə zindanlara atılıb. Buraya edam cəzaları verilərək asılan insanları da əlavə etsək həmin statistikanın artdığını deyə bilərik.
Maraqlıdır ki, Tehran rejimi hadisələr başlayandan indiyə qədər qurbanların sayı barədə heç bir məlumat verməyib. Hansı ki, molla rejimi hökuməti ölənlərlə bağlı xəbərləri istisna etmirdi. O cümlədən, minlərlə həbslərin həyata keçirildiyini də boynundan atmırdı. O cümlədən, İranın ali dini rəhbəri Xameneyi də açıq şəkildə fətva irəli sürmüşdü ki, mövcud dövlət quruluşuna qarşı etiraz edənlərin öldürülməsi günah deyil və s. Bu səbəbdən, Tehranın güc strukturları ölənlərlə bağlı dəqiq rəqəm irəli sürməsə də onların olması haqqında yayılan məlumatları təkzib edə bilmirdi.
Əbəs deyil ki, hadisələrin mərkəzində Təbriz şəhəri dayanıb və zamanında “İslam inqilabının” başladığı və şah rejimini yıxan həmin üsyanlar bu gün molla rejiminə qarşı qalxıb
Nəticədə bu ölkədə baş qaldırmış etirazların daha geniş fazaya keçəcəyi prosesinə başlanılıb və bu proses Tehran rejiminin çöküşündən xəbər verir. Tehranın çöküşü isə regionda yeni reallıqların da yaranmasına – misal üçün, ayrı-ayrı azad, müstəqil dövlətlərin əmələ gəlməsinə səbəb ola bilər. Belə ki, bu ölkədə kifayət qədər etnik xalqlar, milətlər yaşayırlar. O cümlədən, nəzərə alsaq ki, bu gün həmin ölkənin əsas özəyini təşkil edən ən böyük kəsim məhz Cənubi Azərbaycan soydaşlarımızdır, bu zaman orada Milli Hökumətin qurulması mümkünlüyü get-gedə artmağa başlayır. O da əbəs deyil ki, hadisələrin mərkəzində Təbriz şəhəri dayanıb və zamanında “İslam inqilabının” başladığı və şah rejimini yıxan həmin üsyanlar bu gün molla rejiminə qarşı qalxıb. Bu səbəbdən, fars-molla rejimi Təbrizdən və Cənubi Azərbaycan faktorundan ciddi şəkildə çəkinir. Hər halda, proseslər də, mövcud gedişat da artıq geriyə yolun olmadığı anlamını daşımaqdadır.
Rövşən RƏSULOV