PDF Oxu

Araşdırma

  • 4 646

Rusiya Ukrayna cəbhəsində zəifləyibmi? ANALİTİK+AKTUAL

image

Əslində isə, hər şey göründüyü kimi deyil

Rusiyanın Ukrayna ilə artıq 1 ildən çox davam edən müharibəsindən sonra belə anlaşılırdı ki, Kremlin dünyadakı mövqeyi get-gedə zəifləməyə başlayacaq və nəticə etibarı ilə Şimal ayısı öldürücü zərbəsini də məhz Ukraynada alacaq. Daha dəqiq desək, bir sıra ekspertlər və analitiklər belə bir qənaətə də gəlirdilər ki, Rusiyanın başının Ukraynada qarışması bu ölkənin regiondakı var-gəllərini azaldacaq. Lakin bu həqiqətənmi belədir? Ümumiyyətlə, Kreml həqiqətənmi bütün gücünü və diqqətini bilavasitə Ukraynaya doğru yönəldib? Əslində isə, hər şey göründüyü kimi deyil...

Qazaxıstanda Ukrayna ssenarisi təkrarlana bilərmi?

Bu günlərdə Qazaxıstanda, daha dəqiq desək, rusların daha çox yaşadığı Petrapavlosk şəhərində yaşanan olay növbəti nəticələrə gəlməyə vadar edir. Belə ki, Qazaxıstanın şimalının Rusiya ilə həmsərhəd olduğu bu regionu daha əvvəllər də Kremlin əlində əsas rıçaqlardan biri olaraq seçilib. Bu şəhərdə yaşayan bir neçə min rus mənşəli sakinlər özlərinin müstəqillikləri, öz müqəddəratını təyin etmək hüquqları və suverenlikləri barədə bəyanat yayıblar. Həmin bəyanatda isə deyilir. SİTAT: “Biz sərbəst və azad xalq, kişilər və qadınlar, Şimali Qazaxıstan Respublikasının Petropavlovsk şəhərinin çalışan sakinləri, Qazaxıstan Respublikası korporasiyasının hüquqi əsasının saxta olması, xalqın həyatı üçün əlverişsiz şəraitin yaradılması, habelə onun agentlərinin bacarıqsızlığı və şərəfsizliyi səbəbindən bizim sərvətimizi və resurslarımızı idarəetmə sisteminin bütün təsisçilərinə və işçilərinə tam inamsızlığımızı bildiririk. Biz xalq olaraq öz müstəqilliyimizi, sərbəstliyimizi və suverenliyimizi elan edirik”.

Separatçılar 19 mart 2023-cü il tarixli görüşdə sədr və katib seçdikləri, “bəyannamə”, “nizamnamə layihəsi”, “Xalq Şurasının simvolları”nı qəbul etdikləri bildirib və bununla yanaşı, Qazaxıstanın təhsil, qida məhsulları və səhiyyə sisteminə qarşı çıxıblar. “Uğurlu sovet təhsili sistemi destruktiv dərsliklərlə xarici standartlara uyğun surroqatla tərəfindən əvəz edilib..”, separatçıların bəyanatında deyilir. Onlar paralel olaraq vilayətin ayrıca “milli təhlükəsizlik”, “ daxili işlər” qurumlarını yaradıb, “prokuror” təyin ediblər.

Petropavlovsk separatçıları Rusiya ordusundan tələb edəcəklər ki, onlar Qazaxıstanın rusdilli əhalisini “qazax millətçilərindən müdafiə etsinlər”

Onu da xatırladaq ki, Petropavlovsk Qazaxıstanın şimalında (Şimali Qazaxıstan vilayətinin inzibati mərkəzi) Rusiya ilə sərhəddən 40 km cənubda yerləşir. Əhalisi 200 mindən çoxdur, bunların 58% – i rusdur. Şəhərin aparıcı müəssisəsi neft və qaz avadanlığı istehsalçısı olan Petropavlovsk ağır maşınqayırma zavodudur. Beləliklə, bu məsələdə kənar təsirin, daha doğrusu, Kremlin barmağının olması şübhə doğurmur. Yəni fakt budur ki, Ukraynada istila müharibəsi aparan Rusiya hazırda Qazaxıstan planlarını da icra edir və yuxarıda qeyd edilən hadisə də bu reallığı əks etdirməkdədir.

Əslində, bu ssenari Ukraynada başlayan Maydan hərəkatına və ondan sonrakı proseslərə də bənzəməyə başlayıb. Misal üçün, Qazaxıstanın suverenliyi və ərazi bütövlüyü uğrunda başlaya biləcək xalq etirazlarından sonra məhz Petropavlovsk separatçıları Donetsk-Luqansk separatçıları kimi Rusiyadan hərbi yardım istəyəcəklər, Rusiya ordusundan tələb edəcəklər ki, onlar Qazaxıstanın rusdilli əhalisini “qazax millətçilərindən müdafiə etsinlər”. Yəni bu, son etibarı ilə Rusiyanın Qazaxıstana qarşı irimiqyaslı müharibəsinə qədər inkişaf edə biləcək bir məsələdir. Artıq nüfuzlu konfliktoloqlar da hadisələrin buna doğru inkişaf edəcəyini bildirirlər.

Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Qarabağ...

Bu gün Gürcüstandakı Abxaziya-Cənubi Osetiya problemi də bu kimi bənzərliklərin tərkib hissəsidir. Nəzərə alsaq ki, Dnestryanı problemi arxasında da Rusiya dayanıb, bu zaman hadisələrin məhz Kreml tərəfindən diqqətdə saxlanıldığını deyə bilərik. Bu baxımdan, Rusiyanın Ukraynada müharibə aparması səbəbindən Moskvanın mövqelərinin zəifləməsi elə də inandırıcı görünmür. Hətta Rusiyanın bundan sonra hələ uzun müddət Ukraynada savaş aparması, reallıqda isə Qərblə qarşıdurmada qalması inandırıcı görünməkdədir.

Və nəhayət – Cənubi Qafqaz regionu faktorunda da Moskvanın bir sıra maraqları göz önündədir. Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsindən sonra regiona sülhməramlı kontingentinin göndərilməsi məqsədləri də bu sıradandır.

Daha dəqiq desək, kontingentin fəaliyyətinin daha çox neqativliklərlə müşahidə edilməsi, xüsusilə, RSK-nın separatçılarla zaman-zaman iş birliklərinə getməsi də bu cür nəticəyə gəlməyə zəmin yaradır ki, Moskva bu regionda da öz mövcudluğunu hər vəchlə qoruyub-saxlamağa can atır.

Putin Paşinyanın Gürcüstanın esk-prezidenti Saakaşvilinin yerində, vəziyyətində olmasını arzulayır

Lakin Rusiyanın daha bir məqsədi və hədəfi əlbəttə ki, Ermənistandır. Hazırda bu ölkədəki mövcud iqtidarı devirməyə çalışan Kreml müxtəlif planlarını icra etməyə başlayıb. Məlumdur ki, Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyana qarşı ayrıca nifrəti var.

Hətta belə desək, Putin Paşinyanın Gürcüstanın eks-prezidenti Saakaşvilinin yerində, vəziyyətində olmasını arzulayır. Və Kreml İrəvanda özünün nəzarətində olan adamlarını hakimiyyətə yiyələndirməyə çalışır.

Misal üçün, Qarabağa göndərdiyi Ruben Vardanyanın sonradan siyasi desant qismində, yəni tramplin olaraq Ermənistana atılması ideyası da buradan qaynaqlanır. Beləliklə, Vardanyanın Putinin layihəsi olması kimsəyə sirr deyil. Bütün bu kimi olaylar isə bir daha sübut edir ki, Moskva sakit dayanmır və Rusiya əlində olan-qalan bütün imkanlarını və resurslarını məhz o istiqamətə tərəf yönəldir ki, onların hə biri öz maraqlarını təmin etsin. Moskvanın Ukraynanın istilası məsələsində dirəniş göstərməsi də bu məqamları ehtiva etməkdədir.

Rövşən RƏSULOV

Digər xəbərlər