“Biz şəhərləri bombardmana məruz qoyduğumuz vaxtda bu, strateji məcburiyyətdir, ancaq bizim şəhərlərimiz bombardmanlara məruz qalanda bu, iyrənc cinayətdir”
Erix Mariya Remarkın “Yaşamaq və ölmək vaxtıdır” romanından
Bugünlərdə Nyu-Yorkda Ukraynada həlak olan rus əsgər və zabitlərinin çəkmələrinin nümayişi sərgisi açılıb. Bir sıra Qərb mətbuatları sözügedən tədbiri geniş şəkildə işıqlandırıblar. İlk baxışdan burada təəccüblü hər hansı məqamın olduğu görünməsə də, bəzi düşüncələr mövzu ilə bağlı növbəti mənzərəni qabardır və istər-istəməz suallar yaranır. Misal üçün, Nyu-Yorkdakı sərgi barədə yazan xarici medialar həmin saytlar, informasiya agentlikləri və qəzetləridirlər ki, torpaqlarımızın erməni işğalından azad edilməsi ilə nəticələnən 44 günlük müharibədən sonra Bakıdakı Qənimətlər parkında nümayiş etdirilən düşmən hərbi texnikaları ilə bağlı çox güclü hay-küy qaldırmışdılar. Bəli, məhz texnikalara görə, həlak olmuş işğalçı düşmənin qanlı geyimləri və çəkmələri ilə bağlı deyil..!
Məhz 21-ci əsrdə bu kimi təqdimatın – ölmüş əsgərlərin çəkmə təqdimatlarının baş verməsinə inanmaq çətindir
Məsələn, Britaniyanın The Guardian qəzeti Nyu-Yorkdakı sərgini entuziazm xarakterində şərh edərək onu “rus işğalçılarının qənimət çəkmələri” kimi təqdim edib. Bəli, müharibədə həyatını itirən Rusiya hərbçiləri təmsil olunduqları ölkə rəhbərliyinin siyasi maraqları naminə, hətta belə deyək, heç nədən dünya ilə vidalaşıblar. Bu, təəssüf doğurur və müharibənin ölçüyəgəlməz acı həqiqətlərindədir.

Amma məhz 21-ci əsrdə bu kimi təqdimatın – ölmüş əsgərlərin çəkmə təqdimatlarının baş verməsinə inanmaq çətindir, amma fakt-faktdır....
Xatırlayırsınızsa, 44 günlük müharibədən sonra bir sıra ölkələr Azərbaycana qarşı az qala ultimatumlarla çıxış edərək bəyanatlar verdilər ki, Qənimətlər parkının yaradılması “erməni cəmiyyətinin psixikasına pis təsir edir”.
Məgər azərbaycanlıların psixikaları dəmirdən idi?

Üstəlik, Fransanın, İtaliyanın, ABŞ-ın KİV-ləri bu hadisəni guya Azərbaycanın “qeyri-insani” addımları kimi yazırdılar. Halbuki, Azərbaycanın Qənimətlər parkında işğalçıların döyüş meydanında ataraq qaçdıqları hərbi texnikaları nümayiş olunmuşdu. Xalqın psixikasına təsir məsələsinə gəlincə, görəsən azərbaycanlılar öz yurdlarından qovularaq, öldürülərək, soyqırımları məruz qoyularaq pərən-pərən düşəndə, bütöv bir ailələr yer üzündən silinəndə həmin ifadə niyə yada düşmürdü?! Yoxsa ki, azərbaycanlıların psixikaları dəmirdən olub və kənar təsirlərə qarşı dözümlüymüş ???
Bəs Nyu-Yorkda?

Müxtəlif qəlpə-güllə yaraları alaraq ölmüş insanların çəkmələri! Üstəlik, onların bəzilərinin üzərlərində qan izləri də qalmışdı. Maraqlıdır, Azərbaycanı hədəfə alan həmin medialar bu barədə yazacaqlarmı? Yazacaqlarmı ki, bu qeyri-insani davranışdır və humanizm baxımından yolverilməzdir? Yazacaqlarsa lap yaxşı, yox, yazmayacaqlarsa onda həqiqətən 21-ci əsrin meydan oxuduğu dövrdə də ikili standartların qaldığını əminliklə deyə bilərik.
Bu yerdə Erix Mariya Remarkın “Yaşamaq və ölmək vaxtıdır” romanındakı sitatını sitatını xatırlamamaq olmur: “Biz şəhərləri bombardmana məruz qoyduğumuz vaxtda bu, strateji məcburiyyətdir, ancaq bizim şəhərlərimiz bombardmanlara məruz qalanda bu, iyrənc cinayətdir”.
Rövşən RƏSULOV