PDF Oxu

Araşdırma

  • 8 112

İsveç NATO-nun 32-ci üzvü olacaqmı? ANALİTİK

image

2023-cü ilin iyulunda NATO-nun sammitinin keçirilməsi planlaşdırılıb və Türkiyə son ana qədər öz tələblərini İsveç qarşısında qaldırıb və mümkündür ki, sammitə qədər Stokholm qismən də olsa Ankaranın tələblərinin bir qismini yerinə yetirməli olacaq

Bu yaxınlarda Finlandiya rəsmi şəkildə NATO-nun üzvü seçildi. Beləliklə, Helsinki bu hərbi alyansın 31-ci üzvünə çevrildi. Lakin Finlandiyadan fərqli olaraq Stokholm Helsinki ilə birlikdə bu alyansa daxil ola bilmədi – buna Türkiyə və Macarıstan mane oldu. İndi bir sıra dairələri bir sual düşündürür: İsveç NATO-nun 32-ci üzvünə çevrilə biləcəkmi? Belə ki, İsveç məhz Türkiyənin müsbət cavabını gözləyir, çünki Stokholm Ankaraya vəd verib ki, Türkiyənin təhlükəsizliyinə sadiq qalacaq və s. Amma sonradan nə baş verdi? Ulf Kristerssonun hökuməti ultra-sağçı ekstremist Rasmus Paludanın Türkiyənin Stokholmdakı səfirliyi qarşısında müsəlmanların müqəddəs kitabı Quranın yandırılmasına rəsmi icazə verdi.

Quran yandırıldı və İsveçin NATO-ya üzvlüyü dalana dirəndi

İsveç hökuməti digər tərəfdən də Türkiyənin siyasi maraqlarına qarşı susqunluğunu nümayiş etdirib. Belə ki, PKK tərəfdarlarının Stokholmun mərkəzində Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın müqəvvasını asmaları qırmızı xəttin keçilməsi kimi anlaşıldı. “İsveçin məhkəmə sistemi bu məsələ ilə bağlı öz qərarını verdi. Heç bir qanunsuzluq halı müəyyən olunmayıb”, deyə ölkənin rəsmi dirələri məlumat verdilər. Nəticədə isə gözlənilən baş verdi - İsveçin NATO-ya üzvlüyü dalana dirəndi.

Təbii ki, bütün bunların müqabilində Ərdoğanın cavabı bəlli idi – Türkiyə Finlandiyanın NATO-ya daxil olmasına yaşıl işıq yandırdı, İsveç isə bu dəstəyini itirdi. Üstəlik, Stokholm NATO-ya üzv olmayan yeganə Şimali Avropa ölkəsi kimi qaldı. İsveçin quru sərhədindəki qonşuları NATO üzvüdürlər. Lakin bildirilir ki, İsveçin alyansa üzvlüyü bu qurumun digər üzvləri tərəfindən əhəmiyyət kəsb edir. Ən azı, İsveç NATO üzvü olsa Avropanın şimalı bütünlüklə bir yerdə cəmləşəcək.

Lakin Türkiyə İsveçin alyansa daxil olmasını əngəlləyir, belə ki, İsveç Türkiyə tərəfindən terrorçu təşkilat elan edilmiş PKK-nın üzvlərini geniş şəkildə dəstəkləməkdədir.

İsveç anlamalıdır ki, alyansa üzv olması üçün Ankara ilə arasında olan bütün narazılıqları aradan qaldırmalıdır

Ancaq Türkiyə ilə yanaşı, Macarıstan da Ankaranın mövqeyindən çıxış edir. Budapeşt bəyan edir ki, Ankara ilə qurduğu strateji partnyorluqla yanaşı, Türkiyə NATO dövlətidir və İsveç anlamalıdır ki, alyansa üzv olması üçün Ankara ilə arasında olan bütün narazılıqları aradan qaldırmalıdır.

Xatırladaq ki, Ankara daha əvvəl dayandırılmış Türkiyə-İsveç-Finlandiya üçtərəfli danışıqlarını martın 9-da Brüsseldə bərpa etdi. Ardınca isə Finlandiyanın müraciəti İsveçdən ayrılaraq qəbul olundu. Türkiyə İsveçdən PKK ilə əlaqəli olan şəxslərin ona təhvil verilməsini istədi. Lakin Stikholm bildirdi ki, onların ekstradisiyaları məhkəmələrin nəzarəti altındadır və İsveçin müstəqil məhkəmə sisteminə müdaxilə yolverilməzdir. Ardınca isə Türkiyənin 51 yaşlı İsveç vətəndaşı və PKK üzvü Mehmet Zakir Karaelin Ankaraya təhvil verilməsi tələbi də yerinə yetirilməmiş qaldı, İsveç hökuməti həmin tələbi rədd etdi.

Yens Stoltenberq: “Biz bütün gücümüzü ortaya qoymuşuq ki, həmin proses daha tez baş versin”

Maraqlıdır ki, NATO-nun baş katibi Yens Stoltenberq İsveçin alyansa qəbul edilməsi prosesinin dalana dirənmədiyini iddia edib. “Biz müxtəlif səviyyələrdə işləməyə davam edirik ki, İsveçin NATO üzvü olması məsələsində tərəqqi əldə edək. Biz bütün gücümüzü ortaya qoymuşuq ki, həmin proses daha tez baş versin”, deyə o bildirib.

ABŞ prezidenti Co Bayden də Türkiyə ilə Macarıstanı İsveçin NATO-ya üzv olması istiqamətində müsbət məramlarla davranmağa dəvət edib və prosesin gecikdirilməsinin alyansa səmərə vermədiyini bildirib.

Qeyd edək ki, 2023-cü ilin iyulunda NATO-nun sammitinin keçirilməsi planlaşdırılıb və Türkiyə son ana qədər öz tələblərini İsveç qarşısında qaldırıb və mümkündür ki, sammitə qədər Stokholm qismən də olsa Ankaranın tələblərinin bir qismini yerinə yetirməli olacaq. Daha dəqiq desək, konkret addımlar atmaqla müəyyən fikir ayrılıqlarının aradan qaldırılmasında maraqlı olduğunu nümayiş etdirəcək.

Rövşən RƏSULOV

Digər xəbərlər