Ayətulahların parlament sədrinin iddiaları sanki terror çağırışlarına bənzəyir
İran adlı mollakratiya rejimində formalaşan daha bir reallıq budur ki, bu teokratik idarəçilik mexanizmi indi daha çox Azərbaycana qarşı öz iddialarını irəli sürməkdədir. Yalnız ölkəmizin çağdaş siyasi standartlara görə fəaliyyətinə deyil, həm də ərazilərinə, eləcə də ayrı-ayrı şəxslərinə qarşı (misal üçün, bu ölkəni sərt tənqid edən siyasi-ictimai şəxslərə, publik cameəyə, jurnalistlərə) təhdidlər yağdıran ayətullahlar bu kimi kirli, terror qoxusu verən bəyanatlarını artırmaqda israrlı olduqlarını nümayiş etdirirlər. Belə desək, Tehran rejimi artıq bu cür həyasızlığa əl atır: bu gün həmin rejimə qarşı sözünü deyənlər birmənalı olaraq onların göstərişləri və qoyduqları qaydalara riayət etməlidirlər (???!!!)
Daha açıq ifadə edək – iranlı siyasi xadimlər Bakıya qarşı təlqin edirlər ki, “əgər bizim dediyimiz kimi hərəkət etməsəniz, biz ölçülər götürməli olacağıq”. Əbəs deyil ki, bir neçə gün əvvəl İran parlamentinin sədr müavini Əli Nihzad necə deyərlər, öz təbirincə “ağıl” qoymağa çalışıb. O, təhdidlərlə müahidə edəcəyi sözlərini əvvəlcə “yumşaqlıqla” sığortalayıb, sonra isə sərt tona keçid edib. SİTAT: “İran böyük dövlətdir və tarixlər boyu öz qonşularına hörmət bəsləyib. Azərbaycan bilməlidir ki, İslam inqilabından sonra İranın qonşularından biri (İraq-R.R.) bir dəfə səhvə yol verib və müxtəlif ölkələrin dəstəyinə baxmayaraq 8 il boyunca İtana qarşı dayana bilməyib, ona görə də Azərbaycanın dövlət xadimlərinə məsləhət edirik ki, mehriban qonşuluq prinsiplərinə hörmət etsinlər”.
Molla parlamentinin sədri bir az da irəli gedərək və əslində, sırf həyasızlıq nümayiş etdirərək Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunu elə təqdim edib ki, sanki Azərbaycan “günahkardır”, üstəlik, sözügedən insidenti dünyaya çatdırmaqla böyük “səhvə” yol verib (???!!!). O, bu cür sərsəmləməyə davam edib. SİTAT: “İran indiyə qədər özünü layiqli aparıb, ona görə də Azərbaycan hökumətinə və parlamentinə məsləhət görürəm ki, bir daha düşünsün və hərəkətlərini korrektə etsin. Son günlər Azərbaycan dörd diplomatı ölkədən çıxarıb və söz yox ki, bizim XİN də cavab tədbirləri görəcəkdir, belə davranış yaxşı heç nə ilə bitməyəcək”.
Əli Nihzad sonda “nöqtəsini” bu cür qoyub: “Azərbaycan avantüralara son qoymalıdır, İran indiyə qədər səbr və təmkin nümayiş etdirib və səbrin də həddi-hüdudu var”.
Məgər bu kimi ifadələr, özü də rəsmi şəxs tərəfindən deyilən sözlər Tehranın Azərbaycanın daxili işlərinə qarışması anlamını daşımırmı? Yaxud, bu cür həddini aşan bəyanatların verilməsi sonrakı proseslərə daha hansı təsirləri göstərə bilər? Çünki mövcud vəziyyət artıq xarici politoloqların da diqqəti mərkəzindədir.
Rusiyalı siyasi şərhçi Tatyana Poloskovaya görə, Əli Nehzad heç doğru-dürüst siyasətçi də deyil və o cümlədən, onun beynəlxalq siyasətdən, diplomatiyadan anlayışı belə yoxdur. Poloskova İran parlamentinin sədrinin məlum bəyanatının elementar hörmətsizlik olduğunu deyib. Üstəlik bildirib ki, Əli Nehzadın təhsili şəhərsalma üzrə bakalavar səviyyəsindədir və o sonradan Sənaye menecmenti universitetinin dövlət idarəçiliyi üzrə magistr səviyyəsində təhsil alıb. Onun dövlət vəzifələri inşaat işləri və dövlət yollarının tikintisindən ibarət olub. “Lakin belə görünür ki, cənab Nihzad bəzi yollarını səhv salıb. Xüsusilə, onun Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumla bağlı fikirləri suallar yaradır ki, bu onun şəxsi fikridir, yoxsa İran rəhbərliyi dəə belə hesab edir? Və o, yenə Bakıya qarşı özünün məntiqsiz məsləhltləri ilə ilişməyə başlayıb. Guya bu hadisə şəxsi motivlər səbəbindən baş verib. Axı şəxsi motivlərin buraya nə aidiyyatı var? Cinayət baş verib və həmin cinayətin ağırlığına görə də cəza tətbiq edilməlidir. Bu isə məsuliyyətdən kənarlaşdırılmamalıdır. Adam həlak olub, insanlar xəsarətlər alıblar”, deyə Poloskova bildirib. O, bildirib ki, Nihzadın Bakını təhdid etməsi və Tehranın cavab tədbirləri görəcəyi ilə bağlı fikirləri bütün hədləri aşır və əslində, müasibətlərin tamamilə korlanması İran trəfindən tətbiq edilir.
Poloskova daha bir məqama toxunub – Azərbaycanın İsraillə strateji əməkdaşlıq qurmasına və İranın soinizm məsələsindəki oyunbazlıqlarına. SİTAT: “Nəyə görə Bakı İrandan davamlı olaraq “sionist rejimlə əməkdaşlıq” ittihamlarına məruz qalır? Cənab Nihzadın diqqətinə çatdırmaq istərdim ki, əslində “sionizm” anlayışında hər hansı təhlükəli heç nə yoxdur. Sionizm siyasi hərəkatdır və özündə yəhudi xalqının birləşməsini və tarixi vətəni İsraildə yaşamasını (Erets-İsrael) əks etdirir. Anlaşılan budur ki, sionizmə və sionistlərə qarşı bütün zamanlarda “köpəkləri qısqırdıblar”, indi də belə davam edir. Əgər uzaq İran əyalətində yaşayan kəndli kimləri isə “sionist rejimi ilə əməkdaşlıqda” ittiham edərsə, bunu ona bağışlamaq olar, amma yüksək ranqlı dövlət məmurunu yox”.
“Bəli, rəsmi Bakı İsraillə uğurlu əməkdaşlıq edir. Burada nə var ki? Məgər İsraillə əməkdaşlıq edən başqa müsəlman ölkələri yoxdurmu? Bundan sonra Nihzadın qəbuluna icazə ilə yazılmaq lazımdır? Siz öz bit-birələrinizlə özünüz maraqlanın Tehrandakı cənablar. Və sizin düşmən elan etdiyiniz ənənəvi ölkələrin agentlərinin dolduğu Ermənistandakı dostlarınızla da maraqlanın ki, orada nə baş verir?
Biz də tarixi yaxşı xatırlayırıq ki, bir zamanlar İran özünün erməni dəstəkçiləri ilə Rusiya səfirliyinə hücum edib, nəticədə səfir Qriboyedov və başqaları həlak olublar. Ona görə də rus atalar misalı ilə məsləhət vermək istərdim: “Aynanı günahkar çıxarmaq lazım deyil, bəlkə öz sifətində əyrilik var? İranın riyakarlığının qiymətini isə biz yaxşı bilirik”, deyə Poloskova sonda vurğulayıb.
Qazaxıstanlı siyasi şərhçi Ruslan Salixov da mövzu ilə bağlı maraqlı detallara toxunub. Onun sözlərinə görə, Nihzadın ritorikası müqabilində İran düşünür ki, o hakimdir və buna görə də Bakıya təzyiq edərək və təhdid yürüdərək təsir göstərə biləcəyini sanır. SİTAT: “İran daim özünün Şimal qonşusuna qısqanclıqla yanaşıb. Bu ehtimal isə özünü doğruldub. Tehranda həmişə etiraf ediblər ki, Azərbaycan ərazisinin kiçikliyinə baxmayaraq güclü siyasi və iqtisadi potensiala malikdir və bundan daim qorxublar. Əlbəttə, bu qorxu və dərin təlaş ona görədir ki, Azərbaycan daha da güclənə və İrandakı etnik azərbaycanlılar da sonradan Azərbaycan Respublikasına birləşmək məqsədi ilə muxtariyyət tələbini isrəli sürə bilərlər. Bu baxımdan, İranda yaşayan azərbaycanlıların hüquqları daim basqı və təhdid altında saxlanılır”.
“İndi isə Azərbaycan adi regional ölkə səviyyəsini də ötüb-keçirsə Tehran Bakını özünə açıq təhlükə kimi görür. 44 günlük müharibədəki qələbə İranın tiksik rejimini çox narahat edir. Bütün bunlar Tehranın şişərək partlamaq həddinə çatan ambisiyalarını daha da artırır”.
Qazaxıstanlı politloqa görə, məhz bütün baş verənlərdə Tehran günahkardır, ona görə də zəhərli təhdidlər heç də İranın gücünü göstərmir, əksinə, acizliyini nümayiş etdirir. Bu, həm də onu sübuta yetirir ki, İranın molla rejimi artıq süqutu ərəfəsindədir.
Rövşən RƏSULOV