PDF Oxu

Araşdırma

  • 6 404

100 il əvvələ qayıdış - RAKURS

image

Azərbaycandan Ermənistana xəritə xəbərdarlığı
Azərbaycanla Ermənistan arasında sülh danışıqları normal qaydada gedir, deyə bilmərik. Çünki İrəvan hələ də “nala-mıxa” vurur. Gah etibarlı vasitəçi axtarır, gah “güzgü prinsipi”ni işə salır, gah da müxtəlif illərin xəritəsini masaya gətirməklə vaxtı uzadır. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, İrəvanla Bakı arasında danışıqlar geriləməyə başlayıb. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin hərbi eskalasiya riski barədə xəbərdarlıq edib və regionda təhlükəsizlik təminatçılarına ehtiyac olduğuna şübhə ilə yanaşıb. Görünür, separatçı qurumun ləğvindən sonra ermənilər reallığı qəbul etmək əvəzinə revanş üçün yenidən silahlanmağa üstünlük veriblər.Azərbaycan prezidenti İlham Əliyev milli televiziya kanallarına müsahibəsində respublikanın 8 yaşayış məntəqəsinin hələ də Ermənistanın işğalı altında olduğunu bildirib. Onun sözlərinə görə, bu problem yanvarın sonunda toplanacaq Ermənistan-Azərbaycan delimitasiya komissiyasında müzakirə olunacaq. İlham Əliyev regionda yeni müharibə riski barədə də xəbərdarlıq edib. Azərbaycan prezidenti buna görə Ermənistana silah satan Fransanı günahlandırıb. “Fransa o ölkədir ki, bu gün Ermənistanı silahlandırır, onu arxayınlaşdırır, hərbi kadrlarını hazırlayır və növbəti müharibəyə hazırlayır. Ona görə də mən Fransa siyasətinin Qafqazda gərginliyin artmasına töhfə verdiyini deyəndə, məhz bunu nəzərdə tuturdum”, - deyə Əliyev vurğulayıb.Paralel olaraq, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov İrəvana silah-sursat verilməsində və beynəlxalq platformalarda anti-Azərbaycan qətnamələrinin təbliğində ifadə olunan Fransanın qərəzli ermənipərəst mövqeyini pisləyib: "Fransa indi Azərbaycan və Ermənistan arasında vasitəçi rolundan kənarlaşdırılıb. Hətta bu məsələdə Aİ-nin roluna xələl gətirir".Ermənistanla sülh müqaviləsinə gəlincə, Azərbaycan prezidenti hələ də onu imzalamağa hazırdır, lakin hesab edir ki, təhlükəsizlik qarantlarına ehtiyac yoxdur. “Kimsə kömək etmək istəyirsə, biz də buna qarşı deyilik. Lakin bu yardımı məcbur etmək olmaz”, - Əliyev qeyd edib. O, həmçinin bildirib ki, İrəvan Zəngəzur dəhlizi layihəsindən imtina edərsə, Azərbaycan Ermənistan üçün başqa nəqliyyat kommunikasiyalarını açmayacaq. Eyni zamanda, Azərbaycana aid olan bütün insanlar və yüklər heç bir yoxlama olmadan dəhlizdə hərəkət etməlidir.Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə manipulyasiya üsulunu işə salaraq bildirib ki, İrəvan Azərbaycandan konstruktiv yanaşmaya ümid edir və bu, sülh müqaviləsinin bağlanması üzrə danışıqları davam etdirməyə imkan verəcək. Eyni zamanda erməni baş diplomat vurğulayıb ki, 2023-cü ilin sonu Bakının görüşləri keçirməkdən imtina etməsi ilə yadda qalıb. O cümlədən, Azərbaycan prezidenti Qranada və Brüsseldəki danışıqlara gəlməyib. Bu baxımdan təmaslar XİN rəhbərləri arasında və Təhlükəsizlik Şurası səviyyəsində dialoqla məhdudlaşıb. Amma Ermənistan tərəfi onu da bilməmiş deyil ki, adıçəkilən “sammit”lər heç bir platformaya aid deyildi. Həmin görüşlər Fransa və Ermənistanın revanşına, daha doğrusu danışıqlar prosesini nəzarət altına almağa, diqtə etməyə, əvvəlki müzakirə və razılaşmalardan imtina etməyə hesablanmışdı.Öz növbəsində, Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Sarkis Xandanyan bildirib ki, İrəvanın ABŞ və Avropa İttifaqı platformalarında danışıqlar aparması vacibdir, çünki onlar risklərin idarə olunmasına kömək edir. Bu arada Amerikanın “Stratfor” analitik mərkəzi xəbər verib ki, 2024-cü ildə tərəflər danışıqlar prosesində irəliləyişə nail ola biləcək, lakin müharibənin bərpası riski yüksək olaraq qalır. Ekspertlərin fikrincə, İrəvan Bakının təzyiqlərinə müqavimət göstərmək üçün Qərblə artan siyasi əlaqələrindən və hərbi dəstəyindən istifadə edəcək. Öz növbəsində Azərbaycan hakimiyyəti Ermənistan yaxınlığında öz hərbi qruplaşmasını qurmaqda davam edəcək. Beləliklə, “Stratfor”un analitikləri belə qənaətə gəliblər ki, İrəvan bu və ya digər şəkildə Azərbaycan tərəfinin istəklərini təmin edəcək.
Azərbaycanlı politoloq İlqar Vəlizadə ümid edir ki, 2024-cü il hələ çoxdan gözlənilən sülh müqaviləsinin imzalanması ilə taclanacaq. Onun sözlərinə görə, bu, bütün digər məsələlərin, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması və sərhədin çəkilməsinin siyasi və diplomatik yolla həllinə imkan yaradacaq. “Rəsmilərin bəyanatlarına əsasən, sülh müqaviləsi 90% hazırdır. Ümid etmək istərdim ki, qalan 10% ən qısa zamanda razılaşdırılacaq, çünki fundamental məsələlərdə artıq heç bir fikir ayrılığı yoxdur”, - Vəlizadə bildirib.Eyni zamanda politoloq xatırladıb ki, Azərbaycanın Gürcüstanla dostluq münasibətləri var, lakin sərhədlərin delimitasiyası prosesi başa çatmayıb. Ermənistanla bağlı vəziyyət nəzərəçarpacaq dərəcədə pisdir, çünki iki respublika hətta bir-birini rəsmi olaraq tanımır. Bu baxımdan Vəlizadə hesab edir ki, sülh müqaviləsi siyasi və diplomatik münasibətlərin qurulması üçün başlanğıc nöqtəsi olacaq.Bu arada “APRI Ermənistan” analitik mərkəzinin baş elmi işçisi Beniamin Poqosyan isə bildirib ki, 2024-cü ildə sülh müqaviləsinin hərtərəfli sənəd şəklində imzalanması ehtimalı azdır, çünki sərhəd və nəqliyyat kommunikasiyalarında hələ də çoxlu uyğunsuzluqlar var. Amma bu formada razılaşma münaqişənin hərbi eskalasiya təhlükəsini aradan qaldırmayacaq. “Ermənistan sülh müqaviləsində heç olmasa ölkələr arasında sərhədin hansı xəritələr əsasında çəkiləcəyini müəyyən etmək istəyir. Azərbaycan buna ehtiyac görmür. İkinci ziddiyyət İrəvanın milli qanunlar çərçivəsində kommunikasiyaları blokdan çıxarmağa hazır olması ilə bağlıdır. Bakı sərhəd nəzarəti olmadan dəhlizin açılmasını istəyir. Əgər bütün bu məsələlər sülh müqaviləsi çərçivəsindən kənara çıxarılsa, ziddiyyətlər qalacaq. Məsələn, Ermənistan Azərbaycanın 220 kvadrat kilometr ərazini işğal etdiyini bəyan edəcək və Azərbaycan indiki kimi bununla razılaşmayacaqdır. Bu, münaqişənin genişlənməsinə səbəb olacaq”, - Poqosyan vurğulayıb.Ekspertlər bir daha vurğulayırlar ki, İlham Əliyevin Azərbaycan telekanallarına müsahibəsi Cənubi Qafqazda Ermənistanın yanlış siyasəti ucbatından nə indi, nə də yaxın gələcəkdə sabitliyin olmayacağını açıq şəkildə göstərdi. Azərbaycan tərəfi rahatlaşmaq üçün hələlik heç bir əsasın olmadığını bildirir və əlavə edir ki, proses belə davam edərsə döyüşlər də qaçılmaz olar. Ermənistan danışıqları pozmaq, ya da məcrasını özünün təyin etdiyi istiqamətə yönəltmək üçün “Dağlıq Qarabağ” ermənilərinin öz evlərinə geri dönmələrini hələlik sətiraltı, çəkinə-çəkinə istəyir. Amma Azərbaycanın əks-reaksiya verəcəyini də bilir. Qeyd edək ki, Qərbi Azərbaycan icmasının son bəyanatlarında da deyildiyi kimi, on minlərlə azərbaycanlı Ermənistan ərazisində qalan yurdlarına geri dönmək istəyirlər. Bu barədə beynəlxalq təşkilatlara da dəstək üçün müraciət edilib.Ermənistan isə yenə də, hələlik ekspertlər səviyyəsində, Azərbaycana qarşı ərazi iddialarında olduğunu gizlətmir. Guya “Qars, Naxçıvan və Ağrı dağı Ermənistandan alınıb” və Azərbaycana verilib. Guya “Sovet Rusiyası ilə Türkiyə arasında onun iştirakı olmadan 1921-ci ildə əvvəlcə Moskva konfransı, sonra isə Qars müqaviləsi” keçirilib və torpaqları satılıb. Əlbəttə, həmişəki kimi, Ermənistan rəhbərliyi və ermənilər yenə yalanın, utopiyanın ardınca çaparaq gedirlər. Ermənistan hakimiyyəti əvvəllər olduğu kimi, bu gün də Fransaya böyük ümid bəsləyir, lakin Paris İrəvanı daha çox Türkiyənin iddia etdiyi Aralıq dənizi neft-qaz şelfinə böyük oyunda kart kimi baxır. 1920-ci il vəziyyəti təkrarlanır. Qərb Ermənistanın iştahını oyadır, lakin ona kömək etmək niyyətində deyil. Yalnız öz maraqlarından çıxış edir.

V.VƏLİYEV

Digər xəbərlər