Həqiqətən də CBC Televiziyasının əməkdaşı, həmkarımız Lidiya Molodtsovanın dediyi kimi, Paris Bakıdan nə istəyir? Fransa dünyanın o başında, Azərbaycansa bu başında. Ayrı-ayrı coğrafiyaların, ayrı-ayrı iqlimlərin, həyat tərzlərinin, düşüncələrinin iki ölkənin bir-birini daha yaxından tanımasına səbəbkarın Ermənistan olduğunu bilsək də, lakin Fransa özünü bu mənfur dövlətdən yana nə üçün bu qədər hörmətdən salır, bax, bu, maraqlıdır.Son illər ölkəmizə qarşı Fransanın rəsmi şəxsləri tərəfindən tez-tez anti-Azərbaycan bəyanatlarının, Parisin BMT Təhlükəsizlik Şurasına təqdim etməyə çalışdığı qətnamələrin, həmçinin Ermənistanın silahlandırılmasının dəfələrlə şahidi olduq. Və bütün bunlar da istər-istəməz hər dəfə belə bir sual çıxarır meydana ki, axı Fransa bizdən nə istəyir?
Pərdə arxasından reallığa
Dövlətimizin başçısı yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə Fransa ilə bağlı ona ünvanlanan suala ətraflı cavab verməklə bizə məlum olan və məlum olmayan bir çox məsələlərə nəzər saldı. Və Fransanın əsl üzünü ortaya qoydu: Belə ki, münasibətlərimizin tarixinə nəzər salsaq, hər şey çox yaxşı başlamışdı. Həm 1990-cı illərdə, həm də artıq mənim Azərbaycana rəhbərlik etdiyim dövrdə münasibətlər kifayət qədər normal idi. Bunun bizim torpaqlarımızın işğal altında olması, yaxud sadəcə, Fransanın siyasi müstəvisində nəsillərin dəyişməsi ilə bağlı olması başqa məsələdir. Mənim üçün bunu söyləmək çətindir. Amma bütün hallarda balans qorunub saxlanılırdı. Artıq müsahibələrimdən birində Fransanın necə ATƏT-in Minsk qrupunun həmsədri olması barədə danışmışam. Təkrar etmək istəmirəm. Hərçənd bu məsələni unudan və ya bilməyənlərə xatırlatmaq yerinə düşər ki, Fransa Prezidenti Jak Şirak uzun müddət atamı Fransanın həmsədrliyinə razı salmaq istəyirdi və o, bundan imtina edirdi. Sonradan Prezident Şirakla keçirdiyim görüşlər əsnasında o, dəfələrlə onu necə razı salmaq istədiyini və Fransanın neytral olacağını vəd etdiyini xatırladırdı. Həmçinin mənim qarşımda əlavə edirdi ki, bu vədi atamın həyatda olmadığı vaxtda da yerinə yetirir. Mən bunu həmişə müsbət qəbul edirdim. Ancaq zahirən də, ümumilikdə, bütün bunlar onun dediyi kimi təsir bağışlayırdı. Hərçənd bilmirəm ki, pərdə arxasında nələr baş verirdi, lakin son vaxta qədər balans zahirən saxlanılırdı. Balans, hətta Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər pozulmuşdu və bu, görünür ki, Fransanın xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi səbəbindən baş vermişdi. Biz hazırda bunu təkcə Fransada deyil, həm də Avropa ölkələrinin əksəriyyətində müşahidə edirik. Öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar – populistlər, demaqoqlar gəldilər və bunun nə ilə nəticələndiyini hamımız görürük.
Fransa körpüləri yandırdı
Fransa dünyanın o başından gəlib Azərbaycana yol göstərmək niyyətində olanda, yəqin düşünməmişdi ki, lazımi şəkildə yerində oturdulacaq. Ya da ağlı Ermənistana və onun Baş nazirində qalmışdı, düşünmüşdü ki, bu regionda onun çaldığı havaya hər kəs ermənilər kimi oynaya bilər. Lakin istəkləri fonunda gördükləri tam əksinə oldu. Dövlətimizin başçısı: Münasibətlərin gərginləşməsinə gəlincə, bu, artıq İkinci Qarabağ müharibəsi zamanı başladı. Həmin vaxt 44 gün ərzində Fransa Prezidenti dəfələrlə, hətta deyərdim ki, bu ifadəni işlətmək mümkündürsə, həddindən çox dəfələrlə zəng edirdi və baş verənlərə öz münasibətini bildirirdi. Detallara varmaq istəmirəm, çünki bu danışıqlar məxfi xarakter daşıyırdı, lakin danışdığımız məsələlərin bir hissəsi artıq ictimaiyyətə məlumdur. Hər halda onlar heç nəyə nail ola bilmədilər və müharibə Prezident Makronun və ya hər hansı başqa şəxsin deyil, Putinin vasitəçiliyi ilə dayandırıldı. Üçtərəfli Bəyanat da Fransa, Azərbaycan və Ermənistan arasında deyil, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalandı.
Düşünürdüm ki, bu hadisələrdən sonra münasibətlərimizdə sağlam məntiq üstün olacaq və körpülər yandırılmayacaq, çünki bu, prinsip etibarilə nə Fransaya, nə də bizə lazımdır. Hərçənd hər bir ölkə bir-birini unudaraq sakit yaşaya da bilər. Bununla yanaşı, bütün bu proseslər davam edirdi və bildiyiniz kimi, həm parlament, həm də Senat qondarma "Artsax"ı tanıdılar. Amma mənim qondarma "Artsax"ın dislokasiyası barədə tövsiyələrimi də yəqin ki, heç kim unutmayıb. Yeri gəlmişkən, onlar öz qüvvəsindədir, bəlkə də indi lokasiyanı dəyişmək olar, çünki bilirəm ki, Paris meri Qarabağdan çıxanlara fəxri vətəndaşlıq verib. Təklif edərdim ki, bəlkə də fəxri sözünü real vətəndaşlıq ilə əvəz etsinlər, onları Parisin mərkəzində yerləşdirsinlər və orada Artsax respublikası elan etsinlər. Amma bunu elə-belə, şərh qismində söylədim.
Biz Fransaya öz meydançasında qalib gəldik
Belə bir deyim var: düşmən düşmənliyində qalır. O, dünən necə idisə, bu gün də öz xislətini hər an göstərə bilər. Odur ki, Fransanın münasibətlərində də buna hər an hazır idik. Və bunu İkinci Qarabağ müharibəsi zamanı da, ondan sonra da açıq şəkildə gördük. Və belə olan təqdirdə yuxarıda da vurğuladığımız kimi, artıq aramızda olan körpüləri Fransa öz əli ilə yandırdı.Dövlətimizin başçısı: Hazırkı şəraitə gəldikdə, əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra münasibətlərin gərgin olduğu dövr idi, amma bununla belə münasibətlər mövcud idi. Siz də bilirsiniz ki, biz Prezident Makronun Praqadakı görüşdə iştirakına razılıq verdik və başqa səviyyələrdə də təmaslar oldu - həm Fransa xarici işlər nazirinin Azərbaycana səfəri, həm də bizim nümayəndələrin səfərləri. Yəni, münasibətlər davam edirdi, amma antiterror əməliyyatından sonra bu münasibətlər mahiyyətcə dayandırıldı, yenə də bu, bizim günahımız ucbatından baş vermədi. Sadəcə, Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı - qətnamələrin qəbul edilməsi cəhdləri, bundan sonra BMT Təhlükəsizlik Şurası platformasında Azərbaycana qarşı sanksiyalar tələbi. Zənnimcə, ən azı 5 dəfə bu cür cəhdlər edildi və onların hamısı tam uğursuzluqla nəticələndi, çünki ölkələrin əksəriyyəti bizi dəstəklədi və bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilmədilər. Bu, əlbəttə, onlar üçün çox güclü siyasi zərbə idi, çünki biz belə desək, onlara öz meydançalarında qalib gəldik. Həmçinin düşünürəm ki, Avropa İttifaqının onlara qoşulmaması da böyük bir zərbə oldu, hərçənd məlum oldu ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri təəssüf ki, Fransanın Azərbaycana qarşı siyasətinə dəstək verənlərin arasında yer alıb. Lakin ümumilikdə, Avropa İttifaqı ölkələri Azərbaycana münasibətdə vahid mövqe üzrə razılığa gələ bilmədilər, Fransa isə məhz sanksiyalarda və başqa addımlarda israr edirdi. Artıq bu tezislər səsləndirilib və onlar belə desək havadan asılı qalıb, sözdən əmələ keçməyib.
Fransa mənəvi deqredasiyaya uğrayır
Dövlətlər arasında münaqişələrin, problemlərin yaşanması tarixin bütün dövrlərində olub. Lakin Fransa kimi mənəvi deqredasiyaya uğrayaraq ərazisində hansısa xalqa aid olanları məhv və təhqir edən xalqlar çox az olub. Biz də dövlət və xalq olaraq belə bir səviyyəsiz hərəkəti Fransa tərəfdən gördük. Bütün bunlar isə Fransanın ürəyində qalan, reallaşmayan arzularının suya düşməsindən irəli gəlir.Prezident İlham Əliyev: ...Natəvanın heykəlinin təhqir edilməsi, onun sellofana bükülməsi, bu şəhər ilə İsmayıllı arasında qardaşlıq sazişinin ləğv edilməsi kimi lüzumsuz hərəkətlərə əl atmağa başladılar. Təbii ki, biz də adekvat cavab verirdik və indi də buna davam edirik. Amma bu, deyə bilərəm ki, artıq kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibidir. Yəni, burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər. Biz onu bərpa etdik, daha doğrusu, yenidən dəqiq surətini ucaltdıq. Fransa isə Natəvanın həmin ölkədə heykəlini təhqir edir. Göründüyü kimi, burada bir oxşarlıq var.Ona görə də indi vəziyyət belədir, biz, əlbəttə ki, bütün bunlara cavab verəcəyik. Biz təkcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyilik. Biz adekvat cavablar veririk və verəcəyik.
Dünyanın xatırlayacağı faktlar
Özünü demokratiyanın beşiyi adlandıran, lakin əslində demokratiyanın eşiyindən də uzaqda olan fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlayacağı faktlar, bəli, dövlətimizin başçısının dediyi kimi, həddindən artıq çoxdur: Buraya Əlcəzairdə indi də istifadə olunmayan böyük əraziləri zəhərləyən nüvə sınaqları daxildir. Həmçinin mina terrorunu da əlavə etmək olar, yeri gəlmişkən, fransızların Əlcəzairdə basdırdıqları minalardan insanlar indi də həlak olurlar. Bir milyon yarım əlcəzairlinin soyqırımı və digər faktlar da var. Müstəmləkə ölkələrində başqa cinayətlər də törədilib və bu, əlbəttə ki, neokolonializmin rüsvayçı təzahürüdür. Bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, sıxışdırmağı, viran qoyulmuş ölkələrin bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir. Qoşulmama Hərəkatının sədri kimi biz bu məsələni qaldırdıqda və Bakı təşəbbüsünü irəli sürdükdə müstəmləkə ərazilərinin – Fransanın dənizaşırı adlanan ərazilərinin nümayəndələrinin iştirakı ilə tədbirlər həyata keçiririk. Onların hər cür təzyiqlərə məruz qalması bizə məlumdur. Onları çağırır, profilaktikadan keçirir, hədə-qorxu gəlirlər. Bu yaxınlarda Yeni Kaledoniyada bir azərbaycanlı jurnalist qadını saxlayıblar. Ümumiyyətlə, bu, hansı çərçivəyə sığır? Ondan casusluqda da şübhələniblər. O, hadisələri işıqlandırmağa gəlmişdi. Fransa tərəfinin xahişi ilə İsveçrədəki Avropa qeyri-hökumət təşkilatlarından birinin nümayəndəsini də saxlayıblar. O, Cenevrədə neokolonializmə həsr olunmuş tədbirə gedirdi. Düzünü desək, mən İsveçrə hökumətinin Fransanın iradəsinə tabe olmasından və belə rüsvayçı aktı törətməsindən təəccüblənirəm. Həm də bu jurnalist çox böyük Avropa ölkəsinin vətəndaşıdır. Yəni, onların əsl xisləti bundan ibarətdir. Biz bu əsl xisləti üzə çıxardıq. Nədənsə bütün bunlar haqqında indiyədək danışılmırdı. Bunların hamısı barədə susurdular, əlaqədar olmaq istəmirdilər, problemlərdən qorxurdular, təhdidlərdən çəkinirdilər və sairə. Amma biz qorxmuruq. Zənnimcə, bu gün baş verənlər BMT Təhlükəsizlik Şurasında və Avropa İttifaqında bir fiaskodur, onların Avropa parlamentindəki nümayəndələri vasitəsilə bizə müəyyən mənada zərər vermək, ola bilər ki, hətta "qıcıqlandırmaq" kimi boş cəhdlərinin hamısı faydasızdır. Təbii ki, biz yolumuza davam edəcəyik. Qoşulmama Hərəkatında sədrliyimiz başa çatır, amma Bakı Təşəbbüs Qrupu yaşayacaq, biz fransız neokolonializminin ifşa olunmasını və fransız müstəmləkələrinin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcəyik.
Dövlətimizin başçısına verilən bir sual əsasında Fransanın dünəndən bu günədək davam edən xislətinin bütün detalları tam mənası ilə açıqlandı. Elə bu xüsusda Fransa unutmamalıdır ki, qarşısındakı Azərbaycandır.
Mətanət Məmmədova