“Dostlardan” və “müttəfiqlərdən” uzaqlaşmaq bu ölkəyə neçəyə başa gələcək?
Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın “France-24” telekanalına müsahibəsi zamanı İrəvanın KTMT-də iştirakını dondurduğunu bəyan etməsi böyük səs-küyə səbəb olub. Üstəlik, həm Ermənistanın özündə, həm Rusiyada, həm də Belarusda təşvişə səbəb olub. Belarus prezidenti Lukaşenko qeyd edib ki, Ermənistan onu tərk etsə, KTMT dağılmayacaq, lakin İrəvan bu qərara tələsməməlidir, çünki sonradan daxil olmaq çətin olacaq.
Ermənistanda hesab edirlər ki, Lukaşenko yenə rol oynayır: “Deyəsən, pis oyunda özünü yaxşı tərəfdən göstərməyə çalışır, deyir ki, Ermənistan çıxsa KTMT-yə pis heç nə olmayacaq, amma dərhal hədələyir ki, sonra “girmək çətin olacaq”. Niyə KTMT-dən çıxmalı, sonra yenidən üzv olmağı xahiş etməliyik? Doğrudanmı bu, Lukaşenkodan gələn üstüörtülü təhdid idi? Deyirlər ki, KTMT-dən kənarda Ermənistan “təhlükəsizlik çətiri” olmadan qalacaq, sonra isə qonşularının kim olduğunu nəzərə alsaq, işlər yaxşı getməyəcək. Narahat olmayın, Aleksandr Qriqoryeviç, Ermənistan şübhəsiz ki, heç vaxt kömək üçün sizə müraciət etməyəcək”.
Təhlükəsizlik çətiri və silah təchizatına gəlincə, Ermənistan Rusiya və KTMT-ni artıq qəbul etmir. Hindistan və Fransa artıq Ermənistana yeni silah sistemlərinin əsas tədarükçülərinə çevrilib. Amma Ermənistanı qorxutmağa çalışan Lukaşenko tək deyil. Moskva Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vasitəsilə bəyan edib ki, “qanuni olaraq, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən elan edilmiş KTMT üzvlüyünün dondurulması rejimi mövcud deyil, Kreml hələlik İrəvanın mövqeyinə tam aydınlıq gətirməyib”. Beləliklə, 2020-ci ildən Ermənistan həm Moskvaya, həm də KTMT-yə açıq şəkildə deyir ki, onlarla heç bir əlaqəmiz yoxdur. KTMT-nin İrəvan sammitinin yekun bəyannaməsinin altında İrəvanın imzası yoxdur, bu təşkilatın təlimlərində və digər tədbirlərində iştirak etmir.
Rusiyalı deputatların, politoloqların və ekspertlərin simasında Ermənistana qarşı yumşaq gücdən istifadə etməyə çalışması ermənilər tərəfindən istehza ilə qarşılanır. Üstəlik, onların bəziləri uzun illərdir ki, özlərini “Ermənistanın dostu” kimi göstəriblər. Onlardan biri Dövlət Dumasının deputatı Konstantin Zatulin Rusiya mətbuatına müsahibəsində bildirib ki, Paşinyan KTMT-dən çıxmaqdan çox irəli gedəcək. Məsələn, Rusiya Federasiyasının 102-ci hərbi bazasının çıxmasını xahiş edəcək. Və sonra o, Ermənistanın ərazilərinin Rusiya tərəfindən mümkün ilhaqına eyham vurmağa başlayıb: “Gümrü bir vaxtlar Aleksandropol adlanan şəhər idi”. Ermənilər isə Zatulinin dediklərini “boş hədə-qorxu” adlandırıblar: “Gümrünü qulaqlarının dibi kimi görməyəcəksən”.
Digər rus “yumşaq güc” personajları da Ermənistana edilən “kömək” barədə danışarkən “Hindistan və Fransa silahları Ermənistana kömək etməyəcək” eyhamını vurublar. Belə ki, rusiyalı hərbi ekspert Ruslan Puxov Paris və Yeni Dehlidən silah alınması ilə bağlı ermənilərin onlardan istifadəyə yiyələnə bilməyəcəyindən şikayətləniblər: “Ermənistan antidronlarla yanaşı, haubitsalar və çoxsaylı reaktiv raketlər də alır. Bunlar tamamilə fərqli kalibrli sistemlərdir. Amma sistemlərinin uyğunluğu olduqca çətin olacaq, əlavə olaraq, sənədlər ingilis dilindədir, bu da tətbiqi çətinləşdirir. Ancaq belə bir təəssürat yaranır ki, Ermənistan təkcə müharibə üçün silah almır, həm də Fransa və Hindistanla siyasi tərəfdən yaşınlaşmaq istəyir”.
Puxov burada erməni hərbçilərin dil bilgisinin çox zəif olduğuna işarə edir. Amma ermənilər fərqli düşünür, artıq çıxış yolu tapdıqlarını deyirlər. Yəqin ki, hər əsgərin yanında bir tərcüməçinin olacağını düşünürlər.
Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CCEMI) direktor müavini Dmitri Suslov qeyd edib ki, Ermənistan Rusiyaya ən çox düşmən olan ölkələrlə əlaqələri genişləndirmək arzusundadır. Bu da Moskvada mənfi qarşılanır: “Qonşularla münasibətləri nizamlamadan, Qərbdən dəqiq təhlükəsizlik zəmanəti almadan Rusiya ilə münasibətləri korlamaq Ermənistan üçün əsl fəlakət olacaq. Hesab edirəm ki, Qərb bu zəmanətləri heç vaxt verməyəcək, çünki çox riskli addımdır. Bu addım sadəcə olaraq Ermənistanı dövlətçiliyin dağılması astanasına gətirəcək”.
Ermənistan hakimiyyəti müstəqil xarici siyasət kursu aparmağa başlayan kimi qınaq və təhdidlərlə üzləşir. Hətta dövlətçiliyin dağılması ilə də hədələnir. Hətta keçmiş dostları ondan üz çevirmək niyyətindədirlər. Ermənistan isə bu cür “dost” və “müttəfiqlərdən” uzaqlaşmaq üçün düzgün yol seçdiyini düşünür. İrəvan təzyiqlərin kifayət qədər çox olacağını, amma sonra hər şeyin öz məcrasına düşəcəyini deyir. Paşinyan Parisdən qayıdandan sonar daxili gərginliyin olacağı mümkünlüyündən də danışıb və bu barədə artıq xəbərdarlıq edib.
V.SALAH