SSRİ adlanan keçmiş millətlər həbsxanasının süqutundan sonra öz müstəqilliyini və suverenliyini elan edərək dünya birliyinə qovuşan Azərbaycan xalqı gənc, müstəqil Respublika kimi dünyanın ayrı-ayrı dövlətləri, beynəlxalq qurumları, xüsusilə ABŞ və Aİ ilə əlaqələrin bərabərhüquqlu, qarşılıqlı anlaşmalar əsasında genişləndirmiş, bu gün də balanslaşdırılmış xarici siyasətində bunu uğurla davam etdməkdədir. 1994-cü ilin sentyabrında bütün təzyiq və təhdidlərə rəğmən Azərbaycanın qərb neft şirkətləri ilə birgə “Əsrin Müqaviləsi” kimi tarixə düşən Kontraktı imzalaması və sonrakı illərdə Bakı-Supsa, Bakı-Tbilisi-Çeyhan, Bakı-Tbilisi-Qars, TRASSEKA – Şərq-Qərb və Şimal-Cənub İpək yolu, TANAP kimi beynəlxalq layihələrin təşəbbüsçüsü və təşkilatçısı kimi tarixi layihələri uğurla yerinə yetirməsi, hazırda Avropanın əsas enerji təchizatçılarından biri kimi fəaliyyətini daha da genişləndirməsi bu ölkənin milli və dövlətçilik mənafelərini qorumaqla və beynəlxalq aktlarla təsbit edilən hüquqlarından istifadə etməklə dünya birliyinə mühüm töhfələr verməkdə israrlı olduğunu göstərir.
1988-1994-cü illər ərzində Ermənistan tərəfindən, xarici qüvvələrdən aldığı dəstəklə, hələ iqtisadi və hərbi cəhətdən güclənməmiş Azərbaycanın 20 faiz ərazisi işğal edilsə də və 30 ildən artıq müddətə bu işğal davam etsə də Azərbaycanın siyasi hakimiyyəti qeyd olunan tarixi missiyanı daim uğurla irəli aparmış və bu gün dünyanın, o cümlədən ABŞ və Aİ kimi beynəlxalq siyasətin önündə gedən qüvvələrin də etibarlı tərəfadaşı imicini qazanmışdır. Cənubi Qafqaz siyasətində aparıcı rola malik Azərbaycan kimi iqtisadi, hərbi cəhətdən güclü ölkənin 30 illik işğal dövründə hüquqlarının de-fakto gözardına alınması müşahidə olunduğu halda, 2020-ci ildə bu işğala son qoyulduqdan, BMT Təhlükəsizlik Şurasının məlum dörd Qətnaməsini həyata keçirdikdən, Azərbaycanın beynəlxalq aləmdə təsbit olunmuş və tanınmış ərazilərində suverenliyini bərpa etdikdən sonra ABŞ-nin və Aİ-nin sərgilədiyi ikili standartlarla müşahidə olunan siyasəti ciddi narahatlıq doğurur. Ermənistanın və onun himayədarlığı missiyasını üzərinə götürən Fransanın heç bir beynəlxalq hüquq normalarına uyğun gəlməyən fəaliyyətlərinə etiraz etməli olan Aİ bu qüvvələrin anti-Azərbaycan yönümlü qeyri-peşəkar siyasətlərinə tabe olmaqla Qərbin beynəlxalq ədalətinə olan inamı itirmiş olur. Qərbin Cənubi Qafqaz regionuna yönəlik siyasətində dəfələrlə müşahidə olunan, hüquqa və ədalətə sığmayan bu cür anti-Azrbaycan fəaliyyəti bu ölkənin əhalisinin haqlı iradına və hiddətinə səbəb olur. Cənubi Qafqazla bağlı geosiyasi məsələlərin, guya bu regionda sülh yaratmaq məqsədinə xidmət etdiyi iddia edilsə də, regionun lider dövlətinin iştirakı olmadan ABŞ-nin, AB-nin bu məsələləri məhz Ermənistan kimi terrora və işğala meylli bir ölkənin rəhbərliyi ilə müzakirə etməsi isə, xalqın hiddətini birə-beş artırmaqdadır. Necə ola bilər ki, regionun əhali, ərazi, iqtisadi, hərbi və beynəlxalq aləmdəki nüfuzu baxımından ən güclüsü olan, beynəlxalq hüquq normalarına daim xüsusi həssaslıqla yanaşan, ərazisində stabilliyi təmin edən Azərbaycanla deyil, məhz Azərbaycan ərazilərinin 20 faizini 30 il işğal altında saxlayan, bütün beynəxalq hüquq normalarını kobud şəkildə, həm də dəfələrlə pozan, dünya ictimaiyyətində imici aşağı olan, əhalinin sayına, ərazisinə, iqtisadi, hərbi gücünə görə regionun ən zəif dövləti olan Ermənistanla aparılır bu müzakirələr?
Azərbaycanın müstəqilliyi uğrunda mübarizələrdə saç ağartmış yüz minlərlə insanın vahid təşkilatı olan Azadlıq Hərəkatçıları İctimai Birliyində məsələ ilə bağlı geniş müzakirələr keçirilərək mövcud durum ətraflı şəkildə təhlil edilmiş, ABŞ və Aİ yetkililərinə özlərinin Cənubi Qafqaz siyasətlərinə yenidən nəzər yetirməyi, regionun, bölgənin, ümumən qloballaşan dünyanın gələcəyi naminə ciddi korrektələr etmək çağırışı ilə bağlı müraciət ünvanlamışdır. Müraciətdə qeyd edilmişdir ki, ABŞ və Aİ regiondakı fəaliyyətini bu cür davam etdirdiyi təqdirdə, bölgənin Azərbaycan kimi, qloballaşan dünyada əsas oyunçulardan birinə çevrilən bir ölkəsinin insanlarının inam və etibarını itirmək həmin güc mərkəzlərinin geosiyasi və beynəlxalq maraqlarına yaxşı heç nə vəd etmir.
Təhmasib Novruzov.
Azadlıq Hərakatçıları İctimai Birliyinin sədri