PDF Oxu

Araşdırma

  • 1 885

Media reallığı: fəlsəfi və siyasi məqamlar

image

Müasir dövr üçün fəlsəfi kontekstdə medianın mahiyyətini və funksional rolunu anlamaq üçün fəlsəfə tarixindən bir rəvayəti xatırlamaq yerində olar. Belə ki, məşhur filosof Fridrix Nitşeyə bir gün dostu əlində yeni çıxan qəzet ilə gəlir. Dostu ona qəzeti uzadaraq bu yeni ixtira haqqında fikrini söyləməsini xahiş edir. Nitşe öz növbəsində qəzeti gözdən keçirir və bir neçə dəqiqədən sonra dostuna üzünü tutaraq qəzet barəsində belə bir fikir söyləyir: "həqiqət öldü".

Ümumiyyətlə, Nitşenin fəlsəfi düşüncəsini daha dərindən analiz etmək bu məqalənin çərçivəsini aşmaqdadır. Ancaq məhz bu ifadə vasitəsi ilə qəzet timsalında nəyə görə Nitşenin belə bir qənaətə gəldiyinə dair bəzi məqamları izah edə bilərik. Məhz qərb düşüncəsində 17-ci əsrdən etibarən Rene Dekartla yeni dünyagörüşünün əsasları müəyyən edildi. Qısaca olaraq bu fəlsəfi baxış tərzi düşüncəni, varlığın önünə çıxararaq düşünüldüyü təqdirdə insanın var olduğunu iddia etdi. Halbuki klassik varlıq anlayışına görə isə varlıq, düşüncənin əsasını təşkil edir və var olma nəticəsində insan düşünməkdədir. Məhz bu və ya digər aspektlərdən 17-ci əsrdə əsasları müəyyən edilən bu dünyagörüşünə qarşı daha sonrakı əsrlərdə etirazlar başladı. Ciddi olaraq qəbul edəcəyimiz etirazlardan birini də Fridrix Nitşe etdi. O, bu mənada varlığı unutduran düşüncənin nəticəsi olaraq güc, qüvvət məfhumunu ortaya atdı və hər şeyin artıq gücə xidmət edəcəyini iddia etdi. Məhz onun fəlsəfi sistemi güc istəyi( will to power) olaraq bilinməkdədir. Bu kontekstdə Nitşenin nəyə görə qəzetin yeni ixtira olunması barəsində dediyi "həqiqət öldü" fikrini anlamaq mümkündür. Nəticədə ümumi kateqoriyalar ilə daha dərindən həqiqət məqamları ilə məşğul olan ciddi bir filosof olaraq Nitşe üçün gündəlik hadisələr və xəbərlərə dair məlumatlarla məşğul olmaq absurd idi. O, bunu eyni zamanda başqa bir məşhur kəlamı ilə də vurğulanmışdı - "Tanrı öldü". 20-ci əsrin məşhur filosofu Martin Haydigger də bu sözü şərh edərkən Nitşenin həqiqətin və ya Tanrının ölümündə insanları günahlandırdığını və universal dəyərlərin insanlar tərəfindən öldürüldüyünü ifadə etməsi də bu çərçivədə anlaşılmalıdır (1).Ancaq müasir dövrdə medianın funksionallığının artması aktuallıq kəsb etməklə bərabər reallığı da əks etdirir. Bu mənada müasir dövrdə media, dünya sistemində özünəməxsus yer tutmaqdadır. Artıq modern fəlsəfədə də tək həqiqət deyil, müxtəlif varlıq sferalarını əks etdirən həqiqətlər anlayışı mövcuddur. Bu mənada məşhur filosof Karl Popperin 3-lü dünya sistemi anlayışı fəlsəfi cəhətdən medianın mahiyyətini və funksional rolunu izah etməyimiz baxımından əhəmiyyət kəsb edir. Belə ki, Popper bu sistem anlayışında birincinin fiziki, yəni maddi dünyanı, ikincisinin psixoloji vəziyyətimizi, üçüncüsünün isə konkret yazı növləri(məqalə, kitab, qəzet və s.) ilə ifadə etdiyimiz fikirləri ifadə etdiyini iddia edir. Məhz bu üçüncü səviyyə obyektiv olaraq hər zaman tənqidə məruz qala bilər (2). Nəticədə medianın mahiyyətini və funksional rolunu bu üçüncü səviyyədə anlamaq mümkündür. Digər tərəfdən klassik etika fəlsəfəsinin mövzularından fərqli olaraq modern etik düşüncədə tətbiqi etika sahəsinə daxil olan media etikasından bəhs olunmaqdadır. Media etikası və jurnalistin etik kodekslərə əməl etmə məsələsi modern fəlsəfədə aktuallıq kəsb edir. Bu baxımdan media etikası ilə bağlı etik problemlər sadəcə media işçilərinə deyil, eyni zamanda demokratik bir cəmiyyətdə bütün vətəndaşlarla bağlıdır. Məhz mediada plüralizmin olması buna işarə edir. Nəticədə sərbəst ticarət və azad medianın olduğu yerdə, həqiqət "azad fikir və informasiya bazarında" meydana gəlir. Belə olan təqdirdə azad ictimai rəylər və görüşlər arasındakı konfliktlər xəbər və görüşlərin yayılması üçün ən müvafiq şəraiti yaradır. Digər cəhətdən isə reklam gücünün artması və medianın ticarət qanunlarına müvafiq işləməsi müasir dövrdə media tənqidlərinin əsasını təşkil edir. Buna görə də yeni bir nəzəriyyə olaraq "medianın ictimai məsuliyyət nəzəriyyəsi" ortaya atılmışdır. İlkin olaraq media, "günün hadisələrini, açıqlayıcı və mənalı bir kontekstdə doğru və əhatəli" bir şəkildə çatdırmalıdır. Bunun mənası medianın doğru, etimad olunan və dürüst xəbər vermə olmasıdır. Belə ki, xəbər ilə şərh bir-birindən ayrılmalıdır. Nəticədə mediada doğru olan istiqamət yalnız başqa yerlərdə meydana gələn hadisələrin canlı yayınını təşkil etmək deyil, eyni zamanda tamaşaçıya yaxud oxucuya həqiqətdə nə olduğunu və hadisələrin arxa planında nələr olduğunu göstərməkdir.

Medianın siyasi mahiyyəti

Cəmiyyət və iqtidar iyerarxiyasında 4-cü hakimiyyət kimi qeyd olunan media eyni zamanda siyasi mahiyyətə də malikdir. Belə ki, media qurumları və vasitələri ilə modern dövrdə dünya ictimaiyyətini (world community) müxtəlif istiqamətlərdə məlumatlandırmaq və istiqamətləndirmək mümkündür. Digər tərəfdən böyük media holdinqləri, qəzet və internet saytları, prezident seçkilərindən tutmuş müxtəlif siyasi hərəkatlara dəstək verməkdədir. Məsələn demokratiyanın beşiyi adlandırılan Amerikada son dəfə keçirilən prezident seçkilərində məşhur Vaşinqton Post, Nyu-York Tayms və s. kimi qəzetlər Barak Obamanın prezident seçilməsinə açıqdan açığa dəstək verdilər. Başqa bir nümunə kimi qardaş Türkiyə Respublikasında həm hakimiyyətdə olanları, həm də müxalifəti dəstəkləyən media orqanları mövcuddur. Bu mənada müşahidə etdiyimiz ölçüdə hal-hazırda dünya media sistemində hər hansı bir iqtidarı və ya müxalifəti birbaşa yaxud dolayısı ilə dəstəkləmək problem deyil. Burada əsas məsələ ortaya qoyulan ideologiya çərçivəsində tutarlı olmaq və bu istiqamətdə yazılar yazmaqdır. Bu mənada mediada qərəzli və ya obyektiv olmaq kimi istifadə olunan məfhumlar artıq qəbul edilmir. Çünki bu məfhumlar mediadan əvvəl modern elm fəlsəfəsi sahəsində ciddi müzakirələrə səbəb olmuşdur. Qısaca olaraq hal-hazırda obyektivlik və ya qərəzli olub-olmamanın yerini inter-subyektivizm, yəni subyektlərin qarşılıqlı anlayışları nəticəsində meydana gələn rəy və təkliflər təşkil edir. Bu mənada hər-hansı bir media orqanı öz baxış bucağından, özünəməxsus şərh və analizlərlə yönəldiyini ifadə etdiyi zaman aktuallıq kəsb edir. Əlbəttə ki, bu gündəlik xəbərləri əhatə etmir və daha çox media mütəxəssislərinin rəy və analizlərində öz əksini tapır. Belə ki, medianın funksionallığı şəffaf demokratik atmosferin yaradılması və hər kəsin öz görüşlərini media vasitəsi ilə ifadə etməsi mənasına gəlir. Məhz bu zaman medianın siyasi gücü və özünəməxsus siyasi ifadə tərzi ortaya çıxır. Bu mənada medianın həm ictimai xidmət, həm də siyasi bir funksiya gücünə malik olması ona xüsusi bir status verir.Yeri gəlmişkən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Newtimes.az" portalına 13 noyabrda verdiyi müsahibəsinə də siyasət və media əlaqəsinin aktuallığını belə izah edir: "... geosiyasi maraqlar Qərb üçün həmişə bir nömrəli məsələ olub, bu gün də elə olaraq qalır. Həmin maraqların təmin olunmasını Qərbdə bir sıra aktorlar həyata keçirirlər. Onlardan ən mühümlərindən biri isə mediadır".Həqiqətən də medianın siyasi mahiyyətini anlamaq üçün siyasət-media əlaqəsinin arxa planını nəzərdən keçirmək lazımdır. Bu eyni zamanda mədəniyyət məfhumu ilə də birbaşa bağlıdır. Məhz qərb mədəniyyətinin əsasını təşkil edən klassik fəlsəfi düşüncədə əxlaq ilə siyasət bir birindən müstəqil şəkildə ayrılmamış və inkişaf etməmişdir. Karl Otto Apelin də qeyd etdiyi kimi bu ayrılma Renessans fəlsəfəsi ilə başlamışdır. Dekartla başlayan yeni fəlsəfi anlayış və xüsusilə Makyavellinin siyasət fəlsəfəsinə dair görüşləri nəticəsində etik kodekslər demək olar ki siyasət sahəsindən uzaqlaşdırılmışdır. Bu mənada siyasətin əsas məfhumu siyasi praqmatizm olmuşdur. Ancaq müasir dövrdə qərb mədəniyyəti eyni zamanda insan hüquqları, qlobal etika, demokratiya və s. məfhumlar vasitəsi ilə universal əxlaqın və ya qlobal ədalətin dünyada bərqərar olması üçün çalışdıqlarını iddia edir. Məhz müasir dövrdə beynəlxalq sülh, insan hüquqları haqqında bəyanatların güc ilə ölçülməsi paradoks təşkil etməkdədir. Nəticədə iqtidar iradəsinə istinad edilərək mahiyyət olaraq daha çox hakimiyyətin tələb olunması və bu çərçivədə əxlaqi universallığın itirilməsi də təhlükələrdən xəbər verir. Paradoksal olsa da güc və iqtidar tələbi ilə yüksələn bir mədəniyyət eyni zamanda bu istəyi reallaşdırma yolunda da məhv ola bilər. Məhz bu kimi problemlər medianın mahiyyətinə və funksional roluna da öz təsirini göstərir. Məsələnin belə bir arxa planını bilmədən (back round) medianın siyasi statusu haqqında fikir yürütmək absurd bir cəhddir.Nəticədə medianın siyasət ilə olan əlaqəsini məşhur ABŞ prezidenti R.Reyqanın fikirləri ilə tamamlamaq yerinə düşər. Çünki Reyqan öz ifadəsində təsadüfi yerə ədalət məfhumunu vurğulamır: "Amerika ədalətli olmalıdır, Amerika ədalətli olmasa böyük olmayacaqdır". Həm siyasi müstəvidə, həm də beynəlxalq münasibətlərdə ədalətin bütün istiqamətlərdə təmin edilməsi eyni zamanda medianın da siyasi mahiyyətinə təsir edəcəkdir. Bu mənada medianın siyasi mahiyyəti onun ədalətli, tutarlı və fikir plüralizminə imkan yaratmasında yatmaqdadır.

Newtimes.az

Digər xəbərlər