Cənub-Şərqi Asiyadakı siyasi-regional gərginlik Şərqi Çin dənizindəki Çin-Yaponiya anlaşılmazlığı baxımından özünü göstərməkdə davam edir. Yaponların Senkaku, çinlilərin isə Diaoyu adını verdiyi və mövcud şəraitdə Yaponiyanın nəzarəti altında olan mübahisəli adalar oxunda özünü göstərən regional gərginlik yalnız Yaponiya və Çin baxımından deyil, eyni zamanda, Çin-ABŞ arasındakı qlobal rəqabət çərçivəsində də məna kəsb edir.
Senkaku / Diaoyu adalarının bu şəkildə böyük bir gərginliyə səbəb olmasının ən əhəmiyyətli səbəbi bu adaların gələcəyi ilə bağlı veriləcək qərarın Çinin Şərqi və Cənubi Çin dənizindəki iddiaları baxımından önəm kəsb etməsidir. Bununla birlikdə, Çin Senkaku / Diaoyu adalarına nüfuz edəcək Yaponiyanın regionu özünə qarşı bir hərbi təhlükəsizlik bölgəsi halına gətirməsindən narahatlıq keçirir. Belə ki, Çin ABŞ-ın Yaponiya və Cənubi Koreya vasitəsilə şərqdən, Filippin, Malayziya və İndoneziya vasitəsilə də cənubdan onu blokadaya salmağa çalışdığının fərqindədir. Hətta ABŞ-ın son dövrdə Vyetnam, Myanma və Kamboca kimi ölkələr ilə yaxınlaşması və Hindistan ilə olan strateji əməkdaşlıq müqaviləsi də Çini narahat etməkdədir. Yaponiyanın Senkaku / Diaoyu adalarına yerləşməsi və Çinin bu vəziyyəti qəbul etməsi yalnız kağız üzərində ona bağlı olan Tayvandan sonra ABŞ-ın Şərqi Çin dənizində ikinci bir zəif bəndinin olmasına rəvac verəcək. ABŞ ilə sistemli üstünlük mübarizəsinə girməsi gözlənilən və Cinpinin populizm və milliyyətçiliyə söykənən xarici siyasət ifadəsinə bağlanan Çinin bu cür əhəmiyyətli gördüyü Senkaku / Diaoyu adalarını Yaponiyaya təslim etməsi çox asan olmayacaq. Senkaku / Diaoyu adaları iqtisadi baxımdan da çox əhəmiyyətlidir. Çünki bu adalara çox yaxın olan və Şərqi Çin dənizində olan Chunxiao qaz yatağının işlənməsi məsələsi də Çini narahat etməkdədir. Belə ki, Yaponiya da Senkaku / Diaoyu adalarına olduqca yaxın və çox zəngin bir qaz ehtiyatına sahib olan bu regionda iddialar irəli sürə bilər.
Son günlərdə yenidən ortaya çıxan gərginliyin arxasında dayanan ən əhəmiyyətli faktor Çinin Senkaku / Diaoyu və hətta Okinava adalarının yaxınlığından keçəcək bir "hava müdafiə-nəzarət bölgəsi" elan etməsi və bu bölgədən keçəcək bütün mülki / hərbi təyyarələrin Çin orqanlarına xəbər verilməsi məcburiyyəti tətbiq etməyə cəhd etməsidir. Çin bu cəhdlə Yaponiyanın eyni regiondaki "hava müdafiə-nəzarət bölgəsi"nə qarşılıq verməyə çalışır. Çin Şərqi Çin dənizindəki nəzarət sahələrinin qeyri-müəyyənliyindən də faydalanaraq Yaponiyanın Senkaku / Diaoyu adalarını keçən il içərisində "dövlət mülkiyyətinə keçirmə" cəhdinə qarşılıq verməyə çalışmış və bölgəni öz nüfuz sahəsi kimi gördüyünün vurğulamaq istəmişdir. Çin və Yaponiyanın elan etdikləri eksklüziv iqtisadi zonaların da açıqlanan hava müdafiə-nəzarət bölgəsi ilə üst-üstə düşməsi və Chunxiao qaz yatağı üzərində kəsişməsi regional rəqabətin kəskin olduğunu və regional qarşıdurmanın hər an alovlana biləcəyini sübut edir.
Çinin elan etdiyi hava müdafiə-nəzarət bölgəsi nə Yaponiya, nə də ABŞ tərəfindən qəbul edilməmişdir. Hətta Senkaku / Diaoyu adalarına hər iki ölkədən daha yaxın olan və bu adaların və yaxın ətrafının özünə bağlı olmalı olduğunu bildirən Tayvan da Çinin bu addımından olduqca narahat olmuşdur. Çinin hava müdafiə-nəzarət bölgəsi elanından sonra Yaponiya bu addımı pisləmiş, qəbuledilməz hesab etmiş və bölgədən keçən təyyarələrinə Çin orqanlarına məlumat verməmələri üçün xəbərdarlıq etmişdir. ABŞ isə Sakit okeandakı Quam adasında yerləşən hərbi bazasından "silahsız olaraq" qalxan B-52 bombardman təyyarələri ilə bölgədə bir kəşfiyyat uçuşu aparmış və bu formal uçuşu həyata keçirərkən Çin orqanlarına xəbər verməmişdir. ABŞ-ın bu uçuşu həyata keçirməsinin məqsədlərindən biri Çinin açıqladığı hava müdafiə-nəzarət bölgəsini tanımadığını göstərmək və göstərilən bu rəftara qarşılıq olaraq, Çinin elan etdiyi "təcili təhlükəsizlik tədbirlərini" tətbiq edib-etməyəcəyini görə bilməkdir. Çünki Çinin elan etdiyi "təcili təhlükəsizlik tədbirlərində" məqsədin nə olduğu kifayət qədər açıq deyil. Təbii ki, hər kəs ABŞ qədər rahat hərəkət edə bilməyəcək. Çünki ABŞ donanmasına aid güclərin yarısından çoxu Asiya-Sakit okean regionunda yerləşir. ABŞ Cənub-Şərqi Asiyada Çini tarazlaya bilmək üçün bölgədəki hərbi varlığını davamlı olaraq möhkəmləndirməkdə və daha əvvəl də ifadə etdiyim kimi "blokadaya alma (containment)" strategiyasını Çinə qarşı istifadə etməkdədir.
Çin ABŞ-ın B-52 təyyarələri ilə reallaşdırdığı təcavüz uçuşuna cavab verməməyə və gərginliyi münaqişə həddinə çevirməməyə qərar vermişdir. Eyni şəkildə, Yaponiyanın sərnişin təyyarələri də bölgədən keçərkən Çin orqanlarına məlumat verməməyə davam etməkdədir. Ancaq Çin hökuməti elan etmiş olduğu hava müdafiə-nəzarət bölgəsindən imtina etməyəcəyini də açıqca nümayiş etdirmişdir. Belə ki, Çinin bu mövqeyi bəzi region ölkələrini narahat etmiş və Sinqapur ilə Avstraliya kimi, əsasən, ABŞ və Yaponiyaya müttəfiq olan ölkələr bölgədən keçən təyyarələrinin Çinə məlumat verməsini istəmişlər. Bu vəziyyət region ölkələrinin əhəmiyyətli bir hissəsinin Çinin regional gücündən çəkindiyini və artan gərginliyin tərəfi olmaq istəmədiklərini sübut edir. Çin ilə ABŞ-Yaponiya arasındakı mövcud gərginlik artaraq qarşıdurma ölçüsünə çevrilərsə, regionda yerləşən hər ölkə öz regional / qlobal ittifaqlarına uyğun hərəkət etmək məcburiyyətində qalacaq.
ABŞ Cənub-Şərqi Asiyada bu cür böyük bir rəqabətin tərəfi halına gəlmiş vəziyyətdəykən, dünyanın başqa regionlarında davam edən gərginliklərin / qarşıdurmaların birbaşa tərəfi olmaq istəmir. Onsuz da Obama da ikinci dəfə seçildikdən sonra ilk xarici səfərlərini Cənub-Şərqi Asiyaya edərək, ABŞ-ın xarici siyasət prioritetinin bu region olduğunu nümayiş etdirmişdir. ABŞ-ın Suriya və İran məsələlərində geri addım atması və barışığa uyğun bir mövqe tutmasını da bu strategiya çərçivəsində qiymətləndirmək lazımdır. Obama qarşılaşdığı bu məsələlər çərçivəsində məqbul bir qarşılıqlı razılaşma əldə edərək, əsl məsələni, yəni Cənub-Şərqi Asiya və Çini diqqət mərkəzində saxlamaq istəmişdir. ABŞ-ın Suriya və İran böhranları oxunda Rusiya ilə razılaşmaya üstünlük verməsi və ona istifadəsi mümkün ciddi bir diplomatik manevr sahəsi tanıması müəyyən bir strategiyanın məhsuludur. Obama ABŞ-ın Rusiyanın yaxın ətrafına çox müdaxilə olmamasını təmin edərək və bu ölkənin Yaxın Şərq və Avrasiyadakı maraqlarına zərər verməməyə çalışaraq, Asiya-Sakit okean regionunda Çin ilə apardığı regional mübarizə oxunda, Rusiyanın onun yanında olmasını, ya da tam mənasıyla bitərəf qalmasını təmin etməyə çalışmaqdadır. Bu strategiyanın nə dərəcədə müvəffəqiyyətli ola biləcəyi isə Suriya və İran məsələlərinin orta vədədə, hər iki aktorun razılığı ilə həllinə və son dövrdə Çin-Rusiya əlaqələrinin gərginləşməsinə səbəb olan Mərkəzi Asiyadakı nüfuz mübarizəsinin taleyinə bağlıdır.
Xarici siyasət strategiyaları hazırlanarkən dünyanı bir bütün halında düşünmək və yerli kontekstdə düşünərkən, ediləcək seçimlərin digər bölgələrə / aktorlara təsirlərini də nəzərə almaq lazımdır. İran böhranında ciddi bir yumşalma yaşanmaqdadır və bu vəziyyət ehtimal ki, Suriya məsələsində də əks olunacaq. Ancaq belə bir mənzərənin ortaya çıxmasına yol açan əsas səbəb Cənub-Şərqi Asiyada, demək olar ki, bütün qlobal aktorların iştirak etdiyi mübarizənin daha da kəskinləşməsi və ABŞ-ın Çinə qarşı xüsusilə Rusiyanın dəstəyinə ya da bitərəfliyinə ehtiyac duyduğu həqiqətidir.
newtimes.az